08 Oktyabr 2020 11:10
848
Təhsil
A- A+

On altı məktəbin direktoruna qaydaları pozduğuna görə töhmət verilib


Təhsil Nazirliyi sentyabrın 23-dən etibarən ölkə ərazisində ümumi təhsil müəssisələrində monitorinq keçirir. Məqsəd Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə əməl olunması vəziyyətinin yoxlanılmasıdır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu günədək 18-i özəl, 73-ü dövlət ümumi təhsil müəssisələri olmaqla, Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən (məcburi köçkün məktəbləri daxil olmaqla) ümumilikdə 91 məktəbdə monitorinq aparılıb. Monitorinqin nəticələrinin təhlili göstərir ki, yoxlama aparılan məktəblərdə əsas qayda pozuntuları müəssisəyə daxil olan şəxslərin müvafiq qaydada hərarətinin ölçülməməsi, müəssisədə müvafiq standartlara cavab verən xüsusi karantin otağının mövcud olmaması, həmçinin sanitar qovşaqlarında maarifləndirici poster və xəbərdaredici nişanların yerləşdirilməməsi ilə bağlıdır.

Aşkar olunan qayda pozuntularının sayı və ciddiyyəti nəzərə alınmaqla, 67 dövlət ümumi təhsil müəssisəsi ilə bağlı müvafiq tədbirlər görülüb və nöqsanların aradan qaldırılması üçün onlara vaxt verilib. Bakı şəhərinin 223, 321, 326, 294, 109, 305, 144, 328, 80, 291 nömrəli ümumi təhsil müəssisələrinin, eləcə də Bakı, Sumqayıt və Abşeronda yerləşən Zəngilan rayonu 32, Şuşa rayonu 7 və 9 nömrəli, Kəlbəcər rayonu 13 nömrəli tam orta, Laçın rayonu Biləcəri ümumi orta məktəbi və 10 nömrəli tam orta məktəblərin direktorlarına töhmət verilib. 51 təhsil müəssisəsinin direktoruna isə xəbərdarlıq edilib. Qeyd edək ki, verilən vaxt bitdikdən sonra həmin müəssisələrdə təkrar monitorinq keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Bakı şəhəri 245, 239, 27, 211 nömrəli, Şuşa şəhər 3 nömrəli tam orta məktəblərin və Sumqayıt şəhər inteqrasiya təlimli internat məktəbinin qaydalara düzgün əməl edilməsi müəyyən olunub.

Eyni zamanda, qayda pozuntuları aşkar olunan özəl təhsil müəssisələri ilə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Monitorinq növbəti günlərdə də davam etdirilərək, qeyd olunan bölgələrlə yanaşı, ölkəmizin müxtəlif regionlarında yerləşən və təsadüfi seçim əsasında müəyyən edilmiş digər məktəblərdə də həyata keçirilməsi planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video