03 Iyul 2021 00:23
1333
Mədəniyyət
A- A+

Ömrün müdriklik zirvəsinə ucalan alim

 

Əsrarəngiz gözəlliklər diyarı olan Kəlbəcərdə elm-sənət xadimləri az yetişməyib. Ulu Öndər Heydər Əliyev 1996-cı ildə kəlbəcərli ziyalılarla görüşündə bir daha bunu xatırladaraq demişdir: “...Kəlbəcərdə yaşayan insanlar da o gözəl təbiətin, məğrur qayaların, dağların təsiri altında daim cəsur olublar. Eyni zamanda zəkalı olublar, elmə, biliyə, mədəniyyətə həmişə çox böyük maraq göstəriblər. Ona görə də Azərbaycanın ucqar və dağlıq rayonu olan Kəlbəcərdə, eyni zamanda, həmişə yüksək mədəniyyət və yüksək mənəviyyat olmuşdur. Təbiidir ki, Kəlbəcər rayonundan çıxmış adamlar - kəlbəcərlilər Azərbaycanın hər yerində, xüsusən, Bakıda ölkəmizin ictimai-siyasi, mədəni, elmi həyatında özlərinə məxsus görkəmli yer tutmuşlar və ölkəmizin inkişafında öz xidmətlərini göstərmişlər...”

Bu torpağın yetişdirdiyi elm adamları var ki, onlar nəinki Azəraycanda,  bütün dünyada yaxşı tanınırlar. Elmə verdikləri töhfələrlə dünyada şöhrət qazanmış, əslən Kəlbəcərdən olan görkəmli ziyalı, Əməkdar elm xadimi, professor, tanınmış təhsil eksperti Şahlar Əsgərov da belələrindən biridir. O, indi ömrünün 80-ci ilini yaşayır.

Bu yubileyə ən böyük töhfə isə pofessor üçün doğulduğu Kəlbəcərin 28 illik işğalından sonra azadlığına qovuşmasıdır.

1990-cı ildə yaratdığı “Amorf təbəqələri” elmi tədqiqat laboratoriyasının rəhbəri olan elm xadimi əvvəllər bu ali təhsil ocağında müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışıb. Təhsilin fəlsəfəsi, daha doğrusu, sosial fəlsəfə və pedaqogika üzrə apardığı tədqiqatlar Şahlar Əsgərovun növbəti uğurlu fəaliyyətidir. Tanınmış alimin fəlsəfi mövzulara həsr olunmuş “Keçid dövrünə fəlsəfi baxış” (1998), “Milli birlik probleminə fəlsəfi baxış” (2001), “Təhsilimiz dünən, bu gün və sabah” (2003), “Düşüncə tərzi” (2008) və digər kitabları yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir.

 

“Hikmət məclisi” - müdriklik mücəssəməsi

 

200-dən çox elmi, 700-dən artıq publisistik məqalə, 15-dək kitab, 3 monoqrafiya professorun Azərbaycan elminə verdiyi töhfələrdəndir. Alimin nümizmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində də ixtira və patentləri az deyil.

Şahlar Əsgərov 1995-2000 və 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub, 2000-2005-ci illərdə bu ali qanunvericilik orqanında Elm və təhsil məsələləri daimi komissiyasının sədri vəzifəsini layiqincə daşıyıb.

Professor Şahlar Əsgərovun elmdə və təhsildə, eləcə də ictimai fəaliyyətdə göstərdiyi xidmətləri dövlət tərəfindən qiymətləndirilib: 1999-cu ildı “Şöhrət” ordeni ilə təltif edilib, 2001-ci ildə isə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Bir sira beynəlxalq akademiyaların (RAE, ASPN) üzvü olan professor hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri vəzifəsini daşıyır. Səmərəli elmi fəaliyyəti ilə diqqəti cəlb edən alimin “Düzgün qərarın hikməti” və “Yonulmuş daş yolda qalmaz” kitabları da yeni çapdan buraxılıb.

 

Mürəkkəb nəzəriyyə və novatorluq

 

Professor Şahlar Əsgərov həyatda məqsədlərinə halal zəhmətlə, işgüzarlıqla çatıb. Yorulmaz tədqiqatları ilə elmdə layiq olduğu zirvəyə yetişib. Alimin bu gün də - ömrünün səksəninci ilində gənc tədqiqatçı şövqü ilə yaratmaq, virtual məkanın hüdudsuz imkanlarından bəhrələnmək səyləri onu tanıyanlarda heyranlıq yaradır.

O, Kəlbəcərdə 1941-ci ilin iyun ayında dünyaya göz açıb. Çox erkən yaşlarından mehrini məhz təbiət elmlərinə salıb. Orta məktəbi əla qiymətlərlə bitirib. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsinə qəbul olub. 1964-1967-ci illərdə təhsil aldığı universitetin əyani aspirantı kimi Leninqrad (indiki Sankt-Peterburq) Sabit Cərəyan İnstitutunda elmi işi üzərində çalışıb.

Aspiranturanı bitirdikdən sonra ömür yolunu doğma universitetə bağlayan Şahlar Əsgərov əmək fəaliyyətinə burada müəllimliklə başlayıb. 1970-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. Tədqiqatlarını uğurla davam etdirən Ş.Əsgərov 1992-ci ildə Bakı Dövlət Universitetində “Toxunma sərhədinin qeyri-bircinslilik dərəcəsinin metal-vakuum və metal-yarımkeçirici strukturlarının elektrofiziki xassələrinə təsiri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

 

Dünya alimlərinin istinad yeri...

 

1993-cü ildə BDU-nun professoru seçilən Şahlar Əsgərov elmi fəaliyyəti dövründə bir sıra böyük uğur və nailiyyətlərə imza atıb.

Beynəlxalq aləmə elm yolu ilə çıxan Şahlar Əsgərov Danimarka Texniki Universitetində birillik ezamiyyətdə olub. Oradan qayıtdıqdan sonra respublikada ilk dəfə metal-yarımkeçirici kontaktı mövzusunun tədqiqinə başlayıb.

Professor bildirir ki, ion mühərrikləri ötən əsrin yetmişinci illərindən alimlərin diqqətini daha çox cəlb edib. 2000-ci ildən bəri isə artıq ion mühərrikləri vasitəsilə kosmosa aparatlar çıxarılıb. Sevindirici haldır ki, belə mühərriklərin hazırlanmasında professor Şahlar Əsgərovun elmi nəticələrindən geniş istifadə olunur. Tozlanma ilə bağlı professorun əldə etdiyi nəticələrdən, dövrün bir nömrəli problemi sayılan idarə oluna bilən termonüvə qurğularının “plazma-divar” kimi tanınan problemin həllində də geniş istifadə edilir.

Şahlar müəllim L.Sena (Leninqrad), L.Praneviçyus (Kaunas), V.Yurasova (Moskva), V.Strixa (Kiyev), P.Prehn (Kopenhagen), M.Lukkala (Helsinki), L.Şelyakin (Moskva), A.Şkavro (Kiyev), A.Arş (Ryazan) və digər dünya alimləri ilə əməkdaşlıq edərək, elmdə maraqla qarşılanan birgə məqalələrin müəllifi kimi də tanınır.

Şahlar müəllim universitetdə radiofizika, emissiya elektronikası, mikroelektronika və digər fənləri tədris etməklə yanaşı, bu istiqamətlərdə sanballı elmi araşdırmalar da aparmaqdan yorulmur. Alimin elmi əsərlərinin dəyəri isə ilk növbədə, praktik tətbiq imkanlarının genişliyi ilə ölçülür.

Bir çox xarici ölkələrdə alimlərin elmi tədqiqatlarının dəyəri, ilk növbədə, onlara edilən istinadların sayı əsasında müəyyənləşir. Yəni aktuallığı, elmi siqləti, ideya məzmunu ilə seçilən əsərlərdə irəli sürülən tezis və fikirlər sonradan digər nüfuzlu alimlər üçün də maraqlı istinad mənbəyinə, diskussiya predmetinə çevrilir.

Gizli deyil ki, Yusif Məmmədəliyev, Lütfi-Zadə, Azad Mirzəcanzadə, Bəhram Əsgərov... kimi korifey elm xadimlərindən sonra Azərbaycanın dünyaca məşhur alimlərinin sırası seyrəkləşib. Bəlkə də elə buna görədir ki, azərbaycanlı alimlərin tədqiqatlarına istinadlar o qədər çox deyil. Lakin professor Şahlar Əsgərov kimi fədakar alimlərin elmi tədqiqatları bu mənada istisnadır. Professor deyir: “... ABŞ-ın Klivlend şəhərində NATO-nun Levis Araşdırmalar Mərkəzinin mütəxəssisi Maris A.Mantenieksin məruzəsində tədqiqatlarıma geniş yer ayırıb. Tədqiqatçı qeyd edib ki, ağır ionlarla katod tozlanmasının öyrənilməsi hələ ötən əsrin 60-cı illərində Şahlar Əsgərov və L.Sena tərəfindən başlanılıb. Məruzə müəllifi yazır ki, Ş.Əsgərovun və L.Senanın nəticələrinin etibarlılığı bu sahədə mühüm nailiyyətlər əldə etmiş nüfuzlu alimlərin nəticələrini üstələyir. Ağır ionlarla tozlanma məruzəsini davam etdirən mütəxəssis məruzənin bir səhifəsində 9 yerdə (15 sətirlik mətnin isə 5 yerində) elmi araşdırmalarımın nəticələrinə istinad edib...”

 

“Düşüncə tərzi” və keçid dövrünün müddəti...

 

Azərbaycan hazırda inkişafının elə bir mərhələsindədir ki, müstəqillik illərində keçilən yolun ayrı-ayrı parlaq səhifələrinin fəlsəfi rakursda nəzərdən keçirilməsi, eyni zamanda, milli inkişaf strategiyasının elmi-nəzəri kontekstdə əsaslandırılması qarşıda duran vacib məsələlərdəndir. Yüksək vətəndaş və ziyalı təəssübkeşliyi, vətənpərvərliyi ilə bu prosesdə yaxından iştirak edən alimlərdən biri də məhz professor Şahlar Əsgərovdur. Tanınmış alimin fəlsəfi mövzulara həsr olunmuş “Keçid dövrünə fəlsəfi baxış”, “Milli birlik probleminə fəlsəfi baxış”, “Təhsilimiz dünən, bu gün və sabah”, “Düşüncə tərzi” və digər əsərləri özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir.

Bu əsərlərdə kapital münasibətləri fonunda mənəvi-əxlaqi dəyərlərin deqredasiyasına zəmin yaradan neqativ tendensiyalar tərbiyəedici motivlər əsasında göstərilir. Alimin “Düşüncə tərzi” kitabı müasir Azərbaycan cəmiyyətinin həm hazırkı real gerçəkliyinin, həm də düşüncə tərzinin bütün başlıca istiqamətlərdə təhlilinə, burada mövcud olan yararlı-yararsız cəhətlərin aşkara çıxarılmasına həsr olunub.

Elmi, mədəni, intellektual səviyyəsi ilə ictimaiyyətin diqqətini çəkən professor Şahlar Əsgərov, bir sözlə, bütün sahələrdə fəallığı, idarəçilik və təşkilatçılıq fəaliyyəti ilə seçilir. Professorun Azərbaycan elminə verdiyi ən mühüm töhfələrdən biri də onun rəhbərliyi altında 20-dən artıq elmlər namizədi və doktorun hazırlanmasıdır.

Mənəvi dünyasının, daxili aləminin - vicdanının səsi Şahlar Əsgərovu yalnız özü üçün yaşamağa, əhatə olunduğu dövrün, mühitin nöqsanlarına, qüsurlarına göz yummağa, etinasız yanaşmağa imkan verməyib. O, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik nümayiş etdirməyib. Məşhur 91-lərin biri kimi dövrünün ictimai-siyasi hadisələrinə laqeyd qalmayıb, fəaliyyətinin bütün mərhələlərində məhz Azərbaycanın gələcəyini düşünüb. Siyasi baxışlarında hər zaman sabit və prinsipial olan Şahlar Əsgərov Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu dönmədən müdafiə edərək, onun rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu prosesinə layiqli töhfəsini verməyə çalışıb. Ulu Öndərin siyasi fəaliyyətinə YAP-ın fəallarından biri kimi daim dəstək verən, dövlətçilik maraqlarının keşiyində dayanan alim YAP İdarə Heyətinin üzvü kimi də üzərinə düşən vəzifəni həmişə layiqincə yerinə yetirib. Məhz dövlət başçısı professorun dövlətçilik fəaliyyətini yüksək dəyərləndirərək, alimi “Şöhrət” ordeninə layiq görüb.

Alim keşməkeşli olduğu qədər də mənalı, zəngin və şərəfli həyat yolu keçib. Məqsədlərinə doğru pillə-pillə irəliləyən professor Şahlar Əsgərov xalqına fayda vermək əzmi və qətiyyəti ilə ömrünü elmi axtarışlara həsr edib. İnam var ki, görkəmli alim bundan sonra da böyük səylə, qətiyyətlə çalışacaq, Azərbaycan elminin ən son nailiyyətlərini dünya ictimaiyyətinə çatdırmaq prosesində yüksək fəallıq və vətənpərvərlik nümayiş etdirəcək. Axı ona yeni güc, dözüm, səbir, iradə verən doğma yurdu, həsrətini çəkdiyi Qarabağı, o cümlədən Kəlbəcəri düşmən əsarətindən azad edilib. 80 illik bir yolun ətəklərində Qarabağ, onun zirvəsində Kəlbəcərini görən professora cansağlığı diləyir və ömrünün müdrik çağlarında elmin fəlsəfəsini gənc nəslə öyrətməkdə yorulmamağı arzulayırıq.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video