22 Sentyabr 2021 00:14
536
SİYASƏT
A- A+

Ombudsman Beynəlxalq Sülh Günü ilə bağlı müraciət yayıb

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) 21 Sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı müraciət yayıb.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, müraciətdə Beynəlxalq Sülh Gününün əsasının 1981-ci il noyabrın 20-də BMT Baş Assambleyası tərəfindən qoyulduğu qeyd olunur.

Vurğulanır ki, bu gün insan hüquqlarının fövqündə dayanan, bəşəriyyətin dayanıqlı inkişafına ciddi maneələr yaradan və həlli olduqca vacib olan qlobal problemlərindən biri kimi dünyada sülhün bərqərar edilməsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir. Bu ilin mövzusu “Ədalətli və dayanıqlı dünya naminə “daha yaxşı bərpa” adlanır.

Qeyd olunur ki, beynəlxalq və ölkə miqyasında insan hüquq və azadlıqlarının etibarlı şəkildə müdafiə edilməsi üçün sülh və təhlükəsizliyin təmini ən mühüm amillərdən biridir. Bu gün dünyada sülh qlobal çağırış qismində çıxış edir və dövlətlərin suverenliyinin qorunması, birgəyaşayışın təşviq edilməsi fonunda ölkələr, konfessiyalar və sivilizasiyalar arasında genişlənən ziddiyyətlər, davam edən münaqişələr və yaranan yeni müharibə ocaqları sülhün təmin olunmasına birbaşa maneə törədir. Hazırda bu cür silahlı münaqişə və müharibələrin hələ də davam etməsi nəticəsində milyonlarla insan doğma yurdlarından didərgin salınır.

Təəssüf ki, sülh prosesinə davamlı olaraq maneə yaradan Ermənistanın uzun illər boyu Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə siyasəti regionda sabitliyə və əmin-amanlığa daimi təhdid və təhlükədir.

Diqqətə çatdırılır ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın hərbi təcavüzünün aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtması, bununla da regionda davamlı sülhün və təhlükəsizliyin təmini ilə bağlı qətnamələri kağız üzərində qalmışdır. Problemin həllində vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilatların apardıqları uzun sürən sülh danışıqları isə heç bir səmərə verməmişdir.

Beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmayacağına əmin olan və bundan ruhlanan Ermənistanın siyasi-hərbi rəhbərləri cəzasızlıq mühitindən ruhlanaraq Azərbaycana qarşı sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı cinayət əməllərini davam etdirmişlər.

BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Azərbaycanın özünümüdafiə hüququnun mövcudluğuna baxmayaraq, dövlətimiz beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiq qalmaqla daim sülhsevər siyasət aparmış, uzun müddət səbir edərək, ərazi bütövlüyünü sülh yolu ilə həll etməyə çalışmışdır.  Lakin bütün cəhdlərə baxmayaraq, Ermənistan ikili standartlarla pərdələnərək özünün işğalçılıq siyasətindən əl çəkməmişdir.

Ötən ilin iyulunda yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycan silahlı qüvvələrinin bölmələrini, həmçinin cəbhə bölgəsindən uzaq məsafədə yerləşən və əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini qəsdən və məqsədli olaraq atəşə tutmuşdur. Nəticədə 12-si uşaq olmaqla, 94 mülki şəxs həlak olmuş, 50-si uşaq olmaqla, 414 nəfər yaralanmış, 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla, 512 mülki infrastruktur dağıdılmışdır.

Bütün bunlar isə hərbi münaqişələr zamanı mülki əhalinin - uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin insan hüquqlarının qorunmasına dair beynəlxalq müqavilələrin, konvensiyaların müddəalarının kobud şəkildə pozulması ilə nəticələnmişdir.

Ermənistan tərəfindən qadağan olunmuş kimyəvi silahlardan istifadə edilməklə, qəsdən və məqsədli şəkildə kütləvi yanğınlar törədilməklə həyata keçirilmiş ekoloji terror aktları nəticəsində Azərbaycanın Qarabağ bölgəsində ətraf mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmış, müxtəlif nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmışdır.

Vurğulanıb ki, Azərbaycan dövləti beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasına və regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsinə nail olmaq məqsədilə 2020-ci ilin 27 sentyabr - 10 noyabr tarixləri ərzində həyata keçirdiyi 44 günlük uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarını azad etməklə yuxarıda qeyd olunan qətnamələrin icrasını təkbaşına təmin etmişdir.

Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanması ilə münaqişə artıq başa çatmışdır. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda dövlətlərarası münasibətlərin yeni reallıqlara uyğun normallaşdırılmasına və inkişafına xidmət edən davamlı sülhün təmin olunması, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün yeni imkanlar yaranmışdır.

Azərbaycan tərəfi özünün ədalətli sülh siyasətinə, üçtərəfli Bəyanatda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə sadiq qalaraq, Ermənistan tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və ərazi bütövlüyünə hörmət bəslənildiyi təqdirdə yekun sülh müqaviləsinin bağlanmasında, normal qonşuluq münasibətlərinin qurulmasında maraqlı olduğunu dəfələrlə bəyan etmişdir. Lakin buna baxmayaraq, Ermənistan tərəfi üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırmaqla yanaşı, Azərbaycana qarşı hərbi təxribatlarını və qarayaxma kampaniyasını davam etdirir.

Qonşu dövlətlərlə dinc yanaşı yaşamaq və regional əməkdaşlığı inkişaf etdirmək prinsipini rəhbər tutan Azərbaycan Ermənistan dövləti ilə münasibətlərdəki gərginliyin azaldılması, regional sülhü möhkəmləndirməsi və əməkdaşlığın genişləndirilməsi yolunda konkret təkliflər irəli sürür. Lakin Ermənistan bu çağırışlara məhəl qoymayaraq, müxtəlif media resurslarında və sosial şəbəkələrdə azərbaycanlılara qarşı nifrət təbliğatını davam etdirir.

Azad olunmuş ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən demək olar ki, tamamilə dağıdılmış, kütləvi şəkildə talan edilmişdir. Daha ciddi təhlükə isə eyni zamanda həmin ərazilərdə yüz minlərlə mina basdırılmasıdır. Bu isə insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir.

Həmçinin bildirilir ki, müharibənin başa çatmasından sonra yalnız hərbi qulluqçuların deyil, mülki şəxslər də minaya düşərək həlak olub və ya yaralanıb. Mina xəritələrini Azərbaycana təhvil verməkdən boyun qaçıran Ermənistan tərəfi insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla bərabər, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə də maneə törədir.

Ermənistan, həmçinin müharibə başa çatdıqdan sonra da itkin düşənlərlə bağlı məlumat mübadiləsində əməkdaşlıqdan boyun qaçırır.

Sonda ombudsman beynəlxalq insan hüquqları təşkilatlarını, dünya dövlətlərini, xarici ölkələrdə fəaliyyət göstərən ombudsman təsisatlarını və digər milli insan hüquqları institutlarını regionda pozulan insan hüquqlarının bərpası naminə Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi, daimi sülhün bərqərar olması istiqamətində birgə səylər göstərməyə, Ermənistanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət bəsləməyə, mülki əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradan, fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş təxribatçı əməllərdən çəkinməyə, tərəflər arasındakı dövlət sərhədinin dəqiqləşdirilməsi məqsədilə delimitasiya və demarkasiya prosesinin obyektiv şəkildə həyata keçirilməsinə və regionun siyasi-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən yekun sülh müqaviləsinin bağlanmasına mane olan əməllərə son qoymağa, Birinci və İkinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin  taleyi barədə obyektiv məlumatın təqdim edilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarda basdırılmış minaların dəqiq xəritələrinin Azərbaycan tərəfinə təhvil verilməsi ilə bağlı təcili tədbirlər görməyə, regionun inkişafı üçün əhəmiyyətli nəqliyyat kommunikasiyalarının açılmasına, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək yeni nəqliyyat kommunikasiya xətlərinin inşasına, məcburi köçkünlərin və qaçqınların öz əzəli ata-baba torpaqlarına geri qayıdaraq dinc şəkildə yaşamalarına şərait yaratmaqla 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bütün şərtlərinə əməl etməyə çağırıb.

Müraciət BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video