21 Noyabr 2021 00:29
320
Səhiyyə
A- A+

Ölüm dumanı

 

“Bu zəhərli bitki köhnə məktəb müəllimləri tərəfindən dərman kimi geniş istifadə olunurdu və nəticədə minlərlə insan ölürdü. Bu təhlükəli maddəni istədiyiniz qədər istifadə edə bilərsiniz, amma bilməlisiniz ki, istifadə etdiyiniz tütünün miqdarına uyğun olaraq həyat enerjiniz də azalacaq…”

Amerikalı təbiətşünas və botanika təbabəti üzrə mütəxəssis Gideon Linsesum hələ 19-cu əsrin əvvəllərində tütün haqqında yazırdı bunları...…

1880-ci illərdə Amerikanın cənubunda avtomatik siqaret hazırlayan maşının ixtirası ucuz qiymətə kütləvi siqaret istehsal etməyə imkan verdi. Bundan sonra insanlar arasında siqaret çəkmək daha da yayılaraq, adi hala çevrildi. Elə həmin dövrlərdən tütündən istifadəni zərərli hesab edən insanlar onun qadağan edilməsi ilə bağlı hərəkata başladılar. Hazırda tütünün satışı və istifadəsinə bəzi qadağalar qoyulub.

1912-ci ildə amerikalı həkim İsaak Adler ağciyər xərçənginin siqaretlə əlaqəli olduğunu ilk dəfə irəli sürdü.

O dövrlərdə siqaretin təhlükəsi ilə bağlı mətbuatda yer alan yazılarda bildirilirdi ki, Birinci Dünya müharibəsindən əvvəl ağciyər xərçəngi əksər həkimlərin karyeralarında heç vaxt görməyəcəyi nadir bir xəstəlik hesab olunurdu. Lakin müharibədən sonra siqaretin populyarlığının artması ilə ağciyər xərçəngi epidemiya şəklində ortaya çıxdı.

1970-ci ildə Ümumdünya Səhiyyə Assambleyası ağciyər və ürək-damar xəstəliklərinin inkişafına, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə səbəb olan siqaretçəkmənin ciddiliyini dərk edərək dünyanın bütün səhiyyə orqanlarına müraciət etmiş, problemə qarşı  lazımi tədbirlərin görülməsinin vacibliyini bildirmişdi. Həmin dövrdən başlayaraq dünyanın bir çox ölkəsində siqaretə qarşı  təbliğat  kampaniyaları  başlamış və bu kampaniyalar bu gün də davam etdirilməkdədir.

 

Qarşısı alına bilən ölümün yeganə ən böyük səbəbi

 

Tütündən istifadə hazırda qlobal miqyasda qarşısı alına bilən ölümün yeganə ən böyük səbəbidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə hər il dünyada təxminən 5 milyondan artıq insan tütün çəkməkdən, 600 min insan isə tütün çəkən insanların tüstüsünün təsirindən həyatlarını  itirir.

Tədqiqatlarla müəyyənləşdirilib ki, siqaret tüstüsündə 4000-dək kimyəvi maddə var. Onların 250-si zərərli maddədir, 50-si isə konserogen (xərçəng törədən) maddələrdir.

Bunlardan karbon monooksid (rəngsiz, iysiz, dadsız zəhərləyici qaz), kadmium (batareyaların istehsalında istifadə olunur), polonium-210 (radioaktiv və çox zəhərlidir) arsenik (siçan zəhəri), DDT (böcək öldürücü zəhər), metanol (mərmi yanacağı), radon (radiasiya), butan (balon qaz), aseton (lak həll edici), naftalin (güvə qovucu) və s. zəhərli maddələri sadalamaq olar.

 

Siqaretə aludəçiliklə xərçəngin növləri arasında birbaşa əlaqə var

 

Tütündən istifadənin zərərli yönlərindən biri də asılılıq yaratmasıdır. Siqaret aludəçiliyinin əsas səbəbi tütünün tərkibindəki nikotindir. Beyin nikotinə tez uyğunlaşır və hətta bir siqaret çəkdikdən sonra belə insanı yenidən nikotin qəbul etməyə sövq edir. Uzunmüddətli qəbul zamanı psixi, eyni zamanda fiziki aslılıq halı da törədə bilir. İnsanlarda nikotinə bağlılıq halının meydana çıxmasında əsas səbəb onun psixoaktiv təsiri və pozitiv reaksiyalar törətmək xüsusiyyətidir. Nikotin sinir sistemi vasitəsilə qan dövranı sisteminə təsir edir - ürək ritmini sürətləndirir, aritmiyalara və qan təzyiqinin yüksəlməsinə səbəb olur. Ürəyin işemik xəstəliyi (koronar) olanlarda taxikardiya, kəskin ürək çatışmazlığı və infarkta gətirib çıxarır.

Tütün məhsulu kimi insan orqanizminə ən çox zərəri olan siqaret xərçəng, ürək və ağciyər xəstəlikləri başda olmaqla bir çox sağlamlıq problemlərinin yaranmasının əsas səbəblərindən biridir. Siqaretlə birbaşa əlaqəli olan ağciyər xərçəngi xərçənglə əlaqəli ölüm nisbətlərində birinci yerdə durur. Siqaret tənəffüs yollarını əhatə edən qoruyucu quruluşu və hüceyrələri pozaraq ağciyərlərin hər cür zərərə qarşı həssas olmasına səbəb olur.

Tibb elmi sübut edir ki, siqaretə aludəçiliklə xərçəngin bir çox növləri arasında birbaşa əlaqə var. Bu təhlükəli vasitə qırtlaq, prostat, diş əti, ağız, sidik kisəsi, yemək borusu, dil, mədəaltı vəzi, badamcıq və uşaqlıq boynu xərçənglərinin, xüsusən də ağciyər asılılığının inkişaf riskini artırır.

Siqaret çəkmək xroniki bronxit və amfizem kimi tənəffüs sistemi xəstəliklərinin ən mühüm səbəbidir. Bu xəstəliklərdən həyatını itirənlərin nisbəti siqaret çəkməyənlərdən 40 dəfə çoxdur. Bundan əlavə, siqaret çəkmək qan dövranına və damarlara təsir etdiyinə görə serebrovaskulyar və insult riskini artırır.

Həmçinin iflic, xora, xroniki bronxit, ayaq damar xəstəlikləri, infarkt, qadınlarda sonsuzluq, kişilərdə isə KOAH (ağciyərlərin xroniki obstruktiv xəstəliyi) kimi xəstəliklər yaradır.

Siqaret çəkmək həm də hamilə qadınlarda uşaq itkisi, vaxtından əvvəl doğuş riskini artırır, körpələrin çəkisinin az olmasına səbəb olur və ani ölüm riskini 6 dəfə artırır. Eyni zamanda hamiləlik dövründə siqaret çəkən anaların körpələrində aşağı intellekt və davranış pozğunluqları da yarana bilir.

Mütəxəssislər bildirirlər ki, siqaretin ən böyük bəlalarından biri də onun passiv şəkildə yayılmasıdır. Bu mənfi haldan isə uşaqlar daha çox təsirlənirlər. Evdə tütün çəkmə uşaqların tənəffüs yolları xəstəliyi ilə bağlı xəstəxanaya müraciətlərini 5 faiz artırır.

Bu barədə Səhiyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir ki, tütün tüstüsünün hətta cüzi miqdarı belə orqanizm üçün zərərlidir.

Siqaret tüstüsündən ayrılan toksiki maddələr divan, pərdə, xalçaların səthinə, paltar və saçlara hopur. Azyaşlı uşaqlar oynadıqları, iməklədikləri zaman və ya siqaret çəkən insan tərəfindən qucağa alındıqda bu toksiki zərrəciklər onların orqanizminə daxil olur.

Tütün tüstüsünün 25 faizi siqaret çəkənin ağciyərlərinə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir. Bu zəhərli hava ilə nəfəs alan insan passiv və ya ikincili tütün çəkən hesab olunur. İkincili tütünçəkmə hər kəsə, xüsusilə uşaqlara mənfi təsir edir.

Məlumatlara görə, passiv siqaret istifadəsi, yəni siqaret tüstüsünə məruz qalma dünyada ildə 1, 2 milyon nəfərin ölüm səbəbidir. Hər il 8 milyon insan siqaret istifadəsinə bağlı səbəblərdən vəfat edir. Uşaq ölümlərinin 28 faizinin də siqaret tüstüsünə məruz qalmaqla bağlı olduğu bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video