12 Iyun 2021 01:02
1712
Səhiyyə
A- A+

Ölmüş bədən başqalarına yeni həyat verə bilər

 

Orqan transplantasiyasına ölkəmizdə böyük zərurət olsa da, maarifləndirmə işi hələ çox zəifdir

 

“Transplantasiyaya həm mənim, həm də iki yaş böyük qardaşımın ehtiyacı var idi. Hər ikimiz hepatitə yoluxduğumuzdan qaraciyərimizdə serroz yaranmışdı. Anam hər ikimiz üçün donor olmaq istəyirdi, amma maddi imkansızlıq səbəbindən qardaşım Kamranı əməliyyat etdirə bilmədik. Həmin vaxt mənim də vəziyyətim çox ağır idi. Qardaşım öləndən bir ay sonra iş adamlarının köməyi, anamın donorluğu ilə əməliyyat olundum”.

Bu sözləri söyləyən Rəhman Əhmədov transplantasiya əməliyyatının sayəsində ölümün çəngindən xilas ola bilib.

Xəstəliklə mübarizə aparan 33 yaşlı Kənan Məmmədov isə 7 ildir donor axtarır. Deyir ki, anası onun donoru olmaq istəsə də, yaşı 55-dən yuxarı olduğundan həkimlər buna icazə vermirlər:

“Anamdan başqa bir necə qohumum da donor olmaq üçün müraciət etdi, lakin uyğunsuzluq səbəbindən əməliyyat baş tutmadı. Ümidim indi yalnız beyin ölümü keçirən insanlaradır. Nə vaxtsa belə bir donor olarsa, xilas olacam. Ancaq axtarışlar nəticə verməzsə, öləcəm...”

 

Orqana ehtiyacı olanların yalnız 10 faizi əməliyyat olunur

 

Orqan transplantasiyasına olan tələbat yalnız Azərbaycanda deyil, hətta dünyanın inkişaf etmiş ölkələrində belə tam ödənilmir. Bunun əsas səbəbi transplantasiya üçün donor orqanlarının çatışmazlığıdır. Böyrək və qaraciyər transplantasiyasına ehtiyacı olan xəstələrin yalnız on nəfərindən birində bu əməliyyatlar icra edilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, təkcə 2018-ci ildə dünyada 146 840 orqan transplantasiyası həyata keçirilib. Bu əməliyyatların böyük hissəsini böyrək və qaraciyər transplantasiyası təşkil edib. ÜST-ün qiymətləndirməsinə görə, hazırda dünyada yerinə yetirilən transplantasiya əməliyyatları mövcud tələbatın 10 faizini ödəyir.

Dünyada böyrək transplantasiyalarının 36,2, qaraciyər transplantasiyalarının 19,2 faizi canlıdan canlıya edilməklə həyata keçirilir. Lakin dünyanın heç bir ölkəsində bu əməliyyatlara olan ehtiyac yalnız canlıdan canlıya edilməklə tam ödənilmir. Əməliyyatların icrası üçün meyit orqanlarından da istifadə edilir.

 

Meyitdən donor kimi istifadəyə icazə verilib

 

Meyitin orqanlarından donor kimi istifadəyə artıq Azərbaycan qanunvericiliyi icazə verir. Prezident İlham Əliyevin ötən ilin sonlarında təsdiqlədiyi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna görə, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər, böyrək, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.

Yeri gəlmişkən qeyd edək ki, pasiyentdə beyin ölümünün baş verdiyi təsdiqlənərsə, o, ölmüş sayılır. Bu zaman xəstənin həyati vacib funksiyalarının dəstəklənməsinin dayandırılması evtanaziya sayılmır.

Bu halda ölkə qanunvericiliyinə uyğun şəkildə meyitin orqan və toxumaları transplantasiya məqsədilə istifadə oluna bilər.

 

İslam orqan köçürülməsinə müsbət yanaşır

 

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev bildirir ki, insan orqan və toxumalarının transplantasiyası (əzaların köçürülməsi) mövzusu müasir islam şəriətində bütün təfərrüatı ilə araşdırılıb, onun tibbi şərtləri və qaydaları olduğu kimi, şərtləri və qaydaları da müəyyən edilib.

Onun sözlərinə görə, Fiqh kitablarında transplantasiya ilə əlaqəli yazılanlardan bu nəticəyə gəlmək olar ki, dinimizdə başqalarının həyatını xilas etmək zəruri məsələlərdəndir. Buna görə də ticarət və ya estetik məqsədlər üçün deyil, yalnız başqasının canını xilas etmək üçün orqan köçürməsinə icazə verilir. Orqanını verən insanın özü ciddi əziyyətə düşməməli, özünü şikəst etməməlidir. Belə ki, əgər insan sağ ikən onun bir əzasının kəsilib digər bir şəxsə köçürülməsinə razı olsa belə bu işi icra etmək (məsələn, bir qolunun, ayağının və ya gözünün köçürülməsi kimi) onun özünə ciddi zərər gətirərsə, icazəli deyil. Amma əgər şəxsin özünə ciddi zərər gətirməzsə, icazəlidir. Orqanını verən şəxsin özünün və yaxud da yaxınlarının razılığı olmalıdır.

İlahiyyatçı əlavə edir ki, şəriətdə heyvanların əzasının insana köçürülməsi icazəlidir. Hətta murdar hesab edilən heyvanların orqanlarından istifadə etmək belə icazəlidir və onlar köçürüldükdən sonra insanın orqanlarından biri olaraq pak hesab edilir.

 

Meyitdən orqan köçürüldükdən sonra transplantasiyanı genişləndirmək mümkün olacaq

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev düşünür ki, Azərbaycanda transplantasiyanın geniş tətbiq edilməməsinin səbəblərindən biri meyitdən orqanların köçürülməməsidir: “Azərbaycanda canlı donordan yalnız qaraciyər və böyrək transplantasiyası üçün orqan köçürülür. Transplantasiya üçün ölü donorlardan geniş spektrdə istifadə təcrübəsi dünyada var. Meyitdən orqan köçürüldükdən sonra Azərbaycanda da bu iş daha geniş şəkildə qurulacaq”.

Komitə sədri buna nail olmaq üçün regionlarda zona mərkəzlərinin yaradılmasını mümkün sayır: “Məsələn, Qazaxda baş verən bir yol qəzası zamanı kimsə dünyasını dəyişibsə, orqanlarının köçürülməsi üçün o, Bakıya deyil, regional mərkəz olaraq Gəncəyə gətirilə bilər. Bunun üçün ölkədə 3-4 regional mərkəzin yaradılması bəs edər. Bundan başqa, transplantasiya işini həyata keçirən əsas heyət formalaşdırılmalı, sağlığında orqanlarının bağışlanmasını vəsiyyət edənlərin vəsiyyətnamələrinin hansı formada olması, vəsiyyət yoxdursa, ailə üzvlərinin bu işi hansı formada keçirməsi üçün sənədlər hazırlanaraq qəbul olunmalıdır. Daha sonra vətəndaşlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır. Cəmiyyətdə bu məsələ ilə bağlı mənfi düşüncələrin aradan qaldırılması istiqamətində təbliğat aparılmalıdır. Bu proseslər həll olunduqdan sonra meyitdən orqanın köçürülməsi işinin icrasına başlanıla bilər”.

 

10 ildə 992 şəxs orqanını dəyişib

 

Ümumi cərrah, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirir ki, son 10 ildə 992 xəstə üzərində orqan transplantasiyası əməliyyatı aparılıb. Onların 230-u qaraciyər, 762-si böyrək transplantasiyasıdır. Qaraciyər transplantasiyası edilənlərin təxminən 60 faizi kişi, 40 faizi qadın, böyrək üzrə isə bu rəqəm müvafiq olaraq 62 faizi qadın, 38 faizi kişidir.

Xəstələrin qaraciyər transplantasiyasının səbəblərinə gəldikdə həkim qeyd edir ki, belə xəstələrin böyük əksəriyyətinin qaraciyərində problem onun hepatit B və C-yə yoluxmasından sonra baş verib: “Çox təəssüf ki, insanlar nədənsə hepatit B əleyhinə peyvənd olunmağa cəhd göstərmirlər. Əgər bu peyvənd vurularsa, xəstələr özlərini hepatit B ilə əlaqəli olan qaraciyər xərçəngindən qoruyar və nəticədə transplantasiyaya ehtiyac duymazlar”.

Mircəlal Kazımi əlavə edir ki, transplantasiyaya ehtiyacı olan xəstələr arasında uşaqlar da çoxdur. Onların bir qismi orqan çatışmazlığı üzündən əməliyyat oluna bilmirlər. İndiyədək isə qaraciyər transplantasiyası edilənlərin 36-sı uşaq olub.

Transplantoloq qeyd edir ki, Azərbaycanda donorlar əsasən ailənin üzvləri olurlar. Amma bəzən ailədə də uyğun donor olduğu zaman insanlar öz orqanlarını vermək istəmirlər: “Bunun səbəblərini normal qarşılamaq lazımdır. Donorlar tam sağlam insanlardır. Heç bir ehtiyac duyulmadan ağır bir əməliyyata girmək, orqanının bir hissəsini və ya tam olaraq kiməsə vermək insanlar üçün çətin olur. Onlar bu emosional baryeri aşa bilmirlər. Ona görə də bizim mütləq şəkildə alternativ “donor hovuzu”na ehtiyacımız var. Bu “donor hovuzu” da beyin ölümü keçirən şəxslərdən, yəni meyitlərdən alınmış orqanlar olmalıdır”.

 

Donora ehtiyacı olan xəstələrin bazası yaradılmalıdır

 

Musa Quliyevin fikrincə, donor bankının yaradılması vacib olan işlərdəndir. Onun yaradılması üçün ilk növbədə donora ehtiyacı olan xəstələrin mərkəzləşdirilmiş elektron bazası formalaşdırılmalıdır:

“Əvvəlcə müəyyən edilməlidir ki, kimlərin hansı orqanlara ehtiyacları var. Bundan sonra qan qrupu, immun sistemi və s. nəzərə alınmaqla xəstəyə uyğun donorlar tapıla bilər. Meyit orqanlarından donor bankının yaradılması isə o qədər də asan məsələ deyil və bu, çox zaman təcrübədə özünü doğrultmur. Çünki meyit orqanlarını çox saxlamaq olmur, orqan götürüləndən 5-6 saat ərzində onu xəstəyə köçürmək lazımdır”.

 

Xəstələrin dövlətdən gözləntiləri

 

Mircəlal Kazımi bildirir ki, istər böyrək çatışmazlığı, istərsə qaraciyər xəstəliyindən əziyyət çəkənlər transplantasiya əməliyyatından sonra köçürülmüş orqanların rədd edilməməsi məqsədilə bir necə qrup dərman preparatı qəbul etmək məcburiyyətindədir: “Bu dərmanların qəbulu mütləqdir. Əgər həmin dərmanlar qəbul edilməzsə, xəstənin köçürülmüş orqanı bədən tərəfindən rədd olunacaq və xəstə orqan çatışmazlığından dünyasını dəyişəcək”.

Transplantasiya olunmuş Rəhman Əhmədov isə deyir ki, əməliyyatdan sonra həkimin göstərişi ilə içməli olduğu dərmanların yalnız ikisi (“Prograf” kapsulu və “CellCept” həbi) dövlət tərəfindən pulsuz verilir, qalan dərmanları isə öz vəsaiti hesabına alır: “Əməliyyatdan sonra hər ay bir dəfə iynə vurdurmalıyam. İynənin qiyməti 200-250 manatdır. Biz xəstələr çox istərdik ki, heç olmasa, ehtiyacı olanlara əməliyyatdan sonra qəbul edilməsi vacib sayılan bütün dərmanlar dövlət hesabına verilsin, çünki bir çox xəstənin maddi imkanı hər ay bu dərmanları almaq üçün yetərli deyil”.

Rəhman danışır ki, “Prograf” kapsulu və “CellCept” həbləri onlara ayda bir dəfə yalnız Kliniki Tibbi Mərkəzdə verilir. Buna görə də hər ay yaşadığı Qazax rayonundan Bakıya gəlməli olur: “Yaxşı olardı ki, bu dərmanlar yalnız Bakıda verilməsin, onlar region mərkəzlərinə də göndərilsin. Məsələn, mən dərman almaq üçün Bakıya deyil, Gəncəyə gedim. Bu, bizim üçün daha rahat olar”.

Kənan Məmmədov isə donorun tapılmamasının, əməliyyatın baha olmasının onun üçün sıxıntılar yaratdığını açıqlayır. O, ümid edir ki, transplantasiya əməliyyatı icbari tibbi sığorta paketinə daxil edilərsə, maddiyyatla bağlı bu çətinlik də həll edilər.

Dövlətdən dəstək gözləyən Kənan əlavə edir ki, donor tapılana qədər mütəmadi müalicə olunmalıdır: “Ay ərzində yalnız sistemlərə 600-700 manat xərcim çıxır. Üç aydan bir isə həkimin müayinəsindən keçməli və kompleks müalicə olunmalıyam, həmin müddətdə xərclərim daha da çoxalır. Əvvəl polis orqanlarında işləmişəm, ancaq indi səhhətim imkan vermədiyindən çalışa bilmirəm, müalicəmin xərcini qohumlar ödəyirlər. Dövlətin transplantasiyaya ehtiyacı olan xəstələrin müalicəsinə də maddi dəstək göstərməsini çox arzu edərdik”.

 

Transplantasiyanı tibbi sığorta zərfinə daxil etmək lazımdır

 

Musa Quliyev hesab edir ki, transplantasiya əməliyyatlarının qiyməti baha olduğundan əksər vətəndaşın onu etməyə maddi imkanı çatmır. Buna görə də dünyanın xeyli ölkəsində bu əməliyyatlar ya tam olaraq, ya da qismən dövlət büdcəsinin, yaxud icbari tibbi sığorta sisteminin vəsaiti hesabına edilir:

“Azərbaycanda orqan transplantasiyası hələlik icbari tibbi sığorta zərfinə daxil edilməyib. Amma hesab edirəm ki, gələn ildən başlayaraq o xidmətləri tədricən zərfə daxil etmək lazımdır. Çünki insanlarımızın buna zəruri ehtiyacı var”.

 

110 min manatlıq xərci 35 minə endirmək olar

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov böyrək çatışmazlığı olan xəstələrin dializ prosedurunun dövlətə transplantasiyadan daha baha başa gəldiyini düşünür.

Qeyd edək ki, dializ kəskin böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərin yaşaya bilməsi üçün həyata keçirilən məcburi prosedurdur. Belə xəstələr transplantasiya oluna bilmədikləri zaman yaşaya bilmələri üçün mütləq şəkildə həftə ərzində 3 dəfə dializ olunmalıdırlar.

Rəşad Mahmudov deyir ki, Azərbaycanda dövlət proqramı çərçivəsində bir dializ xəstəsinə il ərzində təqribən 11 min manat xərclənir: “Əgər bir xəstənin 10 il ərzində dövlət proqramı çərçivəsində dializ olunduğunu nəzərə alsaq, dövlət ona bu müddətdə təqribən 110 min manat sərf edir”.

Deputatın qənaətincə, bu qədər vəsaitin sərf edilməsi əvəzinə 15-18 min manata xəstənin böyrək transplantasiyasını etmək olar.

Onun fikrincə, bu işi həyata keçirmək üçün orqan çatışmazlığı problemi demək olar ki, yoxdur. Çünki ikili orqan olduğuna görə yaxın qohumlar böyrəklərindən birini rahatlıqla xəstəyə verə bilirlər: “Böyrək nəqli olmuş insanların istifadə etdikləri immunosupresiv dərmanların illik xərci təqribən 2 min manat civarındadır. Unutmamaq lazımdır ki, dializ olunan hər bir xəstə yanaşı xəstəlikləri, hepatit, ürək çatışmazlığı, damar yolu əskikliyi və s. problemləri ilə ailə və səhiyyə sistemi üçün yeni xərclər əmələ gətirir. Dializə məruz qalan insanların bu illər ərzində fiziki və psixoloji çətinlikləri ilə yanaşı, əlillik məsələsi, sosial təminatla bağlı sıxıntıları ortaya çıxır ki, bunlar da çəkilən xərclərə əlavə oluna bilər. Nəticədə özü, ailəsi, cəmiyyəti və dövləti üçün daha çox problem yaradan dializ xəstəsinin bütün bu problemlərdən uzaq, özünə və cəmiyyətə faydalı insan olma imkanı var. Onda sual yaranır ki, niyə görə biz dövlət büdcəsinin xərclərini iqtisadi və bir çox baxımdan daha səmərəli hesab edilən transplantasiyaya yönəltmirik. Yəni əməliyyat və dərman xərcləri də daxil olmaqla, böyrək transplantasiyası olunan şəxsin 10 illik xərci 38-40 min manat olduğu halda biz bunun əvəzinə daha çox problemlər yaradan, 10 illik xərci ortalama 100 min manatdan çox olan dializ yolunu seçirik”.

Millət vəkili bildirir ki, Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun çağırışları, eləcə də ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar bizi tibbin bütün sahələrində daha faydalı, iqtisadi cəhətdən daha səmərəli yollar tapmağa məcbur edir.

 

Transplantasiya aparan müəssisələrin sayı artırılmalıdır

 

Azərbaycanda orqan transplantasiyası ilə yalnız adları Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş tibb müəssisələri məşğul ola bilərlər. Bu müəssisələrin edəcəyi transplantasiya sahələri də qanunvericiliklə tənzimlənir.

Ölkədə transplantasiya ilə M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası (böyrək), Mərkəzi Gömrük Hospitalı (qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası), Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi (gözün buynuz qişası), Mərkəzi Neftçilər Xəstəxanası (qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası), “Mərkəzi Klinika” MMC (Böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi 12-barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası, sümük iliyi), Respublika Müalicəvi Diaqnostika Mərkəzi (ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, gözün buynuz qişası, sümük iliyi), Respublika Talasemiya Mərkəzi (sümük iliyi), Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası (qaraciyər, böyrəklər), “Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC (böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, gözün buynuz qişası, sümük iliyi), “Dünya Göz Azərbaycan” MMC-nin (gözün buynuz qişası) məşğul olmasına icazə verilib.

Musa Quliyev isə hesab edir ki, Azərbaycanda orqan transplantasiyası həyata keçirən müəssisələrin sayının artırılmasına ehtiyac var. Orqan transplantasiyası ilə məşğul olmaq istəyən həkimlərə buna görə ayrıca lisenziyanın verilib-verilməməsi zərurətinə gəldikdə komitə sədrinin fikrincə, buna lüzum yoxdur.

O, belə bir təcrübənin dünyada geniş yayılmadığını da söyləyir: “Həkim müəyyən ixtisaslaşmadan, daha sonra sertifikatlaşdırmadan keçir və sertifikat alır. Sertifikatı olan istənilən həkim transplantasiya işini görə bilər. Ali məktəblərdə ayrıca “transplantoloq” deyilən ixtisas yoxdur. Bu işlə cərrahlar məşğul olurlar. Məsələn, istənilən göz cərrahı müvafiq təcrübədən keçəndən sonra buynuz qişanın transplantasiyasını apara bilər”.

 

Orqanlarımızı bağışlaya bilərik

 

Hazırda ölkəmizdə donor bankı olmadığından donorları xəstələrin özləri və ya ailə üzvləri tapmalıdır, həm də kifayət qədər bahalı olan bu əməliyyat onların öz vəsaitləri hesabına edilməlidir. Hansısa xəstə bu məsələlərin öhdəsindən gələ bildiyi üçün həyatına davam edə bilsə də, başqa bir xəstə bunu bacarmır və sırf həmin problemlər üzündən dünyasını dəyişir.

Xəstələrin dövlətdən gözləntiləri onlara donor orqanının və ya toxumanın tapılması, əməliyyatların dövlət hesabına edilməsi, dərman təminatının həllinə yardımın göstərilməsi kimi məsələlərin həlli ilə bağlıdır. Ancaq bu xəstələrə təkcə dövlətin deyil, bizim də yardım etməyimiz mümkündür.

Adi vətəndaşın bunun üçün edə biləcəyi ən böyük kömək bir insanın həyatını xilas etmək naminə öz orqanlarını ölümündən sonra ehtiyac duyan xəstələrə bağışlamaq ola bilər. Əgər ölmüş bədən kiməsə can verə, onu yenidən həyata qaytara bilərsə, nədən bunu etməyək?!

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video