27 Dekabr 2011 02:12
657
CƏMİYYƏT
A- A+

Ölkəmizdə ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi yüksək peşəkarlıqla təmin olunur

 

Şimal İxrac Boru Kəmərinin (ŞİBK) 210.7-ci kilometrliyində - Qusar rayonunun Urva-Palasa kəndi yaxınlığında baş vermiş şərti qəzanın aradan qaldırılması üçün  "Fövqəladə halların xəbərdar edilməsi və nəticələrin aradan qaldırılması üzrə əməliyyat planı"na uyğun olaraq dekabrın 21-də təlim-məşq keçirilmişdir.

Təlimin keçirilməsində məqsəd neft kəmərində baş verə biləcək mümkün qəzalar zamanı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Neft Şirkəti, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumları arasında əlaqələndirmənin sınaqdan keçirilməsi və belə qəzaların aradan qaldırılması üzrə effektiv metodların işlənməsi olmuşdur.

Təlimdə XDMX-nin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin, ARDNŞ-in "Neft Kəmərləri" İdarəsinin bölmələri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Quba rayonundakı və Sərhəd Qoşunlarının Xaçmaz rayonundakı hərbi hissələrinin şəxsi heyəti, FHN-nin Qusar rayon Regional Mərkəzinin və YMX-nin heyəti, Xaçmaz rayon Xüsusi Riskli Xilasetmə Dəstəsi,  MTN-nin Qusar, Quba və Xaçmaz şöbələrinin, Qusar, Quba və Xaçmazın polis şöbələrinin,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qusar rayon şöbəsinin  əməkdaşları, Qusar Təcili Tibbi Yardım Şöbəsinin həkimləri, Urva-Palasa, Quxur-oba, Kuzun-qışlaq və Şirvanovka kəndlərinin bələdiyyə və icra nümayəndələri, dövlət yol polisi müfəttişləri iştirak etmişlər.

Təlimə ARDNŞ-in "Neft Kəmərləri" İdarəsinin qəza xidməti texnikası - müxtəlif nəqliyyat vasitələri, yük, texnika və avadanlıqlar daşıyan avtomaşınlar, avtokranlar, torpaq qazma qurğuları, komanda ilə birlikdə yanğınsöndürmə maşını, neftyığan və daşıyan xüsusi maşınlar, nasos aqreqatlı avtomaşınlar, FHN-nin yanğinsöndürmə və xilasetmə texnikası, Daxili Qoşunların hərbi texnikası və Qusar rayon TTYŞ-nin təcili tibbi yardım maşını cəlb edilmişdir. Ümumilikdə təlimməşqdə 20-dən çox xüsusi texnika, 40-dan çox nəqliyyat vasitələri və hərbi texnika iştirak etmişdir. 2 mərhələdən ibarət təlimin idarə edilməsi məqsədilə aidiyyəti qurumların rəhbərlərindən ibarət qərargah yaradılmışdır. Təlim-məşqdən əvvəl bütün qurumların bölmələri təlimatlandırılmışlar.

XDMX-nin İNQBKTİ-nin əməkdaşları tərəfindən ŞİBK-nin 210.7-ci kilometrliyində kəmərin keçdiyi ərazidə şərti olaraq torpağın altından neftin çıxması və ətrafa yayılması barədə məlumat verildikdən sonra kəmərlə neftin nəqli dayandırılmış və "axan neftin" miqdarının minimuma endirilməsi məqsədilə qəza zonasının hər iki tərəfindəki yaxın xətt siyirtmələri bağlanmışdır. Qəza yerinə texniki baxış keçirən mütəxəssislərin rəyinə görə hadisə "partlayış" nəticəsində baş vermişdir. Hadisənin səbəblərinin araşdırılması üçün təlimə cəlb olunmuş hüquq-mühafizə orqanlarının və XDMX-nin müvafiq şöbələrinin əməkdaşları tədbirlər həyata keçirməyə başlamışlar. Həmçinin XDMX-nin İNQBKTİ-nin əməkdaşları qəzanın baş verdiyi ərazinin mühafizəsini və əraziyə giriş-çıxışın tənzimlənməsi üçün nəzarət-buraxılış rejimi təşkil etmişlər.

Təlimin başlanğıcında ərazidə baş vermiş şərti yanğın Qusar rayon YMX-nin və "Neft Kəmərləri" İdarəsinin yanğınsöndürmə dəstəsinin heyəti tərəfindən  söndürülmüşdür. FHN-nin Qusar rayon Regional Mərkəzinin Xilasetmə dəstəsi yanğın baş vermiş sahədən şərti "zərərçəkəni" xilas etmiş və həkimlər tərəfindən ona tibbi yardım göstərilmişdir.

 "Neft Kəmərləri" İdarəsinin xidmətləri tərəfindən "Neft kəmərində mümkün qəzaların ləğv edilməsi planı"na müvafiq olaraq neftin ətrafa yayılmasının qarşısının alınması məqsədilə torpaq bəndlərin qurulması, torpaq səthi üzərindəki neftin yığılıb daşınması, yaxınlıqdakı təbii yarğana yığılmış neftin nasos aqreqatları vasitəsilə səyyar çənlərə vurulması, çənlərdəki neftin neftdaşıyan maşınlarla daşınması, beton su kanalına düşmüş neftin xüsusi səyyar qurğular vasitəsilə tutulub yığılması, neftlə çirklənmiş torpağın polietilen kisələrə yığılması və avtomaşınlara yüklənərək təmizləmə məntəqəsinə daşınması metodları nümayiş etdirilmişdir. Eyni zamanda qəza-bərpa xidməti kəmərin qəza baş vermiş hissəsinin təmiri üzrə yerinə yetirilməsi tələb olunan işləri göstərmişdir. 

Daxili Qoşunların və XDMX-nin şəxsi heyətinin keçirdiyi birgə əməliyyat tədbiri nətiçəsində boru kəmərində şərti partlayışı törədən şəxs zərərsizləşdirilmişdir. Həmçinin Daxili Qoşunların hərbçiləri neft kəmərinə müdaxilə etmək məqsədi güdən silahlı qrupun hücumunun dəf edilməsi üzrə tədbirlər həyata keçirmişlər. Eyni zamanda XDMX, DİN və Sərhəd Qoşunlarının əməliyyat bölmələri ərazinin birgə yoxlanılması tədbirini həyata keçirmişlər.

Təlim-məşqin gedişində göstərilənlər şərti olsa da, bu tədbirə cəlb olunmuş qurumların şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirmişlər. Təlimin sonunda görülən işlər müzakirə olunmuş və müsbət qiymətləndirilmişdir. Təlimdə iştirak edən dövlət qurumlarının rəhbərləri ixrac neft-qaz kəmərlərinin strateji əhəmiyyətini, onun qorunmasının hər bir vətəndaşın borcu olduğunu və bu cür təlim-məşqlərin mütəmadi olaraq keçirilməsinin zəruriliyini vurğulamışlar.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video