20 Mart 2021 00:29
1287
Elm və texnika
A- A+

Ölkəmizdə becərilən üzüm sortları pasportlaşdırılır

 

Bu mövzuda yazılan elmi əsərlər prosesin uğurla aparılmasına dəstək verir

 

Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafına  yönəldilən dövlət proqramları aqrar sektorun bu sahəsinin  dirçəldilməsi strategiyasını müəyyənləşdirən mühüm dövlət sənədləridir. Bu proqramlara uyğun olaraq hazırda  ölkədə becərilən üzüm sortlarının pasportlaşdırılması mühüm elmi-praktiki əhəmiyyət kəsb edir. Belə ki, bunun  xalqımıza məxsus olan qiymətli üzüm sortlarının təsdiq edilməsində, qədim  seleksiya nümunələrinin başqaları tərəfindən mənimsənilməsinin qarşısının alınmasında  böyük rolu var.

Üzümçülüyün inkişaf etdirilməsi problemlərini araşdıran elmi-tədqiqat institutlarında üzüm genofondunun qorunması, tədqiqi, sort tərkibinin daha iqtisadi səmərəli süfrə və texniki sortlarla zənginləşdirilməsi və digər məsələlər ətraflı öyrənilir. Bu baxımdan respublikanın üzümçü mütəxəssislərinin yazdığı “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, iki cilddən ibarət “Azərbaycan ampeloqrafiyası”, həmçinin “Azərbaycan üzümü”, “Azərbaycanın üzüm sortları”, “Naxçıvan Muxtar Respublikasının üzüm genofondu və seleksiyası” kimi fundamental əsərlər ölkədə üzümçülüyün elmi əsaslarla genişləndirilməsində, istehsal prosesində məqsədyönlü sort seçiminin düzgün aparılmasında, sözügedən sahələrdən yüksək maddi gəlirin əldə olunmasında mühüm elmi-praktiki əhəmiyyət daşıyır.

Qeyd edək ki, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Meyvə, tərəvəz və üzümçülük” laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru, dosent Varis Quliyevin  müəllifi olduğu  və 2012-ci ildə nəşr edilmiş “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” kitabı muxtar respublikada üzüm genofondunun tədqiqi əsasında becərilən yerli sortların pasportlaşdırılmasına aid ilk fundamental əsərdir. Monoqrafiya giriş, ümumi ampeloqrafiya, xüsusi ampeloqrafiya bölmələrindən ibarətdir. Giriş bölməsində əcnəbi və yerli tədqiqatçıların ampeloqrafiya elminin inkişafı istiqamətində apardıqları elmi-tədqiqat işləri işıqlandırılmışdır. Kitabın ümumi ampeloqrafiya bölməsində qədim Naxçıvan diyarında üzüm tənəyinin becərilməsi və məhsulun emal olunmasının inkişaf yolundan bəhs edən tarixi mənbələr göstərilmişdir. Nəşrdə muxtar respublikada yayılan 120-dən artıq yerli, 23 introduksiya olunmuş, 17 yeni klon variasiyaları və seleksiya üsulları ilə alınmış sortlar ilk dəfə olaraq pasportlaşdırılaraq onların ampeloqrafik təsvirləri və  rəngli fotoşəkilləri verilmişdir. Kitabın xüsusi ampeloqrafiya bölməsində Naxçıvanda becərilən kişmişi, süfrə sortları, universal,  texniki, introduksiya olunmuş sortlar və yeni alınmış üzüm formalarının ampelo-deskriptor xüsusiyyətləri beynəlxalq miqyasda qəbul edilmiş qaydada kodlaşdırılmış, onların aqrobioloji, texnoloji cəhətləri göstərilmişdir. Əsərin sonunda Naxçıvan MR-də becərilən 41 aborigen, həmçinin introduksiya edilmiş 9 süfrə, 5 universal və 9 texniki üzüm sortlarının iqtisadi qiymətləndirilməsi aparılmışdır.

 Varis Quliyev və aqrar elmləri doktoru, dosent Vüqar Səlimov tərəfindən yazılan iki cilddən ibarət “Azərbaycan ampeloqrafiyası” adlı nəşr Azərbaycan ərazisində becərilən  üzüm sortlarının pasportlaşdırılmasına, həmçinin  “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın icra edilməsinə həsr  olunmuş  əsər kimi dəyərləndirilir.

2017-ci ildə nəşr edilən birinci cild giriş, ümumi, interaktiv, xüsusi ampeloqrafiya və ədəbiyyat siyahısı bölmələrindən ibarətdir. Kitab Azərbaycan dilində yazılmaqla əsas bölmələr ingilis və  rus dillərində də verilmiş, üzüm sortlarının irsi əlamətlərinin və adlarının şifrələnməsi, kodlaşdırılması aparılmışdır. Əsərdə Azərbaycanda ampeloqrafik tədqiqatlar və üzümçülüyün tarixi inkişaf yolu, müasir vəziyyəti, əsas üzümçülük bölgələrinin  imkan və perspektivləri araşdırılmışdır. Monoqrafiyada həmçinin müasir ampeloqrafik metodikalar işıqlandırılmış, 16 kişmişi, 70 aborigen süfrə sortunun pasportlaşdırılması aparılmaqla onların ampeloqrafik təsvirləri və fotoşəkilləri verilmişdir. Əsərin sonunda Azərbaycanda ampeloqrafik tədqiqatlara aid ədəbiyyat mənbələri haqqında  məlumat yerləşdirilmişdir.        

2020-ci ilin sonunda “Müəllim” nəşriyyatı tərəfindən oxuculara təqdim olunan nəşr isə ölkədə üzüm genofondunun ampeloqrafik tədqiqinə həsr olunan və 2017-ci ildə nəşr edilən birinci cild  “Azərbaycan ampeloqrafiyası”nın davamıdır. İkinci cilddəki monoqrafiya 4 əsas bölmədən və 9 fəsildən ibarətdir. Giriş bölməsində Azərbaycanda üzümçülük, “Ümumi ampeloqrafiya” bölməsində  ampeloqrafik tədqiqatlar,  üzümçülüyün inkişaf strategiyası,  becərilən üzüm sortlarının genofondunun tərkibi, üzümçülüyün yenidən inkişaf etdirilməsinin elmi əsasları, üzüm sortlarının polimorfizim xüsusiyyətləri haqqında məlumat verilmişdir. Kitabın “Rəqəmsal ampeloqrafiya” bölməsində Azərbaycan   ərazisində  becərilən üzüm  sortlarının şifrə və kodları, “Xüsusi ampeloqrafiya” bölməsində isə universal, texniki, seleksiya yolu ilə yeni alınmış və  introduksiya olunmuş geniş yayılan sortların ampeloqrafik təsvirləri təqdim edilmişdir. Qeyd edək ki, hər iki əsərdə  Azərbaycanda ampeloqrafik tədqiqatlara dair elmi əsərlərin siyahısı da öz əksini tapmışdır.

 Nəşr olunan fundamental ampeloqrafik əsərlərdə əsas elmi yenilik ondan ibarətdir ki, burada ilk dəfə olaraq becərilən üzüm sortları pasportlaşdırılmışdır. Monoqrafiyalarda dünya ampeloqrafiya elminin  yeni sahəsi olan “Rəqəmsal ampeloqrafiya”nın müvafiq metodikaları əsasında Azərbaycanda 270-dən artıq üzüm sortunun beynəlxalq miqyasda qəbul edilmiş 300-dən artıq əsas genetik əlamətləri, irsi dəyişkənlik xüsusiyyətləri, eyni zamanda adları müvafiq qaydada kodlaşdırılmış və şifrələnmişdir. Bununla yanaşı, kitablarda üzüm sortlarında genetik əlamətlərin  beynəlxalq miqyasda qəbul edilmiş şifrə və kodlar əsasında oxunması üçün Azərbaycan, ingilis və rus dillərində açarları verilmişdir. Bu açarlardan istifadə etməklə ayrı-ayrı xalqların kənd təsərrüfatı işçiləri, fermerlər, iş adamları Azərbaycanda mövcud olan üzüm sortlarının tam ampeloqrafik təsviri, aqrobioloji keyfiyyətləri, kimyəvi-texnoloji xüsusiyyətləri haqqında elmi məlumatlar əldə edir və onlardan öz təsərrüfatlarında istifadə edirlər.

Qeyd edək  ki, ilk dəfə yazılan fundamental ampeloqrafik əsərlər elmi, metodiki və praktiki əhəmiyyətə malik olmaqla, həm üzümçülük ixtisası üzrə təhsil alan tələbələr üçün mükəmməl tədris vəsaiti, həm də bu istiqamətdə elmi-tədqiqat işləri ilə məşğul olan elmi işçilər üçün  metodik mənbədir. Monoqrafiyalarda işıqlandırılan “Rəqəmsal ampeloqrafiya” sahəsinin müvafiq metodikaları dünyada üzümçülüyün geniş yayıldığı ölkələrdə üzüm sortlarının əsas genetik əlamətlərinin və irsi dəyişkənlik xüsusiyyətlərinin öyrənilməsi, həmçinin adlarının kod və şifrələnməsi baxımından dəyərli sayılır. Dünya miqyasında üzümçülük üzrə elmi və praktiki əlaqələrin inkişafında, məqsədyönlü introduksiya işlərində, ayrı-ayrı sortlardan səmərəli istifadə olunmasında, elmi əlaqələrin genişləndirilməsində, üzüm sortları üzrə beynəlxalq elektron informasiya bazasının  yaradılmasında, bir sözlə, beynəlxalq miqyasda üzümçülüyün genişləndirilməsində bu bölmə mühüm əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, bu əsərlər istehsal prosesində məqsədyönlü sort seçiminin düzgün aparılmasına, üzüm plantasiyalarının genişləndirilməsi işində yerli sortlardan daha çox istifadə olunmasına, istehsal prosesində əhalinin üzümdən alınan çoxçeşidli qida məhsulları ilə dolğun təmin edilməsinə, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin və maddi rifah halının yüksəldilməsinə müsbət təsir göstərir.

 

Zeynal  ƏKPƏROV,

AMEA-nın müxbir üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video