20 Aprel 2021 00:37
1321
Mədəniyyət
A- A+

O “əjdaha”dan bizdə niyə yoxdur?

 

Reytinq xatirinə səviyyəsizliyə qurban gedən, Vətən savaşını unudub məişət mövzusuna yenilən, tamaşaçısını xarici kanallara məhkum edən seriallar...

 

Türkiyə telekanallarının istehsal etdiyi “Möhtəşəm yüzyıl”, “Diriliş Ərtoğrul”, “Söz” və onlarca digər seriallar Azərbaycanda da çox məşhurdur. Yalnız öz yerli tamaşaçısına deyil, elə bizlər üçün də bayrağı, dövləti, xalqını, tarixini, keçmişini, gələcəyini, bir sözlə - vətəni sevməyi aşılayırlar. Təkcə türklərin özlərinə deyil, izləndikləri 60-a yaxın ölkənin vətəndaşlarına Osmanlı-Türkiyə tarixindən, dövlətinə sədaqətdən dərs keçirlər...

Bəs, bu “əjdahadan” onlarda varsa, bizdə niyə yoxdur?..

Niyə Şah İsmayıl Xətainin qüdrətli imperiya qurmasından, Azərbaycan xanlıqlarının keşməkeşli dövrlərindən, müsəlman Şərqinin ilk cümhuriyyətindən bəhs edən seriallar bizdə yoxdur?..

Niyə 33 il davam edən Qarabağ müharibəsindən, 44 günlük şanlı Vətən savaşımızdan serial çəkilməyib?..

Növbəti jurnalist araşdırmasını də elə bu problemə həsr etdik...

 

Problem təməldən - ssenaridən başlayır

 

Serialın, filmin ilk təməli onun ssenarisidir. Mövzu ilə bağlı da öncə məhz bu təməlin müəlliflərinin mövqeyini öyrənməyə lüzum gördük. “Yalan” , “Bəxt üzüyü”, “Səs” və digər filmlərin ssenari müəllifi, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun fikrincə, milli serialların mövzuları birmənalı olaraq dövlətin siyasəti ilə uzlaşdırılmalıdır.

Azərbaycanın serial bazarının olmamasını, ümumiyyətlə, serial anlayışının oturuşmadığını, hətta düzgün müəyyən edilib, doğru qavranılmadığını əsas problemlər kimi səciyyələndirən ssenaristin fikrincə, efir məkanımızda indi Türkiyə, Rusiya, hətta hind serialları dominatdır: “Yəni, ümumilikdə, Azərbaycanın efir məkanı hələ azərbaycanlı təfəkkürü üçün formalaşdırılmayıb. Efir məkanında ən çox Türkiyə, Rusiya, hind tarixinə, məişətinə aid seriallar nümayiş olunub. Azərbaycanlıların çəkdikləri uydurma kriminal, məişət süjetləri isə reallığı əks etdirmir”.

Ona da serial ssenarisinin sifariş olunduğunu, amma bu reallıqda uğuruna inanmadığı üçün yazmadığını deyən Orxan Fikrətoğlunun Türkiyədə müzakirə olunan ssenariləri var. Nəsrəddin Tusi, Seyid Yəhya Bakuvi haqqında ssenarilər artıq çəkiliş mərhələsindədir: “Çox istərdim ki, onlar Azərbaycanda serial şəklində təqdim olunsun. Bu, ilk növbədə, Azərbaycan dövlətinin siyasəti və bu siyasəti müəyyən edən qurumların məsuliyyəti kontekstində gündəmə gəlməlidir. Fəaliyyətlə bağlı yeni yol xəritəsi müəyyənləşdirilməli, eyni zamanda türk birliyinə xidmət edən müxtəlif mövzular və yeniyetmələrin, gənclərin bu zəmində ideoloji maarifləndirilməsi əsas götürülməlidir. “Netflix” şirkətinin Azərbaycanda da açılmasına nail olmaq lazımdır, çünki kino da, serial da istehsaldır, sənayedir. “Netflix” istehsalı ilə dünyaya çıxa bilərik. Dünya üçün maraqlı olan mövzular var. Məsələn, Hacı Zeynalabdin Tağıyevin həyatını ekranlaşdıra bilərik. Kasıb bir insanın varlanması haqqında əhvalat dünya üçün çox maraqlı olar...”

 

“Hər televiziya serial çəkməməlidir”

 

Ssenaristin təklifi budur ki, serialların çəkilişi prosesinə nəzarət edəcək ictimai qurum, şura yaradılsın. Tərkibi “kiminsə yaxınıdır” prinsipi ilə deyil, istedadlı, bacarıqlı, peşəkar mütəxəssislərdən təşkil olunmalıdır: “Mədəniyyət Nazirliyinin kino şöbəsi Azərbaycan filmlərini dünyaya çıxara bilən mövzular işləməlidir. Ciddi filmlər çəkməlidir. Seriallar daxili bazara nəzərdə tutulmalıdır. Ən əsası, Azərbaycanda serial inhisarçılığı aradan qaldırılmalıdır. Reklam bazarı rəqabətədavamlı şəklə gətirilməlidir. Məlum adamlar “xalqa istədiyini veririk” deyə öz bacarıqsızlıqlarına haqq qazandırıb səviyyəsiz serialları, filmləri, “bozbaş”ı, “dolma”nı bizə sırımağa çalışırlar... Türkiyədə ilk serialları Qərbdən peşəkar dəvət edib onlara çəkdirdilər, öyrəndilər. Sonra başladılar özləri çəkməyə və indi bütün dünya Türkiyə seriallarına baxır. Hər televiziya serial çəkməməlidir...”

 

Serialların çəkilişinə dövlət milyonlarla manat vəsait ayırıb...

 

Çox vaxt siyasətin, diplomatiyanın, yaxud savaşların çatdıra, izah edə bilmədiyini sənət dili deyə bilər. Bəs onda uzun illərdir başımıza gələn fəlakətlər, tarixi proseslər kinoda, serialda, ümumiyyətlə, sənətdə niyə öz əksini tapmır? Bizə bunu etməyə nə, kim mane olur?

Mədəniyyət sahəsində Şərqdə mühüm ilklərə imza atan Azərbaycanda niyə primitiv səviyyədə kino, seriallar olmalıdır? Yaxşı kino və serial industriyası yaratmaq üçün nəyimiz çatmır? Niyə yalnız ailə-məişət mövzusunda seriallar gündəmi zəbt edib?

Özü də nəzərə alaq ki, serialların çəkilməsinə dövlət tərəfindən külli miqdarda vəsait ayrılıb. Bu vəsaitin paylanmasına və onun xərclənməsinə nəzarət edən qurum Milli Televiziya və Radio Şurasıdır.

Şuradan sorğumuza cavab olaraq bildirdilər ki, “Azərbaycan Respublikası Prezidentinin “Milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” 9 sentyabr 2011-ci il tarixli sərəncamına əsasən, milli telefilmlərin, habelə teleserialların çəkilişini dəstəkləmək məqsədilə Prezidentin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına həmin il 5 milyon manat vəsait ayrılıb. Şura isə bu məqsədlə ATV-yə 1 milyon, “İctimai televiziya”, “Xəzər TV”, “ANS”, “Lider TV” və “Space TV”nin hər birinə 800 min manat məbləğində vəsait ayırıb.

Bu məbləğ 2013-cü ildə 6 milyon manata qədər artırılıb. “Xəzər TV” və ATV-nin hər birinə 1 milyon 250 min, “Space” və “Lider TV”-nin hər birinə 1 milyon, “ANS”-ə 860 min, “Region TV”-yə 550 min manat məbləğində vəsait ayrılıb.

 

MTRŞ hələ ki gözləyir, amma nəyi və niyə?..

 

Bəs nəticə?..

Prezidentin ayırdığı milyonlar hara, kimə getdi?..

Dövlət büdcəsinin vəsaiti olan milyonlarla manat hesabına çəkilən telefilmlər, seriallar hansı keyfiyyətdə oldu?..

Maraqlıdır, görəsən dövlət vəsaitinin xərclənməsi ilə bağlı MTRŞ telekanallar qarşısında hansısa şərtlər müəyyənləşdiribmi? Vəsaitin xərclənməsi ilə bağlı televiziyaların bu quruma hesabatı olubmu? Vəsaitin xərclənməsinə, təyinatı üzrə yönəldilməsinə MTRŞ-in monitorinqi və nəzarət mexanizmi mövcuddurmu?

Milli Televiziya və Radio Şurasının cavabı belədir: “Vəsaitin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” sərəncamlarına uyğun olaraq xərclənməsinə MTRŞ tərəfindən nəzarət olunmuş və vəsaitin xərclənməsi ilə bağlı hesabatlar televiziya yayımçıları tərəfindən şuraya təqdim olunmuşdur...

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir və yalnız qanunla müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla bilər”.

Cavab lakonikdir, amma axı bu, cavab da deyil...

 

Rejissorun arqumenti, yoxsa bəhanəsi?..

 

Yetərincə böyük məbləğ olan bu vəsaitlə bəs normal serial çəkmək olarmı?

Teleməkanda bəlkə də ən çox serial çəkən rejissorlardan olan, “Toy gecəsi”, “Səni ürəyim sevdi”, “Dəfnə ağacı”, “Günəşim ol”, “Laləli saray”, “Bir qadın” seriallarının rejissoru Şahin Qəhrəmanova görə, Azərbaycanda yaxşı serial çəkmək üçün sadəcə büdcə yaxşı olmalıdır: “Aktyorlarımız peşəkardır. Texniki heyətimiz yaxşıdı. Texnikamız da var. Bircə maliyyəmiz çox aşağıdır”.

Yaxşı serialın bir bölümünə təqribən 12-15 min manatın lazım olduğunu söyləyən rejissor qeyd edir ki, serialı tamaşaçının baxmaq istədiyi mövzulara əsasən çəkirlər və bizim tamaşaçı da məhz ailə-məişət mövzularında seriala baxır.

Bu arqumentin səbəb, yoxsa bəhanə olduğunu isə yəqin oxucumuz özü müəyyənləşdirəcək. Amma yeri gəlmişkən, bir faktı da xatırladaq. 1979-cu ildə “Babək” filminin çəkilişləri ilə maraqlanan Heydər Əliyevə filmin rejissoru Eldar Quliyev deyir ki, kütləvi səhnələrə çəkməyə adam tapılmır, hamı pambıq yığımındadır. Heydər Əliyev göstəriş verir ki, yığımda olan adamlar kütləvi səhnələrə çəkilmək üçün səfərbər olsunlar: “Bu gün pambıq olmasa da olar, amma “Babək” filmi olmalıdır”.

Bu da bir yanaşma...

 

“Məsuliyyət rejissorlarda yox, telekanallardadır”

 

 “Pərvanələrin rəqsi”, “Vicdan haqqı”, “Yuxu kimi” seriallarının rejissoru Rövşən İsak yaxşı serial, film, tamaşa hazırlamaq üçün, ilk növbədə, məsuliyyət tələb olunduğunu söyləyir. Serial sektorunda isə məsuliyyətsizliyin baş alıb getdiyini vurğulayan rejissor misal kimi qəhrəmanın bir telemövsümün sonunda öldürüb, digərində isə dirildirildiyini deyir.

Rövşən İsak məsuliyyəti rejissorlarda yox, ilk növbədə, telekanallarda axtarır və hesab edir ki, telekanallar istehalçıdan keyfiyyətli iş tələb etməlidirlər. Qalanı məsuliyyətdən sonranın işidir, yəni seriala nə qədər vəsait xərclənməsi mövzusundan asılıdır: “Məişət mövzusudur, tarixdir, vətənpərvərlikdir - hər serialın öz xərci var. Azərbaycanda yaxşı serial çəkmək əziyyətlə başa gəlir. Azərbaycanda kifayət qədər yaxşı aktyor var. Rejissor aktyoru təyinatı üzrə düzgün yönləndirməyəndə, ssenari zəif olanda aktyor biabırçı vəziyyətdə qalır. Rejissorun yaxşı vəsaiti olmadığından fəhlə kimi işləmək məcburiyyətindədir. Bir adam beş adamın işini görür...”

Bəli, serial rejissorlarının məntiqi ilə problemin kökü onlardan başqa hər kəsdədir...

 

“Əsas meyar reytinqdir” absurdu

 

Reytinqlərə görə (yəni keyfiyyətinə əsasən deyil), məşhur sayılmalı olan “Uçurum” serialının ssenari müəllifi Xanım Aydın mövzuları özunün müəyyənləşdirdiyi aktuallığa uyğun seçir.

Məsələn, bu serialların ucqar kəndlərdə də seyr edilməsi səbəbindən erkən nikahla bağlı müxtəlif situasiyalara aid səhnələr yazıb: “Çalışıram serialın mənim öhdəmə düşən hissəsi keyfiyyətli olsun. Mən yaxşı yazmalıyam, rejissor yaxşı çəkməlidir, aktyorlar yaxşı oynamalıdır ki, ortalığa çıxardığımız iş mükəmməl və keyfiyyətli olsun. Ssenari müəllifi olduğum “Uçurum” serialı artıq üçüncü mövsümdə çəkilir. Reytinq cədvəli, aldığımız rəylər göstərir ki, “Uçurum”un daimi tamaşaçıları bizi həvəslə izləyir. Deməli, zəhmətimiz hədər getmir”.

Bəli, yenə də əsas meyar reytinqdir, keyfiyyət yox...

 

Aktyor nədən narazıdır?

 

“Bir qadın” serialında baş rolun ifaçısı Rada Nəsibova üçün çəkildiyi serialda obrazın maraqlı, xarakterik olması onun üçün qonorardan daha önəmlidir. Serialın yaxşı olması üçün onlardan asılı olmayan məqamlardan danışan aktrisa da “Yaxşı serial üçün yaxşı da maliyyə ayrılmalıdır”, - deyir. Hər gün serial çəkilişlərində olduğunu söyləyən Rada Nəsibova qeyd edir ki, bəzən gün ərzində 30-40 səhnə çəkilir, hər səhnə də həyəcan, stress... Yaxşı serial üçün maliyyə gərəkliyi fikrini aktrisa da təkrarlayır və əlavə edir ki, yalnız keyfiyyətli iş üçün oturub gözləsəm, evdə qocalaram: “Bu mənim işim və sevdiyim peşəmdir. Əziyyətimizin qarşılığı çox azdır, amma olan budur, işimizi sevdiyimiz üçün çəkilirik”.

Aktrisa deyir ki, bu prosesdə çatışmayan çox şey var. Məsələn, kameraların keyfiyyəti yetərli deyil, peşəkar texniki mütəxəssislər yoxdur: “Gənclərimizin xarici ölkələrə ixtisas kurslarına, təcrübələrə göndərilməsi vacibdir. Operator, rejissor, aktyor, rəssam, işıqçı, montajçı - hamısı yeni texnologiyalarla işləmək üçün təcrübədən keçsələr, iş də effektli olar. Bunlar hamısı şərtdir. Məvacib o qədər aşağıdır ki, özləri gedə bilmirlər. Sənətin inkişafı üçün isə hökmən gedib öyrənib gəlib tətbiq etmək vacibdir”.

 

“Yalnız peşəkar aktyorlar filmlərə çəkilməlidirlər”

 

Peşəkar sənətkarlar seriallara çox da çəkilmirlər. Serialların aşağı keyfiyyət səviyyəsinin, inandırıcı olmamasının əsas səbəblərindən biri də yəqin elə budur. Bəs niyə seriala əsasən peşəkarlar deyil, həvəskarlar çəkilir?

Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, hər il universitetdə onlarca tələbə-aktyor yetişdirən Məmmədsəfa Qasımov seriala çəkilməyən sənətkarlar zümrəsindəndir. Hesab edir ki, hansısa bir serialı ərsəyə gətirmək üçün əsas aktyor oyunu deyil, mövzu, ssenarinin yazılması, mürəkkəb, bir-birindən fərqlənən obrazlar qalereyasının qurulması, rejissor və operator işi, musiqi, texniki heyət və bütün bunları reallaşdırmaq üçün maliyyə vəsaitinin olması vacib şərtdir.

Ən əsası isə peşəkar insanların bir araya gəlməsini, qeyri-peşəkarların bu prosesə qətiyyən buraxılmamasını vacib sayan Xalq artisti Azərbaycanda güclü, peşəkar aktyor məktəbinin mövcud olduğunu, sadəcə, bu məktəbdən düzgün və doğru istifadə edilmədiyini söyləyir: “Bütün güc, ağırlıq rejissorun üzərinə düşür. Nahaq yerə deyilmir ki, film rejissorundur. Əgər peşəkar rejissor və operator varsa, doğru və düzgün seçilmiş aktyor kollektivi mövcuddursa, texniki heyət yerindədirsə, müasir texnika varsa, ola bilməz ki, nəticə əldə olunmasın. Həm də indi tarixi mövzulara və eyni zamanda qələbəmizi əks etdirən filmlərə daha çox üstünlük verməliyik. Şəxsən belə filmlərdə işləməyi mən özümə bir borc və şərəf hesab edirəm. Çünki söhbət qələbəmizdən gedir, müzəffər və  qalib ordumuzdan gedir, qəhrəman  əsgərimizdən gedir”...

 

“Çörəyi çörəkçiyə vermək lazımdır, vəssalam...”

 

Amma seriallara çəkilən peşəkar sənətkarlara da rast gəlinir. “Yuxu” serialının aktyoru, Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürovun fikrincə, serialların çəkilməsində, aktyor, rejissor, operator işində və texniki, yaradıcılıq prosesində indi müəyyən inkişaf hiss olunmaqdadır.

Lakin bu inkişaf tempinin çox ləng və başıpozuq getdiyini söyləyən Əməkdar artist milli serialların durumunu obrazlı təsvir də edir: “Seriallarımız yaxası tərbiyəsiz qayınata və həyasız qayınana əlində qalan abırlı, zəhmətkeş gəlinə bənzəyir. Arzu edərdik ki, bu nəslin ağsaqqalları sinəsini qabağa verib bu namuslu gəlinin qeydinə qalaydılar. Rəhmətlik Fuad Poladovun gənclərə yaxşı məsləhəti var idi. Deyirdi ki, aktyorların maddi durumu yaxşı deyil, harda yaxşı qonarar verirlərsə gedin, dolanmaq lazımdır. Amma harda görsəniz ki, sənət var, yaradıcılıq var, onda qonarara o qədər də uymayın, gedin sənətinizi nümayiş etdirin”.

Aşağı qonararla çəkilişə razılaşmaq yaşının çoxdan keçdiyini deyən Azad Şükürov vurğulayır ki, onun hansısa seriala çəkilməsi üçün birinci normal və stabil qonarar, sonra professional ssenaristin qələmindən çıxan bədii material, nəhayət, normal rejissorluq təhsili görmüş, professional keyfiyyətlərə malik rejissor olmalıdır. Əməkdar artist onu da etiraf edir ki, bu gün serial çəkilişi prosesində iştirak edənlərin əksəriyyəti elə onun öz yetişdirmələri, tələbələridir: “Çörəyi çörəkçiyə vermək lazımdır, vəssalam... Digər peşə sahiblərinin serialçılıqla məşğul olması mənfi nəticələr verir, serial estetikasını gözdən salır, peşəkarlığı ucuzlaşdırır”.

 

“Bizdə qazanmaq ehtirası var, amma paylaşmaq istəyi yoxdur”

 

Xalq artisti Nurəddin Mehdixanlı da mütəmadi olaraq seriallara çəkilir, amma dediyinə görə, imtina etdikləri daha çoxdur. O, ilk növbədə, yaradıcı heyətlə maraqlanır, ssenaristi, rejissoru, operatoru, tərəf-müqabillərini öyrənir. Görəcəyi işin keyfiyyətinə zəmanət verdiyindən bunun müqabilində də yaxşı qonorar almalı olduğunu söyləyən xalq artisti çox hallarda aktyora cüzi qonorar verildiyindən də şikayətçidir: “Peşəkar aktyorların seriallara çəkilməmə səbəbi əsasən budur. Yaxşı iş görmək istəyən rejissor peşəkar aktyoru dəvət edəcək. Yox, əgər “xaltura” edib sadəcə özün qazanmaq istəyirsənsə, təbii ki, peşəkar aktyor dəvətini qəbul etməyəcək. Mənim imtina etdiyim işlərdə səbəbim bu olub”.

Nurəddin Mehdixanlı hesab edir ki, serialları çəkənlərin böyük həcmdə vəsait qazanmaq ehtirası var, amma onu qazandıranlarla paylaşmaq istəyi yoxdur, problemlər də buradan qaynaqlanır. Seriallara tez-tez çəkilməsini, təcrübəsini paylaşmağı çox istəyən Xalq artisti yaxşı qonorar almayanda özünü göstərməyə, xatırlatmağa ehtiyac da duymur.

 

“Tamaşaçının üstünə yıxırıq ki, ailə-məişət mövzusu istəyir, elə deyil, onun zövqünü biz formalaşdırırıq”

 

Azərbaycanda serial bazarının 10 il əvvəlki vəziyyətdə olmadığını, inkişaf etdiyini söyləyən Əməkdar artist Elman Rəfiyev yaxşı material ortaya çıxartmaq üçün yaradıcı kollektivə yaxşı qonorar da verilməsini vacib sayır. Kinodan xəbəri olmayan rejissorun film çəkdiyini, aktyorluqdan uzaq şəxsin seriala çəkilməsinin geniş yayıldığını da deyən həmsöhbətimizin sözlərinə görə, elə serial var ki, orda bir aktyor ola, ya olmaya, digərləri isə sözün həqiqi mənasında küçədən yığılıb.

Aktyorların qonorara görə eyni vaxtda iki seriala çəkilməli olduğunu da problem kimi görən Elman Rəfiyevin fikrincə, həmkarları o pulu bir serialdan alsa, daha keyfiyyətli iş ortaya çıxar: “Bu gün seriallara peşəkarları deyil, tələbələri, ya da həvəskarları çəkirlər. Seriallara ayrılan məbləğ düzgün hesablanmalıdır. Rusiyanın 1-cı kanalının Müslüm Maqomayev haqqında çəkdiyi serialda onun əmisi oğlu Kamalı oynayırdım. Çəkiliş meydançasında anladım ki, əsl kino, serial necə çəkilirmiş... Böyük komanda işləyirdi. Rejissor aktyorun geyimi, çəkiliş yeri haqda düşünmürdü. Hər kəsin öz işi vardı. O böyük komanda böyük qonorara işləyirdi. Tamaşaçının üstünə yıxırıq ki, ailə-məişət mövzusu istəyir. Xeyr, elə deyil, onun zövqünü biz formalaşdırırıq. Güclü komanda olmalıdır ki, tamaşaçının da zövqünü oxşaya bilək”.

 

“Seriallarda süjetlər, demək olar ki, eynidir”

 

Əməkdar artist Pərviz Məmmədrzayev də seriallara ssenarinin keyfiyyətinin aşağı olması və aşağı qonorar səbəbindən çəkilmir. Onun qənaətincə, seriallarda yalnız baş obrazların xarakteri olur, qalan obrazlar işlənmir, natamamdır: “Bir cox seriallarımızda süjetlər demək olar ki, eynidir. Ona görə də aktyorun inkişafı üçün bir material yoxdur. Aktyor bir serialdan digərinə keçəndə bu serialda oynadığı obrazı rahatlıqla digər seriala aparır”.

Əməkdar artist Füzuli Hüseynov isə qeyri-peşəkarların peşəkarları sıxışdırıb çıxardığından gileylidir. Onun seriala çəkilmə şərti də yalnız peşəkar kollektiv və normal qonorarın olmasıdır: “Bizim peşəmiz budur və bundan çörək də qazanmalıyıq. Yaxşı serial çəkmək üçün əvvəlcə peşəkar ssenaristlər qrupu olmalıdır. Serialda işləyəcək yaradıcı kollektiv Rusiyada, Türkiyədə təcrübə keçmiş, o sahəni öyrənmiş gənclərdən toplanmalıdır. Sonra isə yaxşı vəsait qoyulmalıdır. Bu işdə də televiziyalar maraqlı olmalıdır”.

 

Bəs tamaşaçı nə istəyir?..

 

Serial çəkilişinin subyektlərinin mövqelərini, tələblərini öyrəndik. Peşəkar aktyorların əsas şərti qonorardır, yaradıcı heyətin peşəkarlığıdır, texniki bazanın mükəmməlliyidir. Rejissorlar isə “yaxşı serial üçün yaxşı pul” prinsipinə əsasən, yüksək vəsait istəyirlər.

Göründüyü kimi, hamı şikayətçidir, amma özündən narazı olan tərəf yoxdur.

Rejissorlar seriallara sənət nümunəsi kimi deyil, biznes layihəsi tək yanaşırlar...

Aktyorlar üçün seriallar ciddi fəaliyyət yönümü yox, sadəcə, dolanışıq mənbəyidir...

Ssenaristlər, operatorlar da heç onlardan fərqlənmirlər...

Telekanal rəhbərləri yaratdıqları telebazar ənənələrinə uyğun olaraq yalnız reytinq, reklam və gəliri düşünür...

Mədəniyyət Nazirliyi bu prosesə daxil olmağa həvəs göstərmir...

Milli Televiziya və Radio Şurası ürkək-ürkək kənardan baxmaqla kifayətlənir...

Bəs tamaşaçı nə istəyir?..

Təəssüf ki, tamaşaçının istədiyini nə öyrənən var, nə də bu istəyə əhəmiyyət verən...

Hələ ki, istisnasız olaraq bütün serial istehsalçıları, istisnasız olaraq bütün telekanallar tamaşaçının zövqünü məişət, dedi-qodu səviyyəsindəki mövzularla məhdudlaşdırıb. Bu zövqün inkişafına, təkmilləşməsinə əsla imkan yaratmırlar. Bəhanələri də reytinq bazarı, maliyyə çatışmazlığıdır...

Hələ üstəlik səbəbi öz bacarıqsızlıqlarında yox, tamaşaçının “istəyində” görürlər...

Vətən savaşını görməzdən gələn, hətta müzəffər zəfər mövzusunu belə “pul gətirməyəcək” məntiqi ilə masasının ən alt siyirtməsinə atan telekanal rəhbərləri üçün əsas primitiv “komediya”lardır, bəsit ailə-məişət qovğalarından bəhs edən seriallardır...

Bu telekanal rəhbərlərinə görə seriallarda Azərbaycan əsgərinin Qarabağda bayraq ucaltması deyil, ancaq ər-arvad xəyanətləri, övlad-valideyn ziddiyyətləri, gəlin-qaynana münaqişələri göstərilməli, televiziyadan zəfər ruhu yox, şit, bayağı yumor ovqatı duyulmalıdır...

Biz isə zövqlü serial izləmək istəyəndə üz tuturuq Türkiyə və Rusiya telekanallarına...

Bizi yad ekranlara möhtac, məhkum edənlərin məhsulu - seriallar isə yaz yağışından sonra artan göbələklər misalı, durmadan çoxalır...

Xarici kanalların maraqlı, peşəkar seriallarını izləyəndən sonra düşünürük: axı o “əjdahadan” bizdə niyə yoxdur?...

Milli seriallarımızı çəkənlərsə cırtdanlar dünyasındakı fəaliyyətlərindən məmnundurlar...

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video