20:56 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Nüfuz yüksəlir, iqtisadi qüdrət artır, hücum siyasəti daha da güclənir

ANA SƏHİFƏ / SİYASƏT
00:53 25.07.2021

 

İlham Əliyev postmüharibə dövrünün yeni reallıqlarını dəyərləndirərək bir daha Ermənistanı Azərbaycanla hesablaşmağa çağırdı

 

İyulun 22-də ölkəmizin qərb bölgəsinə səfər edən Prezident İlham Əliyev Daşkəsən, Goranboy və Naftalanda yeni-yeni sosial-iqtisadi infrastrukturların açılışlarını etdi, Azərbaycan Televiziyasına müsahibəsində ölkə iqtisadiyyatının mövcud durumunu dəyərləndirdi, Qarabağda görülən böyük tikinti bumu barədə ətraflı məlumat verdi, postmüharibə dövrünün yeni reallıqlarından danışdı və son günlər təxribatlara əl atan məğlub Ermənistana növbəti mesajlarını ünvanladı.

 

İqtisadiyyat yüksəliş mərhələsindədir

 

Dünya iqtisadiyyatı yavaş-yavaş dirçəlməyə başlayır. Qlobal pandemiyanın ağır fəsadları tam sovuşmasa da, bəzi dövlətlərin iqtisadiyyatındakı artım templəri göstərir ki, böhranla mübarizədə ciddi qabaqlayıcı tədbir görənlər iqtisadi fəallıqlarını artırmağa başlayıblar. Sevindirici haldır ki, bu ölkələrdən biri də Azərbaycandır.

Prezident İlham Əliyevin son 6 ayın statistik göstəriciləri ilə bağlı verdiyi geniş məlumata əsasən deyə bilərik ki, ölkə iqtisadiyyatında və digər sahələrdə nəzərəçarpacaq dərəcədə artım var.

Bütün bu uğurlu rəqəmlər Prezidentin də söylədiyi kimi, görülən tədbirlərin, aparılan islahatların bəhrəsidir. Əgər belə getsə, ilin sonuna qədər rəqəmlər daha böyük olacaq.

Onu da vurğulayaq ki, pandemiya ilə mübarizə dövründə də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası davam etdirilirdi. Bu müddətdə respublikanın əksər rayonlarında yollar, içməli su xətləri çəkildi, xəstəxanalar, sosial obyektlər tikildi, iş yerləri açıldı. Görülən işlər plan üzrə gedib və bu gün də davam etdirilir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır”, - deyə Prezident bildirib.

Dövlət başçısının respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində açılışını etdiyi, fəaliyyəti ilə tanış olduğu sosial-iqtisadi obyektlər də deyilənlərin təsdiqidir.

Ümumiyyətlə, dövlət başçısı müntəzəm olaraq regionlara səfər edir, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ilə bağlı verdi tapşırıqların icrasını yerində yoxlayır, müvafiq tapşırıqlarını verir. Təbii ki, yeni-yeni obyektlərin açılışı görülən işlərin həcmini, ölkə iqtisadiyyatının inkişafını göstərir.

 

Mina xəritələrinin verilməməsi Ermənistanın əxlaqsızlığı, mənəviyyatsızlığı və vicdansızlığıdır

 

Prezident müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri barədə də məlumat verdi.

Bildirdi ki, müharibənin bitməsindən cəmi 8 ay keçməsinə baxmayaraq, Qarabağda böyük tikinti-quruculuq işləri həyata keçirilir. Bununla yanaşı, ilk növbədə, mina təmizləmə işləri də davam etdirilir. Ancaq onu da vurğulamalıyıq ki, bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib.

Mina xəritələrinin Azərbaycana verilməməsini isə dövlət başçısı Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıq, mənəviyyatsızlıq, vicdansızlıq, normal insani davranışa zidd olan yanaşma adlandırdı. Bu, bir daha Ermənistan rəhbərliyinin Azərbaycana qarşı olan nifrətinin, düşmənçiliyinin təzahürüdür.

Prezident dedi ki, Ermənistanın mina xəritələrini verməməsinin heç bir əsası yoxdur. Çünki müharibə qurtarıb və Azərbaycan qalib gəlib. Ermənistan məğlubiyyətlə barışıb və bu gün mina xəritələrini vermirsə, demək, hansısa məqsəd güdür. Bu da bəllidir - daha çox azərbaycanlılar həlak olsun, daha çox insanlar əlil olsunlar. Əlbəttə ki, bu, düşmənçilik və əsl erməni xislətinin təzahürüdür. Məhz bu səbəblərə görə də xalqımız heç nəyi unutmamalıdır. Erməni riyakarlığı, erməni məkri, təxribatları heç bir zaman unudulmamalıdır.

 

Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik

 

İşğaldan azad edilmiş ərazilərimizdə böyük işlər görülür. Prezident də bəyan etdi ki, tezliklə bütün infrastrukturlar qurulub düşmənə gözdağı veriləcək: “İlin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq, yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları tikiləcək. Ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyası bərpa ediləcək və bundan sonra yaşıl enerji layihəsi icra ediləcək”.

Enerji sahəsindən başqa ikinci vacib sahə yol infrastrukturudur. 8 ay ərzində bu istiqamətdə də böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi başa çatacaq. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu, Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları - bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, yalnız çığır var idi. Qış aylarında isə heç vaxt ondan istifadə etmək mümkün deyildi.

Hazırda Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Prezident dedi ki, həmin ərazidə, yəni sərhədə gedən istiqamətdə yol olmayıb. Strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək üçün bu yolların çox böyük əhəmiyyəti var.

İşğaldan azad edilən ərazilərimizdə üç aeroport tikilir. Ağdamın Baş planı icra olunur. Füzulinin, Cəbrayılın Baş planlarının ilkin versiyası Prezidentə təqdim edilib. İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin Baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin Baş planının hazırlanması prosesinə də başlanılıb. Bir neçə xarici şirkət öz təkliflərini verib. İndi seçim aparılır. Qubadlı, Laçın və Kəlbəcər də yenidən qurulacaq.

Yəni, belə böyükmiqyaslı işi cəmi 8 ay ərzində görmək, doğrudan da, Prezidentin söylədiyi kimi qəhrəmanlıqdır. Onu da qeyd edək ki, Azərbaycan bütün bu işləri heç bir yerdən yardım almadan öz hesabına həyata keçirir: “Heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.

 

İlham Əliyevin tam müstəqil siyasətinə verilən yüksək dəyər

 

Prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin üzv dövlətlərin xahişi ilə daha bir il uzadılmasını və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin ölkəmizə səfəri çərçivəsində aparılan danışıqları da dəyərləndirdi.

Sədrliyin bir il uzadılmasının səbəbləri, əlbəttə ki, Azərbaycan Prezidentinin qətiyyətli və prinsipial siyasəti, verdiyi bütün vədlərə sadiqliyidir: “Üzv ölkələr gördülər ki, biz nəyi deyiriksə, onu da edirik. Gördülər ki, Azərbaycan əgər Qoşulmama Hərəkatına bir il də sədrlik etsə, 2023-cü ilə qədər bu Hərəkatın nüfuzu da artacaq, təsir imkanları da artacaq. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, Qoşulmama Hərəkatının Zirvə görüşündə Avropa İttifaqının yüksəkvəzifəli şəxsi - xarici siyasət üzrə xüsusi nümayəndə iştirak edirdi, vitse-prezident statusunda. Tarixdə olmayıb və Qoşulmama Hərəkatının digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bağlanması bizim gündəliyimizdə duran məsələdir. Bu yaxınlarda mən Azərbaycanda səfərdə olmuş Avropa İttifaqı Şurasının sədri cənab Mişellə bu məsələni müzakirə etdim və hesab edirəm ki, bu əməkdaşlığın perspektivləri var”.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ölkəmizə səfərinin nəticələrini yüksək qiymətləndirən Prezident vurğuladı ki, bu, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsi üçün perspektivlər açdı.

Azərbaycan Aİ-yə üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq edir. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Avropa İttifaqı-Azərbaycan arasında imzalanacaq yeni sazişə gəlincə isə Prezident dedi ki, artıq sənədin 90 faizi razılaşdırılıb, qalan məsələlər də, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı Azərbaycanın narahatlığı nəzərə alınsa, bu saziş yaxın aylarda imzalana bilər.

 

Cəhənnəmə göndərilən status

 

Prezident eyni zamanda Şarl Mişelin Bakı səfəri çərçivəsində ikinci Qarabağ müharibəsindən sonrakı vəziyyəti dəyərləndirərkən bir dəfə də olsun “Dağlıq Qarabağ” və “status” sözlərini işlətmədiyinə də aydınlıq gətirdi. Xatırladaq ki, Aİ Şurasının prezidenti hətta İrəvanda olarkən Ermənistanla sərhədə dair “mübahisəli ərazilər” sözlərini işlətmişdi. Bu da Ermənistanda böyük məyusluğa səbəb olmuşdu.

Prezident İlham Əliyev vurğuladı ki, Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar: “Bu ölkənin bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik”.

Ermənilərin hələ də xülyalarla yaşadıqlarını vurğulayan Prezident məğlub ölkənin postmüharibə reallıqları ilə barışa bilmədiyini söylədi və bir daha xəbərdarlıq mesajını yolladı: “Ermənistan əvvəlki səhvləri buraxmamalıdır. Çünki onların yersiz və qəbuledilməz addımları, bəyanatları onlara çox baha başa gəldi. İkinci Qarabağ müharibəsi onu göstərdi. Ona görə boş-boşuna havanı silkələmək lazım deyil”.

Şarl Mişelin həm “status”, həm də “Dağlıq Qarabağ” sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi və Ermənistan bundan nəticə çıxarmalıdır. Prezidentin də söylədiyi kimi artıq nə status var, nə Dağlıq Qarabağ. Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, Azərbaycanın mövqeyinə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir.

İlham Əliyev bir daha status məsələsinə toxundu: “Müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz... Mən, Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var, hansı ki, mənim sərəncamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb”.

 

Postmüharibə dövrü - konseptual yanaşma ortadadı

 

Postmüharibə dövrünü müsbət qiymətləndirən İlham Əliyev bildirdi ki, Azərbaycan həm müharibə, həm də postmüharibə dövründə istədiyinə nail olub. Prezident həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürünün olduğunu söyləyərək bildirdi ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki hələ tezdir.

Bütün addımlar reallıqlara uyğun şəkildə atılır və işlər son 8 ayda İlham Əliyevin müəyyənləşdirdiyi ssenari əsasında görülür: “Postmüharibə dövründə biz cəld tərpəndik, fəallıq göstərdik, öz gündəliyimizi qəbul etdirdik və indi bu gündəlik əsasında işlər gedir. Həm Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə, həm onun ətrafında, həm siyasi müstəvidə, həm Ermənistan-Azərbaycan sərhədində biz öz gündəliyimizi qəbul etdirdik və heç bir addım təsadüfi olmayıb. Hər bir addım düşünülmüş proqram üzərində olub”.

Prezident eyni zamanda vurğuladı ki, postmüharibə dövrü çox böyük çağırışlarla doludur və Azərbaycan bunu məharətlə keçir. Diplomatik müstəvidə, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, qonşu ölkələr - Türkiyə, İran, Gürcüstan, müsəlman aləmi, Qoşulmama Hərəkatı - bütün bu təmaslar müsbət məcrada inkişaf edir: “Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox. Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi. Özü-özünə yaranan məsələlər deyil, göydəndüşmə deyil. Nəyə görə? Cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz. Əvvəllər mən deyirdim hücum diplomatiyası, o yerindədir, amma indi bütünlükdə hücum siyasətimiz. Budur və Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM