14 Mart 2021 00:39
1970
Mədəniyyət
A- A+

Nizami poeziyasında Yer haqqında elmlər

 

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Azərbaycanın klassik ədəbi-mədəni irsinə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb.

Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması haqqında sərəncamını alimlərimiz Nizami Gəncəvi kimi dünya miqyaslı qüdrətli sənətkara yenidən dönüş üçün Azərbaycan ziyalılarını səfərbər olmağa çağırış kimi dəyərləndirir. N.Gəncəvi yalnız ədəbiyyatın və sənətin yox, ümumiyyətlə, bəşəri sivilizasiya tarixindəki elə nadir simalardandır ki, onun yaradıcılığına verilən qiymət və bəslənilən ehtiram heç bir milli, irqi, dini, coğrafi sərhəd tanımır. Hər baxımdan bu nurlu insan üçün zaman çərçivəsi də mövcud deyil. Əminliklə deyə bilərik ki, onun yaşayıb-yaratdığı dövrdən keçən 880 il zaman baxımından Nizami əbədiliyinin yalnız bir epizodudur. O, tarixin hər hansı ictimai formasiya təzahürlərinin və maraqlarının fövqündədir, bəşəriyyətin addımladığı siyasi-ictimai mərhələlər onun qiymətləndirilməsində heç bir rol oynamır. Çünki 5 epik poema-romandan ibarət 60 min misralıq “Xəmsə” və lirik şeirləri öz bədii-estetik və ictimai-fəlsəfi səviyyəsinə və elmi əhəmiyyətinə görə XII əsrdə necə müasir və aktual idisə, bu gün də həmin yüksək keyfiyyətləri saxlayır.

Qədim mənbələrin verdiyi və nüfuzlu tarixçilərin, şərqşünasların da təsdiq etdikləri məlumata görə, Nizami Gəncəvinin iyirmi min beyti (qırx min misra!) müharibələr, qarətlər, yanğınlar, zəlzələlər nəticəsində itib-bataraq dövrümüzə gəlib çatmamışdır. Buna baxmayaraq, Azərbaycan şairi Nizami Gəncəvi dünya ədəbiyyatşünaslığında Homer, Vergili, Dante, Şekspir ilə bir sırada durur. Təsadüfi deyil ki, İ.V.Höte Nizami Gəncəvini “bütün zamanların və xalqların şairi” hesab edirdi. H.Heyne isə emosional tərzdə yazırdı: “Almaniyanın öz böyük şairləri var... Ancaq onlar Nizami ilə müqayisədə kimdirlər ki?”

Fərəhli haldır ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunması, dahi şairin öz yaradıcılığında əks etdirdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda təbliğ olunması məqsədilə bir necə il əvvəl İngiltərədə Oksford Universitetinin nəzdində N.Gəncəvi Mərkəzi təsis edilmişdir. Bu təşəbbüs AMEA-nın vitse-prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayevaya məxsusdur. Həmin mərkəzin yaradılmasını Azərbaycan humanitar elminin böyük qələbəsi kimi qiymətləndirmək olar. Bu gün Oksford Universitetinin N.Gəncəvi Mərkəzi müxtəlif istiqamətlərdə elmi tədqiqatlar apararaq xüsusi elmi seminarlar (vebinarlar) təşkil edir. Mərkəz eyni zamanda Oksford Universitetində onlayn sərgilər də təşkil edir və Azərbaycan, Qafqaz, Yaxın Şərq tarixinin öyrənilməsinin müxtəlif aspektlərinin tədqiq olunmasına zəmin yaradır. Dahi şairimizin 880 illik yubileyi ilə bağlı nəzərdə tutulan digər tədbirlər də diqqətəlayiqdir.

N.Gəncəvi, hər şeydən əvvəl, realist şair idi. Onun yaratdığı obrazlar dinindən, dilindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Yer üzünün sakinləridir və onlar konkret əməl sahibləridirlər. Hər cür faydalı məşğuliyyət zəhmət, əmək tələb etdiyindən N.Gəncəvinin əmək və sərvət haqqında yaratdığı mükəmməl təlimə görə, əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir. O, əməyin yüksək nəticələr verməsi üçün, ilk növbədə, onun azad əmək olmasını, hər kəsin öz qabiliyyətinə görə işlə təmin edilməsi fikrini, əmək adamının daim öz bacarıq və ustalığını artırması ideyalarını irəli sürmüşdür.

Şair yazır ki, bir çox dilləri (qədim yəhudi, ərəb, fars, latın, yunan və s.) bildiyindən dünyanın məşhur alimlərinin əsərlərini diqqətlə oxuyub öyrənmişdir. Məhz bu cür hazırlıq nəticəsində tarix, dil, astronomiya, həndəsə, fizika, kimya, məntiq, fəlsəfə, ilahiyyat və digər sahələr üzrə elmi biliklərini poeziya dili ilə əbədiləşdirə bilmişdir. N.Gəncəvi mütəfəkkir alim kimi elmin onun qarşısında qoyduğu vəzifəni özünün “Sən çalış yaxşı öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı” şüarı ilə şərəflə yerinə yetirmişdir.

N.Gəncəvinin “Xosrov və Şirin” əsərindən bir parçaya diqqət edək (şeir misralarında məzmunca müxtəlif elmi məsələlərə aid mülahizələr Ə.Əhmədovun “Nizami - elmşünas” əsərinə (Bakı- 2011) istinadən verilir):

 

Maqnit olmasaydı eşqin əsiri,

Çəkməzdi özünə dəmir zənciri.

Kəhrəbanın eşqə düşməsə canı,

Belə cəzb etməzdi quru samanı.

Dünyada göhvər var, daş var nə qədər,

Onlar nə bir saman, nə dəmir çəkər.

Bu saysız-hesabsız maddələr yenə,

Bax gör meyl edirlər mərkəzlərinə.

Göyə doğru çox qalxarsa su,

Yenə torpaq olar ən son arzusu

Kainatda hər şey cəzbə bağlıdır.

 

Bu misralarla şair öz dövründə elmə o qədər məlum olmayan elektromaqnit anlayışından bəhs edir və eyni zamanda indi “ümumdünya cazibə qanunu” kimi mühüm əhəmiyyətli qanunun varlığını sübut edir. Həmçinin dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasının elektromaqnit dalğaları olduğunu göstərmişdir. Bu sübut olduqca dəqiq, real faktlarla nəzmə düzülərək insanı valeh edir. Xatırladaq ki, bu qanun Nizami dövründən çox-çox sonralar - 1667-ci ildə Nyuton tərəfindən fizikada qanuniləşdirilmişdir.

“Leyli və Məcnun” əsərindəki misralara nəzər salaq:

 

 Yerin hüdudundan o tərəfdə də

...buludlar fələklər qarışır yenə,

Onlar bir-birinə sarılmış bərk-bərk,

Hamısı tor kimidir gəzir kürətək

Bu kürə şəklində yalnız yer deyil,

Hər xətt hərlənir yuvarlaqdır bil...

 

Burada heyrətamiz məqam odur ki, “süd yolu”nun tədqiqində etdiyi kəşfləri ilə məşhurlaşmış Niderland astronomu Oort (1900-1992) planetlər sisteminin izahını vermişdir. Şair Nizami isə XII əsrdə şeirin dili ilə Yerin fırlandığını səsləndirirdi. Hətta tək Yerin yox, kainatdakı bütün göy cisimlərinin fırlandığını söyləyirdi. Həmin əsərdən daha bir neçə misra:

 

...Tüstü bu dərədən qalxar yuxarı,

İki-üç cidalıq gəzər rüzgarı,

Sonra əyilərək geriyə dönər,

Bu Yer kürəsinin başına enər,

 

deməklə şair bizi əhatə edən atmosfer qatını bir tüstüyə bənzədir, onun da varlığından xəbərdar olduğunu şeirin dili ilə söyləyir.

 

Pərgar xətt kimi dolanan fələk

Yalnız bu qaydada dövr edir gerçək

 

misraları müəyyən kənaraçıxmaları nəzərə almasaq, yerin öz oxu ətrafında bərabər sürətlə hərəkətinə birbaşa işarədir.

Daha sonra “İsgəndərnamə”yə müraciət edək. Burada da heyranedici məqamlar çoxdur:

 

Əvvəl mövcud oldu tək hərəkət,

Onu iki yerə ayırdı sürət.

Hər iki hərəkət gəlib bir yerə,

Əvvəlki hərəkət ayrıldı yenə.

Bu üçü qoşulub bir-birinə,

Üç xətt zahir olur üç hərəkətdən,

Üç dövrə yarandı ondakı xətdən.

 

 Burada hərəkətin mövcudluğunu söyləyən şair, ondan yaranan bərabərsürətli və dəyişən sürətli hərəkəti də görə bilmişdi. Eyni zamanda fəza və zaman anlayışına toxunaraq üçoxlu koordinat sisteminin mövcudluğunu aydın şəkildə göstərmişdir.

 

Zərrə qədər boyası rəngi varmı havanın?

Tutqunluğu könüllər oxşayırmı havanın?

Hər kim ki, əyninə göy paltar geyər,

Günəşi özünə çörək eyləyər...

 

 Şair burada işığın dispersiyası mövzusuna toxunub. Bildiyimiz kimi, Günəş şüaları yerə çatana qədər fəzada səpilir və spektral qaydada müxtəlif şəklə düşür. Göyün üzü mavi rəng alır. Böyük filosof bir şeirində Yer üzündə yalnız ağ rəngin mövcudluğunu, qalan bütün rənglərin ondan alınmasını xüsusi ustalıqla qələmə alır:

 

Səma saflığında gümüş qədər ağ,

Günəş kimi təmiz gün kimi parlaq.

Gündüzün işığı ağlığındadır,

Ayın yaraşığı ağlığındadır.

Rənglər sünidir, dünyada bir ağ,

Bilməyir sünilik bilməyir boyaq.

 

Ümumiyyətlə, Nizami irsində dünyəvi, fiziki qanunauyğunluqlar tükənməzdir. Onu da qeyd edək ki, Nizami dünyaya başqa cür baxa bilməzdi. Şairə görə, kainatın hər iki üzü - görünəni və görünməyəni bilavasitə elmlə bağlıdır. Ona görə də oğluna nəsihət nümunəsində insanları elm öyrənməyə çağırırdı.

 

...Bir elm öyrənmək istədikdə sən

Çalış ki, hər şeyi kamil biləsən.

 

...Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz!

 

...Hər kim öyrənməyi bilməyirsə ar,

Sudan dürr, daşdan da gövhər çıxarar.

 

Dövrümüzdə Nizaminin qələmə aldığı elm sahələri ilə bağlı düşüncələri haqqında kifayət qədər kitablar, elmi əsərlər yazılmışdır. Əslində biz, müasir ifadə ilə desək, Yer elmlərini ehtiva edən sahələr barədə Nizami Gəncəvinin poetik mülahizələrinə toxunmağımız bu gün daha məntiqlidir. Elminin və zəkasının, təbi və istedadının vurğunu olduğumuz Nizaminin əsərləri tükənməz bir bilik xəzinəsidir. Elmlə şeirin vəhdətindən yaranan bu poeziya uzun zamandan bəri mütəxəssislərin tədqiqat obyektinə çevrilsə də, bu günə kimi lazımınca öyrənilməmiş və qiymətləndirilməmişdir.

 Nizami Gəncəvi şair kimi məşhur olsa da, əslində ona “alim-şair”, bəlkə də “şair-alim” demək daha düzgün olardı. Çünki o öz dövrünün elmlərinə vaqif olmaqla hər bir elmi mətləbi şeir dilində təqdim edir; eləcə də onun adi həyati məsələlər haqqında yazdığı şeirləri belə elmlə doludur. “Xosrov və Şirin” əsərində oxuyuruq:

 

Cəhətin başına altı yaxa saldı,

Yerin qucağına dörd gövhər atdı.

 

Burada Nizami aləmin xilqətinin həndəsi və maddi təsvirini verir. Bundan ötrü o, Evklid həndəsəsini və Aristotel fizikasını əsas götürür. Beytin birinci misrasında fəzada olan altı cəhət nəzərdə tutulur, ikinci misrada isə aləmin fiziki və maddi əsasını göstərmək üçün Aristotel nəzəriyyəsində qəbul edilmiş dörd ünsürə istinad edilir. Bu nəzəriyyəyə görə, bütün maddi varlıqlar dörd bəsit maddədən əmələ gəlir: torpaq, hava, su, od. Nizami bunları “dörd gövhər” adlandırır. Çünki onun fikrincə, bütün aləmin cövhərini onlar təşkil edir. Təbiidir ki, maddi aləmdə baş verən hadisələrə bəsirət gözü ilə baxan hər bir müşahidəçini, ilk növbədə, hərəkət maraqlandırır. Axı bütün təbii hadisələr hərəkətin müxtəlif növləri sayəsində meydana cıxır. Bu hərəkətin ən sadəsi mexaniki hərəkətdir ki, hər addımda onunla rastlaşırıq. Dediyimizə misal olaraq “Leyli və Məcnun” əsərindən aşağıdakı misralara diqqət edək:

 

Səhradan qalxan hər bulud da

Öz məqsədinə çatmağa tələsir;

Əlləşir ki, ən yüksək yerə qalxsın,

Amma öz yüksəlmə həddini keçə bilməz,

O da dövr etməyə başlayır,

Dairələnməyə meyl göstərər.

Görərsən ki, çadır şəklində dayanıb,

Başını yerin üfüqünə qoymuşdur.

Köçünə, karvanına baxsan,

Görərsən ki, meyli dairəyədir.

 

 Nizami deyir ki, tüstü və buxar (buludlar) yerdən yuxarı qalxsalar da, bu qalxma müəyyən sərhəddə olur, ondan sonra cazibə qüvvəsi onları Yerin dövrəsində dolanmağa vadar edir.

 Nizami təbiətdə küləklərin fəaliyyətini və onların torpağa göstərdiyi təsiri belə təsvir edir:

 

Bir külək ki, torpağı (tozu) qovmaq vəkilidir,

Təpənin, dərənin fərraşıdır;

Bundan alır, ona verir,

Mayanı (torpağı) gah aparır, gah gətirir.

 

 Sonra yerin daxili quruluşu haqqında yazır:

 

Nə qədər ki, təbəqə-təbəqə yer görünür,

Torpaqdır ki, taya-taya qoyulmuşdur.

 

 Burada sadə şəkildə olsa da, Nizami geologiya elminin elementlərinə toxunur və yerin üz təbəqəsini təsvir edir (Yer qabığının lay-lay olmasını). Sonra zəlzələdən söz açır:

 

Gah zəlzələ, gah sel qalxır,

Torpağı buradan alır, oraya tökür.

Elə ki zəlzələ (dağılıb) səpələyir,

                              su yuyub aparır,

Yer lövhəsində bir yarğan açır.

O yarğan zamanın təsirindən

Axırda bir vadiyə çevrilir.

 

Nizami həm qədim, həm də öz dövründə mövcud olan bütün elmlərə vaqif və hər cəhətdən kamil bir alim olduğu üçün “Xosrov və Şirin” əsərində məğrurcasına deyir: “Fələklərin sirrini məndən kim soruşdu ki, onları bir-bir ona başa salmadım?”

“İsgəndərnamə” əsərinin qəhrəmanı İsgəndər bütün elmlərdən xəbərdar bir padşahdır. Lakin o, öz elmi ilə kifayətlənmir. Onu maddi aləmin və bütün kainatın mahiyyəti, yaranışı, ilk mənşəyi, inkişafı və onun keyfiyyəti maraqlandırır. Bu sahədə elmi həqiqətə nail olmaq üçün özünün etibar bəslədiyi yeddi filosofun iştirakı ilə bir elmi məclis təşkil edir və maraqlandığı elmi məsələlər bərədə onların rəyini soruşur. Birinci Ərəstun sözə başlayır. Yığcam və gözəl beytlərdə Nizami Gəncəvi Ərəstunun fikrini, onun “dörd ünsürünün”, yəni su, torpaq, od və havanın əmələ gəlməsi tarixini təsvir edir. Ərəstunun fikrinə görə, bu dörd ünsür əmələ gələndən sonra onların hər biri öz mərkəzində qərar tutub. Yəni torpaq ilə su aşağıda, od ilə hava isə yuxarıda yerləşiblər. Sonra bu ünsürlər bir-birinə qarışıb, onlardan müxtəlif bitkilər əmələ gəlib, daha sonra o bitkilərdən heyvanlar meydana çıxıb.

 Ərəstundan sonra Vales, Bolinas, Sokrat, Forxuriyus, Əflatun və İsgəndər danışır. Sonda müzakirəyə Nizami yekun vurur və öz sözünü deməyə başlayır:

 

Bundan artıq danışmaq bəyənilməz

ki, bu dünyanın nəqşi nəqqaşsız deyil.

Bütün varlıqların böyük yaradanı

Yüksək və ya alçaq hər nə yaradıbsa,

Öz nuru ilə gözləri açmışdır.

 

 Şair eyham vurur ki, insanın yaranmasından milyard illər qabaq yaranmış kainatın xilqətinə əql gözü ilə yol tapmaq mümkün deyil. Nizaminin sözü ilə desək, “bu yolun uzunluğunu ölçmək” işində insan əqli acizdir. Odur ki, Nizami yaranış əməliyyatına əl atmağı məsləhət bilmir. Amma o, hər şeyə göz yumub oturmağı da bəyənmir. Bu barədə o, “Leyli və Məcnun” əsərində belə deyir:

 

O mayədən ki, təbiətləri yoğurdular,

Bizim üçün başqa bir vərəq yazdılar.

Ta ki, diqqətlə baxaq, sirr axtaraq,

İşin ucunu axtarıb tapaq,

Yeri və asimanı görək.

Bir-bir bunu da, onu da araşdıraq.

 

Nizami “Sirlər xəzinəsi”ndə aşkar şəkildə çatdırır ki, Allah bütün maddi aləmi “öz feyzindən atdığı bir qətrədən” yaradıb. Məlumdur ki, Nizaminin bu fikri ilə sovet dönəmində heç kəs razılaşmazdı. Maddənin-materiyanın heç nədən yaranması sovet elmi baxımından qəbuledilməz idi. Lakin sovet elminin sütunlarından biri, dünya şöhrətli alim Y.B.Zeldoviç vəfatından bir az əvvəl - 1986-cı ildə “İzvestiya” qəzetinə verdiyi müsahibədə belə demışdi: “Paradoksal görünsə də, mənim mülahizələrim və apardığım hesablamalar məni bu nəticəyə gətirmişdir ki, kainatın maddəsi heç nədən (yoxdan) meydana çıxmışdır”.

Mövhumata inanmayan və onu qamçılayan Nizami qiyamət məsələsinə elmi nəzərlə baxır və belə mülahizə edir ki, bir vaxt səma cisimlərinin ömrü qurtaracaq, onların hazırkı nizamı dağılacaq, Günəş, Ay, Yer və digər səyyarələr arasında olan indiki dayanıqlı müvazinət pozulacaq. Müasir astrofizika elmində səma cisimlərinin assosiasiyası və təkamülü haqqında olan bu mülahizələr deyilən fikri təsdiq edir. Vaxtilə bir mərkəzdə, bir nöqtə halında toplanmış “bir qətrə”, indi kainatın ən uzaq guşələrində əvvəlki mərkəzdən uzaqlaşan sonsuz hissələrə ayrılıbsa və onlar mərkəzdən uzaqlaşaraq “genişlənən kainat” təşkil edirlərsə, bir vaxt bu genişlənmə dayanacaq, sonra həmin hissələr yenidən əvvəlki mərkəzə tərəf meyil edəcək, “sıxılan kainat” dövrü başlanacaq və bir müddətdən sonra kainatda olan maddələr yenə də bir nöqtədə toplanacaq, “kollaps” deyilən hal olacaq. Kollaps halında maddə fantastik dərəcədə sıxılır. Hesablamalar göstərir ki, Yer kürəsi kollaps halına düşərsə, o, radiusu 9 mm olan kürəyə çevrilər. Kollaps halına düşmüş maddənin cazibə qüvvəsi o qədər böyük olur ki, ona yaxınlaşan hər bir şeyi udur, hətta, ona düşən şüaları da udub kənara əks etdirmir. Buna görə də kollaps halına düşmüş cismi görmək olmur. Kainatda belə cisimlər mövcud olsa da, biz onları görə bilmirik. Müasir kosmologiya bu nəticəyə gəlmişdir ki, “genişlənən” və “sıxılan” kainat, materiyanın periodik surətdə gah bir nöqtədən sonsuzluğa, gah da əksinə yönəlmiş xüsusi inkişaf mərhələləridir və onun bəlkə də təkamülüdür.

N.Gəncəvi kainatın əmələ gəlməsi, inkişafı və bir vaxt da onun fəlakətə uğrayıb dağılacağı məsələsindən danışdığı kimi, onun mövcud vəziyyəti ilə də maraqlanır. Kainatda Yer kürəsinə oxşar cisimlərin olub-olmaması məsələsi də onu düşündürür.

Nizaminin əsərlərində İran, Yaxın Şərq və Azərbaycan xalqlarının qədim dövrlərdəki həyat tərzi və adətlərinə aid çoxlu məlumat var. O, elşünas və ya indiki istilahla ifadə etsək, bir etnoqraf, coğrafiyaçı kimi qiymətləndirilə bilər. Şair “Xosrov və Şirin” əsərində Məhin banunun həyat tərzini təsvir edərək deyir:

 

Hər bir fəsildə özü üçün

Müəyyən bir iqlimdə yer seçir:

Gül fəslində onun yeri Muğandır ki,

Ayaq basdığı yerlər (həmişə)

                                   yaşıllıq olsun.

Yayda Ərmən dağlarına çıxır,

Bir-bir güllükləri və talaları nazla gəzir.

Payız vaxtı Abxaza gedir,

Ov dalınca quş kimi uçur.

Qışda Bərdəyə meyl göstərir,

Çünki qışda Bərdənin

                                 havası ilıq olur.

Bu qayda ilə dörd fəsil onun hesabında,

Hər fəsil üçün öz havası

                           onun ixtiyarındadır.

 

Beləliklə, məlum olur ki, Nizami təkcə şair yox, həm də alim, kamil tədqiqatçı, genişmiqyaslı tarixçi, bir neçə xarici dilə bələd olan dilçi, nəsihətləri, tövsiyələri səkkiz əsr müddətində köhnəlməyən və bugünkü nəsil üçün daha vacib olan bir əxlaq alimidir. Cəsarətlə demək olar ki, onun əsərləri hələ tam tədqiq edilməmiş və layiqincə qiymətləndirilməmişdir. Amma ümid etmək olar ki, 20 ildən sonra dahi şairin 1000 illik yubileyinə kimi bu dahi şəxsiyyətin bütün insani, irfani, elmi, fəlsəfi və digər məziyyətlərini ehtiva edən obyektiv ensiklopediya tərtib olunacaq və dünya dillərinə tərcümə ediləcək. Düşünürük ki, Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamından irəli gələn vəzifələrin daha dolğun icrası üçün N.Gəncəvinin adı ilə bağlı bütün istiqamətləri dərindən öyrənib dünyada əlçatan etmək məqsədilə Azərbaycanda Nizami Tədqiqat Mərkəzi yaradılması məsələsinə dövlət səviyyəsində baxılacağı da məqsədəuyğun olardı.

P.S. 1939-cu ildə Azərbaycan SSR MK tərəfindən Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi qərara alınır. Amma bu yubileydə Nizamini əyani surətdə canlandıracaq hər hansı şəkli olmur. Buna görə də müsabiqə elan olunur, ədəbiyyatşünaslar, tarixçilər və rəssamlar işə cəlb edilir. Müxtəlif variantlarda Nizaminin portretini çəkirlər. Nizamişünas Yevgeni Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı Nizaminin xarici görünüşünün təxmini necə olduğunu dedikdən sonra Üzeyir Hacıbəyli deyir ki, “sizin dediyiniz parametrlərdə Ağcabədidən bir axund tanıyıram”. Həmin axunda Tarix - Diyarşünaslıq Muzeyindən alınmış geyimlər geyindirildikdən sonra rəssam Qəzənfər Xalıqov (1898-1981) Nizami Gəncəvinin portretini yaradaraq müsabiqənin qalibi olur.

 

Akif ƏLİZADƏ,

AMEA Geologiya və Geofizika İnstitutunun direktoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video