29 Aprel 2021 00:23
1379
Mədəniyyət
A- A+

Nizami divanı

 

Müasirlərini hər misrası, hər beyti ilə heyran edib. O vaxtdan yüz illər ötüb. Ancaq bu heyranlıq nəinki bitməyib, heç bir qətrə azalmayıb da. Yenə də poeziyasevərləri Nizami Gəncəvi poetikası məftun edir.

Azərbaycanın dünya şöhrətli şairi zəngin irs qoyub gedib. “Xəmsə” adı ilə məşhurlaşan beş poeması - “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” əsrlərin dolanbac yollarından keçərək bu günlərə gəlib çıxsa da, bütün əsərləri eyni taleyi yaşamayıb. Belə ki, Nizami Gəncəvinin mənbələrdə 20.000 beytə yaxın olduğu qeyd edilən divanının kiçik bir hissəsi dövrümüzə çatıb. Şair epik əsərlərində həmin divanını xatırladıb, lirik şeirləri, xüsusilə qəzəlləri ilə duyduğu fəxr hissini misralara köçürüb. “Sirlər xəzinəsi” poemasında yazıb:

 

Nizami şeiri şəkər saçan olmuşdur,

Qəzəl oxuyan ahuların əzbəri olmuşdur.

 

Poemalarında dövrünün, mühitinin geniş mənzərələrini əks etdirən şair lirik əsərlərində öz dövrü və mühiti ilə bağlı duyğularını, düşüncələrini qələmə alıb. Ancaq “Xəmsə”sində olduğu kimi, lirik şeirlərində də şair mütərəqqi ideyaları, insanpərvərliyi, həqiqətpərəstliyi, ədaləti, saf duyğuları, məhəbbəti, dostluğu, əməksevərliyi təbliğ və tərənnüm edib. Bu lirik əsərlərin əsas movzusu insan taleyi, həyatı, düşüncələri, arzularıdır.

Tədqiqatçılar Nizami Gəncəvinin lirik irsindən bu gün bəlli olan nümunələrin klassik Şərq şeirinin üç - qəsidə, qəzəl və rübai şəkillərində olduğunu bildiriblər. Həmin ədəbi-bədii nümunələr şairin zəngin lirik irsinin çox az hissəsini təşkil etsə də, onlar sənətkarın yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətlərini əks etdirmək baxımından dəyərlidir.

Ayrı-ayrı mənbələrdə Nizaminin adı ilə verilmiş qəsidələr var. Tədqiqatçılar isə bu əsərlərin altısının müəllifinin Nizami Gəncəvi olduğuna şübhə etmirlər. Bu əminliyi həmin qəsidələrdəki Nizami Gəncəviyə məxsus yüksək poetika və müxtəlif bioqrafik cizgilərin əksini tapması ilə əsaslandırırlar. Şairə aid edilən qəsidələrdə onun ictimai-fəlsəfi düşüncələri əsas yer tutur. Poemalarında olduğu kimi, qəsidələrində də Nizami Gəncəvi dövrünün bir sıra ictimai məsələlərinə münasibətini bildirib.

Şairin qəsidələri kimi, rübailərinin də çox az hissəsi dövrümüzə çatıb. Nizami Gəncəvi lirikasının ilk naşiri V.Dəstgirdi müxtəlif mənbələrdən topladığı 46 rübaidən yalnız 9-nun ona aid olduğunu qeyd edib. Digərlərinin müəllifi kimi isə Səfəvilər dövrü nizamilərini göstərib.

Sonralar bəzi İran və sovet alimləri V.Dəstgirdinin bölgüsü ilə razılaşmayıblar. Onun başqa müəlliflərə aid etdiyi bir sıra rübailəri də Nizami Gəncəvinin əsəri kimi təqdim ediblər.

Nizaminin dövrümüzə çatmış lirik əsərləri içərisində qəzəllər çoxluq təşkil edir. Poemalarında, məşhur fəxriyyəsində, eləcə də qəzəllərinin özlərində şair tez-tez bunlardan söz açıb, onların məclislərin bəzəyi, dillərin əzbəri olduğundan fəxarətlə yazıb. Tədqiqatçılar buna əsaslanaraq şairin yaradıcılığında digər lirik janrlarla müqayisədə qəzələ daha çox yer verdiyini nəzərə çatdırıblar.

Qəzəllərinin çoxunun sonunda Nizami öz adını qeyd edib. Bəzilərinin sonunda isə həm müəllif təxəllüsü, həm də bəzi hökmdarların adları var. Nizaminin dövrümüzə çatmış yüzdən çox qəzəlindən cəmi doqquzu belədir. Ehtimal edilir ki, həmin qəzəllər ayrıca əsər kimi qələmə alınmayıb, mədhiyyə-qəsidələrin əvvəlində verilib. X.Yusifli Nizami divanından köçürən katiblərin onların mədh hissəsini ataraq yalnız qəzəl hissəsini saxladıqlarını yazıb. Lakin bu qəzəllər şairin digər şeirlərindən məzmun və formaca fərqlənmir.

Ölümsüz eşq, saf məhəbbət Nizami qəzəllərinin əsas mövzusudur. Şairin divanını tədqiq edən X.Yusifli bildirib ki, Nizami Gəncəviyə məxsus olduğu şübhə doğurmayan bütün qəzəllərdə real insan sevgisi, insan münasibətləri tərənnüm olunub.

Poemalarında olduğu kimi, lirik əsərlərindən də şairin şəxsiyyəti, həyatı, düşüncələri, sevgisi, arzuları boylanır. “Qocalıq” qəsidəsində şair yazıb:

 

Əyildi bel bu çəməndə qocalıqdan nə təhər,

Bu gün həyat budağından deyin, görüm nə bəhər?

Nə kölgə var ağacımda, nə turş bir meyvə,

Tökübdü meyvəsini yelləriylə hadisələr.

Bu əyri qədli fələklər qazır məzar mənə,

Bəyazı saçlarımın eylər əcəl haqda xəbər.

Həmişə nafə verər müşki-tər amma nə əcəb.

Doğuldu nafə mənim müşki-tərimdən bu səfər.

 

Uzun illər bədii yaradıcılıqla məşğul olan Nizaminin ömrünün ayrı-ayrı dövrlərində keçirdiyi hissləri bu əsərlərindən oxumaq mümkündür. Nizaminin otuz yaşlarında ikən yazdığı bir qəsidəsindən hələ o dövrdə qüdrətli şair kimi bütün Şərqdə məşhurluğu bəlli olur.

Nizami divanının araşdırılmasına gec başlanılıb. Amma şairin divanı haqqında hələ təzkirə müəllifləri müəyyən fikirlər bildiriblər. Müxtəlif orta əsr cünk və təzkirələrində şairin divanının bəzi hissələri qalıb. İlk təzkirə müəlliflərindən olan Məhəmməd Övfi “Lababül-əlbab”da Nizaminin lirik şeirlərindən belə bəhs edib: “Məsnəvilərdən əlavə ondan az şeir də nəql edirlər, bu şeirləri Nişapurda böyük bir adamdan eşitdim”. Zəkəriyya Qəzvini isə “Asarül-bilad fi əxbarül-ibad” adlı coğrafi əsərində Gəncədən danışarkən Nizamini xatırlayıb: “Əbu Məhəmməd Nizami yenilikçi, alim, arif bir şair idi, yaxşı bir divanı vardır, şeirlərinin çoxu ilahiyyat, nəsihət, fəlsəfə, sufilərin rəmz və eyhamlarından ibarətdir. “Xosrov və Şirin”, “Leyli və Məcnun” dastanları, “Sirlər xəzinəsi” və “Yeddi gözəl” onun əsərləridir”. Zəkəriyya Qəzvini Nizaminin vəfatından təxminən 50-60 il sonra, yəni XIII əsrin ortalarında Nizaminin lirik şeirlərinin bir divan şəklində mövcud olduğunu təsdiq edib. Onun verdiyi məlumatda Nizaminin divanında nət, minacat, tövhid tipli şeirlər də olduğu bilinir.

Nizami divanından bəhs edənlərdən biri də Dövlətşah Səmərqəndi olub. O, yazıb: “Xəmsədən əlavə Şeyxin divanı iyirmi min beytə yaxındır. Ürəkaçan qəzəlləri, müvəşşəhləri və sənətkarlıqla yazılmış çoxlu şeirləri vardır”.

Sonrakı təzkirəçilər isə M.Övfinin, yaxud D.Səmərqəndinin dediklərini ya təkrarlayıb, ya da şairin divanını görmədiklərini diqqətə çatdırıblar. Azər Beqdeli “Atəşgədə” əsərində yazıb: “Deyirlər, Nizaminin “Xəmsə”dən əlavə iyirmi min beytdən ibarət qəzəl, qəsidə, qitə və rübailəri var imiş ki, hal-hazırda əldə deyildir”.

Dövründə çox məşhurlaşmasına, dillər əzbəri olmasına baxmayaraq, bu gün şair Nizami Gəncəvinin böyük divanının bütövlükdə bizə yetişmədiyinə təəssüflənirik. Ancaq fikrimizcə, elə əldə olunan nümunələr - qəzəl, qəsidə və rübailəri də şairin parlaq istedadını tam şəkildə təcəssüm etdirir. Nizami Gəncəvi dühasi bütün sətirlərindən bizə zirvədəki yerini göstərir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video