07 Iyul 2019 00:24
1526
Mədəniyyət
A- A+

Nəsimi və türkdilli hürufi irsi


Müsəlman ölkələri içərisində İmadəddin Nəsimi ən çox Azərbaycanda öyrənilir və təbliğ edilir. Bu, bir tərəfdən onun vətənimizdə doğulması, Şirvan ədəbi məktəbinə məxsus olması ilə bağlıdır. Lakin başqa tarixi səbəblər də var. Nəsiminin ana dilində divanı hələ 1926-cı ildə Bakıda Salman Mümtazın tərtibində çap olunub. Kitabın çapına Bolşevik Maarif Komissarlığı maliyyə vəsaiti ayırıb. O zaman 1920-ci dərs ilindən yaradılmış azərbaycandilli orta və ali təhsil müəssisələri üçün anadilli mətnlər çatmırdı.

Bu nəşr Nəsimi irsinin xalqa çatdırılması istiqamətində bir mərhələ açdı.

XIX əsrdə Cənubi Azərbaycanda Füzuli divanı ana dilində dəfələrlə çap olunurdu. Amma Nəsimiyə münasibətdə bu, müşahidə edilmirdi. Halbuki dilinin sadəliyi və xəlqiliyi cəhətdən Nəsiminin müəyyən məziyyətləri aşkar idi. Bunun səbəbi dahi şairin məxsus olduğu təriqətlə və bu təriqətin onun şeirlərində güclü ifadəsi ilə bağlı idi. İran ruhaniləri hürufi mətnlərini həm də fars dilində oxuyurdular. Məlumdur ki, hürufiliyin bir məzhəb kimi dili farscadır və bu, onların Quranı sayla bilən və Fəzlüllahın (1340-1394) özü tərəfindən 1374-cü ildə yazılmış "Cavidannamə”də təsdiqlənib. Bəzi ruhanilər hürufi mətnlərini, "Cavidannamə”ni orijinalda oxuyub rəsmi islamla tam uyğun gəlməyən məqamlar tapır və bunlardan hürufiliyə qarşı qısqanclıq niyyəti ilə istifadə edirdilər. Belə hallar Osmanlı dövləti ərazisində də var idi.

***

Bütün bunlara görə Nəsiminin türk divanının 1926-cı il Bakı nəşri təkcə şairə münasibətdə yox, bütünlükdə türkdilli hürufi mətnlərin yenidən elmi dövriyyəyə çıxarılmasında tarixi rol oynadı. Xatırladaq ki, Nəsimi divanının Salman Mümtaz nəşrindən əvvəlki daş basımı 1844-cü ildə İstanbulda buraxılmışdı, aradan 80 ildən çox vaxt keçirdi. Həm də mühümdür ki, Nəsimi irsi onun vətənində ana dilimizin zirvə abidələrindən və zirvə şairlərindən biri kimi bərpa edildi. Məhz Bakıda şairin hürufi əqidəsi onun sevilməsində və qiymətlənməsində maneə olmadı. Hürufilik isə bu gün Azərbaycan alimləri tərəfindən xalqımızın dini-fəlsəfi irsinin qiymətli hissəsi kimi araşdırılır.

Təxminən 50 il sonra - 1973-cü ildə o zaman Azərbaycanın rəhbəri olan Heydər Əliyev Nəsiminin yubileyinin qeyd edilməsi barədə rəsmi dövlət qərarı verdi və çox sevdiyi şair üçün Azərbaycan tarixində görunməmiş bir yubiley təşkil etdi. Həmin il şairin 600 illiyi UNESKO xətti ilə bütün dünyada qeyd edilirdi. Bu yubiley münasibətilə nəsimişünaslığı yeni mərhələyə çıxaran elmi və təbliği işlər görüldü. İlk dəfə olaraq şairin dünya kitabxanalarında saxlanan bütün anadilli şeirləri üç cilddə çap edildi. Şairin dilinin lüğəti buraxıldı, çoxlu nəşrlərinə geniş elmi şərhlər yazıldı, ikihissəli bədii film çəkildi, heykəli ucaldıldı.

İlk dəfə idi ki, yubiley tədbirlərinə xərclənən vəsaitə heç bir məhdudiyyət yox idi. Çünki pul deyil, görülən işlər əsas sayılırdı. Bakı yenidən nəsimişünaslığın mərkəzinə çevrildi. Biz Nəsimini milli tarixi və bədii irsimizin misilsiz nailiyyəti kimi yenidən dərk etdik. Nəticədə Türkiyə və İranda da Nəsimi irsinə maraq artdı, yeni elmi kitablar və nəşrlər meydana gəlməyə başladı. Azərbaycanda isə Salman Mümtazın davamçıları olan Həmid Araslı, Zümrüd Quluzadə, Cahangir Qəhrəmanov, Rüstəm Əliyev, Məmmədəli Əsgərov, Əliyar Səfərli, Qəzənfər Paşayev və digər nəsimişünaslar yetişdi və elmi fikrimizi zənginləşdirdi.

Ədəbiyyatımızı və dilimizi sevənlər, elmi ictimaiyyət, söz və sənət adamları Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında Prezidentin 11 yanvar tarixli sərəncamını razılıqla qarşıladılar. Milli tarixi irsimizə Heydər Əliyev qayğısı ölkəmizdə dövlət səviyyəsində davam edir. Bu, müstəqil dövlət quruculuğunun ən fundamental istiqamətlərindən biridir. 2017-ci ilin may ayında Parisdə UNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir. Builki tədbirlər isə şairin vəfatının 650 illiyinə təsadüf edir. Əlamətdar hadisənin layiqincə qeyd edilməsi məqsədilə Prezidentin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırıldı.

***

Nəsiminin divanı hürufi görüşlərini ifadə etməklə yanaşı, ana dilimizin poetik gücünü və gözəlliyini ifadə edən misilsiz bir ədəbi abidədir. Həm də bütün divanlarda (qədim nüsxələrdə fars və türkcə şeirlər bir yerdə toplanırdı) onun türkcə şeirləri farsca şeirlərindən sayca iki-üçqat çoxdur. Ona görə 600 ildən çoxdur ki, onun divanı bir tərəfdən şeir dilimizin, düşüncəmizin misilsiz gücünü yaşadır, təbliğ edir və dolayısı ilə hürufiliyi də bir əqidə kimi yeni nəsillərə ötürür. Lakin o da qeyd edilməlidir ki, tarixən hürufilik də türk şeir və nəsr dilinin inkişafına çox güclü təkan vermişdir və buna görə biz həmin təriqətin bütün əli qələmli nümayəndələrinə minnətdar olmalıyıq. Bütün ədəbi dillərin yaranması dini maariflə bağlı olmuşdur və biz də bundan istisna deyilik. Türkdilli divan ədəbi dilin XIV əsrdən islamın böyük ərazilərdə yaşayan türklər arasında yayılması səyləri ilə bağlı idi. Fəzlüllah da öz dini təlimini yaradanda onun türklər tərəfindən qəbul edilməsinə böyük ümidlər bəsləyirdi. Çünki türk tayfalarının hamısı hələ islamı tam mənimsəməmişdi, hətta mənbələrdə onun Əmir Teymurla görüşü barədə məlumatlar da var. Lakin bu görüş Teymurun hürufiliyə rəğbəti ilə bitməyib və yəqin ki, bununla hürufiliyin geniş yayılması şansı aradan gedib. Hürufi mətnlərinin yaradılması prosesi XIX əsrə qədər davam edib.

Müsəlman mətn mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan hürufilik ilk növbədə Şərqin özünün qabaqcıl adamları tərəfindən qorunub saxlanmışdır. Avropa və fransız maarifçiliyində ateist görüşlərin yayılması, dinin dövlətdən ayrılması orta əsr təriqət cərəyanlarına təmiz elmi-fəlsəfi, mədəni münasibət üçün yol açmışdır. Müsəlman təzkirə ənənəsində hürufilik həmişə sufiliklə bağlı və oxşar bir hadisə sayılıb. Gerçək həyatda doğrudan da belə olmuşdur. Hürufi hərəkatında və xanəgahlarında bütün təriqətlər birgə olmuş, xüsusilə sufilər daha çox hürufiliyə meyil göstərmişlər. Lakin yazılı abidə və sənədlərdə, xüsusilə hürufilərin müqəddəs kitab bildikləri "Cavidannamə”də bu məzhəbə aid dəqiq fəlsəfi və ehkami hüdudlar var. Nəsiminin dini şeirlərinin məna tərəflərini anlamaqda bu hüdudların prinsipial əhəmiyyəti mövcuddur. Nəsimi bir çox şeirlərində "Cavidannamə”nin müqəddəs kitab kimi adını böyük pərəstiş hissləri ilə xatırlayır və onun köklü ehkamlarını sadə bir türk dilində ifadə edirdi.

Təsadüfi deyil ki, hürufiliyin qurucusu Fəzlüllah 1394-cü ildə Naxçıvandakı Əlincə qalasında öldürülməzdən əvvəl Nəsimini öz doqquz xəlifəsindən biri elan etmiş və bununla ona hürufiliyin türkdilli ərazilərdə yayılması işini tapşırmışdı. Fəzlüllahın qətlindən sonra hürufilik yarıleqal bir məzhəbə çevrildi. Türklərin yaşadığı böyük əraziləri və Azərbaycanı dərviş kimi addım-addım gəzən Nəsimi şeiri hürufi əqidəsini yaymaqla böyük hərəkat yaradırdı. Onun qətl edilməsinin əsl səbəbi də bu idi. Həmin hadisənin baş verdiyi XV əsrin əvvəllərində Osmanlı İmperatorluğunun böyük ərazilərində və İranda dini əqidəyə görə fərdi məhkəmələr və qətllər nadir hadisələr idi. Lakin Nəsiminin dini məhkəmə tərəfindən mühakimə edilməsi onun yaradıcılığının və ana dilində yazdığı şeirlərin böyük hərəkat yaratması və yəqin ki, siyasi qüvvəyə çevrilməsi ilə bağlı idi. Bu, Nəsiminin tarixi hünəri idi. Çünki o dövrdə hətta Osmanlı sarayında üstünlük ərəb-fars dillərinə verilirdi, türkcənin isə rəsmi statusu yox idi. Lakin məhz Nəsimi şeir dilinin və əqidəsinin təsiri ilə hələ 1417-ci ildə Amiloğlu adlı bir hürufiməslək şair və mütəfəkkir Fəzlüllahın "Ərşnamə” əsərini şeirlə türkcəyə tərcümə etmişdi. Bu tərcümə 2015-ci ildə İstanbulda "Arş-nametercümesi” adı ilə Türkiyə Əlyazma Əsərlər Qurumu tərəfindən 504 səhifə həcmində latın əlifbası ilə çap edilib. Hürufilərin özlərinin türkcəyə çevirdiyi daha bir əsər vardır: bu, Fəzlüllahın "Məhəbbətnamə” əsəridir. Bu əsər hələ latın əlifbasında buraxılmayıb.

Bir necə kəlmə bu nəşrin tərtibçisi doktor Fatih Usluər (1976) haqqında demək lazımdır. Mən öz adımdan deyə bilərəm ki, o, bu gün dünyada hürufiliyin bir saylı bilicisi və yayıcısıdır. Yaşı 40-ı təzə keçib, ərəb-fars və fransız, ingilis dillərini bilir, qədim əlyazmalarını oxumaq və şərhlərlə nəşr etməkdə ən yaxşı müasir türk alimlərindən biridir. Onun həyatının əsas layihəsi hürufi mətnlərinin hamısını latın əlifbasında nəşr və şərh etməkdir. 2012-ci ildə Fəzlüllahın müqəddəs kitab sayılan "Cavidannamə”sinin türkcəyə XVII əsrdə edilmiş tərcüməsini də çapa hazırlayıb elmi şərhlərlə İstanbulda çap etdirən odur. Bu kitab 700 ilə yaxın vaxt ərzində "Cavidannamə”nin orijinalın dilində olmasa da, ilk çapıdır. Bu nəşr türkologiyada bir hadisədir. Fatih bəy Ankaradakı TOBB Ekonomi və Teknoloji Universitetində dərs deyir. Ərdoğanın hakimiyyətə gəlməsi qardaş ölkədə Osmanlı və müsəlman türk irsinə münasibətdə yeni yollar açıb və Fatih Usluərin fəaliyyəti də bu yöndədir.

***

Bir faktı da qeyd edək ki, sufiliklə hürufiliyin eyniləşdirilməsi meyli hürufi mətnlərinin ortaya çıxarılmasına və öyrənilməsinə uzun zaman maneə törətmişdir. Bu maneənin aradan qaldırılması adətən fransız şərqşünası Klement Huartın (1854-1926) adı ilə bağlanılır. O, Avropada ilk dəfə hürufi mətnlərini sufi şeirlərindən fərqləndirə bilib və hürufi şeirinin özəlliyini nəzərə almaqla orada çap etdirib. Lakin insaf naminə deməliyik ki, xristian ruhaniləri əvvəlki əsrlərdə də hürufilərə rəğbətlə yanaşır və onların bəzi müsəlman ruhanilər tərəfindən məhv edilən əlyazmalarını öz kitabxanalarında qoruyurdular. Bunun əsas səbəbi hürufilərin İsa Məsihə böyük rəğbət göstərmələri idi. Nəsimi öz şeirlərində Fəzlüllahı İsayi-sani adlandırır, məşhur "Söz” qəzəli isə İsa Məsihə həsr edilmişdir.

Avropa maarifçiliyindən sonrakı dövrdə hürufiliyi ayrıca məzhəb yaratmaq təşəbbüsü kimi anlayan və qiymətləndirən böyük türkoloq alim Əli Əmiri (1857-1924) olmuşdur. O, Osmanlı dövlətində varlı ailədən olan böyük vəzifəli vergi məmuru idi və müxtəlif bölgələrdə xidmət etmişdi. Maliyyəçiliklə yanaşı, ömrü boyu qədim əlyazma kitablarını toplamaqla məşğul olmuşdur. Məsələn, o, Mahmud Kaşğarinin "Divane-lüqət-ət-türk” kitabını Türkiyədə elmi dövriyyəyə gətirən şəxsdir. Onun gördüyü işlər sırasında 1500-ə yaxın hürufi əlyazma mətnlərini ayrıca kataloq kimi toplayıb tərtib etməyidir. Əlbəttə, Əli Əmiri əfəndi hürufi mətnlərini sufi yazılarından ayıra bilməsəydi, bu kataloqu tərtib edə bilməzdi. Onun kataloqunda Klement Huartın çap etdirdiyindən yüz dəfələrlə çox hürufi mətnlərinin dəqiq ünvanı və təsviri var. Ona görə müasir elmi hürufişünaslığın əsl banisi Diyarbəkirdə doğulmuş Əli Əmiri əfəndi sayılmalıdır. O, İstanbulda 1908-ci ildə Milli Əlyazmalar Kitabxanasını yaratmış, ömrünün sonuna qədər onun rəhbəri olmuşdur.

***

Müasir dünyadakı böhranlı vəziyyəti sivilizasiya və dinlərin toqquşması kimi anlayanlar daha çoxdur. Bu baxımdan hürufiliyin üç təkallahlı dini birləşdirmək missiyası çox müasir səslənir. Bu missiya "Cavidannamə”nin əsas leytmotividir. Təsadüfi deyil ki, Fəzlüllah böyük Əmir Teymurla görüşündə öz yolunu "etiqadi-vəhdətiyyə” kimi təqdim etmişdi. "Cavidannamə”də də "İxtilafların dəf edilməsi” adlı 118 saylı bab vardır. Burada deyilir ki, Adəm övladı olmaqla insanlar zahiri cəhətdən eyni cürdülər. Amma batini etiqad cəhətdən insanlar bir-birinə müxalifdirlər, çünki "ümməti-vahid” olmayıblar, bir olan Allaha tərəf düz yolu tapmayıblar. Hürufilərin təlimi bu yolu tapmalı və açmalı idi, onda Adəm övladı etiqad cəhətdən də bir cür olacaqdır, necə ki, zahiri cəhətdən bir cürdülər. Məlumdur ki, Quranda Musaya, İsaya və Məhəmmədə göndərilən kitablar eyni həzrəti Əhədiyyətə aid olması, əhli-kitab anlayışı dəfələrlə təkrarlanır. "Cavidannamə”dəki bir necə bab tərsalara müraciətlə "ey tərsa” xitabı ilə səslənir, çünki xristianların da bu yola gələcəyinə böyük ümidlər vardı. Nəsimi "vəhdət meyin nuş etdilər dərvişilər” deyəndə bu layihədən danışırdı.

Nəsimini böyük şair və mütəfəkkir kimi sevdirən cəhətlərdən biri hürufilərin insan haqqında təlimlərini misilsiz bir inam və səmimiyyətlə tərənnüm etməsi idi. Bu təlimdə həqiqətən insanı müqəddəsləşdirən bir yenilik vardı. Təkallahlı mifologiyada Allahın insanı Özünə oxşar və gözəl şəkildə yaratması barədə təsəvvürlər vardır. Xilqət məsələsinə ciddi önəm verən Fəzlüllah "Cavidannamə”də bu məsələyə geniş yer vermiş, müxtəlif dini kitablarda, Quranda və hədisdə insanın 40 gündə yaradılması barədə detalları yeni bir məntiqlə təkrarlamışdır. Adəmi xəlq edəndə Yaradan onu Özünə oxşar yaradıbsa, deməli, insan sifətində və vücudunda Allahın cizgiləri və qətrələri vardır. Hər bir insan öz üzündə Yaradanın xilqətdə adamlara bəxş etdiyi yazını daşıyır və bu yazı müqəddəsdir. Ona görə Nəsimi deyir:

Hər nə var, adəmdə var,

adəmdən istə sən həqi,

Olma İblisi şəqi, adəmdə 

sirrüllahi var.

Beləcə, insan Allahı tanımaq üçün qapı və güzgü olur. Lakin bu qabiliyyət hamıya verilməyib. Öz vücudunda ilahi əlamətləri görə bilənlər əhli-nəzər, bunu bacarmayanlar isə əyri-nəzər adlanırdı. İnsan sifətinin müqəddəsliyi Nəsiminin sevimli motivlərindən biridir. Təsadüfi deyil ki, onun Fəzlüllaha həsr olunan qəzəllərinin birinci beyti həmişə Fəzlüllahın üzünün müqəddəsliyinə və ilahi cizgilər daşıması məsələsinə həsr olunur. Hürufilər insanı öldürməyi ən böyük günah sayırdılar.

Bundan əlavə, hürufilərin yaratdığı güclü etik tərbiyə sistemi də insan vücudundakı ilahi cizgi və xətlərlə bağlanırdı. Ənənəvi dində əxlaq tərbiyəsi Allah qorxusu, fasiləsiz dua və ibadət, xristianlar üçün gəlmiş on əmr üzərində qurulurdu. Hürufilərdə isə tərbiyə və özünütərbiyə insanın öz vücudunda ilahi yazı və əlamətləri tapmağı tələb edirdi. Beləliklə, tərbiyə təkcə iradəni yox, ağlı, fəhmi, psixikanı da təkmilləşdirmək tələb edirdi. Bu nəyə lazım idi? İlk növbədə insanların Allaha sarı yolu tapması və Ona qovuşması üçün lazım idi. Bu qovuşma müvəhhidlik vəziyyəti adlanırdı və hürufinin həyat idealı sayılırdı. Çox güman ki, hürufi hərəkatına güclü axın ən çox bu müvəhhidlik qapısının verilməsi ilə bağlı idi. Hürufilər ibadət formalarından ancaq namaza üstünlük verirdilər. "Cavidannamə”də ən düzgün və ən səmimi o namazdır ki, onu qılanda, nəhayət, Allahın Üzü görünür sənə. Beləcə, mistika ilə realizm hürufilikdə birləşirdi.

***

Hürufilər gələcəyə baxan, gələcəyə tələsən insanlar idilər. Dünyada dini sülh yaratmaq istəyirdilər. Orta əsrlərdə onları hər kəs anlamırdı. Lakin onların müqəddəs kitabı "Cavidannamə”ni oxuyanda onun sağlam, müasir səslənən fikir və görüşlərlə necə zəngin olduğuna təəccüb edirsən. Nəsiminin və hürufilərin ən yaxşı arzuları bizim xalqımıza da xidmət edir, bizi zənginləşdirir. Prezident İlham Əliyevin sözügedən sərəncamından biz klassik ədəbiyyatımızın daha geniş tədqiqi və təbliği üçün istifadə etməliyik. Xüsusilə türkdilli hürufi şairlərin heç də hamısı nəşr və tədqiq edilməyib. Onların arasında Nəsimi miqyasında olanı yoxdur. Amma son 50 ildə hürufişünaslığın inkişafı bu hərəkatı və onun türkdilli mətn ənənəsini ədəbiyyat tarixlərində daha geniş işıqlandırmağı tələb edir. Bu baxımdan məktəb dərsliklərinə də baxmaq olar. Hürufi hərəkatı tarixi baxımdan da geniş araşdırılmalıdır.

Nəsimi - insanlıq tarixində məlum olan ən böyük əqidə şəhidlərindən biridir. Onun bütün şeirləri sığındığı Allahı haqqındadır, bu şeirlərin sidqi və səmimiyyəti bu gün də insanları heyran qoyur. Lakin onun qətl fitvasında küfr sözü də yer aldı. Tarixdə belə məntiqsizlik çox olub. Yaxşı ki, tarix özünü təshih də edə bilir. Belə şairlərlə bütün bəşəriyyət fəxr edir, çünki insanlar arasında hər bir tərəqqi yeni təsəvvür və layihələrdən doğur. Bu layihələrdən qorxanlar əslində gələcəkdən qorxurlar. Belə layihələrin qədrini bilən xalqlar və dövlətlər özləri də ucalırlar.

Rəhim ƏLİYEV,

filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video