04 Dekabr 2013 01:12
507
PARLAMENT
A- A+

Nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına və avtoxuliqanlığa görə cərimələr artırıldı

 

Dekabrın 3-də Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar bir sıra məsələlər, o cümlədən Vilnüsdə keçirilən Avropa İttifaqının III "Şərq Tərəfdaşlığı" Sammiti ilə bağlı fikirlərini bildirdilər. Deputatlardan Siyavuş Novruzov, Zahid Oruc, Fazil Mustafa, Asim Mollazadə, Qüdrət Həsənquliyev Azərbaycan diplomatiyasının Vilnüsdə növbəti dəfə uğur qazandığını qeyd etdilər. Bildirildi ki, Azərbaycan müstəqil siyasət həyata keçirdiyini bir daha nümayiş etdirdi.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarıldı. Layihə ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, qanuna təklif olunan dəyişikliklərə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplantıda) həlak olduqda, öldükdə və ya  xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarıyla ölmüş elan edildikdə 100 faiz, həqiqi hərbi xidmətdə olduğu  zaman xəsarət alması, habelə xəstələnməsi nəticəsində  xidmətdən buraxıldıqdan sonra üç il  müddətində öldükdə 100 faiz sığorta ödənişi müəyyən edilib. Həmçinin həqiqi hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə  xəsarət almasına, xəstələnməsinə görə ehtiyata və istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunanda I qrup əlilliyə görə  80 faiz, II qrup əlilliyə görə 60 faiz, III qrup əlilliyə görə 40 faiz sığorta ödənişi müəyyən edilib. Qanun layihəsi qəbul edildi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrini müzakirəyə təqdim etdi. Bildirdi ki, bu dəyişikliklər sözügedən məcəllələri Miqrasiya Məcəlləsinə uyğunlaşdımaq məqsədi daşıyır. Qanun layihələri təsdiq olundu.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin təqdimatından sonra deputatlar "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə də müsbət münasibət bildirdilər.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə  Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirdi ki, Vergi Məcəlləsinin 164.1.8-ci maddəsinə edilən dəyişikliyə əsasən,  ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin vergi ödəməkdən azad edilməsi təklif olunur. Deputatlardan Siyavuş Novruzov, Bəxtiyar Əliyev, Gövhər Baxşəliyeva dəyişiklikləri yüksək qiymətləndirdilər və qanun qəbul edildi.

İclasda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə edildi. Layihə ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verdi. Qeyd edək ki, qanuna əlavə edilməsi təklif olunan 14.8-1-ci maddədə göstərilir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Müzakirələr zamanı deputatlar bu dəyişikliyi Azərbaycan dövlətinin valideynini itirmiş uşaqlara diqqət və qayğısının təzahürü kimi qiymətləndirdilər. Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, Məcəlləyə 155.2-1-ci və 155.2-2-ci maddələrin əlavə edilməsi təklif olunur. 155.2-1-ci maddədə mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 500 manat miqdarında cərimə nəzərdə tutulub. 155.2-2-ci maddədə isə göstərilir ki, 155.2-1-ci maddədə nəzərdə tutulmuş xətanı il ərzində təkrar törədənlər 1000 manat miqdarında cərimə ediləcəklər.

Məcəllənin 155.7-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən isə nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları ilə və ya  operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə cərimələr 500 manatdan 800 manata qədər nəzərdə tutulub.

Avtoxuliqanlığa görə isə cərimələr 500 manatdan 750 manatadək, eyni hərəkətlər təkrar törədildikdə isə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 750 manatdan 1000 manatadək müəyyən olunub. Qısa müzakirələr zamanı deputatlar dəyişiklikləri yüksək qiymətləndirdilər. Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, cərimələrin qaldırılması çox düzgündür və bilərəkdən, şüurlu şəkildə qaydaları pozanlara qarşı yönəlib. Qanun layihəsi qəbul olundu.

İclasda "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi də müzakirə olundu.  Layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə məlumat verdi. Bildirdi ki, bu qanunun qəbulunda məqsəd 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına fərdi identifikasiya kartının verilməsi, habelə  fərdi identifikasiya kartının dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab olunması ilə bağlı yaranan münasibətləri tənzimləməkdir. Müzakirələr zamanı qanun layihəsi birinci oxunuşda konseptual olaraq qəbul edildi.

İclasda son olaraq "Akkreditasiya haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə edildi. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə dedi ki, bu qanunun qəbulunda məqsəd Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi, ticarətdə texniki maneələrin qarşısının alınması, o cümlədən Azərbaycan Respublikasında verilən uyğunluq sənədlərinin - sertifikatın, sınaq, kalibirlənmə və inspeksiya hesabatlarının Azərbaycan Respublikasının ərazisindən kənarda tanınması, Azərbaycan Respublikasının akkreditasiya sisteminin beynəlxalq akkreditasiya sisteminə uyğunlaşması məqsədi ilə uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya qaydalarını, akkreditasiyanın prinsiplərini, akkreditasiyaya nəzarəti, akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığın əsaslarını müəyyən etməkdir. Qanun layihəsi birinci oxunuşda konseptual olaraq qəbul edildi.

 

Rəşad CƏFƏRLİ,

Foto F.BAĞIROVUNDUR,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video