15:52 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Nə yazıbsa, doğrunu yazıb
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:14 13.10.2021

 

Ömrünün ən gözəl çağlarını ədəbiyyata, jurnalistikaya həsr edib. Nə yazıbsa, doğrunu yazıb. İstər yazıçı, şair, istərsə də jurnalist kimi həqiqəti qələmə alıb. Buna görə onu tənqid edənlər də olub, inciyənlər də. Ancaq geniş oxucu kütləsinin rəğbətini qazanıb, Azərbaycan ədəbiyyatında öz yerini müəyyənləşdirib.

Yazıçı, dramaturq, şair, jurnalist və tərcüməçi Seyfəddin Dağlı (Abbasov)  1921-ci ilin avqustunda Xızıda dünyaya göz açıb. Ailənin ilk övladı olub. On üç günlüyündə anası Qəmər vəfat edib. Dövlət qulluqçusu olan atası Əlağa Abbasov müxtəlif rayonlara işləməyə göndərildiyindən balaca Seyfəddin qalıb ata babası Bəhlul kişinin ümidinə...

 

Bir müddət sonra atası yenidən evlənib. Seyfəddini əvvəlki kimi babası böyüdüb. Bəhlul kişi xeyirxahlığı, səxavəti ilə hörmət qazanmışdı. Özü savadsız idi, istəyirdi nəvəsi yaxşı təhsil alsın. Seyfəddin  hələ kiçik ikən Bakıya köçməli olurlar. O, orta məktəbi bu şəhərdə oxuyub.

Ağlı kəsəndən yanında babasını görüb. Ona həddindən artıq bağlanıb. Ancaq taleyi babasını da ona çox görüb. Seyfəddin uşaq ikən Bəhlul kişi vəfat edib.

Atasının ikinci evlilikdən beş uşağı - iki oğlu, üç qızı dünyaya gəlmişdi. Onlarla çox mehriban idi.

Babası onu ötkəm böyütmüşdü. Seyfəddin uşaq vaxtından tez inciyən olub. Hərdən acıq eləyəndə xətrini çox istədiyi qohumu, yazıçı-dramaturq Cəfər Cabbarlının evinə gedərmiş. Cəfər Cabbarlı da onu əzizləyib: “Gəl, qal bizdə, mənim oğlum ol”, deyərmiş.

Cəfər Cabbarlının gənc yaşında dünyasını dəyişməsi on üç yaşlı Seyfəddinə də böyük dərd olur. Onu çox sevən, qayğı göstərən insanlardan birini də itirir. Daha ərklə üz tutduğu o evə də əvvəlki kimi tez-tez getmir. Başı dərslərinə qarışır. Elə bədii yaradıcılığa da o illərdə başlayır. Orta məktəbi bitirib, texnikuma daxil olur. Tələbə ikən əmək fəaliyyətinə başlayır. İlk iş yeri “Kommunist” qəzetinin redaksiyası olur. İllər keçdikcə həmin qəzetdə müxbir, sonra şöbə müdiri və nəhayət, məsul katib işləyir.

1941-ci ildən 1946-cı ilədək hərbi xidmətdə olub. Həmin dövrdə “Ordu” qəzetində ədəbi işçi, “Diviziya” qəzetində redaktor işləyib. Sovet ordusunun tərkibində İrana gedib. Sonra Moskvada Hərbi Akademiyaya qəbul olunub. O vaxtlar artıq qəlbində saxladığı sevgisini aşkar etmək fikrinə düşüb. Ancaq bu barədə qızın özü ilə deyil, anasıyla danışmaq qərarına gəlib...

Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın direktoru olduğu Teatr Muzeyinə gedib. İstəyini bildirmək üçün həyəcanını gizlətməyə çalışsa da, alınmayıb. Axır ki, yarızarafat-yarıgerçək Sona xanımdan qızı Gülarə xanımı istəyib. Sona xanım onu uşaqlıqdan tanıyırdı. Xasiyyətini bəyənir, xətrini çox istəyirdi. Bu izdivac da ürəyincəydi. Seyfəddinin özünə də bunu bildirib: “Ancaq gərək əvvəlcə Gülarənin özüylə danışasan, onun fikrini öyrənəsən”, deyib.

Seyfəddin Dağlı elə səhəri gün Gülarə xanımın təhsil aldığı universitetin qapısında dayanıb. Dərsdən çıxan qızı qarşılayıb. Ona qəlbini açıb...

1951-ci ildə nişanlanıblar. İkisi də tələbəydi. Ona görə toylarını 1953-cü ildə, Gülarə xanım universiteti bitirəndən sonra ediblər. Üç gün sonra Moskvaya yollanıblar. Seyfəddin Dağlı dərslərini davam etdirib. Akademiyanın əlaçı tələbələrindən olan Seyfəddin Dağlının güclü hafizəsi vardı. Partiya tarixini, digər dərsləri yaxşı mənimsəmişdi. O, Bakıda, Azərbaycan dilində təhsil almışdı. Amma qruplarındakı, hətta rus millətindən olan tələbə yoldaşları da ondan köçürürdülər. Məktəb yoldaşlarına hansı material lazım olurdusa, Seyfəddin Dağlıdan soruşurdular, o da hansı kitabın neçənci cildində neçənci səhifəni oxumalı olduqlarını deyirdi...

Seyfəddin Dağlı Moskvada təhsilini başa vurub Bakıya qayıdıb. Həm jurnalistlik, həm də bədii yaradıcılıq ilə məşğul olub.

İlk övladına onu boya-başa çatdıran babası Bəhlulun adını verib. İkinci oğluna Cəfər Cabbarlının ədəbi qəhrəmanlarından birinin - Altayın adını qoyublar. Qızı dünyaya gələndə isə o, çoxdankı arzusunu yerinə yetirib. Körpəyə anası Qəmərin adını verib.

O, 1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, sonralar isə “Bakı” telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Seyfəddin Dağlının jurnalistlik fəaliyyətinin xeyli hissəsi “Kirpi” jurnalı ilə bağlı olub. O, həmin jurnalda uzun illər baş redaktor işləyib.

Bir çoxları kimi o da yaradıcılığa şeirlə başlamışdı. Sonralar bunu ardıcıl davam etdirmədi. Amma ara-sırasa şeir yazmaqdan da əl çəkmədi. Onun satirik şeirlərindən bəzilərinə musiqi də yazıldı. Bunların içərisində bəstəkar Cahangir Cahangirovun bəstələdiyi, müğənni Mirzə Babayevin oxuduğu “Çayçı” mahnısı daha çox məşhurdur.

1948-ci ildə “Dəniz kəşfiyyatçısı” adlı kitabı işıq üzü görüb. Sonralar “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və digər kitabları geniş oxucu kütləsinə təqdim olunub.

İllər öncə həmsöhbət olduğum Gülarə xanım danışırdı ki, Seyfəddin Cənubi Azərbaycan həyatından bəhs edən “Kəcil qapısı”, Cəfər Cabbarlıya həsr etdiyi “Bahar oğlu” kimi əsərlərin də müəllifidir, ancaq o daha çox satirik əsərlər yazıb: “Bu janr onun ruhuna uyğun idi. Məqalələrində, satirik hekayələrində, novellalarında gördüyü nöqsanları tənqid atəşinə tutub. Bəzən onun əsərlərini də tənqid edənlər olub. Buna görə kimsədən inciməyib”.

Seyfəddin Dağlının ədəbi qəhrəmanlarının hər biri həyatdan götürülüb. Onları tanımaq üçün hər kəsin öz ətrafına diqqətlə baxması yetərlidir. Onun tənqid hədəfləri  “Kirpi” jurnalında dərc etdirdiyi yazılarda konkretləşirdi. Gülarə xanım deyirdi ki, əlbəttə, bunlar Seyfəddinə bəzən başağrısı da gətirirdi: “Amma onu tutduğu yoldan çəkindirmək mümkün deyildi. Mərd adam idi. Buna görə ona hörmət edirdilər, xətrini istəyirdilər. Çox məsuliyyətli adam idi.

Gülarə xanım xatırlayırdı: “Heç vaxt boş yerə kimsəyə söz verməzdi. Vəd verdisə, hökmən yerinə yetirərdi. Yorulmaq nə olduğunu bilməzdi. Bir yandan evin qayğıları, bir yandan da redaksiyadakı işləri, bədii yaradıcılığı. “Kirpi”nin baş redaktoru olsa da, jurnalda məsul katibin işlərini də özü görürdü.   Ona üz tutanları yanından naümid qaytarmazdı. Əlindən gələn qədər hamıya yaxşılıq edirdi. Amma bunun müqabilində ayağının altını qazanlar da oldu. Halbuki o adamların yolunda əziyyətlər çəkmişdi, onların da işini görmüşdü. Yaxşılığının əvəzində pislik, namərdlik görmək insana ağır zərbə olur. Nə qədər çalışırsan əhəmiyyət verməyəsən, ürəyinə salmayasan, mümkün olmur. Seyfəddin Dağlıya da gördüyü naqisliklər pis təsir edirdi”. Naxələflər məqsədlərinə çatıb. Seyfəddin Dağlı işdən çıxıb. 1980-ci ilin mayından ömrünün sonunadək “Yazıçı” nəşriyyatında redaktor işləyib. O daha çox mənəvi zərbədən sarsılmışdı. Aldığı könül yarası izsiz ötüşmədi. Son vaxtlar ürəyi çox ağrıyırdı. Təzyiqinin yüksəlməsindən şikayətlənirdi. Gülarə xanım təəssüflə deyirdi ki, hər şeyi unutsaydı, bəlkə ürəyi də onu bu qədər incitməzdi, amma o, heç nəyi yaddan çıxara bilmirdi...

O, ailəcanlı olub. Həmişə gərgin işləsə də, ailəsindən sevgisini, qayğısını heç vaxt əsirgəməyib. 1983-cü ildə Seyfəddin Dağlı həyat yoldaşı Gülarə xanımla toylarının 30 illiyini qeyd etməyə hazırlaşırdı. Artıq övladlarının ikisi ailə qurmuşdu. Nəvə sahibi idilər. Amma xoş günlərinə ürəkdolusu sevinə bilmirdilər. Çünki Seyfəddin Dağlının ürəyi vəfasızlıq edir, onları təşvişə salırdı. Yanvarın 18-i ürək ağrıları şiddətlənir. Seyfəddin Dağlı həmin gün vəfat edir.

Seyfəddin Dağlının elə komediya, dram və başqa əsərləri var ki, çap olunmayıb. Onların arasında yarımçıq qalanı da var. Amma yazıçının “Şirin duz” əsərini çap etdirmək arzusu qızı Qəmər xanımın sayəsində həyata keçib. Seyfəddin Dağlı həmin əsərini 1950-ci illərdə yazmağa başlayıb. Müxtəlif vaxtlarda hissə-hissə qələmə alıb. Əsərin xəstəxanada üzünü köçürmək niyyətindəydi. Ömrü buna yetmədi. Gülarə xanım deyirdi ki, Seyfəddin Dağlı bu əsərin çap edilməsini çox arzulayırdı, amma “Şirin duz”un nəşrini görmək ona qismət olmadı: “Yaxşı ki, Qəmər bunu bacardı. O hələ institutda oxuyanda həmişə atasına kömək edər, onun əli ilə yazdıqlarını evimizdəki makinada kağız üzərinə köçürərdi. Makinada yaza-yaza atasının xəttinə, düzəlişlərinə alışdı. Atasının vəfatından üç-dörd ay sonra Qəmər “Şirin duz”u köçürməyə başladı. Çox çalışdı. Bəzən bir səhifəni doğru-dürüst köçürmək üçün günlərlə əlləşirdi. Bəzən kağızın kənarında qeyd olunan bir cümləni yerinə qoymaq üçün saatlarla axtarış aparırdı”.

Müəllif özü görməsə də, “Şirin duz” çapdan çıxıb. Və Seyfəddin Dağlının digər əsərləri kimi, bu “Şirin duz” da oxucular tərəfindən maraqla qarşılanıb...

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM