12 Sentyabr 2021 00:23
809
CƏMİYYƏT
A- A+

Nə böyük səadətdir hər körpəmiz!..

 

...Bir söhbət əsnasında 90 yaşlı qoca dedi: “Evdə on bir uşaq az, bir uşaq çoxdur”. Dinləyənlər onun çaşdığını düşündülər. Dünya görmüş ağsaqqal isə dərhal bunu duyub bığaltı gülümsündü və bu qəribə, paradoksal fikrinin “açması”nı söylədi: “Əgər bir uşağı varsa, ailə artıq xoşbəxtdir. Və hər uşaq elə böyük sevinc və səadətdir ki, ondan on biri olsa, yenə də azdır!”

Bəli, xalqımız belə uşaqsevən, övladsevəndir! Ulularımızın qanından, genindən gələn sevgidir bu. Nənələrimiz nəvələrini: “A Tanrı, bundan beş dənə ver”, - deyərək sevələyiblər və övladı olmayanlara da belə şirin pay diləyiblər. Təsadüfi deyil ki, Azərbaycanda bütün zamanlarda çoxuşaqlı ailələr az olmayıb və belə ailələrə hörmət bəslənilib. İndi, XXI əsrin ortalarına doğru üz tutduğumuz bir zamanda, valideynlərin hər ikisi müəyyən peşə, sənət, karyera sahibi, sadəcə ifadə etsək, işli-güclü olduğu bir şəraitdə də belə ailələr var. Ən azından, hər cavan Azərbaycan ailəsində bir qayda olaraq iki uşaq böyüyür. Elə çevrəmizə - qohum, qonşu, dost, tanış və həmkarlarımızın ailələrinə nəzər salanda görürük ki, üç, dörd övlad sahibi olanlar da az deyil.

Ailədə hər uşaq əziz və sevimlidir, birincisi də, beşincisi də. Həkimlərin leksikonunda belə bir ifadə, yaxud termin var - arzuolunan uşaq. Bizdə bütün uşaqlar arzuolunandır.

Oğul da istəklidir bizim üçün, qız da. Hər gənc cütlüyün həm oğlan, həm qız valideyni olmaq arzusu, niyyəti də bu sevgidən irəli gəlir. Ailə quranlara başlıca diləklərimizdən biri də budur: “Oğullu-qızlı olun!”

“Oğul arxadırsa, qız yaraşıqdır”, - deyib şair. Lakin oğul təkcə ata-anasına arxa deyil. Vətəninin keşikçisi, torpağının müdafiəçisidir. Düşmənə gözdağıdır, sinəsini xalqı üçün sipər edən, yağıya “qan udduran”dır.

Qız isə təkcə yaraşıq deyil. Qayğıkeşimizdir. “Qız uşağının ayağı sayalı olar”, - deyib nənələrimiz. Qızların dünyaya gəlişi ilə evlərə səmimiyyət və ruzi-bərəkət gələr.

“İgidin ilki qız gərək!” Bu fikri də geniş düşüncəli ağbirçəklərimiz deyib. Axı qız uşağı tez böyüyər, gəlin köçər, ata-anasına nənə-baba “status”unu oğul övladlarına nisbətən daha tez bəxş edər... Həm də bu fikir ailə çərçivəsi ilə məhdudlaşmır. Çünki bugünkü balaca qızcığaz sabahın anasıdır, Vətənə övlad bəxş edib onu cəmiyyət üçün yetişdirən müqəddəs varlıqdır!

Qoy çox olsun körpələrimiz! Oğlanlarımız da var olsun, bax bu şəkildən boylanan gülüzlü bala kimi qızlarımız da! Və belədir ki, var!

Azərbaycanda əhalinin sayı getdikcə artır. Təkcə bu ilin birinci yarısında ölkəmizdə 56 min 63 körpə dünyaya göz açıb. Dövlət Statistika Komitəsinin məlumatıdır. Doğrudur, hər yanda tüğyan edən koronavirus pandemiyasının sosial-iqtisadi sahələrə göstərdiyi mənfi təsiri istər dünya, istərsə də ölkə demoqrafiyasında da görməmək mümkün deyil. Bununla belə, yarım ildə Azərbaycan əhalisinin sayı 0,2 faiz, yəni 20 min 63 nəfər artıb.

Qoy düşmən təkcə hünərimizə, yüksəlişimizə deyil, azad torpağımızda böyüyən qönçə balalara da baxıb xar olsun, gündən-günə boşalan ölkəsində yanıb-yaxılsın!

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video