27 Yanvar 2012 01:01
434
Nazirlər Kabineti
A- A+

Nazirlər Kabineti 2013-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Prezidentinə vaxtında təqdim olunması barədə sərəncam qəbul etmişdir

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, Nazirlər Kabineti "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının 2-ci hissəsinin beşinci abzasına əsasən, Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi məqsədi ilə 2012-ci il yanvarın 26-da sərəncam qəbul etmişdir. 

Sərəncamda deyilir ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın müvafiq müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2012-ci il sentyabrın 15-dək, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını 2012-ci il sentyabrın 10-dək, həmçinin həmin qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2013-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Daha sonra sərəncamda aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:

- cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək üçün 2011-ci ilin ilkin statistik məlumatlarını 2012-ci il fevralın 5-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;

- növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və digər əlaqədar təşkilatlara mütəmadi olaraq təqdim edilməsini təmin etsin.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarında dəyişikliklər edilməsi məqsədi ilə təkliflərini 2012-ci il martın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq  məqsədi  ilə mayın 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2012-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

 Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2013-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsr) ilkin ortamüddətli göstəricilərini 2012-ci il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2012-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2012-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2012-ci il iyulun 20-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etsin.

 Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:

- 2012-ci il dəqiqləşdirilmiş, 2013-cü il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin ilkin variantını 2012-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədi ilə dövlət investisiya proqramının layihəsini 2012-ci il avqustun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;

- 2013-cü il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin orta illik indeksinin, orta aylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2012-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2012-ci il avqustun 1-dək Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim etsin. 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin regional və yerli bölmələri Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılaşdırdığı formalara və cari il mayın 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini 2012-ci il iyunun 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etsinlər.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təlimat məktubuna uyğun olaraq, lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq üçün 2012-ci il iyulun 15-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etsinlər.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, büdcədən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar, həmçinin şəhər və rayon icra hakimiyyətləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri və şöbələri ilə birlikdə növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir dövlət proqramı üzrə xərclər ayrıca göstərilməklə) 2012-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

Nazirliklər, komitələr və büdcədən maliyyələşən digər təşkilatlar:

- növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir dövlət proqramı üzrə xərclər ayrıca göstərilməklə) və büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərini 2012-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;

- dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədi ilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq boş (vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Dövlət Neft Fondu növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2012-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2012-ci il iyulun 1-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"nun növbəti büdcə ili və gələn üç il üçün büdcə layihələrinin ilkin variantını 2012-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını  isə  2012-ci il  iyulun  1-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etsinlər.

Dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almaq istəyən bələdiyyələrə tövsiyə edilsin ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 11.14-cü maddəsində göstərilən sənədləri və məlumatları 2012-ci il mayın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar   cəmiyyətlərinin   rəhbərlərinə,   şəhər  və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktublarına uyğun olaraq, 2013-cü il və sonrakı üç il üzrə dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün müvafiq məlumatları və sənədləri 2012-ci il martın 1-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

Nazirliklər, komitələr və büdcədən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2012-ci il iyulun 1-dək:

- aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etsinlər;

- dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

Sərəncamda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılmışdır ki, lazım olduqda, ölkənin növbəti büdcə ili və gələn üç il üçün dövlət büdcəsi layihəsinin, iqtisadi və sosial inkişaf konsepsiyasının və toplu maliyyə balansının tərtibi üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət fondlarından tələb etsinlər.

Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən nazirliklər, komitələr, şirkətlər və digər təşkilatlar, müvafiq dövlət fondları, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video