09 Sentyabr 2021 00:19
1209
CƏMİYYƏT
A- A+

Narkomaniyaya qarşı mübarizə gücləndirilməlidir

 

Cəmiyyət ona qoşulmasa, bu bəşəri fəlakətin miqyası daha da yüksələ bilər

 

Bütün məsələlərdə ayıq-sayıq olmağı unutmasaq da, nədənsə son dövrlər narkomaniyanın ölkəmizdə “ayaq açıb” genişlənməsi təkcə ailələri deyil, cəmiyyəti, eləcə də hakimiyyəti ciddi narahat edir. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindən qalib çıxan bir xalqın “ağ ölüm”ə tabe olması qətiyyən yolverilməzdir.

 Acınacaqlısı odur ki, tibb mütəxəssisləri, hətta paytaxt Bakıda fəaliyyət göstərən bəzi apteklərdə narkotik tərkibli həblərin qanunsuz satışı barədə də həyəcan siqnalı çalınmaqdadır. Ona görə də ölkədə narkotiklərə qarşı hüquq mühafizə orqanları ilə yanaşı, ictimayyətin də mübarizə aparmasının vacibliyi xüsusi önəm daşıyır.

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkimi, tibb elmləri doktoru Zərraf Şirinovun fikirləri bu məsələdə vəziyyətin gərginliyindən xəbər verir. Həkim deyir ki, hər gecə bir-iki belə xəstə təcili yardımla çalışdığım akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə gətirilir:

“...Təəssüf ki, onların sayı ilbəil kəskin şəkildə artır. Bu da narkomaniyanın geniş yayılmasının bir sübutudur. Narkotik istifadəçilərinin qollarında, bilək və əllərinin üstündə, eləcə də baldır nahiyələrində çapıqlar olur. Onlar özlərinə qəsd edəndə ayıq olmurlar və nə etdiklərinin fərqinə belə vara bilmirlər. Deməli, onlar “özünəqəsd”ə yenicə başlayanda əlin üstündən, dirsək venasından istifadə edirlər. Sonra bu damarlar sklerozlaşır, sıradan çıxır. Bu zaman özləri öz bud venasına, hətta bud arteriyasına iynəni yeridirlər. Bir müddətdən sonra bud arteriyası və ya venası dağılır, onun ətrafında hematoma və irinləmiş hematomadan qanaxma baş verir. Təcili yardım üçün onlar Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə gətirilir. Əməliyyat arteriyanın, venanın bağlanması, hətta aşağı ətrafın amputasiyası ilə də nəticələnir. Bax, belə bir bəladır narkomaniya...”

Həkimin fikrincə, xüsusi narahatedici hal isə, əsasən, hər gün narkomanın bud venasına iynə vurarkən damarın cırılması, qanaxma ilə klinikaya müraciət edənlərin sayının artmasıdır: “...Bakıda, Nərimanov rayonunda narkodispanser var. Onların müayinə və müalicəsi orada mümkündür...”

Acınacaqlı hal odur ki, həbsxanada cəza çəkənlərin də əksəriyyəti narkomaniya və oğurluq maddəsi ilə “yatanlar”dır. Vaxtilə aministiyaya düşənlərdən və ya əfv olunan keçmiş məhbuslardan hansı maddə ilə cəza çəkdiyini soruşduqda, az qala, əksəriyyətinin cavabından “adamın başına  hava gəlirdi”.

Əgər rəsmi rəqəmlərə istinad etsək, dəhşətli mənzərə alınar. Bir vaxtlar bu bəlanın güdazına gedən, damarlarına qəsd edən, həbsxana divarları arasında belə onun həsrətini çəkən keçmiş məhbus Vladimir Morozov deyir ki, həbsxanada olanların 30-40 faizi narkomaniya ittihamı ilə cəza çəkir: “...Cəzaçəkmə müəssisələrində ən çox rast gəlinən iki ittiham var - narkotik və oğurluq. Amma narkotik ittihamı lap çoxluq təşkil edir. Bir sözlə, bütün cəzaçəkmə müəssisələrində saxlanılanlara irəli sürülən ittihamlar arasında birinci yerdə olanlar narkotiklərdir”.

Narkotik ittihamı ilə həbsxanada çoxsaylı süni tərkibli narkotikdən istifadə edənlərin də olduğunu deyən V.Morozov əlləri əsə-əsə ağlında qalanları xatırlamağa çalışır: “...Mən azadlıqda olanda heç vaxt eşitmədiyim şüşə, patı, heroin, kokos (kokain) adını ilk dəfə orada eşitdim. Bu cür narkotiklər insan orqanizminə çox ciddi ziyan vurur. İnsanlar var idi ki, ayaqları çox şişmişdi. Ayaqlarında dərin yaralar var idi. Elə-belə yara demirəm ey. Elə yaralar yaranır ki, ayaqlarının sümükləri görünür. Həbsdə olduğum dövrdə narkotikin təsirindən yaranan dəhşətli xəstəliklər də gördüm...”

Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri  kimi Azərbaycanda bu istiqamətdə atılan addımlar nəticəsində son illər narkomaniyaya qarşı müəyyən qədər dönüş var. Lakin bütün bunlar hələ də istənilən nəticə deyil...

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video