02:29 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Narkomaniyaya qarşı bütün cəmiyyət səfərbər olmalıdır

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:01 05.09.2021

 

Metamfetamin və ya “patı” adlandırılan zəhərli narkotik maddənin Azərbaycanda da yayılması hər kəsdə ciddi narahatlığa səbəb olub. Son vaxtlarda daxili işlər orqanlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələr satan onlarca narkotacir yaxalanıb. Hüquq mühafizə orqanlarının, o cümlədən geniş ictimaiyyətin narahatlığına səbəb olan bu xoşagəlməz hal müzakirələrə səbəb olub. Hər kəs övladının, yaxınlarının bu bəlanın əsirinə çevrilə biləcəyinin qorxusunu çəkir. “Patı”nın hər yerdə asanlıqla istehsal edilə bilinməsi və digər narkotik maddələrə nisbətən daha ucuz və asan əldə edilməsi də qorxu hissini ikiqat artırır.

 

Dünyada sürətlə yayılan zərərli maddə

 

Narkotik və hallüsinasiya xüsusiyyəti olan bu sintetik maddə yaponiyalı bir kimyagər tərəfindən amfetaminə bir metil qrupu əlavə etməklə icad edilib. Bu, dünyada ən sürətlə yayılan, daha çox zərərli və son dərəcə təhlükəli bir narkotik vasitədir. Buna görə də təxminən 1960-cı illərdən sonra istifadəsi qadağan olunub.

Araşdırmalar dünyada təxminən 185 milyon insanın qanunsuz maddələrdən istifadə etdiyi və bu insanların 33,4 milyonunun amfetamin istifadəçiləri olduğunu göstərib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 9-u 15-17 yaşlarında olanlardır. 23537 nəfər opioid qrupuna aid, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. Qeyd edək ki, əvvəlki ildə bu rəqəm 32921 olub.

Ölkəmizdə hələlik “patı” istifadəçiləri ilə bağlı statistik rəqəmlər açıqlanmasa da, bununla əlaqədar müşahidə edilən hallar təəssüf ki, metamfetamin istifadəçilərinin heç də az olmadığını, bu bəlaya yoluxanlar arasında qadınların, gənc qızların da olduğunu göstərir. Hətta bu yaxınlarda iki uşaq anasının “patı” istifadəsi nəticəsində dünyasını dəyişdiyi xəbəri də yayıldı.

Əgər qarşısı alınmazsa, bu cür dəhşətli halların təkrarlanacağı, zəhərli maddənin çox cavan canları alacağı qaçılmazdır.

 

Təcavüz, qorxu, narahatlıq, psixomotor xəstəliklər, çaxnaşma, paranoya...

 

Türkiyəli psixoloq İkon Sezer məlumat verir ki, metamfetamin güclü asılılıq təsiri olan rəngsiz və qoxusuz maddədir. Kimyəvi quruluşca amfetaminlərə bənzəsə də, mərkəzi sinir sisteminə daha güclü təsir göstərərək iflic edir.

Mütəxəssis bildirir ki, metamfetamin istifadəçilərinin 6-46 faizində “metamfetaminlə əlaqəli psixoz” inkişaf etdiyi təxmin edilir. Ümumiyyətlə, tək dozadan istifadə zamanı görünə bilən psixoz müvəqqəti olsa da, yüksək dozalar səbəbi ilə inkişaf edən psixozların qalıcı olması ehtimalı var.

Metamfetamin istifadəçiləri psixiatrik simptomlara əlavə olaraq bəzi fiziki xəstəliklər də yaşayırlar. Qan təzyiqi və ürək döyüntülərində artım, sürətli nəfəs-alma, böyrək çatışmazlığı, başgicəllənmə və infarkt olmaq kimi hallar meydana gəlir. Ciddi diş problemləri, bədən xəsarətləri və həddindən artıq kilo itkisi metamfetaminin uzunmüddətli təsirlərindəndir. Araşdırmalar göstərir ki, metamfetamin istifadəsi yaddaş və diqqət kimi idrak funksiyalarına mənfi təsir göstərir və zərər verir.

Bu zərərli maddədən imtina zamanı da onu müşayiət edən simptomlar olduqca narahatedicidir. Depressiya, qıcıqlanma, yorğunluq, iştahın artması, narahatlıq və metamfetaminə güclü istək ümumi simptomlardır. Ən çox müşahidə edilən simptom isə depressiv simptomlardır və hətta bu, uzun müddət davam edə bilər. Metamfetamin asılılığından qurtulma dövründə görünən bu simptomlar intihar düşüncələrinə belə gətirib çıxarır.

 

Xilas yolu var...

 

Göründüyü kimi, “patı”dan istifadə dəhşətli nəticələr doğurmaqla yanaşı, bu zərərli maddə ondan imtina zamanı da insanı uzun müddət təhlükə ilə üz-üzə qoyur, amma buna baxmayaraq, ondan qurtulmaq mümkündür. Bunun üçün qətiyyətli olmalı və bu bəladan xilas üçün mütəxəssis köməyinə müraciət edilməlidir.

İstanbul Beyin Xəstəxanasının psixiatrı dosent-doktor Onur Noyan xəbərdarlıq edir ki, müalicə mütləq psixiatr müşahidəsi altında həyata keçirilməlidir. Diaqnoz qoyulduqdan sonra əvvəlcə maddənin bədəndən uzaqlaşdırılması üçün “Detoksifikasiya” dediyimiz bədən təmizləyici müalicə tətbiq olunmalıdır. Sonra altda yatan digər əlamətlərə görə dərman müalicəsi başlanmalıdır.

Bu müalicə forması ya ambulator, ya da stasionar ola bilər. Ambulator müalicə prosesi sıx nəzarət və psixoterapiya ilə davam edərkən stasionar müalicə prosesində həkimin və psixoloqun müşahidəsi altında dərmanlardan təmizlənmə və digər simptomların müalicəsi aparılır.

Ölkəmizdə “patı” və ya digər narkotik maddə satışının və hədəf kütləsinin genişlənməməsi üçün hüquq mühafizə orqanları ilə yanaşı, cəmiyyətimizin bütün üzvləri, xüsusilə də ailələr ciddi mübarizə aparmalı, yeniyetmələrimizi, gənclərimizi narkomaniya uçurumuna yuvarlanmaqdan qorumalıdırlar...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM