19:41 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
19:20 16.04.2021 Eldar Tofiq oğlu Quliyev
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Myanmada xunta-xalq qarşıdurması kəskinləşir

ANA SƏHİFƏ / DÜNYA
00:20 08.04.2021

 

Ölkədə Vətəndaş müharibəsi başlaya bilər

 

Fevralın 1-də Myanmada ordu 8 noyabr 2020-ci il seçkilərinin nəticələrinin saxtalaşdırılması bəhanəsi ilə legitim hökuməti devirib hakimiyyəti zəbt etdikdən sonra ölkədə xaos hökm sürür.

Tətbiq olunmuş fövqəladə vəziyyət rejiminə baxmayaraq, hərbi xuntanın hərəkətlərinə etiraz əlaməti olaraq keçirilən kütləvi nümayişlər səngimir. Təhlükəsizlik qüvvələrinin etiraz aksiyalarına sərt müdaxiləsi insan tələfatına gətirib çıxarır.

Aprelin 1-də hərbçilər biraylıq atəşkəs elan etsələr də, nümayişçilər küçə və meydanlardan çəkilmirlər. Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin hərbi xuntaya və qanuni hökumətin üzvlərinin həbsinə etiraz aksiyalarına müdaxiləsi nəticəsində ölənlərin sayı 581-ə çatmışdır. Təkcə srağagün nümayişlərin dağıdılması zamanı 11 nəfər öldürülmüşdür. Eyni zamanda 2750 etirazçı hələ də həbsdədir, üstəlik, 463 nəfərin həbsinə order verilmişdir.

“The Irrawaddy” saytının verdiyi xəbərə görə, ordu bölmələri etiraz aksiyalarının iştirakçılarına qarşı əməliyyat keçirmək bəhanəsi ilə Kaçin ştatında kilsələrə basqın etmişdir. Hərbçilər Mohnin şəhərində kilsələrə soxularaq möminlərə hücum etmişlər. Bəzi kilsələrdə əsgərlər qapıları sındırmış, əmlaka ziyan vurmuşlar.

Myanmada cərəyan edən qanlı hadisələrə beynəlxalq ictimaiyyət tərəfindən təsirli reaksiya verilməmişdir.  Hətta bu ölkədə baş vermiş dövlət çevrilişi BMT səviyyəsində pislənməmişdir. Bir sıra aparıcı dövlətlər legitim hakimiyyətin devrilməsini Myanmanın daxili işi kimi qiymətləndirmişdir.

Bununla belə, Myanmada davam edən faciəvi proseslərə biganə qalmayanlar da var. Ötən ayın əvvəllərində ABŞ hakimiyyət orqanları Myanmanın iki nazirliyinə - Müdafiə və Daxili İşlər nazirliklərinə qarşı sanksiyalar  tətbiq etmişdir. Qara siyahıya Myanma ordusunun nəzarət etdiyi “Myanmar Economic Corporation” və “Myanmar Economic Holding Limited” şirkətləri də daxil edilmişdir. ABŞ Ticarət Nazirliyinin məlumatında deyilirdi ki, Birləşmiş Ştatlar Myanma xalqı ilə tam həmrəy olaraq qalır və dinc nümayişçilərə qarşı hərbi zorakılığı qətiyyətlə pisləyir. Nazirlik vurğulayırdı ki, ABŞ Administrasiyası dövlət çevrilişinin günahkarlarının məsuliyyətə cəlb olunmasını davam etdirəcək. “Röyter” Agentliyinin xəbərinə görə, Myanmada dövlət çevrilişindən sonra hakimiyyətə gələn xunta Nyu York Federal Ehtiyat Bankında saxlanılan təxminən 1 milyard dolları köçürməyə cəhd etmişdi. Lakin bu əməliyyat bloklanmışdır.

Yaxın vaxtlarda Avropa İttifaqının (Aİ) Myanma hərbi xuntasının üzvlərinə qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyi gözlənilir. Dövlət çevrilişinin 11 əsas təşkilatçısı, o cümlədən hərbi xuntanın rəhbəri barədə Aİ tərəfindən tədbirlər görülür. Məlumata görə, əvvəlki tədbirlərə indi Aİ səviyyəsində tətbiq olunacaq iqtisadi sanksiyalar  əlavə edilir, çünki fərdi sanksiyalar qəbul etməyin mənası yoxdur. İqtisadi sanksiyalar Myanma hərbçilərinin iqtisadi maraqlarına qarşı yönəlmişdir. Eləcə də Myanmada hökumət proqramlarına Aİ səviyyəsində hər cür yardım dayandırılmışdır.

Amma çətin ki tətbiq olunan sanksiyalar Myanma hərbi xuntasını dayandıra bilsin. Dövlət çevrilişinin təşkilatçıları etiraz aksiyalarını, nəyin bahasına olursa-olsun, yatırmaqda israrlıdırlar. Bu səbəbdən dinc əhali arasında tələfatın bundan sonra da artacağı şübhəsizdir.

Myanmada siyasi müxalifətin paralel mülki hökumət və federal ordu qurmağa səy göstərməsi, ölkənin bir sıra etnik qrupları ilə hərbi xunta arasında açıq qarşıdurma fonunda vətəndaş müharibəsinin başlaması ehtimalı böyükdür. Dinc nümayişçiləri xuntadan müdafiə etmək üçün yaradılan federal ordu planını yalnız iki qruplaşma - “Kaçin İstiqlal Ordusu” (KIA) və “Karen Milli Birliyi” (KNU) dəstəkləmişdir. Digər etnik silahlı qruplaşmalar hələlik neytral mövqe tuturlar. Lakin siyasi müxalifət əmin edir ki, həmin qruplaşmalarla danışıqlar davam edir.

Etnik silahlı qruplaşmaların siyasi müxalifətə açıq dəstək verməsi hərbi xuntanın cəza tədbirləri görməsi ilə nəticələnir. Ordu artıq iki dəfə - ötən ayın 29-da və 31-də Karen ştatında KNU-nun nəzarət etdiyi bölgələrə aviasiya zərbəsi endirmişdir. Hərbi xuntanın belə reydləri davam etdirəcəyi və nəticə etibarilə silahlı qarşıdurmanın güclənəcəyi istisna olunmur.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM