23 Fevral 2021 01:48
705
SİYASƏT
A- A+

Müxalifət vətəndaş müharibəsinin başlandığını bəyan etdi

 

Yerevan iflic oldu, polis rezin güllələrdən istifadə etdi

 

Fevralın 20-də Yerevanın Azadlıq meydanında müxalifətin əvvəlcədən planlaşdırılan ümumxalq mitinqi keçirilib. Mitinqdə baş nazir Nikol Paşinyanın istefası tələb olunub. Mitinqin təşkilatçısı olan müxalifətin “Vətənin qurtuluşu hərəkatı”nın müraciətində vurğulanıb ki, Ermənistan uçurumun astanasındadır, ölkə iqtisadiyyatı hər gün düşməyə davam edir.

 

Kütləvi itaətsizlik aksiyaları elan edildi

 

Beləliklə, Ermənistan müxalifəti vətəndaş müharibəsinin başladığını bəyan etdi. Yerevanın mərkəzi küçələrinə çox sayda polis cəlb olunub. Xüsusilə, parlamentin binasının yaxınlığında, Maştots prospektində, Respublika meydanında və digər yerlərdə içərisində polislər olan avtobuslar saxlanılıb.

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyətin devrilməsinə nail olmaq üçün kütləvi itaətsizlik aksiyalarının fasiləsiz rejimdə keçiriləcəyini elan edib. “Fevralın 20-də hərəkatımızın yeni səhifəsini elan edirik. Biz razılığa gəlmişik ki, mövcud hakimiyyətin devrilməsi barədə ümumxalq mübarizəsi aparılsın. Şəhər iflic olmalıdır.

Nə qədər ki Nikol Paşinyan ölkəmizdədir, burada sabitlik və əmin-amanlıq olmayacaq”, - deyə “Vətənin qurtuluşu hərəkatı”nın koordinatoru İşxan Saqatelyan vurğulayıb. Qeyd olunub ki, bütün ölkəboyu itaətsizlik aksiyaları başlanacaq.

Hakimiyyət isə özünə qarşı edilən bütün çıxışları birmənalı şəkildə güc yolu ilə susdurmağa, təşkil olunan etirazları polis dəyənəyi və rezin güllələri hesabına dağıtmağa üstünlük verib. Bunun nəticəsidir ki, son günlərdə Yerevanda həbs olunanların, müxalif qüvvələrin, onları dəstəkləyən insanların təqib edilməsi kimi halların sayı artıb. Baş verənlər fonunda ölkə müxalifəti hakimiyyəti siyasi dözümsüzlükdə ittiham etməklə yanaşı, rejimin daha da qəddarlaşdığını bildirir.

Paytaxtın müxtəlif yerlərində təşkil olunan itaətsizlik aksiyalarında iştirak edənlərə qarşı hücuma keçilir. Polis tərəfindən aksiyanın dağıdılması zamanı isə əsl qəddarlıq nümayiş etdirilir, hətta qadınlara qarşı da zorakılıq tətbiq edilir. Nəticədə aksiya iştirakçılarının bir çoxu müxtəlif fiziki xəsarət alıb və onların bəziləri xəstəxanalara düşüb.

 

Aksiyalar zamanı kütləvi dava

           

Mitinqdə təxribata da cəhd olunub. Belə ki, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyanın mitinq iştirakçıları qarşısında çıxışı zamanı bir nəfər tribunaya qalxaraq qışqırıb və təxribata cəhd göstərib. Mitinqə gələnlər onu tribunadan aşağı endiriblər. Təxribata cəhdin hakimiyyət tərəfindən planlaşdırıldığı iddia olunur.

Yerevanın  Baqramyan prospektində mitinqdən sonra kütləvi dava baş verib. İtaətsizlik hərəkəti zamanı hökumət tərəfindən göndərilən təxribatçı qrupla mitinq iştirakçıları arasında əlbəyaxa dava olub. Hadisə vaxtı ərazidə heç bir polis məmuru olmayıb.

“Vətənin qurtuluşu hərəkatı”nın Ali Şurasının üzvü və hərəkatın koordinatoru İşxan Saqatelyan mitinq iştirakçılarını dörd istiqamətdə itaətsizlik hərəkətləri etməyə səsləyib. Bir qrup “Maştots” prospekti və Amiryan küçəsi, ikinci Sayat-Nova-Abovyan küçələri istiqamətində, üçüncü qrup Baqramyan prospekti, dördüncü dəstə isə “Nairi” kinoteatrına doğru hərəkət edib.

Baş nazir Paşinyanın göstərişinə əsasən, kütləvi həbslər həyata keçirilib, siyasi partiya rəhbərləri, fəallar saxlanılıb, həbs edilib. Ermənistanda “Vətəndaş şüuru” təşkilatının sədri Narek Samsonyan və müxalif “Veto” ictimai-siyasi hərəkatının lideri Narek Malyan saxlanılıb. “Karyak media” holdinqinin həmtəsisçisi Karen Bekaryan və parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan da tutularaq Milli Təhlükəsizlik Xidmətinə aparılıblar.

Müxalifət partiyaları polis zorakılığını pisləyib. Qeyd olunub ki, aksiyaları dağıtmaq məqsədilə polis özü əvvəlcədən təxribat təşkil edib və bundan sonra dinc şəkildə nümayiş keçirənlərin üzərinə hücuma keçərək qəddarlıqla aksiyanı dağıdıb. Qeyd olunur ki, müxalif qüvvələr hakimiyyətin repressiv və güc siyasəti qarşısında geri çəkilməyəcəklərini, apardıqları mübarizəni bundan sonra da qətiyyətlə davam etdirəcəklərini bəyan ediblər.

           

“Sabiqlər  hakimiyyətə qayıtmamalıdır”

 

Mitinqin gedişində “Vətənin qurtuluşu hərəkatı”nın baş nazirlik postuna namizədi Vazgen Manukyan deyib ki,  Paşinyan dərhal getməlidir, ancaq sabiqlər də hakimiyyətə qayıtmamalıdır: “Nikol Paşinyan getsə, ancaq onun yerinə əvvəllər iqtidarda olan pul hərisləri, seçkiləri saxtalaşdıranlar gəlsələr, bu o deməkdir ki, biz hədəfimizə çatmadıq. Belə olarsa, yenə başqa bir Nikol ortaya çıxacaq”.

Manukyanın sadaladığı bu adlar sabiq prezidentlər Levon Ter-Petrosyana, Robert Koçaryana, Serj Sarkisyana tam uyğun gəlir. Məsələnin maraqlı cəhəti isə budur ki, hazırda Koçaryan və Sarkisyan Vazgen Manukyanı dəstəkləyirlər və Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə onun seçilməsini istəyirlər. Manukyanın tərəfini həmçinin seçici səslərini satın almaqda məşhur olan milyarder Gagik Sarukyan da dəstəkləyir.

Müxalifətin mitinqinin təşkilatçılarından olan  Qeqam Manukyan  bildirib ki, müharibəni Nikol Paşinyan gətirdi və ilk növbədə “cənnət”də olan uşaqlarımızın qarşısında cavab verməlidir: “Nikol, Anna, bütün bunları həzm etməyəcəksiniz. Söz verirəm. Qurtulmayacaqsınız. Ermənistanda bir Nürnberq prosesi baş verəcək. Çünki onsuz irəliləyə bilməyəcəyik.  Uşaqlarımız ölərkən Anna hamar saçı ilə bizi lağa qoyurdu, kiminsə bağçasında saxta forma geyinmişdi, fotosessiyalar təşkil edirdi. Dövlətin təhlükəsizlik orqanları, araşdırma aparın, gedin və öyrənin, bu qızdan bunkerlərdə nə etdiyini soruşun”.

Hadisələrin inkişaf axarı Ermənistanda vəziyyətin qarşıdurma həddinə çatdığını göstərir və ölkədə yaranan xaosun daha da dərinləşməsi proqnozlaşdırılır.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video