12:40 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müstəqilliyin şərəfli salnaməsi

ANA SƏHİFƏ / SİYASƏT
00:36 24.06.2021

 

Heydər Əliyevlə başlanan, İlham Əliyevlə davam etdirilən yüksəliş yolu dövlətçiliyimizi qürurlandıran hadisələrlə zəngindir

 

Azərbaycan xalqı müstəqilliyinin bərpasının 30-cu ildönümünə doğru tarixinə qürur verən hadisələrlə gedir. Sözsüz ki, ən böyük hadisə isə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi,  Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi siyasətin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası oldu.   Vətən müharibəsindəki Qələbə yalnız müasir dövrün deyil, son 200 illik tariximizin ən böyük hadisəsidir.

 

Regionun liderinə dünya da ehtiramla yanaşır

 

1990-cı illərin əvvəlləri istisna olmaqla, ötən 27 il tariximizin yüksəliş dövrüdür. Əsası 1993-cü ilin Milli Qurtuluş Günündə qoyulan bu dövrün hər bir mərhələsi müstəqilliyimizi şərəfləndirən, xalqımızı qürurlandıran nailiyyətlərlə, qələbələrlə əlamətdardır.

Hələ 1994-cü ildə Heydər Əliyevin müdrikliyinin nəticəsi olaraq dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması sıradan bir hadisə deyildi. Məhz Heydər Əliyev dühası o dövrdə həmin şirkətləri Azərbaycana cəlb edə bilmişdi və artıq 27-ci ildir ki, Ulu Öndərin müəllifi olduğu enerji strategiyası yalnız iqtisadi deyil, həm də siyasi baxımdan Azərbaycanın dövlət və milli maraqlarına xidmət edir. 44 günlük Vətən müharibəsində də Azərbaycanın milli maraqlarının nüfuzlu siyasi mərkəzlər və dövlətlər tərəfindən dəstəklənməsinin də əsası uğurlu enerji siyasətinə söykənir.

Heydər Əliyevlə başlanan, İlham Əliyevlə davam etdirilən bu yolda Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında söz sahibi olan dövlətə çevrildi.  Bu siyasətin nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazın aparıcı və lider dövlətidir. Şərqdən Qərbə, Şimaldan Cənuba iqtisadi baxımdan ən səmərəli və ən təhlükəsiz, ən etibarlı və ən çevik nəqliyyat yolları məhz Azərbaycandan keçir və təsadüfi deyil ki, Azərbaycan bu sahədə dünyanın iqtisadi nəhənglərindən olan Çinin əsas tərəfdaşlarından biridir.

Bu gün Azərbaycan o dövlətdir ki, Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmaq üçün yeni alternativ layihələrin həyata keçirilməsini təmin edir. Məlumdur ki, son onilliklərdə Avropaya doğru müxtəlif istiqamətlərdən enerji dəhlizlərinin yaradılması istiqamətində təşəbbüslər irəli sürülüb və onların demək olar ki, mütləq əksəriyyəti elə təşəbbüs kimi də qalıb. Azərbaycan isə “Cənub qaz dəhlizi” təşəbbüsünü irəli sürdü və həyata keçməsini təmin etdi. Bu layihənin uğurla başa çatdırılması Prezident İlham Əliyevin siyasi-diplomatik uğurlarından biri kimi tarixə düşdü.

Lakin dünya Azərbaycanı yalnız neft-qaz ölkəsi kimi tanımır. Azərbaycan deyəndə həm də kosmik klubun üzvü, Bakı deyəndə beynəlxalq tədbirlər mərkəzi olan bir şəhər göz önünə gəlir. Prezident İlham Əliyevi isə dünya sözünün sahibi, vədinə sadiq siyasi lider kimi tanıyır. “Hər zaman öz siyasətimizi açıq aparmışıq. Heç bir ölkəyə qarşı heç bir avantürada yer almamışıq. Demişdim ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən, ilk növbədə, qonşulara qarşı heç bir təxribat xarakterli addım, təşəbbüs olmayacaq. Beləliklə, dünyada, regionda, qonşular arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik. Bizimlə hesablaşmağa başlamışlar. Bizim sözümüzə inanırdılar və inanırlar. Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir”, - deyə İlham Əliyev bildirib.

Bu dövrün ən böyük reallıqlarından biri də odur ki, regionun liderinə dünya da ehtiramla yanaşır.

 

İlham Əliyev bütün dünyaya göstərdi ki, Qarabağ Azərbaycandır!

 

İkinci Qarabağ müharibəsindəki Zəfər isə Azərbaycanın müsəqillik illərindəki uğurlarının zirvə nöqtəsi oldu. Hələ Vətən müharibəsinin baş verməsinə qədər Azərbaycan ictimaiyyəti əmin idi ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq. Çünki İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi siyasi kurs ərazilərimizin işğaldan azad ediləcəyi günü sürətlə yaxınlaşdırırdı.  Bu siyasət isə bir çox məsələləri komplek şəkildə özündə birləşdirirdi. Azərbaycanın yüksəlişi, həyata keçirilən enerji layihələri, ordu quruculuğu, Ermənistanın işğal siyasətinin dünyada ifşası, cəmiyyətin İlham Əliyevin ətrafında sıx həmrəyliyi kimi mühüm məsələlərin hər biri torpaqlarımızın azadlığına aparan böyük siyasətin tərkib hissələri idi. Cəmi 44 günə qazanılan hərbi-siyasi Qələbə İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasətin nə qədər mükəmməl olduğunu göstərdi.

Bu Qələbənin memarı olan İlham Əliyev yalnız Ermənistanı diz çökdürmədi,  həm də dünya erməniliyinə, erməni təəssübünü çəkən siyasi mərkəzlərə qalib gəldi. İlham Əliyev erməni yalanlarını  və iddialarını alt-üst etdi, Qarabağla bağlı yüz ildən çox bir müddətdə dünyada formalaşmış saxta stereotipləri kökündən dəyişdi. Bu Qələbə ilə İlham Əliyev bütün dünyaya həm də sübut etdi ki, Qarabağ Azərbaycandır!

Vətən müharibəsindəki Zəfər Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Əgər buna qədər dünya Azərbaycanı qlobal enerji məsələlərində söz sahibi, sürətlə inkişaf edən ölkə, beynəlxalq tədbirlərə evsahibliyi edən mərkəz tranzit yolların kəsişdiyi mühüm coğrafi məkan, kosmik klubun üzvü kimi tanıyırdısa, artıq həm də müharibədə Ermənistanı ağır məğlubiyyətə uğratmış, Zəfər qazanmış qalib dövlət kimi tanıyır.

Azərbaycanın uğurları davamlıdır. Çünki bölgədə yaranmış yeni reallıqlar respublikamıza növbəti qələbələr üçün imkanlar yaradıb. İyun ayının 15-də Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi Vətən müharibəsindəki Zəfərin məntiqi davamı olaraq Qarabağ və bütövlükdə regionla bağlı qarşıdakı nailiyyətlərimizin siyasi-hüquqi təməlinə çevrildi. Yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılması Azərbaycanın növbəti uğuru olacaq.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM