17 Oktyabr 2021 00:31
624
SİYASƏT
A- A+

Müstəqilliyimizi möhkəmləndirən əsas şərt - xalq-iqtidar birliyi

 

Bu birlik Qarabağ Zəfərinin də təməlidir

 

Azərbaycan Prezidenti müqəddəs qələbəmizin ildönümü ərəfəsində işğaldan azad edilmiş ərazilərə gəlir, hər bir iri yaşayış məntəqəsinin düşmən tapdağından azad edildiyi günü yerli ictimaiyyətin nümayəndələri ilə birlikdə qeyd edir.

Dövlət başçısı bu səfərlərdə Ali Baş Komandan kimi qələbəmizi təmin edən başlıca amillərdən danışmaqla yanaşı, bir il ərzində görülən böyük quruculuq işlərindən söhbət açır və yaxın illər ərzində işğaldan azad edilən ərazilərin və bütün ölkənin kökündən dəyişəcəyini bildirir. Qələbəni təmin edən amillərdən isə müxtəlif siyasi platformalarda bizdən daha çox beynəlxalq hərbi ekspertlər söz açırlar. Bildirirlər ki, müstəqillik illərində iqtisadi islahatlarla bərabər, Azərbaycanın müdafiə qüdrətinin gücləndirilməsi, ordunun dünyanın müasir silahlı qüvvələr səviyyəsində qurulması daim diqqət mərkəzində olmuşdur.

Prezident İlham Əliyev hakimiyyətdə olduğu 18 il ərzində böyük Qələbəni təmin edən bütün mühüm addımları atmışdır.

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun baş elmi işçisi Vasili Kaşin yazır ki, XXI əsrdə Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsini orta hesabla 3-5 dəfə üstələyirdi, bəzi illərdə isə Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən yüksək idi. Yeri gəlmişkən qeyd edək ki, müharibədən bir il əvvəl Azərbaycan Türkiyədən fəal şəkildə silah almağa başlamışdır. Reuters-in Türkiyə İxracatçılar Assambleyasına istinadən verdiyi xəbərə görə, qardaş ölkədən Azərbaycana silah ixracı 6 dəfə artaraq avqustda dəyəri 36 milyon, sentyabrda isə 77 milyon dollara çatmışdır.

Ümumiyyətlə, hərbi ekspertlər belə qənaətdədirlər ki, Azərbaycanın silahlanmaya çəkdiyi xərclər xaotik addımlar atan Ermənistandan dəfələrlə mənalı və məqsədyönlü olmuşdur. Azərbaycanda uzun illər ərzində silahlanma zərgər dəqiqliyi ilə aparılmış və ən incə məqamlar belə diqqətdən qaçırılmamışdır. Azərbaycan dövləti artıq vəsait israf etmədən hərbi işlərdə bütün son tendensiyaları diqqətlə nəzərə almış, yalnız ehtiyac duyduqlarına sahib olmuşdur. Bundan başqa, Yaxın Şərqdəki müharibə təcrübəsi dərindən öyrənilmiş, Qarabağ müharibəsi üçün nümunəvi bir model işlənilib hazırlanmışdır. Özü də bu modeldə münaqişənin sırf hərbi aspektləri deyil, həm də siyasi, iqtisadi və təbliğat aspektləri öz əksini tapmışdır.

Bunun fonunda isə Ermənistanın keçmiş prezidentləri hakimiyyətdə olduqları illər ərzində qalib duruşda poz verib podiuma çıxan manikenlər kimi yerişlərindən zövq alır, özlərini “döyüşkən və cəsur xalq”ın liderləri kimi reklam edərək işğal etdikləri Azərbaycan torpaqlarından bir qarış belə, geri çəkilməyəcəklərini həyasızcasına bütün dünyaya bəyan edirdilər. Onlar Azərbaycanla davranışlarında beynəlxalq hüquq normalarına riayət edilməsini vacib saymırdılar. Çünki olmayan güclərinə və bir də yazılarına pozu olmadığına əmin idilər. Odur ki, işğal ərzində Azərbaycan tərəfinin bütün sülh təkliflərinə az qala istehza ilə yanaşır, onları qulaqardına vurur, yalnız status-kvonu əbədi saxlamağa çalışırdılar. Erməni siyasi elitası himayədarlarının qanadı altında beləcə şişir və ara-sıra da Qarabağda yallı gedib viski gillədir, özlərinə villa tikib şellənirdi. Erməni millətçiləri isə özlərini üçbaşlı əjdaha kimi aparırdılar. Əjdahanın üç başı Rusiya, Fransa və ABŞ-dakı erməni diasporu, bədəni də od püskürən əjdaha başlarının alovunda yanan erməni xalqı idi.

Amma reallıqda düşmən tərəfi bu təqdimatdan qat-qat zəif idi. Bu baxımdan beynəlxalq analitiklərin Ermənistanda qalmaqal yaradan bir sıra uğursuz silah satınalmaları haqqında açıqlamaları xüsusi maraq kəsb edən faktlarla zəngindir. Belə faktlardan biri “Jane's Defence Weekly” tərəfindən yayımlanan bir xeyli modernləşdirilmiş Osa AK zenit-raket komplekslərinin İordaniyadan gətirilməsi ilə bağlı idi. Ermənistanın müasir hava hücumundan müdafiə sistemlərini birbaşa Rusiyadan ala biləcəyi halda, müsəlman ölkəsindən olduqca köhnə komplekslərə tamah salması erməni generallarının korrupsiyaya qurşandıqlarını təsdiq edir. Digər tərəfdən, hərbi ekspertlər bir yana, elə Ermənistan cəmiyyətinin özü Rusiyadan 4 ədəd Su-30SM təyyarəsinin alınmasını ağılsızlıq saymış, buna müharibə ərəfəsindəki silah ticarətində ən uğursuz sövdələşmə kimi hiddətlənmişdi. Həm də nəzərə alaq ki, bu təyyarələr üçün raketlər və digər sursatlar alınmamışdı. Bu təyyarələr - Azərbaycan Miq-29-larından daha güclü və daha bahalı döyüş maşınları olsa da, onlar Qarabağ hərbi əməliyyatlarında həddindən artıq iri, yöndəmsiz və gərəksiz göründülər və faktiki olaraq heç nəyə yaramadılar.

Azərbaycan tərəfi isə müstəqilliyinin ilk günündən mükəmməl ordu quruculuğuna start vermişdi. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra hələ sovet dönəmindən bünövrəsini qoyduğu ordu quruculuğuna yenidən başlamışdı. Onun gördüyü böyük işləri isə Prezident İlham Əliyev 18 ilə yaxındır ki, yüksək səviyyədə davam etdirir. Bizim möhtəşəm qələbəmiz dövlət başçısının ordu islahatlarının son nəticəsidir.

Əlbəttə ki, ordu quruculuğu ölkədə aparılan ümumi islahatların tərkib hissəsi idi. İqtisadi qüdrəti getdikcə artan dövlətimiz müasir tələblərə cavab verən zabit korpusunu yetişdirdi, bütün qoşun növlərinin hazırlıq səviyyəsini müasir müharibələrin tələbləri səviyyəsinə qaldırdı, yeni qoşun növlərini, xüsusi təyinatlıların müxtəlif növlərini yaratdı. Ən müasir silahlarla ordumuz təchiz edildi. Ən başlıcası isə aparıcı ölkələrin, ilk növbədə qardaş Türkiyənin silahlı qüvvələri ilə mütəmadi keçirilən təlimlər Azərbaycan Ordusunu yeni səviyyəyə qaldırdı. Bir sözlə, Azərbaycan Prezidenti dəmir iradəsi və Ali Baş Komandan qətiyyəti ilə NATO standartlarına cavab verən müasir ordu qurdu. Təsadüfi deyil ki, Vətən müharibəsindəki qələbəmizdən sonra ilk növbədə NATO hərbi blokuna daxil olan ölkələr hərb doktrinalarının yenidən nəzərdən keçirilməsinin zəruriliyini etiraf etdilər. Bu, Azərbaycan Ordusunun heç vaxt heç kimin ağlına belə gəlməyən yeniliklər, fərqli taktika və strategiya tətbiq etməsi ilə bağlı idi.

Bu günün özündə beynəlxalq hərbi ekspertlər, tədqiqatçılar və yeni müharibə strateqləri Azərbaycanın apardığı müharibəni öyrənir, bütün döyüşləri analiz edir və bunun əsasında gələcək müharibələrin nəzəri konturlarını cızırlar. Məsələn, “The Foreign Policy” nəşrinin yazdığına görə, alovlanan münaqişə həm insanların, həm də zirehli maşınların qarşısında aciz qaldıqları pilotsuz uçuş aparatlarının istifadəsinin yüksək səmərəliliyini göstərdi. Mütəxəssislərin fikrincə, gələcək müharibələrdə pilotsuz təyyarələr və yerüstü vasitələr daha mühüm rol oynayacaq. Bunları nəzərə alaraq amerikalı mütəxəssislər belə bir qənaətə gəlmişlər ki, Amerika ordusu döyüşə hazır vəziyyətdə qalmaq üçün həm texnikasını, həm də hərbi münaqişələrdə iştirak strategiyasını dəyişməli, xüsusilə qurğuların, o cümlədən avadanlıqların kamuflyajına və ordu rabitəsi üçün FM tezliklərinin istifadəsinə daha çox diqqət yetirməlidir.

ABŞ Müdafiə Nazirliyinin bir hissəsi olan West Point Hərbi Akademiyasının Hərbi Təlim Bölümü nəzdindəki Müasir Müharibə İnstitutu isə Şuşada şəhər döyüşlərini öyrənərək belə qənaətə gəlmişdir ki, hərbi kampaniyalar zamanı hərbçilər həlledici əraziləri, xüsusən şəhərləri ələ keçirmək üçün hücum əməliyyatlarına qadir olmalıdırlar. Şuşa döyüşləri göstərdi ki, erməni hərbi qüvvələri şəhər ərazisini müdafiə edərkən döyüşün gedişatı haqqında tam təsəvvürə və çoxqatlı müdafiə planlarına malik olmamışlar.

Almaniyada SPD parlament fraksiyasının sədr müavini Gabriela Heinrich də tarixdə ilk dəfə olaraq silahlı qarşıdurmanın nəticəsinin yalnız dronların istifadəsi ilə həll edildiyini bildirmişdir. Onun dediyinə görə, bunun nəticəsində bütün koordinasiya sistemi dəyişmiş və dronlardan quru qoşunların əlavə bir müdafiə elementi kimi istifadəni inandırıcı etmişdir. Heinrich yazır ki, Qarabağ müharibə fəlsəfəsi nəzərə alınmaqla təcili yeni bir müzakirəyə ehtiyac var.

Lakin Qarabağ müharibəsinin ən vacib detalı - xalq-iqtidar birliyi beynəlxalq ekspetlərin diqqətindən kənarda qalmışdır. Bəli, üzü Ulu Öndərdən bəri davam edən ordu quruculuğu, iqtisadi islahatlar, Azərbaycanda baş verən köklü dəyişikliklər xalq-iqtidar birliyinin güclü və sarsılmaz təməlini qoymuş və möhtəşəm qələbəmizi qaçılmaz etmişdir.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video