19 Oktyabr 2021 00:43
804
CƏMİYYƏT
A- A+

Müstəqillik illərində ailə dəyərləri daha da möhkəmlənib

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 ili tamam oldu. Ötən 30 il müddətində insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusilə də ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində çox mühüm işlər görülüb.

1995-ci ildə respublikamız BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” barədə Konvensiyasına qoşulub. Bu demokratik qərar ölkədə qadınların ictimai-siyasi, sosial-mədəni aktivliyinin, fəallığının artması üçün impuls rolunu oynayıb. Eyni zamanda qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında da öz əksini tapıb, daha sonra mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir sıra qanunlar qəbul olunub. Azərbaycan Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə  Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Ölkə rəhbərinin “Azərbaycanda qadınların rolunun artırılması”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür.

Zaman keçdikcə ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb edirdi. Və bu zərurət yeni komitənin yaranmasına səbəb oldu. Prezident İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Dövlət qurumlarında və digər təsisatlarda gender məsələləri üzrə məsul şəxslər  fəaliyyət göstərirlər.  Bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb.  Bu sahədə əsas nailiyyətlərdən biri də Milli Məclisdə ailə, qadın və uşaq məsələləri üzrə komitənin yaradılmasıdır.

Ailə, Cinayət, Mülki, İnzibati Xətalar məcəllələrinə, “İcra haqqında”  qanuna edilən dəyişikliklər, “Gender bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda bir çox stereotipin qırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Bu gün müasir qadın hərəkatının yeni prioriteti onların kişilərlə bərabər imkanlara nail olmasıdır. Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın sözləri ilə desək: “ Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara siyasətini gerçəkləşdiririk”.   

Bu gün əhalinin 50,1 faizini təşkil edən Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar.    

Hər bir cəmiyyətin əsasını, nüvəsini ailə təşkil edir. Müstəqil dövlətimizin ali sənədinin - Konstitusiyanın müəllifi olan Ulu Öndər Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən edib. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunub. Ailə üzvlərinin, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdir. Bu, bir həqiqətdir ki, sağlam ailə sağlam nəsil, sağlam millət deməkdir. Bu baxımdan Ulu Öndərin imzaladığı “Əhalinin sağlamlığının qorunması haqqında” qanunu xüsusilə qeyd etmək lazımdır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında və xüsusi tapşırığı ilə əhalinin icbari tibbi müayinədən keçirilməsi prosesi uğurla aparılır. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına”, “Talassemiya  ilə mübarizəyə dair” dövlət proqramları təsdiq edilmiş, eyni zamanda tərəflərin nikahdan əvvəl tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə dəyişiklik edilib.

 Hər bir dövlətin sağlam gələcəyinin təminatı həmin ölkənin uşaqlarının necə müdafiə olunmasından asılıdır. Hazırda respublikada  2 milyon 634 mindən çox uşaq var ki, bu da ölkə əhalisinin dörddə birindən bir qədər artıqdır.  Uşaq hüquqlarının təmin edilməsi, onların problemlərinin həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.  Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş  dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olub.  2009-cu ilin Prezident İlham Əliyev tərəfindən “Uşaq ili” elan edilməsi  uşaq siyasəti  istiqamətində əlavə  tədbirlərin həyata keçirilməsinə geniş imkanlar açmış, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətini daha da artırmışdır. Uşaqların hərtərəfli inkişafında, intellektual və hüquqi biliklərə yiyələnməsində Ümumrespublika Uşaq Forumlarının  xüsusi rolu var. Uşaqların öz hüquq və mənafeləri ilə bağlı qərarların qəbul olunmasında iştirakının təmin edilməsi ilə bağlı keçirilən (2009-cu, 2011-ci, 2014-cü və 2017-ci illər) bu forumlar komitənin, Heydər Əliyev Fondu və UNİCEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə reallaşmışdır.

Uşaq hüquqları sahəsində qanunvericilik bazası ildən-ilə daha da gücləndirilir. Belə ki, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair”, “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə” proqramlar qəbul edilmişdir. “Diri doğulmanın beynəlxalq meyarları”nın tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qüvvəyə minmişdir. Uşaqların sağlamlıq hüququnun təmin edilməsi sahəsində “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası ilə bağlı müvafiq tədbirlər görülüb. Sağlam ailə mühiti uşaqların inkişafına təsir göstərir.  Məsələ yalnız ali təhsildə, yaxşı işlə təmin olunmaq, övladına ailə qurmaqda kömək etməkdən ibarət deyil. Əgər valideyn övladları  ilə mütəmadi ünsiyyət qurmursa, onların həyatına, xüsusən də keçid yaş dövründə etinasız yanaşırsa, əlbəttə, həmin uşaqlar bir sıra sosial-psixoloji problemlərlə üzləşəcəklər. Bir çox halda məişət zəminində baş verən zorakılıq zamanı uşaqlar həm zorakılığın şahidi, həm də zorakılığın qurbanı olurlar. Həmin uşaqlar çox ciddi psixoloji zədələr alırlar ki, bunun da sonradan ağır fəsadları yaranır. Onların sosial-psixoloji reabilitasiya keçməsinə böyük ehtiyac yaranır. Bütün bu  və digər məsələlər nəzərə alınaraq  Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklərin edilməsi haqqında qanun layihələri hazırlanıb. 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunlar qəbul edilib.  2020-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə minib. Həmin ildə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” təsdiq edilib.     

Bütövlükdə qeyd etmək lazımdır ki, respublikamız 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisi olaraq müstəqilliyinin bərpasından keçən 30 ildə bir çox məsələni həll etməklə gələcək nəsillər üçün də yeni inkişaf yolu açdı. Bu inkişaf yolunun memarı Ulu Öndər Heydər Əliyev, rəhbəri, sərkərdəsi isə Prezident, Ali Baş Komandan İlham Əliyevdir.

 

Hicran HÜSEYNOVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video