06 Dekabr 2019 04:32
1433
SİYASƏT
A- A+

Müstəqil siyasət yürüdən Azərbaycanın sözü ilə əməli birdir


İlham ƏLİYEV: "Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq”


Dövlətin və xalqın inkişafı, yüksəlişi, dünya birliyindəki yerinin müəyyən olunması ona rəhbərlik edən şəxslərdən əhəmiyyətli dərəcədə asılıdır. Tarix bunu hər bir güclü dövlətin təcrübəsində sübut edib. Müstəqil Azərbaycanın da 1993-cü ildən sonra yazılan tarixinə nəzər salsaq, bunu aydın görə bilərik. Məhz Ulu Öndər Heydər Əliyevin başlatdığı və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib.


Heç kim bizim işimizə müdaxilə edə bilməz


Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin nüfuzunu müəyyən edən bir sıra ənənəvi səbəblər var.

Bunların arasında ən mühümü təbii ki, dövlətin yeritdiyi siyasətin məzmunu və mahiyyətidir. Çağdaş dövrümüzdə isə dövlətin nüfuzu ilə yanaşı, həm də ona göstərilən beynəlxalq etimadı da məhz bu səbəb meydana çıxarır. Bütün dövlətlər dünya birliyinin fəal subyekti olmaq istəyir, milli maraqlarına cavab verən siyasət həyata keçirməyə çalışır. Lakin reallıq ondan ibarətdir ki, hər dövlət bu kimi qlobal nüfuz qazandıran siyasi keyfiyyətlərə nail ola bilmir. Çox uzağa getmədən, elə Ermənistanın timsalında bunu görmək mümkündür. Hələ S.Sarkisyanın dövründə bu ölkə iqtisadiyyatın aparıcı sahələrinə görə kənar dövlətlərdən asılı vəziyyətə salınıb. Bölgədəki təcavüzkar siyasəti səbəbindən həm də siyasi sferada, o cümlədən xarici siyasətdə kənar diktələri qəbul etməyə məcbur olub. N.Paşinyanın baş nazirliyi dövründə ölkənin xarici siyasi müdaxilələrdən xilası üçün təşəbbüslər göstərilsə də, bu mümkün olmadı. Məhz işğalçı siyasəti, qonşulara qarşı sərsəm ərazi iddialarından əl çəkə bilməməsi səbəbindən bu ölkə yenə də vassal kimi qalmağı qəbul etdi.

Azərbaycan isə tamamilə fərqli siyasi və iqtisadi reallıqlar şəraitində inkişaf edir. Prezident İlham Əliyev tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yürüdür. Elə bir beynəlxalq müzakirə mövzusu yoxdur ki, Azərbaycan həmin vaxt atdığı addımı hansısa dövlətin siyasi və ya iqtisadi maraqlarına uyğunlaşdırsın. Enerji məsələlərindən başlamış, xarici siyasi əməkdaşlığa, beynəlxalq təşkilatlarda iştiraka, qlobal terrorizmlə mübarizəyə qədər Azərbaycan tamamilə müstəqil siyasət həyata keçirir. Bəli, Azərbaycan o dövlətdir ki, Xəzərin karbohidrogen ehtiyatlarını ilk dəfə alternativ marşrutlarla dünya bazarlarına çıxarmağa müvəffəq oldu. Bu günlərdə TANAP kəmərinin Avropa ilə sərhəddə TAP kəmərinə birləşdirilməsi bu siyasətin növbəti təntənəsi oldu.

Rəsmi Bakı milli maraqlarına uyğun olmayan heç bir təşkilatın üzvü olmur. Amma başqa bir reallıq odur ki, Azərbaycan dünyanın müxtəlif qütblərində dayanan, beynəlxalq siyasi-hərbi arenalarda çəkisi ilə fərqlənən bütün dövlətlərdə qarşılıqlı və bərabərhüquqlu münasibətlərə malikdir. Rusiya, ABŞ, Çin kimi dövlətlərlə əlaqələr hər bir detalına qədər respublikamızın milli maraqlarını təmin etməklə formalaşıb. Bu siyasətin nəticəsidir ki, dünya birliyi Azərbaycana böyük hörmət və rəğbətlə yanaşır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi heç kim bizim işimizə müdaxilə edə bilməz: "Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə”.


Unikal əməkdaşlıq məkanı


Bu siyasət sayəsində Azərbaycan ətrafında əlverişli xarici mühit formalaşdırılıb, xaricdən olan təzyiqlər, hədə və təhdidlər zərərsizləşdirilib. Respublikamız öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilib. Təkcə son aylarda baş verən bir neçə beynəlxalq siyasi hadisənin fonunda bunu görmək mümkündür. Məsələn, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə görüşü ölkəmizin beynəlxalq imicinə mühüm təsir göstərən bir tədbir oldu. Hərəkata üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan Respublikası özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb. Buna görə, 3 il əvvəl Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə qəbul olunan qərarla növbəti sammit Bakıda keçirildi. Ən mühümü odur ki, Azərbaycan həm də BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkətinin sədridir. Ölkəmizin bu missiyası 2022-ci ilə qədər davam edəcək.

Azərbaycanın nüfuz göstəricisi kimi başqa bir mühüm hadisə isə Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi oldu. Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən sammitdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi iştirak etdi.

İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan ötən 16 ildə həm NATO, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirib. Üstəlik Azərbaycan Prezidentinin həm NATO üzvü olan dövlətlərin rəhbərləri, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətləri var. İlham Əliyev Amerikada və Avropada etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edilir. Bu mənada Rusiya və NATO arasında yüksək səviyyəli danışıqların aparılması üçün məkan olaraq Bakının seçilməsi Prezident İlham Əliyevə olan etimadın, eyni zamanda Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının və ona böyük hörmətlə yanaşıldığının təzahürüdür.

Bu tədbirlərin hər biri respublikamıza beynəlxalq səviyyədə göstərilən ehtiramın ayrı-ayrı nümunələridir. Eyni zamanda bu cür hadisələr təsdiq edir ki, Azərbaycan dünya miqyasında önəmli, xüsusi çəkisi və yeri olan dövlətə çevrilmişdir. Bu gün ölkəmizi dünyanın bütün siyasi, hərbi, dini mərkəzlərində tanıyırlar və bilirlər ki, müstəqil siyasət yürüdən Azərbaycanın sözü ilə əməli birdir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video