16:53 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müstəqil Azərbaycanın müasir tarixinin bənzərsiz müntəxəbatı
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
06:10 27.10.2011

 

"Müasir Azərbaycan dövrün baxışında" ikicildliyi barədə mülahizələr

 

Azərbaycanda dövlət quruculuğunun bütün çoxcəhətli aspektlərinə işıq tutan bir kitabın məziyyətlərindən bəhs edərkən diqqəti daha çox iqtisadi inkişaf məsələləri üzərində cəmləşdirməyimiz səbəbsiz deyildir.

Ulu öndər deyirdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Heydər Əliyev siyasətinin ardıcıl davamçısı Prezident İlham Əliyev isə "Güclü iqtisadiyyat ən önəmli şərtdir. Azərbaycanda bütün məsələləri həll etmək üçün ilk növbədə, iqtisadiyyat güclü olmalıdır" - sözləri ilə bu tezisi təsdiqləmişdir.

XX əsrin son on illiyində Azərbaycanın yenidən dövlət müstəqilliyini bərpa etməsi, onun dünya ictimaiyyəti tərəfindən suveren dövlət kimi tanınması, beynəlxalq qurumlarda digər dövlətlərlə çiyin-çiyinə, bərabər hüquqlara malik üzv olaraq fəal iştirak etməsi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada demokratik dövlət quruculuğu istiqamətində həyata keçirilən hüquqi, siyasi və iqtisadi islahatların uğurlu nəticəsi kimi bütün dünyada qəbul edilmişdir. O cümlədən iqtisadiyyatın müasir dövrün tələblərinə uyğun, bazar münasibətləri əsasında yenidən qurulması, sahibkarlığın inkişaf etdirilməsi, yeni iqtisadi infrastrukturun, vergi və maliyyə strukturlarının yaradılması, torpaq və aqrar islahatlarının aparılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, regionların ahəngdar inkişafına, yoxsulluğun azaldılmasına, insanlara öz potensiallarından sərbəst istifadə etmək və sahibkarlığa dəstək verməklə iqtisadi demokratiyanın bərqərar olması üçün zəmin hazırlamış, müstəqil dövlətimizin milli təhlükəsizliyinin və ilk növbədə, onun tərkib hissələrindən biri olan iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamışdır. Dünya praktikasında milli təhlükəsizlik dedikdə, dövlət təhlükəsizliyi, hərbi təhlükəsizlik, informasiya təhlükəsizliyi, intellektual təhlükəsizlik, siyasi təhlükəsizlik, ictimai təhlükəsizlik (vətəndaş cəmiyyəti təhlükəsizliyi), ekoloji təhlükəsizlik və iqtisadi təhlükəsizliyin məcmusu başa düşülür.

Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev özünün sosial-iqtisadi platformasını açıqlayarkən ölkəmizin dinamik inkişafı, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə sıx inteqrasiyası üçün mühüm işlər həyata keçirəcəyini bəyan etmişdi. Prezident səlahiyyətlərinin icrasına başladığı vaxtdan az sonra isə cənab İlham Əliyevin ölkə iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf meyillərini daha da sürətləndirmək məqsədilə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli fərmanı mühüm əhəmiyyətli sənəd olmuşdu. Fərmanda qeyri-neft sektorunun gücləndirilməsi, aqrar sahənin inkişafı üçün əlavə tədbirlərin görülməsi, sahibkarlıq mühitinin genişləndirilməsi, ixrac qabiliyyətli müəssisələrin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi kimi məsələlər geniş əksini tapmışdı. Ümumiyyətlə, Heydər Əliyevin müəyyənləşdirdiyi və uğurla həyata keçirdiyi quruculuq strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl səyləri və məqsədyönlü fəaliyyəti sayəsində müasir mərhələdə yeni məzmun və məna kəsb etmişdir. "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli fərmandan sonra qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının Dövlət Proqramı (2004-2008-ci illər) və həmin proqramın icra olunduğu müddət ərzində ayrı-ayrı regionların (məsələn, Bakı şəhəri qəsəbələrinin, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi regionlarına daxil olan şəhər və rayonların) sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzalanmış 20-dək sərəncam, Azərbaycan Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı və digər mühüm dövlət sənədləri Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının reallaşdırılmasına, son nəticə etibarı ilə ölkənin inkişaf və tərəqqisinə, Azərbaycan xalqının rifahının durmadan yaxşılaşdırılması məqsədlərinə xidmət edir.

İnformasiya texnologiyaları sferasının neft sənayesindən sonra ikinci prioritet kimi dəyərləndirilməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, ordu quruculuğunun möhkəmləndirilməsinə yönəlmiş ardıcıl tədbirlər, o cümlədən ölkəmizin artan maliyyə imkanlarından bəhrələnərək hərbi büdcəmizin nəzərəçarpacaq dərəcədə artırılması, Azərbaycanın bütün regionlarında təbiətin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması, Bakı və Abşeron yarımadasının üzləşdiyi ekoloji problemlərin həllinə yönəlmiş dövlət proqramlarının və bu tipli digər mühüm tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi, intellektual mülkiyyətin qorunması və insan amilinə hərtərəfli diqqət yetirilməsi ulu öndərin milli təhlükəsizlik siyasətinin reallaşdırılması istiqamətində Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi daxili siyasətin uğurlu təzahürləridir. Bunlar həm də və ilk növbədə, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin alternativsizliyini, inkişaf və tərəqqinin Heydər Əliyev modelinin bənzərsizliyini sübuta yetirir. Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən və Prezident İlham Əliyev tərəfindən dövlət siyasətinin ali məqsədinə çevrilən cəmiyyətin demokratikləşdirilməsi tendensiyası müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıtmış və ölkəmizin dünya birliyində layiqli yerini tutması, beynəlxalq aləmdə gedən proseslərə fəal şəkildə inteqrasiya olunması üçün möhkəm zəmin yaratmışdır.

"Müasir Azərbaycan dövrün baxışında" kitabının birinci cildi (xüsusən "Qayıdış və dirçəliş dövrü" və "Mükəmməl inkişaf strategiyası" adlı genişhəcmli fəsillər) bu barədə oxucuda tam dolğun təsəvvür yaradır, eyni zamanda da diqqəti uğurları şərtləndirən amillərə yönəldir. Həmin amillərdən biri (şübhəsiz ki, birincisi düşünülmüş dövlət siyasətidir) kitab müəlliflərinin "inkişafın dayaq nöqtəsi" kimi səciyyələndirdikləri yeni neft strategiyasıdır. 1994-cü il sentyabrın 16-da - "Əsrin müqaviləsi"nin imzalanmağa hazırlanması ilə bağlı brifinqdəki bəyanatında ulu öndər qarşıdakı tarixi hadisənin əhəmiyyətini belə dəyərləndirirdi: "Azərbaycanın azad iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getməsi üçün, dünya iqtisadiyyatına sıx bağlanması üçün bu sənədin çox böyük əhəmiyyəti var. Söhbət onun həm siyasi, həm də iqtisadi əhəmiyyətindən gedir. Azərbaycan özünün həm ictimai-siyasi həyatında, həm də iqtisadiyyatında bir demokratik respublika kimi bütün dünya miqyasında daha çox tanınacaq və bu, öz əksini əməli surətdə tapacaqdır". Dahi şəxsiyyətin bu uzaqgörənliyi Prezident İlham Əliyevin dəyərləndirməsində belə təsdiqlənir: "Bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın həqiqətən müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlıdır. Bu, çox cəsarətli və müdrik addım idi. Ulu öndər Heydər Əliyev tərəfindən atılan bu addım Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, Azərbaycanın hərtərəfli inkişafına xidmət edir".

"Əsrin müqaviləsi" üzrə 2010-cu ildə 51 milyon ton neft hasil edən ölkənin valyuta ehtiyatları artıq 30 milyard dolları keçir. Bu isə paytaxt Bakının, ölkənin regionlarının, bütünlükdə Azərbaycanın gözəlləşməsini, iri sosial layihələrin reallaşmasını təmin etmiş, Azərbaycanda yüksək dünya standartlarına cavab verən yeni-yeni yolların, xəstəxanaların, müalicə-diaqnostika mərkəzlərinin, olimpiya idman qurğularının, mehmanxanaların, digər sosial obyektlərin inşasına, insanların maddi rifah halının yüksəlməsinə təkan vermişdir.

Yeni neft strategiyasının gətirdiyi möhtəşəm uğurlardan digəri isə Azərbaycan Respublikasının qlobal enerji təhlükəsizliyinin etibarlı təminatçısına, "mavi yanacağ"ın idxalçısından ixracatçısına - dünya təbii qaz bazarının əsas iştirakçılarından birinə çevrilməsidir.

Azərbaycanın yeni neft strategiyası ilə bilavasitə bağlı olan bugünkü uğur amillərindən digəri şəffaflıqdır. Ulu öndər Heydər Əliyev vaxtilə deyirdi: "Biz bütün sahələrdə qayda-qanunun möhkəmlənməsinə nail olmalıyıq. Nizam-intizamı, qayda-qanunu pozan şəxslərə qarşı ciddi tədbirlər görülməlidir. Hamımız bilməliyik ki, demokratik, hüquqi dövlət, cəmiyyət eyni zamanda intizam, hörmət və ehtiram, dövlətin qanunlarına lazımınca əməl olunmasını tələb edir". Bu, bütövlükdə Heydər Əliyev islahatlarının demokratizmini təmin edən başlıca şərtlərdən biri olmuş və belə bir şərt olaraq qalmaqdadır. Ölkədə neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli (2025-ci ilədək olan) dövr üçün nəzərdə tutulmuş strategiyada xərclərin istifadəsinin dəqiq prinsiplərinin müəyyən edilməsi bunun bariz ifadəsidir. Bu prinsiplər içərisində səffaflıq və hesabatlılıq öndə durur.

Ümumiyyətlə, Azərbaycanda iqtisadi inkişaf modelini səciyyələndirən xüsusiyyətlərdən biri də idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsidir.

Belə bir sual yarana bilər ki, şəffaflığın təmin olunması zərurəti nədən irəli gəlir? Əvvəla, hər bir ölkədə şəffaflıq demokratiyanın mühüm ünsürlərindən biri kimi qiymətləndirilir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, şəffaflığı yüksək olan maliyyə sisteminin səmərəliliyi şəffaf olmayan sistemdən qat-qat yüksək olur, iqtisadiyyatın idarə olunmasında səmərəli qərarların qəbul edilməsi, təkcə dövlətin deyil, eyni zamanda, sahibkarların və əhalinin mənafelərinin qorunması sahəsində real zəmin yaranır.

Ümumiyyətlə, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə ölkəmizdə aparılan çox ciddi iqtisadi islahatlar fonunda daha böyük aktuallıq kəsb edir. Azərbaycan Respublikası son illər ərzində şəffaflığın artırılması və iqtisadi sahədə cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə işində çox böyük uğurlara nail olmuş, Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsünün tətbiqinə görə "BMT-nin Dövlət qulluğu mükafatı"na layiq görülmüşdür. Məhz bu işlərin konkret nəticəsi olaraq, son 7 il ərzində Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə, yəni 300 faizə yaxın artmışdır; ölkənin keçmişinə xas olan yoxsulluq problemi uğurla aradan qaldırılır - yoxsulluq şəraitində yaşayanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə düşmüşdür. İnsan inkişafı indeksinə görə, Azərbaycan Respublikası son 5 il ərzində dünya miqyasında ən böyük irəliləyişə nail olan ölkədir: Dünya İqtisadi Forumunun hesablamalarına görə, ölkə iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə, Azərbaycan dünyada 55-ci, MDB məkanında isə birincidir.

Bunlar dünya praktikasında nadir sosial-iqtisadi inkişaf göstəriciləridir və bu göstəricilər onu göstərir ki, iqtisadi sahədə Azərbaycanın seçdiyi yol düzgün yoldur, dünya miqyasında nümunə göstərilməyə layiq olan bir yoldur.

Eyni zamanda, bu, həm də ən yaxşı dünya təcrübəsindən yerli xüsusiyyətləri nəzərə almaqla bəhrələnməyin klassik nümunəsidir. Prezident İlham Əliyevin ardıcıl olaraq dünya səviyyəsində standartlara istinad etməsi, "Azərbaycanda bütövlükdə iqtisadi sahədə vəziyyətin dünya səviyyəsinə çatdırılması üçün bütün şirkətlər beynəlxalq qaydalara əməl etməlidirlər" - məzmunlu konkret tapşırıq və tövsiyələr verməsi onunla nəticələnmişdir ki, ölkə iqtisadiyyatı Şərqi Avropa və postsovet məkanı ölkələri arasında birincilər sırasında beynəlxalq maliyyə hesabatları standartlarının və audit standartlarının tətbiqinə keçmiş, bu sahədə müvafiq elmi-metodik baza və kadr potensialı yaratmışdır.

Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "Auditor xidməti haqqında" 1994-cü il 16 sentyabr tarixli qanunla təməli qoyulan milli audit sistemi də qısa zaman kəsiyi ərzində təşəkküldən inkişafa doğru böyük bir yol keçmiş və respublikanın bazar infrastrukturları sistemində layiqli yerini tutmuşdur. Ölkədə auditor xidmətinin təşkilinin dövlət tənzimlənməsini həyata keçirən orqan kimi, Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başladığı 1996-cı ilin aprelindən bəri respublikada auditin mükəmməl qanunvericilik və normativ hüquqi bazasının yaradılması, auditor kadrlarının yetişdirilməsi, auditor xidmətlərinin həcminin artırılması, əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, auditor təşkilatlarının və sərbəst auditorların peşə-ixtisas səviyyəsinin yüksəldilməsi, korrupsiyaya qarşı mübarizədə onların rolunun gücləndirilməsi, auditorların beynəlxalq əlaqələrinin qurulması və mütərəqqi audit təcrübəsinin öyrənilib tətbiq olunması sahəsində xeyli iş görülmüşdür.

ABŞ, Türkiyə, Yamayka, Rusiya, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrdən, audit və mühasibatlıq üzrə beynəlxalq təşkilatlardan gələn nümayəndələrin iştirakı ilə Bakıda keçirilən "Keçid iqtisadiyyatı ölkələrində auditin inkişaf problemləri" beynəlxalq elmi-praktik konfransının iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunda dövlət başçısı ölkədə milli auditin təşəkkülü və inkişafı üçün hüquqi baza olan "Auditor xidməti haqqında" qanunun qəbul edilməsini "ümummilli lider Heydər Əliyevin bazar iqtisadiyyatına keçid istiqamətində həyata keçirdiyi siyasətin, cəmiyyətdə maliyyə şəffaflığının təmin olunmasında və bazar infrastrukturları sistemində auditə verdiyi qiymətin parlaq təzahürü" kimi dəyərləndirərək, Azərbaycanda auditor xidmətinin iqtisadi siyasətin aparılmasında mühüm rol oynadığını xüsusi qeyd etmişdir: "Bu gün Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafı sahəsində genişmiqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axınının gücləndirilməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəldilməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühüm rol oynayır". Prezident təbrik məktubunda auditorlar qarşısında konkret vəzifələr də qoymuşdur: "İndiki mərhələdə maliyyə intizamına ciddi əməl olunması, pul vəsaitlərindən səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan da audit həmin vəzifələrin uğurla yerinə yetirilməsində ön sıralarda olmalıdır"; "Bizim açıq və informasiyalı cəmiyyət qurmaq istəyimiz həyatın bütün sahələrində demokratik prinsiplərin, şəffaflığın təmin olunmasını, məlumatların dəqiq və mötəbər olmasını zərurətə çevirir. Bu da auditorların üzərinə böyük vəzifələr qoyur, dünya təcrübəsini, ilk növbədə də keçid iqtisadiyyatı ölkələrinin təcrübəsini öyrənib, yerli şəraitə uyğunlaşdırmaqla tətbiq etməyi ön plana çıxarır".

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı qanun, fərman və sərəncamlarda müntəzəm olaraq təsbit olunmaqdadır. Bunlara misal olaraq, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununu , "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramını (2004-2006-cı illər)", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nı, "Daxili audit haqqında" Azərbaycan Respublikasının Qanununu, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununu və digərlərini göstərmək olar.

Bir müddət əvvəl Prezident İlham Əliyev demişdir: "Biz bütün maliyyə sistemində şəffaflığı təmin etməliyik və belə olan halda, Azərbaycanda həm korrupsiyanın aradan qaldırılması məsələsi öz həllini tapa bilər, həm də xərclər Azərbaycanın iqtisadiyyatının inkişafına daha məqsədyönlü şəkildə xidmət göstərə bilər. Eyni zamanda, biz inflyasiyanın azaldılmasına da nail ola bilərik".

Son illərdə şəffaflığın artırılması üzrə ölkəmizdə görülmüş tədbirlər uğurla davam etdirilməkdədir. Şübhə yoxdur ki, ulu öndər Heydər Əliyevin iqtisadi siyasətində mühüm yer tutan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, proqram xarakterli nitqlərində həlli vacib vəzifə kimi qarşıya qoyulan maliyyə nəzarəti və şəffaflıq problemləri ilə bağlı məsələlərin tam həcmdə yerinə yetirilməsi ölkəmizdə sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına, iqtisadi-maliyyə fəaliyyətində şəffaflığın tam təmin edilməsinə şərait yaradan ciddi amilə çevriləcəkdir.

Nəhayət, son illərdə bütün dünya siyasətçilərinin, iqtisadçılarının və təhlilçilərinin bir nömrəli qayğı, düşüncə obyekti olan bazarın özünütənzimləməyə qadir olmadığını nümayiş etdirmiş qlobal maliyyə böhranından Azərbaycanın ən az itkilərlə çıxmasının səbəbləri barədə. Məlumdur ki, ölkənin iqtisadi inkişafının davamlı olması İlham Əliyevin iqtisadi siyasətinin təməl prinsipidir. Həm iqtisadi, həm də sosial istiqamətləri nəzərə alan Prezident strategiyası bu istiqamətlərin hər biri üzrə sinxron və əlaqələndirilmiş proqram həyata keçirməyi nəzərdə tutur. İnflyasiya tempinin məqbul səviyyədə saxlanması, valyuta bazarında sabit və proqnozlaşdırıla bilən vəziyyətin təmin edilməsi, valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artırılması, dövlət idarəetmə sistemində struktur islahatlarının həyata keçirilməsi ölkəmizdə iqtisadi islahatların mühüm tərkib hissəsini təşkil edir. Prezidentin müdrik siyasəti sayəsində sürətlə artan neft və qaz gəlirlərindən həddən artıq asılılıq nəticəsində yarana biləcək iqtisadi qeyri-sabitlik təhdidinin qarşısının alınması məqsədilə iqtisadi siyasət iqtisadi çoxşaxəliliyin təşviqinə yönəldilmişdir. Məhz bunların nəticəsində sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş, iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi istiqamətində nailiyyətlər əldə edilmişdir. Eyni zamanda, iqtisadi artım əhalinin rifah səviyyəsinin artması üçün görülən konkret tədbirlər, struktur-texnoloji müasirləşmənin həyata keçirilməsi və ölkənin rəqabət üstünlükləri sayəsində təmin edilmişdir. Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin əldə edilməsi həm də islahatların düşünülmüş şəkildə aparılması, şəffaflığın təmin edilməsi, iqtisadiyyatın müasirləşməsi, sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində baş vermişdir.

Azərbaycan Respublikasının uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində sərmayələrin cəlb edilməsi xüsusi rol oynamışdır. Özəl sərmayələrin dəstəyinə nail olmaq əlverişli sərmayə mühitinin yaxşılaşdırılması, şəxsi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsi, mülkiyyət formasından asılı olmayaraq, bütün sərmayədarlar üçün daha əlverişli rəqabət mühitinin yaradılması, sərmayə fəaliyyətinin normativ hüquqi bazasının daha da təkmilləşdirilməsi, sərmayə axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi ölkə Prezidentinin iqtisadi siyasətində xüsusi diqqət çəkir. Azərbaycan Respublikasının tranzit ölkə kimi potensialının gücləndirilməsinə, müasir texnologiyaların ölkəmizə gətirilməsinə və informasiya-telekommunikasiya sistemlərinin inkişafına xüsusi önəm verilir. Azərbaycanda daxili təhlükəsizliyin təmin olunması, dövlətin beynəlxalq risk və təhdidlərə cavab vermə qabiliyyətinin gücləndirilməsi, cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə, hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, qanunvericilik və institusional islahatların, milli təhlükəsizlik amilləri nəzərə alınmaqla, reallaşdırılmasına xüsusi önəm verilmişdir. Məhz belə bir yanaşmanın nəticəsidir ki, sürətlə artan neft və qaz gəlirlərindən həddən artıq asılılıq baş verməmiş, makroiqtisadi tarazlıq daha da möhkəmlənmiş və beləliklə, ölkənin potensial qlobal və regional iqtisadi böhranların təsirinə qarşı etibarlı müdafiəsi təmin olunmuşdur. Bütün bunlar idarəetmənin gücləndirilməsi, sistemli risklərin iqtisadi həyata mənfi təsirinin azaldığı bir əsasda mümkün olmuş, yekunda isə ümumi iqtisadi göstəricilərin, ÜDM-in artan illik sürətində özünü büruzə vermişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaxın perspektiv üçün qarşıda duran vəzifələrdən bəhs edərkən demişdir: "Ölkəmizin qarşısında duran başlıca vəzifə iqtisadiyyatın bundan sonra da sürətlə inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi, ölkənin modernləşdirilməsidir... Bizim əsas məqsədimiz güclü, dayanıqlı, uzunmüddətli iqtisadi inkişafı təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, Azərbaycanda sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görməkdir". Bu fikirlər dövlət başçısının 2009-cu ildə məşhur "RAI International" telekanalına müsahibəsindəki açıqlamanın daha konkret ifadəsidir: "Biz iqtisadi cəhətdən təmin olunmuş ölkəyik. Bizim təbii ehtiyatlarımız var, coğrafi mövqeyimiz əlverişlidir, müasir nəqliyyat infrastrukturumuz, yaxşı iqlimimiz, yaxşı aqrar imkanlarımız var. Özümüzü əksər kənd təsərrüfatı məhsulları ilə, demək olar ki, 100 faiz təmin edə bilirik. Beləliklə, biz ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi və hər bir ölkə üçün son dərəcə vacib olan nəqliyyat təhlükəsizliyi baxımından yaxşı vəziyyətdəyik. Lakin bu o demək deyil ki, biz bu vəziyyətdən həzz almalıyıq. Biz güclü ölkə olmaq üçün bütün bu illər çalışdığımız kimi, hələ çox iş görməliyik".

"Müasir Azərbaycan dövrün baxışında" kitabında düzgün qeyd olunduğu kimi, ümumiyyətlə, son illərdə bu istiqamətdə xeyli iş görülsə də, Azərbaycan özünün böyük bir intibah, inkişaf dövrünü yaşamaqda olsa da, cəmiyyət həyatının bütün əsas sahələrində möhtəşəm dəyişikliklər yaşansa da dövlət başçısının müəyyən etdiyi hədəflər Azərbaycan Respublikasının inkişaf etmiş ölkələr sırasına daxil olmasını nəzərdə tutur və bugünkü inkişaf sürəti həmin hədəflərin reallığına dəlalət edir. "... Həm siyasi, həm də iqtisadi islahatlar keçirilməsi baxımından deməyə sözümüz var. Uğurların rəhni məhz bu islahatların paralel şəkildə aparılmasındadır. Möhkəm iqtisadi təməl olmadan demokratik dövlət qurmaq mümkün deyildir. İnkişaf etmiş demokratiyalar deyilən ölkələrin təcrübəsi də məhz bunu sübut edir. Yoxsul ölkədə demokratik dövlət qurmaq çox çətindir və əksinə, möhkəm siyasi sistem və siyasi təsisatlar olmasa, istənilən iqtisadi uğurlar müvəqqəti olacaqdır. Biz Azərbaycanda ölkə daxilində siyasi və iqtisadi təşəbbüsləri sinxronlaşdırmağa və maksimum uğur qazanmağa çalışırıq. Bu gün biz deyə bilərik ki, son illərdə Azərbaycan öz mövqelərini nəzərəçarpacaq dərəcədə möhkəmlətmişdir, həm regionda ölkənin əhəmiyyəti artmışdır, həm də ölkə daxilində ictimai konsensus mövcuddur" - Prezident İlham Əliyevin qiymətləndirməsi - qlobal böhranla üzləşmiş beynəlxalq inteqrasiya məkanında Azərbaycanın bugünkü yeri və mövqeyi bundan ibarətdir. Məhz bu mövqe sayəsində Azərbaycanda tarix baxımından çox qısa bir vaxt ərzində bütün zəruri demokratik təsisatları qurmaq, azad və ədalətli seçki sistemi yaratmaq, mətbuat azadlığını, dövlət idarəetməsində vətəndaş cəmiyyətinin iştirakını təmin etmək mümkün olmuşdur. Nəhayət, Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizdə və onun hüdudlarından kənarda çox mühüm humanitar təşəbbüsləri həyata keçirməsi həqiqətən də qibtəediləsi örnəklərdir!

"Müasir Azərbaycan dövrün baxışında" kitabında bunlar barədə də səlis publisistik dillə söhbət açılır, bütövlükdə kitabdan gəldiyimiz qənaətləri daha da möhkəmləndirir.

Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ərəfəsində işıq üzü görmüş, ayrıca olaraq bir akademik institutun bir ildə ərsəyə gətirə biləcəyi bu kitabı sidq-ürəklə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinə dəyərli jurnalist-vətəndaş töhfəsi hesab etmək olar. Bütövlükdə, "Müasir Azərbaycan dövrün baxışında" kitabından aldığımız təəssüratı akademik Ramiz Mehdiyevin ikicildliyin birinci cildinə daxil edilmiş və bütövlükdə müəlliflər kollektivinin böyük zəhmətinin bəhrəsinə açar sayıla bilən "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" adlı fundamental məqaləsindən aşağıdakı parça ilə bitirmək, zənnimizcə, tamamilə məntiqi olar: "İllər, onilliklər keçəcək, inkişaf etmiş müstəqil Azərbaycanın vətəndaşlarının nəsilləri bir-birini əvəz edəcək, yeni çağırışlar yaranacaqdır. Lakin 1993-cü ilin yayından başlanmış və bütün sonrakı illərdə gələcək nəsillər üçün azad və insana layiq həyatın təmin edilməsi məqsədi ilə həyata keçirilmiş tədbirlər millətin kollektiv yaddaşında həmişəlik qalacaqdır. "Bizim ən yaxşı vətəndaşlarımızın" yeni nəsilləri dövlət idarəçiliyi sükanını əldə saxlayacaq, bu gün Prezident İlham Əliyevin milli ideyanı gerçəkləşdirərək formalaşdırdığı səmərəli dövlətçiliyin, güclü iqtisadiyyatın və açıq cəmiyyətin bünövrəsinə əsaslanacaqlar".

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM