08:14 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müsbət dinamika əvvəlki həyata dönüşü sürətləndirir

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:02 06.02.2021

 

Yeni tip koronavirus hələ də dünyanın əsas problemi olaraq qalmaqdadır. Ölkələrin qlobal infeksiya ilə hərtərəfli mübarizəsinə baxmayaraq, xəstəlik Yer kürəsində sürətlə yayılmaqda davam edir. Artıq planetin 105 milyona yaxın sakini COVID-19-a yoluxub, 2,4 milyona qədər insan isə bu virus səbəbindən həyatını itirib.

İki aya yaxındır dünyanın bir çox ölkəsində koronavirusdan qorunmağın ən effektiv yolu olan vaksinasiya prosesinə start verilib.

Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdan ibarətdir. Azərbaycanda bir neçə həftədir ki, COVID-19 infeksiyasının qarşısını almaq üçün peyvəndləmə prosesi aparılır. Vaksinasiyaya yanvarın 18-dən tibb işçilərinin peyvəndlənməsi ilə başlanılıb. Fevralın 2-nə olan məlumata əsasən, ölkə üzrə 62 398 tibb işçisi peyvənd olunub.

 

65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanılır

 

Fevralın 8-dən vaksinasiyanın ikinci mərhələsinə start veriləcək. Bunun üçün fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşların qeydiyyatı başlayıb. Koronavirusa qarşı peyvənd olunmaq istəyən vətəndaşlar yeni yaradılan “randevu.its.gov.az” saytına daxil olub randevu alaraq vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçmək imkanı əldə edəcəklər. Randevu sistemi 65 yaş və üzəri, həmçinin son 1 il ərzində COVID-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.

Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara SMS vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura biləcəklər. 65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndlənməyə dəvət olunacaq.

İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, əlavə olaraq SMS vasitəsilə ikinci dozanın vurulması tarixi təkrar birdiriləcək.

Yalnız “randevu.its.gov.az” internet ünvanında öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür və ikinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcək.

Vətəndaş qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən prosesi yenidən icra etməlidir. Gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir. Vaksinasiyanın ilk dozası üçün randevu götürüldükdə avtomatik 2-ci doza üçün də 28 gün sonra həmin müəssisəyə və həmin saat aralığına randevu seçilir.

Qeyd edək ki, ölkədə yaşı 65-dən yuxarı olan təqribən 700 000 vətəndaş var.

 

Vaksin olunanların sayı artdıqca, müsbət nəticələr də özünü göstərəcək

 

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, vaksinasiya və karantin rejimi pandemiyanın mümkün qədər tez bitməsini təmin edə bilər. Onun sözlərinə görə, bu prosesdən sonra yoluxma hallarının sayında azalma gözlənilir: “Hələlik vaksinasiya edilənlər yalnız bir inyeksiya alıblar. İkinci inyeksiya ediləndən sonra bir müddət keçməlidir ki, orqanizmdə infeksiyaya qarşı anticisimlər formalaşsın. Yalnız həmin prosesdən sonra vaksinasiyanın ilk nəticələrini görmək olar. Vaksin olunanların sayı artdıqca, müsbət nəticələr də özünü göstərəcək”.

İnfeksionistlər peyvəndləmənin vacib olduğunu hesab edirlər, çünki peyvənd təkcə virusun mövcud forması ilə deyil, həm də onun mutasiya olunmuş formaları ilə mübarizə aparmağa imkan verir.

“Vaksin vurulandan sonra da xəstələnmək mümkündür. Bu bir tərəfdən inyeksiyadan sonra az müddət keçdiyinə görə vaksinin öz təsirini göstərməməsi və qoruyucu anticisimlərin formalaşmaması ilə əlaqədar ola bilər. Yaxud peyvənd olunandan sonra əmələ gələn immunitetin zəifləməsi nəticəsində baş verə bilər”, - deyə baş infeksionist bildirib.

İmmunitet zəifləyirsə, peyvənd olunan şəxsdə əmələ gələn anticisimlərin sayı azalırsa, təkrar peyvəndə ehtiyac var. Buna görə də sanitar və gigiyenik qaydalara mütləq şəkildə əməl olunmalıdır.

 

Yuxarı siniflərdə də əyani tədris bərpa olunur

 

Həyata keçirilən qabaqlayıcı effektiv tədbirlərin nəticəsi olaraq koronavirusa yoluxma sayında azalma müşahidə olunur. Son bir ayda xəstəxanalarda xəstə sayı azalan tendensiya ilə davam edir. Təhlükəli virusa yoluxmuş insanların əksəriyyəti sağalaraq evlərinə göndərilib. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır.

Ölkəmizdə COVID-19 infeksiyasına yoluxmada müsbət dinamikanın olması sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılmasına da rəvac verib. Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dən 5 şəhər və 12 rayonda yaşayış yerini və olduğu yeri SMS icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.

Yanvarın 25-dən muzey və sərgi zallarının, ticarət obyektlərinin, bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərə, şəhərlərarası və rayonlararası hərəkətə icazə verilib. Fevralın 1-dən həm ölkə ərazisində ictimai iaşə obyektlərində, həm də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa edilib.

Fevralın 1-dən ibtidai siniflər üzrə əyani təhsil iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa olunub.

Fevralın 8-dən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında ümumtəhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla həyata keçiriləcək. 15 fevral tarixindən isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumtəhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olacaq. X-XI siniflərdə isə əyani tədrisin nə zaman bərpa olunması ilə bağlı vaxt hələ təyin edilməyib.

Göründüyü kimi, Azərbaycanda koronavirusla bağlı müsbət dinamikanın olması əvvəlki həyata dönüşü sürətləndirir. Lakin o da məlumdur ki, əyani tədrisin bərpası insanlar arasında ünsiyyəti artıracaq ki, bu da gündəlik yoluxma sayının çoxalmasına səbəb ola bilər. Ona görə də karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır. Pandemiya üzərində tam qələbə çalmadıqca ehtiyatı əldən verməməli, məsuliyyətli olmalı, karantin qaydalarının əsas şərtlərinə hər zamankından daha çox əməl etməliyik.

 

Xəyalə MURADLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM