08 May 2021 01:49
1218
Təhsil
A- A+

Müdrik siyasət Qarabağ Zəfərinin təməli oldu

 

Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə paytaxt rayonlarının orta məktəb şagirdləri  arasında “Müdrik siyasət və Qarabağ Zəfəri” mövzusunda 2 mərhələdən ibarət referat yazı müsabiqəsi keçirilib.

Əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı qələbənin təbliği, eləcə də böyüməkdə olan gənc nəsildə doğma Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğ olunması istiqamətində görülən işlərin daha da genişləndirilməsi olan müsabiqəyə ötən ay yekun vurulub. Yekunda təqdim olunan işlərdən xüsusi ilə fərqlənənləri seçilib və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Müdrik siyasət və Qarabağ Zəfəri” adlı nəfis tərtibatlı kitab şəklində çap edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin iclas zalında şagirdlərin özlərinin aparıcılığı ilə təşkil edilən təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, illərboyu erməni millətçiləri Azərbaycan torpaqlarına göz dikiblər. Bu illər ərzində xalqımıza, müsəlmanlara qarşı dəhşətli soyqırımı siyasəti yeridilib. Nəhayət ki, son 200 il ərzində ilk dəfə olaraq Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz düşmənə öz yerini göstərdi, o, kapitulyasiya aktını imzaladı.

Bu gün bu dahi şəxsiyyətin siyasəti nəticəsində azad edilmiş torpaqlarda şəhər və yaşayış məntəqələrinin aktiv bərpa prosesinə başlanılıb. Azərbaycan özünün yeni və şanlı tarixini yazır. Hesab edirəm ki, tarixçilər və gələcək nəsillər Azərbaycan lideri və qüdrətli sərkərdəsinin savaş günlərində silahlı qüvvələri məharətlə idarə etmək və informasiya cəbhəsində təkbaşına qalib gəlmək fenomenini öyrənməlidirlər. Bununla əlaqədar məktəbli və gənc alimlərin gələcəkdə “Azərbaycan tarixində İlham Əliyev” mövzusunda elmi-praktiki konfransın keçirilməsi təklifi aktualdır.

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Zəfər dövlət başçısının intellekti və müdrik siyasəti sayəsində əldə olunub. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində ölkədə qüdrətli iqtisadiyyat və güclü ordu yaradılıb. Beynəlxalq münasibətlər sahəsində əhəmiyyətli  uğurlar əldə edilib. Elə bu müdrik siyasət nəticəsində də Zəfər qazanılıb.  Bu siyasət davam edir. Qarabağda artıq böyükmiqyaslı quruculuq işləri həyata keçirilir. Bu gün yeni, şanlı tarix yazılır. Qazanılan şanlı Qələbə tarixdə şəxsiyyət faktoru fenomeninin əhəmiyyətini bir daha nümayiş etdirdi. Alimlər və gənc nəsil İlham Əliyev fenomenini daha dərindən   öyrənməli və onu təbliğ etməlidirlər.

Tədbirdə Milli Məclisin deputatı, professor Anar İsgəndərov, AMEA Tarix İnstitutunun şöbə müdiri Tofiq Nəcəfli, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, müsabiqənin qalibi olmuş şagirdlərdən Səbail rayonu 7 nömrəli orta məktəbin şagirdi Ülvi Hüseynzadə və başqaları çıxış edərək  müsabiqənin əhəmiyyətini qeyd etmiş, Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğinin vacibliyini vurğulamışlar.

Müsabiqə qaliblərindən olan Nəsimi rayonu 35 nömrəli orta məktəbin şagirdi Fatimə Əsgərova çıxış edərək növbəti müsabiqənin “İlham Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilməsini təklif etmiş, təklif razılıqla qarşılanmışdır.

Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən birinci mərhələdə 12 rayon üzrə 316 orta təhsil müəssisəsindən 1879 şagird iştirak edib, onlar 18 mövzu üzrə referatlarını təqdim ediblər. İlkin  müsabiqələrdə 125 şagird birinci mərhələnin qalibi adına layiq görülüb,  onlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqə komissiyası tərəfindən rayon qalibləri arasından xüsusi fərqlənən 34 şagird  Bakı şəhər mərhələsində iştirak üçün vəsiqə qazanıb və onlar Bakı şəhəri üzrə keçirilən yekun mərhələdə müsabiqənin qalibi elan ediliblər.

Sonda qalib şagirdlərə sertifikatlar və yeni çap olunmuş “Müdrik siyasət və Qarabağ Zəfəri” kitabı təqdim edildi.

 

 İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video