09:21 17 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
02:31 17.06.2021

BİLDİRİŞ


02:29 17.06.2021

BİLDİRİŞ


02:28 17.06.2021

BİLDİRİŞ


23:15 16.06.2021 Səfər başa çatdı
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müasir və səmərəli suvarma sistemi ərzaq bolluğunun təminatıdır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:39 03.06.2021

 

Bütün peşə sahələrində çalışanların, o cümlədən su təsərrüfatı və meliorasiya işçilərinin əməyi məsuliyyətli və şərəflidir. Məhz meliorasiya və su təsərrüfatı işçilərinin əməyi ilə susuz çöllər, ərazilər dirçəlir, şorlaşmış torpaqlar duzlardan təmizlənərək münbitləşir, bataqlıqlaşmış sahələr qurudulur, bəndlər və dambalar tikilməklə çayların axınları tənzimlənir, sel və daşqınların zərərli təsirlərinin qarşısı alınır və nəhayət, ölkə əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə etibarlı təminatı üçün əlverişli şərait yaradılır.

Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1996-cı il iyunun 5-də Ulu Öndər Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” qanun imzalanmışdır. 24 may 2007-ci il tarixdə isə Prezident İlham Əliyev hər il iyunun 5-ni “Meliorator günü” kimi təsis etmişdir. Daha sonra dövlət başçısının 2014-cü il mayın 14-də imzaladığı yeni sərəncamla həmin gün “Su təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Aparılmış təhlillər göstərir ki, meliorasiya və irriqasiya işlərinə Azərbaycanda keçən əsrin əvvəllərində başlanılmasına baxmayaraq, onun daha geniş inkişafı Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlamışdır. 1971-1975-ci illərdə respublikada meliorasiya işlərinə 1966-1970-ci illərdəkinə nisbətən iki dəfədən çox vəsait ayrılmışdır. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidənqurulması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olunmuş, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri yaradılmışdır.

1976-1982-ci illərdə Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində su təsərrüfatı və meliorasiya obyektlərinin tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma- drenaj sistemlərinin yenidənqurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirilmişdir. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971- 1975- ci illərdəkinə nisbətən 2,4 dəfə artmış, 605 min hektar sahədə suvarma sistemləri yenidən qurulmuş, 89,6 min hektar yeni suvarılan sahələr istifadəyə verilmiş, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırılmışdır. Eləcə də Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə meliorasiya fondu 2 dəfədən çox artmış, məhz bu fondların yaranması hesabına suvarma əkinçiliyi özünü doğrultmuş və yüksək səmərə vermişdir. Belə ki, suvarılan torpaqların məhsuldarlığı iki dəfəyə yaxın, kənd təsərrüfatı məhsullarının istehsalı bir neçə dəfə artmışdır. Konkret rəqəmlərə müraciət edək: 1970-ci ilə nisbətən 1980-ci ildə respublikada taxıl istehsalı 2,1, pambıq 2,6, üzüm 4,6, tərəvəz və tütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, mal-qara və quşların baş sayı 1,4, süd 1,8 dəfə artmışdır.

Həmin illər illik su balansının 30 faizinin öz ərazimizdə, qalan 70 faizinin isə tranzit xarakterli olması yeni suvarılacaq sahələrin dövriyyəyə verilməsi üçün suvarma mənbələrinin yaradılması problemini qarşıya qoymuşdur. Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində dağlıq zonalarda kənd təsərrüfatı bitkilərinin su təminatının yaxşılaşdırılması üçün kiçik suvarma obyektləri tikilmişdir.

1993-cü ildə Ulu Öndərin ikinci dəfə respublika rəhbərliyinə gəlişi ilə meliorasiya və su təsərrüfatı sahəsinə əvvəlki diqqət və dövlət qayğıkeşliyi bərpa olunmuş, sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Onun göstərişləri əsasında Azərbaycana ayrılan xarici investisiyalar ilk növbədə bu sahənin inkişafına yönəldilmiş, sahənin yeni təsərrüfatçılq prinsiplərinə uyğun inkişafını təmin etmək üçün islahatlara başlanılmış, onların normativ-hüquqi bazası yaradılmışdır. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlanmışdır ki, onlardan da ən mühümü 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” qanundur. Bu qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirilmişdir. “Meliorasiya və irriqasiya haqqında” qanuna uyğun olaraq 1997-ci il yanvarın 1-dən ölkədə mərhələ-mərhələ sudan pullu istifadəyə keçilməsinə başlanılmışdır.

Bu gün Ulu Öndərin siyasi xətti və ideyaları Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur, ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atır. Ölkəmizin beynəlxalq nüfuzu artır, Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Əzəli və tarixi ərazimiz olan doğma Qarabağın işğaldan azad edilməsi isə Azərbaycanın son 200 illik tarixinin ən şanlı səhifəsidir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ötən dövrdə meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə mühüm tədbirlər həyata keçirmişdir. Bu gün ASC tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 51693 km suvarma kanalı, 31958 km kollektor-drenaj şəbəkəsi, 1066 nasos stansiyası, 138,3 min müxtəlif hidrotexniki qurğu, 8282 subartezian quyusu, 2073 km-dən artıq sel və daşqınlardan mühafizə bəndi, 400 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur.

Bütün maliyyə mənbələri hesabına 2004 - 2020-ci illərdə 4,5 min kilometr (km) uzunluğunda suvarma kanallarının, 3,3 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 473 min hektar sahədə torpaqların su təminatının və 303 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 202 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləndirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 200 km muhafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2990 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sutututmu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sutututmu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoqolovoçay, Ləvain) təmir- bərpa edilmişdir.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. 500 min hektar suvarılan sahələrdən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi isə 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir. Bunlardan başqa, Samur-Abşeron kanalının 50-ci km-dən suyun Taxtakörpü su anbarına verilməsi məqsədi ilə 2008-ci ildə tikintisinə başlanılmış 32 km-lik Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır.

2014-cü il noyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edən 60,5 km uzunluğunda magistral kanalların tikintisi başa çatdırılmışdır. Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının inşası isə 2016-cı ildə yekunlaşmışdır.

Prezidentin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq ASC meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də fəaliyyətini davam etdirmişdir.

Aqroparkların, iri taxılçılıq, pambıqçılıq və digər təsərrüfatların yaradılması məqsədi ilə Şəmkir maşın kanalının nasos stansiyasının suvermə qabiliyyətinin artırılması və onun birinci növbəsinin təmir-bərpası üzrə kanalın 33 km-lik vacib hissələrində yenidənqurma işləri yerinə yetrilmişdir. Şəmkirçay su anbarından Şəmkir rayonunun 2500 ha torpaq sahəsinə suyun verilməsi üçün Şəmkirçay təsərrüfatlararası paylayıcı kanalların tikintisi üzrə 14536 paqonmetr (pm) paylayıcı suvarma boru kəmərləri qurğularla birlikdə çəkilmişdir. Goranboy rayonunun 4950 ha torpaq sahəsinə suvarma suyunun verilməsi üçün Şəmkir maşın kanalının II növbəsinin zonasında 17404 pm uzunluğunda təsərrüfatlararası paylayıcı kanalların tikintisi işləri aparılmışdır. Arazın yeni qol kanalının sağ sahilində yerləşən 12863 ha torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün Əzizbəyov adına kollektorun 65,7 km hissəsinin yenidənqurulması və 27438 pm suyığıcı drenlərin tikintisi üzrə işlər yerinə yetrilmiş, sol sahilində 14200 ha yeni torpaq sahəsinin suvarılması üçün 15925 pm dəmir-beton kanalların qurğularla birlikdə və 12000 pm qəza sutullayıcısının tikintisi işləri başa çatdırılmışdır. Sabirabad rayonunun 5000 ha qış otlaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 18960 pm qapalı suyığıcıların və 169720 pm qapalı drenlərin qurğularla birlikdə tikintisi işləri yerinə yetrilmişdir.

Bunlarla yanaşı, Yevlax və Goranboy rayonlarında 2960 ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Qarabağ kanalı üzərində məhsuldarlığı 2 kbm/san olan nasos stansiyasıının, 17052 pm uzunluğunda basqılı boru kəmərinin, 6400 pm selötürücü kanalların və 2 ədəd 100 min kubmetr həcmində su hovuzunun tikintisi işləri görülmüşdür. Ağcabədi rayonu ərazisində 2500 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Mil kanalından qidalanan 100 min kubmetr həcmində su hovuzunun, Füzuli rayonu ərazisində 1200 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Mil kanalında nasos stansiyasının, 3 km uzunluğunda basqılı boru kəmərinin, 50 min kbm həcmində su hovuzunun tikintisi işləri görülmüşdür. Masallı rayonunun 2000 ha əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün isə 24, Şamaxı rayonunun 2500 ha əkin sahəsinin su təminatının yaxşılaşdırılması üçün 7 sututarında zəruri təmir-bərpa işləri tamamlanmışdır. Eyni zamanda Xaçmaz rayonunda Aqroparkın 400 ha yeni torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı 50 min kubmetr həcmində su hovuzunun və boru kəmərinin tikintisi başa çatdırılmış, Şəki və Oğuz rayonları ərazisində yaradılacaq Aqroparkın 10000 ha torpaq sahəsində meliorativ tədbirlərin aparılması üçün 17600 pm uzunluğunda qapalı kollektor və suyığıcıların qurğularla birlikdə tikintisi işlərinə başlanılmış, Tovuz rayonunun Düz Qırıqlı kəndində yaradılan aqroparkın 550 ha əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Kür çayı üzərində nasos stansiyasında və sugötürücü qurğuda tikinti işləri tamamlanmışdır.

Həmçinin Ağsu rayonunun 2000 ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün Ağsuçay çayında suqəbuledici qurğunun tikintisi və uzunluğu 11,6 km olan Qazanarx kanalının 1000 pm hissəsinin yenidən qurulması ilə əlaqədar tikinti işləri həyata keçirilmiş, Qusarın Zuxul kəndinin 200 ha əkin sahəsinin su təminatının yaxşılaşdırılması üçün suqəbuledici qurğunun, 1340 pm boru kəmərinin, 2265 pm beton kanalın, aqreqatlı nasos stansiyasının və 2560 pm torpaq kanalın bərpası işləri tamamlanmışdır.

Bunlardan əlavə, Prezidentin tapşırığına əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala və Biləsuvar rayonlarından keçən hissəsində yerləşən 20 min hektar qış otlaq sahələrini suvarma suyu ilə təmin etmək üçün Kür çayı üzərindəki nasos stansiyasının və magistral kanalın suvermə qabiliyyətinin artırılması məqsədi ilə layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır. Saatlı rayonunun 20 min hektardan çox əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün isə Kür çayından əlavə suyun verilməsi və Bərdə rayonunda 3150 ha torpaq sahəsinin suvarma suyu ilə təminatı tədbirləri üzrə layihə-smeta, həmçinin Qazax, Zərdab, Astara, Ucar, Ağcabədi, İmişli, Xaçmaz, Şəki rayonlarında əkin sahələrinin su təminatının yaxşılaşdırılması və Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə layihə sənədləri hazırlanmışdır. Paralel olaraq suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması tədbirləri üzrə Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədi ilə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası ilə əlaqədar tikinti işləri davam etdirilmişdir.

Bu dövrdə həmçinin Prezidentin müvafiq sərəncamları ilə respublikanın 39 şəhər və rayonunun 338 yaşayış məntəqəsində 9547 ha əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 443 subartezian quyusunun layihə-smeta sənədləri hazırlanmaqla qazılması işləri sona çatdırılmışdır.

Sel və daşqın təhlükəli çaylarda sahilbərkitmə və qəza vəziyyətinin aradan qaldırılması üzrə tədbirlərə gəldikdə isə, Qəbələ, Oğuz, Ağsu, Zaqatala, Balakən, Astara, Lənkəran, Qax, Şəki, Xaçmaz və Ağcabədi rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda 3795 pm uzunluğunda istinad divarının tikintisi tamamlanmış və Astara sərhəd çayında 7292 pm məcratəmizləmə üzrə tikinti işləri yerinə yetrilmişdir. Eyni zamanda Ağstafa rayonunun Köçəsgər kəndində “Acı” dərənin sel sularından mühafizə tədbirlərinin, Qax rayonu ərazisində Zərnəçay çayında sahilbərkitmə işlərinin, Quba rayonunun Qonaqkənd kəndinin Vəlvələçay və Quba şəhərinin Qudyalçay çaylarının sel sularından mühafizəsi tədbirlərinin layihə sənədlərinin hazırlanması üzrə işlər yerinə yetrilmişdir. Habelə Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərində möhkəmləndirmə işləri görülmüş və 39794 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilmişdir. Eyni zamanda suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 72,4 mln. kubmetr həcmində lildən təmizləmə işləri aparılmış, 16300 km suvarma, 3215 km kollektor-drenaj sistemləri təmizlənmiş, 5958 hidrotexniki qurğu, 6116 subartezian quyusu, 343 nasos stansiyası təmir edilmişdir. Çay məcralarında isə 20,2 mln. kubmetr həcmində məcratəmizləmə işləri aparılmış, 6,8 min kubmetr şax-daş və faşın, 3,5 min kubmetr qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 24,4 min kubmetr həcmində təmir işləri yerinə yetirilmişdir.

Prezidentin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022- ci illər üçün Tədbirlər Planı”nın icrası çərçivəsində ASC tərəfindən ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarından səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması üçün müasir texnologiyalara əsaslanan ölçmə cihazlarının quraşdırılması, alternativ mənbələrdən, o cümlədən təmizlənmiş tullantı, kollektor- drenaj sularından, ölkə ərazisində antropogen təsirlər nəticəsində formalaşan sututarların suyundan istifadə məqsədi ilə ilkin olaraq 22 hidroqovşaq və suvarma kanallarının yenidən qurulmasının texniki- iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanmasına başlanılmış, eləcə də Əlicançay su anbarının layihə sənədlərinin hazırlanması davam etdirilmiş, Qəbələ rayonu ərazisində Yengicə su anbarının tikintisi üzrə hazırlıq işlərinə start verilmişdir.

Qeyd edək ki, ASC tərəfindən ölkəmizin işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpasını və gələcək inkişafını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə Proqram” hazırlanmışdır. Proqramın məqsədi işğaldan azad olunan ərazilərdə suvarılan torpaqların kənd təsərrüfatında istifadəsinə şərait yaratmaq üçün ilkin mərhələdə onların iş rejimlərinin bərpası, sonrakı mərhələdə bu obyektlərin müasir səviyyədə yenidən qurulması və inkişafına nail olmaqla idarə edilməsinin səmərəli təşkilidir.

2021-ci ildə ASC meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir. Sudan istifadə planına əsasən 2021-ci ildə 1407387 ha sahədə kənd təsərrüfatı bitkilərinin, o cümlədən 514198 ha sahədə taxıl, 100844 ha sahədə pambıq, 2584 ha sahədə tütün, 430414 ha sahədə yem bitkiləri, 71736 ha sahədə bostan-tərəvəz, 141682 ha sahədə çoxillik bitkilər və 145929 ha həyətyanı sahələrin vegetasiya suvarılması üçün mənbələrdən 10233 mln. kubmetr həcmində suyun götürülməsi və ayrıclardan təsərrüfatlara 7283 mln. kubmetr suyun verilməsi nəzərdə tutulmuşdur.

Suvarma mövsümünə hazırlıqla əlaqədər ASC yerli istismar idarələri tərəfindən cari ilin birinci rübündə 825 hidrotexniki qurğu, 175 hidropost, 47 nasos, 867 subartezian nasosları təmir edilmiş, suvarma və kollektor-drenaj şəbəkələrində 9716 min. kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır. Həmçinin çay məcralarında 2510 min kubmetr həcmində məcratəmizləmə işləri aparılmış, 904 kubmetr şax-daş və faşın, 350 kubmetr qabion bəndlər quraşdırılmış və 3861 kubmetr həcmində daş-beton bəndlər təmir edilmişdir.

Bu il vegetasiya suvarmasını mütəşəkkil keçirmək, kənd təsərrüfatı bitkilərinin sudan istifadə planına uyğun olaraq su ilə təmin etmək, mövcud su ehtiyatlarını ayrı-ayrı rayonlar və su istifadəçiləri arasında limitlər əsasında bölüşdürülməsini təmin etmək üçün də müvafiq tədbirlər həyata keçirilir. Bundan əlavə, Prezidentin 27 iyul 2020- ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına daxil olan 8 suvarma kanalında Texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasının başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda cari il Suqovuşan hidroqovşağından suyun əkin sahələrinə çatdırılması üçün işğaldan azad olunmuş Tərtərçay Sol Sahil kanalının başlanğıc hissəsinin yenidən qurulması işlərinə başlanılması planlaşdırılır.

Bu il Şəmkirçay su anbarı zonasında magistral və paylayıcı kanalların tikintisi, Şabran rayonunda mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi tədbirləri, iri təsərrüfatların və aqroparkların yaradılması nəzərdə tutulmuş obyektlər üzrə Araz çayının Yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisi, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlər də davam etdiriləcək. Həmçinin Prezidentin 26 fevral 2021-ci il tarixli sərəncamı ilə əhalisi 489 min nəfərə yaxın olan 38 şəhər və rayonunun 177 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı sahələrin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 200 subartezian quyusunun layihələndirilməsi və qazılması nəzərdə tutulur.

Məlum olduğu kimi, cari il aprelin 5-də Prezident İlham Əliyev bir daha meliorasiya və su təsərrüfatının prioritet sahə olduğunu bildirmiş, sahənin inkişafı ilə bağlı ASC-nin qarşısında mühüm vəzifələr qoymuşdur. Dövlət başçısı meliorasiya və su təsərrüfatı sahəsinə böyük diqqət və qayğı göstərildiyini, hazırkı dövrdə kənd təsərrüfatının inkişafında bu sahənin əhəmiyyətinin daha da artdığını, son illər keçmiş sovetlər dönəmindən qalmış, yararsız vəziyyətə düşmüş su təsərrüfatı obyektlərində böyük həcmdə təmir- bərpa işlərinin aparıldığını, köhnə infrastrukturun təmir-bərpası ilə bağlı əsaslı işlər görüldüyünü, bir neçə su anbarının inşa edildiyini, Taxtakörpü su anbarının tikilməsi ilə Bakının su təchizatı ilə bağlı yarana biləcək böyük problemlərin qarşısının alındığını, Şəmkirçay su anbarının inşası sayəsində ölkənin şimal-qərb bölgəsində min hektarlarla suvarılmayan əraziyə su verildiyini, meliorativ tədbirlərin böyük əhəmiyyət daşıdığını, su anbarlarının tikintisinin hər zaman prioritet sahə olduğunu və bundan sonra da olacağını qeyd etmişdir.

Bütün bunlarla bərabər, Prezident tərəfindən suyun səmərəli, məqsədyönlü və qənaətlə istifadəsində su itkilərinin qarşısının alınmasında çatışmamazlıqların olduğu, kənd təsərrüfatının dayanıqlılığının məhz suvarmanın səmərəliliyi ilə bağlılığı, qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə mövcud çatışmazlıqların aradan qaldırılması, idarəetmədə müasir yanaşmaların tətbiq olunması, müasir texnologiyaların ölkəmizə gətirilməsinin təmin olunması vacibliyi qeyd olunmuş və konkret tapşırıqlar verilmişdir. Ən qabaqcıl texnologiyaların tətbiqi ilə sudan səmərəli və qənaətlə istifadə edilməklə suvarmanın həyata keçirilməsinin təmin olunması, su itkilərinin qarşısı maksimum dərəcədə alınması, suyun paylanmasında, bölgüsündə səhlənkarlığa və ədalətsizliyə yol verilməməsi, növbətçilik qrafiklərinin tərtib olunması və bu qrafiklərə ciddi riayət edilməklə su xətlərinin üzərində quraşdırılmış qanunsuz birləşmələrin nəzarətə götürülməsinin vacib olduğu bildirilmişdir.

Bu tapşırıqların icrası olaraq cari ildə ASC tərəfindən balansda olan meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının, suvarılan torpaqların meliorativ vəziyyətinə dair coğrafi informasiya sisteminin, sahə üzrə idarə olunan suların vahid məlumat bazasının, maşın və mexanizmlərin GPS izləmə sisteminin, insan resursları, maliyyə və mühasibat uçotunda vahid elektron uçot bazasının yaradılması və elektron sənəd dövriyyəsinin təşkili nəzərdə tutulmuşdur.

Hazırda kollektivin qarşısında müasir idarəetmə sisteminin təşkili, innovativ metodların, yeni suvarma texnologiyasının və texnikasının tətbiqi, suvarma sistemlərinin istismarının və sudan istifadəedənlər birliklərinin işinin daha da təkmilləşdirilməsi, idarə edilməsi və digər bu kimi həlli vacib olan vəzifələr durur.

Əminik ki, biz çoxminli melioratorlar kollektivi olaraq bundan sonra daha məsuliyyətlə çalışacaq, bütün imkanlarımızı səfərbər edərək mövcud meliorasiya və irriqasiya sistemlərinin qorunub saxlanılmasını, onların istismarının lazımi səviyyədə həyata keçirilməsini, ölkəmizin tərəqqisi və iqtisadiyyatının daha da güclənməsi naminə sahənin durmadan inkişafını təmin edəcək, kənd təsərrüfatı məhsulları istehsalının artmasında və məhsul bolluğunun yaradılmasında öz töhfəmizi verəcəyik.

 

Zaur MİKAYILOV,

Azərbaycan Meliorasiya Su Təsərrüfatı ASC-nin sədri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM