28 Oktyabr 2021 02:29
1190
Mədəniyyət
A- A+

Moskvada Bakı Musiqi Akademiyasının 100 illiyinə  həsr olunmuş konsert keçirilib

 

 

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyinə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, gecə Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunub. BMA-nın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli tədbiri giriş sözü ilə açaraq konsertin təşəbbüskarı və təşkilatçısı olan Heydər Əliyev Fonduna, eləcə də Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə minnətdarlığını bildirib. Gecəyə Rusiyanın Xalq artisti Emmanuil Vitorqan aparıcılıq edib.

“Bu gün səhnəyə Bülbül, Adıgözəlzadə kimi soyadları daşıyan musiqiçilər çıxacaqlar. Bütün bu soyadlar Qarabağla, Şuşa ilə bağlıdır. Bu gün biz sizə Azərbaycanın musiqi mədəniyyətini təqdim edəcəyik. Azərbaycan mədəniyyətinin tarixi minilliklərlə ölçülür, lakin peşəkar klassik məktəb 100 ildə böyük yol keçib”, - deyən F.Bədəlbəyli xatırladıb ki, Üzeyir bəy Hacıbəyli Sankt-Peterburq Konservatoriyasında təhsil alıb, dahi rus bəstəkarı Dmitri Şostakoviç Qara Qarayevin müəllimi və ustadı olub. F.Bədəlbəyli Azərbaycan klassik musiqisinin inkişafında rus bəstəkarlarının və pedaqoqlarının rolundan da danışıb. BMA-nın rektorunun sözlərinə görə, Akademiyanın 100 illik yubileyinin Moskva Konservatoriyasında qeyd olunması həm Azərbaycanın, həm də Rusiyanın həyatında əlamətdar hadisədir.

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının rektoru Aleksandr Sokolov BMA-nı yubiley münasibətilə təbrik edərək deyib: “Mən həmkarlarımı, dostum Fərhad Bədəlbəylini təbrik etmək istəyirəm. Yuvarlaq 100 rəqəmi çox şeydən xəbər verir. Bu, peşəkar ustalıq və inkişaf üçün artıq fundamental təməl deməkdir”. Moskva Dövlət Konservatoriyasının rektoru vurğulayıb ki, BMA-nın yubileyinin Moskva Konservatoriyasının Böyük zalında qeyd olunması iki ölkənin musiqi dünyası arasında çoxdankı və yaxşı ənənələrin davamıdır. “Bizim əlaqələrimiz gələcək nəsillər tərəfindən mütləq davam etdirilməlidir”, - deyə A.Sokolov əlavə edib.

Konsertdə BMA-nın tanınmış məzunları da iştirak ediblər. Akademiyanın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq artistləri Yalçın Adıgözəlzadə, Murad Adıgözəlzadə, Samir Cəfərov, Alim Qasımov, Murad Hüseynov, Yeganə Axundova, Əməkdar artistlər Fuad İbrahimov, Elvin Qəniyev, Sahib Paşazadə, Azər Zadə, Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatı Selcan Nəsibli, dahi Bülbülün nəvəsi Murtuza Bülbül və başqaları səhnəyə çıxıblar.

Konsert proqramına Mixail Pletnyovun rəhbərliyi ilə Rusiya Milli Orkestrinin ifasında Azərbaycan musiqisinin klassikləri Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Niyazinin, eləcə də Qərbi Avropa və rus bəstəkarlarının əsərləri daxil idi. Dahi Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə açılan konsert proqramı dirijor Yalçın Adıgözəlzadənin rəhbərliyi ilə Alim Qasımovun və Fərqanə Qasımovanın ifasında “Qarabağ şikəstəsi” oratoriyasının finalı ilə başa çatıb.

Azərbaycan musiqi mədəniyyətinin və musiqi təhsilinin inkişafında əvəzsiz rol oynayan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası şərəfli və əlamətdar tarixi yol keçib. Dahi Üzeyir bəy Hacıbəylinin səyləri sayəsində 1920-ci il avqustun 26-da yaradılmış bu sənət məbədi yüksəkixtisaslı kadrlar yetişdirilən ustalıq məktəbinə çevrilib. İlkin mərhələdə Üzeyir bəy Hacıbəylinin Moskva, Leninqrad və Rusiyanın digər şəhərlərinin konservatoriyalarından dəvət etdiyi rus musiqi mədəniyyətinin görkəmli xadimləri Azərbaycanda milli kadrların yetişdirilməsinə, ifaçılıq məktəbinin inkişafına mühüm töhfələr veriblər. M.Brenner, G.Şaroyev, V.Kozlov, L.Rostropoviç, S.Bretanitski, İ.Turiç, V.Anşeleviç, N.Speranski və bir çox digər mədəniyyət xadimlərinin adları böyük minnətdarlıq hissi ilə çəkilir, onların sayəsində Bakı keçmiş Sovet İttifaqında musiqi mərkəzi statusu qazanıb.

BMA Azərbaycanın aparıcı ali musiqi təhsili müəssisəsidir. Akademiyanın 3 fakültəsi və 18 şöbəsi, magistratura, aspirantura və doktoranturası mövcuddur. Akademiyanın nəzdində Bülbül adına Musiqi Məktəbi, Musiqi məktəb-studiyası və Ş.Məmmədova adına Opera Studiyası, eləcə də 2 elmi laboratoriya fəaliyyət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video