18 Oktyabr 2011 03:10
323
SİYASƏT
A- A+

Moskvada Azərbaycanın iqtisadçı alimlərinin «Azərbaycanın postmünaqişə ərazilərinin bərpa edilməsi: konseptual əsaslar» kitabının təqdimatı olmuşdur

 

Oktyabrın 17-də Rusiya Dövlət Humanitar Universitetində (RDHU) "Azərbaycanın postmünaqişə ərazilərinin bərpa edilməsi: konseptual əsaslar" kitabının təqdimatı olmuşdur.  Tədbir  "Vestnik Kavkaza" informasiya  agentliyi, RDHU-nun Xarici postsovet ölkələri kafedrası və Azərbaycanın Qafqaz Strateji Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə RDHU-nun rektoru Yefim Pivovar açmışdır. O, Azərbaycan tədqiqatçılarının yaratdıqları əsərin əhəmiyyətindən danışmış, bu əsərin Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər üçün də çox əhəmiyyətli olduğunu bildirmişdir. Y.Pivovar demişdir: "Ümidvaram ki, RDHU-da bu tədbirin keçirilməsi ölkələrimiz arasında münasibətlərin inkişafına, bu günlərdə dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən Azərbaycanla dostluğun möhkəmlənməsinə böyük töhfə olacaqdır".

Kitabın müəllifləri - "Qafqaz və qloballaşma" elmi məcmuəsinin baş redaktoru Nazim Müzəffərli və "Qafqaz" Strateji Tədqiqatlar İnstitutunun direktoru Eldar İsmayılov tədbir iştirakçılarına öz elmi axtarışlarından danışmış, qeyd etmişlər ki, bu, siyasətçilərin deyil, iqtisadçıların əsəridir. Eldar İsmayılov demişdir ki, bu elmi tədqiqat postmünaqişə dövrünə, bərpa və yenidənqurma məsələlərinin təhlilinə həsr olunmuşdur və torpaqlar işğaldan azad edildikdən sonra görüləcək işlərin texniki-iqtisadi əsasını təklif edir. O xüsusi qeyd etmişdir ki, kitab dünyanın müxtəlif regionlarında Ümumdünya bankının postmünaqişə yenidənqurma praktikası ilə əlaqədar tədqiqatlar əsasında yazılmışdır. O demişdir: "Biz bu münaqişənin həllinə, regionda vətəndaşların həyat keyfiyyətinin yaxşılaşmasına kömək göstərməyə çalışmışıq. Bu kitabın yazılmasını vətəndaşlıq borcumuzun yerinə yetirilməsi hesab edirik".

Nazim Müzəffərli qeyd etmişdir ki, tədqiqat keçmiş Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən işğal olunmuş 7 rayonla məhdudlaşır. Onun sözlərinə görə, münaqişədən sonra yenidənqurmaya yönəldiləcək maliyyə vəsaiti inflyasiyanı nəzərə almaqla və nəzərə almadan hesablanmışdır. Müəllif qeyd etmişdir ki, kitabda yenidənqurma işlərinə ayrılacaq dövlət vəsaitinin konkret məbləği göstərilmişdir. N.Müzəffərli demişdir ki, Azərbaycan dağıdılmış ərazilərin bərpasına dair layihələri maliyyələşdirmək iqtidarındadır.

Kitabın müqəddiməsinin müəllifi, Con Hopkins adına Universitetin professoru Frederik Star qeyd etmişdir ki, bu, siyasi əsər deyil, Azərbaycan iqtisadçılarının çox perspektivli tədqiqatıdır. O demişdir: "Bu, çox mühüm, diqqətə və öyrənilməyə layiq kitabdır".

Azərbaycan Prezidenti Administrasiyasının  Siyasi təhlil və informasiya təminatı şöbəsində bölmə müdiri Fərhad Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasında Azərbaycanın siyasətindən, onun ədalətli və konstruktiv mövqeyindən, son vaxtlar Ermənistan hökumətinin törətdiyi fitnəkar hərəkətlərdən söhbət açmışdır. O, diqqəti Azərbaycanın iqtisadi müvəffəqiyyətlərinə cəlb edərək bildirmişdir ki, kitabda bərpa işləri üçün verilən təkliflər və göstərilən maliyyə məbləğləri Azərbaycan üçün realdır, iyirmi il ərzində bu ərazilərə qeyd olunan məbləğin heç 5 faizini də sərf etməmiş Ermənistan üçün isə fantastikdir.

Çıxış etmiş siyasi analitik Rasim Musabəyov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Tədqiqatlar Mərkəzinin direktoru Stanislav Çernyavski, politoloqlar Qriqori Trofimçuk, Aleksey Vlasov, İsmayıl Ağakişiyev, Rövşən İbrahimov və başqaları bildirmişlər ki, bu kitab çox vacib, vaxtında yazılmış əsərdir və gələcək üçün böyük əhəmiyyət kəsb edir. O, münaqişədən sonra problemlərin həlli yollarını təklif edir, belə ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində dinc yolla nizama salınmasının danışıqlar prosesinə ümidlə yanaşır. Postsovet Tədqiqatlar Mərkəzinin direktoru Stanislav Çernyavski demişdir: "Bu, Azərbaycanın opponentlərinə layiqli cavabdır". Politoloq Qriqori Trofimçuk bu əsərin erməni dilində nəşr olunmasını təklif etmişdir ki, "orada yağ-bal içində yaşayacaqlarını başa düşsünlər". O, həmçinin siyasətçilərin də belə əsər yazmasını arzu etmişdir.

Tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin nümayəndələri, tanınmış ekspertlər və politoloqlar, Ümumrusiya Azərbaycanlıları Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri, RDHU-nun tələbə-müəllim heyəti, qeyri-hökumət təşkilatlarının və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video