12 Sentyabr 2021 14:31
1111
Mədəniyyət
A- A+

Misirli jurnalist Xarıbülbül haqqında məqalə yazıb  

Misirin nüfuzlu “Əl Əhram” qəzetində jurnalist Mahmud Diabın “Xarıbülbül sadəcə çiçək deyil. Qarabağın yaşayan əfsanələri” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Azərbaycanın mədəniyyət paytaxtında olmuş misirli jurnalist yazır: “Cənubi Qafqaz dağlarında 400-dən artıq çiçək növü olduğu bildirilir. Onların sırasında Azərbaycanın Qarabağ bölgəsində bitən Xarıbülbül bir çox qədim əfsanələrdə yer alıb və bu dastanlar nəsildən-nəslə keçib. Bu nadir çiçək məhəbbət və sədaqətin rəmzinə çevrilib. Xarıbülbülün qəribə özəlliyi ondadır ki, bu çiçək yetişdiyi torpaqdan ayrı düşəndə solur və məhv olur. Dünyanın heç bir başqa yerində ona rast gəlinmir. O, Qarabağın ürəyi sayılan Şuşada daha çox bitir və forma etibarı ilə bülbülə bənzəyir. Xarıbülbülün üç ləçəyi var, onlardan ikisi quş qanadını xatırladır, biri isə bülbülün baş hissəsinə oxşayır, həmçinin dağlarda qarın əriməsindən sonra çiçək açaraq baharın müjdəçisi olur”.

Müəllif qədim Şuşada Xarıbülbüllə bağlı öyrəndiyi xalq əfsanələrindən bəhs edir. O diqqətə çatdırır ki, bölgənin rəmzinə çevrilmiş bu çiçəyin təsviri qədim Azərbaycan xalçalarında, habelə ölkənin milli valyutasında əks olunub.

Məqalədə qeyd edilir ki, Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edən Prezident İlham Əliyevin göstərişi ilə 32 il əvvəl keçirilən “Xarıbülbül” festivalı yenidən təşkil olunub. Bu mötəbər tədbir beynəlxalq nüfuz qazanıb və hələ SSRİ dövründə ən mühüm mədəniyyət hadisələrindən biri olub. Bu il Novruz tonqalının da qalandığı festival xüsusi koloriti ilə fərqlənib, klassik musiqidən tutmuş folklor nümunələrinə qədər geniş spektrdə incəsənət örnəkləri təqdim edilib. Tədbirdə əvvəllər festivalda çıxış etmiş Azərbaycanın görkəmli xanəndələri Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova və digərlərinin mahnıları səsləndirilib.

Yazının sonunda vurğulanır: “Xarıbülbül çiçəyi və onun adını daşıyan festival füsunkar təbiəti, təmiz havası, dünyada analoqu olmayan Şuşaya qayıdışın, onun qədim şöhrətinin bərpasının rəmzi oldu. Bu şəhərə gələn qonaqlar onu tək etmək istəmirlər. Əfsanələr isə onların yaddaşında əbədi olaraq qalır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video