10 Dekabr 2011 12:12
410
Təhsil
A- A+

Misirin Ayn-Şəms Universitetində «Azərbaycan günü» keçirilmişdir

 

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, ölkənin Ayn-Şəms Universitetində Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi ilə əlaqədar "Azərbaycan günü" keçirilmişdir.

Tədbirdə Ayn-Şəms Universitetinin tələbə və müəllim kollektivi, elmi tədqiqatçılar, Misirdə təhsil alan əcnəbi tələbələr və universitetin ədəbiyyat fakültəsinin tədris proqramı çərçivəsində Azərbaycan dilini öyrənən 120 nəfərlik tələbə qrupu iştirak etmişdir.

"Azərbaycan günü" çərçivəsində keçirilmiş simpoziumda səfir Ş.Abdullayev, Ayn-Şəms Universitetinin professoru Safsafi Əhməd Əl-Quturi, təhsil ocağının Şərq dilləri kafedrasının müdiri Ramilə Gələm, professor, azərbaycanşünas alim Əhməd Sami, Misirdə Azərbaycan icmasının üzvü və gənc elmi tədqiqatçı Seymur Nəsirov çıxış etmişlər.

Tədbir zamanı ərəb dilində hazırlanmış Azərbaycan tarixi, mədəniyyəti, müasir inkişaf səviyyəsi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir inkişafı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən film nümayiş etdirilmişdir.

Səfir Ş.Abdullayev universitetin müəllim və tələbə kollektivinə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, neft tarixi, 20 illik müstəqillik dövründə respublikamızın əldə etdiyi nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun törətdiyi fəsadlar, Azərbaycanın beynəlxalq aləmdə rolu və Azərbaycan-Misir əlaqələri barədə ətraflı məlumat vermiş və auditoriyanın suallarını cavablandırmışdır.

Azərbaycanı "odlar və nur diyarı" adlandıran Safsafi Əhməd Əl-Quturi Azərbaycan xalqının tarixi təşəkkülü, Azərbaycan ədəbiyyatı,  xüsusilə N.Gəncəvinin həyat və yaradıcılığı, İslam və bəşər sivilizasiyasının inkişafına verdiyi töhfələri və Azərbaycan-Misir əlaqələrinin tarixi kökləri barədə danışmışdır. Əhməd Sami Azərbaycan ilə Misir və ərəb dünyası arasında olan tarixi-mədəni əlaqələr barədə məlumat verərək, Azərbaycanda ərəb dilinin, Misirdə isə Azərbaycan dilinin inkişafı haqqında danışmış və Ayn-Şəms Universitetinin ədəbiyyat fakültəsində tədris olunan Azərbaycan dili fənninə artan marağı və artıq 120 tələbənin Azərbaycan dilini öyrəndiyini bildirmişdir. Ədəbiyyatşünas alim mədəniyyət sahəsində və iki ölkənin insanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinə olan zərurəti qeyd etmişdir.

Misirdə yaşayan Azərbaycan icmasının nümayəndəsi və gənc elmi tədqiqatçı Seymur Nəsirov ərəb tarixi mənbələri və elmi araşdırmaları əsasında həyat və yaradıcılığını tədqiq etdiyi Azərbaycan ədibləri və alimləri, erkən orta əsr ərəb alimlərinin Azərbaycan haqqında söylədikləri fikirlər, Azərbaycan ilə Misir və ərəb dünyası arasındakı mədəni-elmi əlaqələr haqqında iştirakçılara məlumat vermişdir.

Tədbir çərçivəsində Seymur Nəsirovun müəllifi olduğu və Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə ərəb dilində yeni çapdan çıxmış "Azərbaycan ərəb və Misir tarixi mənbələrində" kitabının təqdimatı keçirilmişdir. Kitab tədbirdə iştirak edən misirli müəllim və tələbələr tərəfindən xüsusi maraqla qarşılanmışdır.

Tədbirin sonunda Ayn-Şəms Universitetində Azərbaycan dilini öyrənən tələbələr Azərbaycanın dövlət himnini və Azərbaycan şairləri B.Vahabzadə və M.Şəhriyarın şeirlərindən parçalar oxumuşlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video