15 May 2013 05:05
441
PARLAMENT
A- A+

Miqrasiya qanunvericiliyi gücləndirilir

 

Mayın 14-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəlikdəki qanun layihələrinin müzakirəsinə keçməzdən əvvəl deputatlar bəzi məsələlərlə bağlı fikirlərini bildirdilər. Çıxışlarda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin İranda həbsinə etiraz edildi. Deputatlar həmçinin Bakıda soyqırımı abidəsinin və muzeyinin yaradılması, Xocalı soyqırımı abidəsinin ziyarət edilməsinin rəsmi protokola salınması təklifi ilə çıxış etdilər.

X.Xalidin həbsi ilə bağlı çıxışlara münasibət bildirən Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, Azərbaycanla İran arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və qrupun üzvləri bu məsələ ilə bağlı İrandakı həmkarlarına müraciət etməlidirlər. Oqtay Əsədov İran parlamentinin sədrinə müraciət edəcəyini də diqqətə çatdırdı.

Milli Məclisin Sədri onu da bildirdi ki, Xocalı soyqırımı abidəsi ilə bağlı böyük layihə var, heykəl dəyişdiriləcək, muzey yaradılacaq. Gələcəkdə bu abidənin ziyarət edilməsi də protokola salınacaqdır.

Sonra iclasın gündəliyindəki məsələlərin müzakirəsi başladı. İlk olaraq "Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında Saziş"ə düzəlişlərin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanun layihəsi müzakirə edildi. Bu layihə ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, düzəlişlərin əksəriyyəti redaktə xarakterlidir. Qanun layihəsi təsdiq edildi.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının qanun layihəsini də müzakirəyə təqdim etdi. Bu qanun Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının layihələndirilməsinin, tikilməsinin, istifadəsinin, saxlanılmasının və inkişaf etdirilməsinin, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir. Dəyişikliklərlə bağlı ətraflı məlumat verən komitə sədrinin sözlərinə görə, bütün bunlar nəqliyyat sahəsinin müasir tələblər səviyyəsində qurulmasına imkan verəcək.

Müzakirələr zamanı deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Elton Məmmədov, Fərəc Quliyev, Astan Şahverdiyev, Gülçöhrə Məmmədova, Fəzail Ağamalı layihə ilə bağlı fikirlərini bildirdilər. Qanun layihəsi qəbul edildi.

İclasda "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının qanun layihəsi də müzakirə edildi. Layihə ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Xatırladaq ki, bu qanun respublikamızda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycanda qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir.

Müzakirələr zamanı deputatlardan Mübariz Qurbanlı, Vahid Əhmədov, Sədaqət Vəliyeva, Zahid Oruc layihə ilə bağlı fikirlərini bildirdilər. Qanun layihəsi qəbul olundu.

İclasda daha sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olundu. Hər iki qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, təklif olunan qanun layihəsinə əsasən böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıma görə şəxs yüz manatdan beş yüz manatadək miqdarda cərimələnir. Yaxud da iki yüz qırx saatadək müddətə ictimai işlər və ya altı ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hər hansı bir şəxsi təhqir etməyə görə isə üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə isə qeyd olunur ki, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Deputatlar Qüdrət Həsənquluyev, Fəzail Ağamalı, İlham Məmmədov, Zahid Oruc, Fuad Muradov hər iki qanun layihəsinə təklif olunan dəyişikliklərin hər birinə  münasibət bildirərək onları müsbət qiymətləndirdilər.

Milli Məclisin Sədri Oqtay Əsədov isə qeyd etdi ki, bu qanun layihələri insanlarda mədəniyyət, tərbiyə formalaşdırır. Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edildi.

İclasda müzakirəyə çıxarılan digər məsələ "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi idi. Bu qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Onun sözlərinə görə, 10 fəsil, 38 maddədən ibarət olan qanun layihəsi sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquqlarını, vəzifələrini və məsuliyyətlərini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmçinin yoxlayıcılar yüksək peşəkarlıq tələblərinə cavab verməlidirlər. Yoxlayıcı orqana işə qəbul olunmuş şəxslər yoxlamaya buraxılmamışdan əvvəl yoxlama prosedurlarına dair təlim kursundan keçməlidirlər.

Qanun layihəsinin müzakirəsi zamanı deputatlar Azər Badamov, Musa Quliyev, Tahir Rzayev, Rauf Əliyev, Eldar Quliyev, Cavanşir Feyziyev, Zahid Oruc və digərləri layihənin vacibliyini vurğuladılar. Bildirildi ki, bu qanun layihəsinin qəbulu Azərbaycanda sahibkarlığın inkişafına təkan verəcək və bu sahədə hüquqi bazanı təmin edəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi. İclasın gündəliyində olan sonuncu məsələ "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsi" idi. Məcəllənin layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. O, qeyd etdi ki, Miqrasiya Məcəlləsi Azərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyən edir. Təqdim olunan qanun layihəsində qeyd olunur ki, xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşının və onunla birgə Azərbaycana qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi ilə həyata keçirilir. Bu məcəllənin 11.2-ci maddəsi (yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur) istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Bundan başqa, Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu məcəllə ilə müəyyən olunmuş qaydada viza almalıdırlar. Elm və təhsil üçün alınan vizada isə ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.

Müzakirəyə çıxarılan qanun layihəsinə deputatlardan Leyla Abdullayeva, Məlahət İbrahimqızı və İsa Həbibbəyli münasibət və təkliflərini bildirdilər. Qeyd etdilər ki, belə bir məcəllənin təsdiq olunmasına böyük ehtiyac var. Deputat İsa Həbibbəyli vurğuladı ki, bu gün müzakirə olunan Miqrasiya Məcəlləsi miqrasiya kimi geniş əhatəli bir sahədə dövlət siyasətinin həyata keçirilməsinə hüquqi təminat verəcək: "Düşünürəm ki, bu məcəllədə nəzərdə tutulan müddəalar, əhatə olunan məsələlər Azərbaycanın dünya ölkələri ilə inteqrasiyasının tənzimlənməsində də əsas ola biləcəkdir. Miqrasiya Məcəlləsi ilə yaxından tanışlıqdan sonra aydın olur ki, indiyə qədər müxtəlif istiqamətlərdə həyata keçirilən viza rejimi də bu məcəllə vasitəsilə vahid qaydada tənzimlənə biləcəkdir".

Qanun layihəsi müzakirə olunduqdan sonra səsə qoyuldu və birinci oxunuşda qəbul edildi.

Rəşad CƏFƏRLİ,

Elgün MƏNSİMOV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video