30 Noyabr 2011 12:11
413
Mədəniyyət
A- A+

Minilliklərdən gələn səslər və ya tar-kamança necə yaranıb

 

Qədimlərdən bugünə qədər Azərbaycanda dörd qrupa aid xalq çalğı alətləri mövcud olub. Onların şahı tar sayılsa da, aşıq ədəbiyyatının tədqiqi nəticəsində müəyyən edilmişdir ki,  xalqımıza məxsus saz digər bütün musiqi alətləri sırasında ən qocamanıdır. Tarın adı ilk dəfə XI əsrdə yaşamış Baba Tahir və Qətran Təbrizinin şeirlərində çəkildiyini nəzərə alsaq, onda söyləmək olar ki, o, sazdan çox sonralar yaradılıb.

Musiqi nəzəriyyəçilərinin  fikirlərinə əsasən, tarın ilk vaxtlar səsi indiki kimi, zərif, ruhoxşayan, qəlbləri təlatümə gətirən olmayıb. XIX əsrin ikinci yarısında isə görkəmli tarzən Sadıqcan tarı bir qədər təkmilləşdirərək virtuoz musiqi alətinə çevirib. O, həmçinin tarın simlərinin sayını on birə çatdırıb. Sadıqcandan əvvəl isə tar diz üstə çalınardı. Sonralar da tar getdikcə təkmilləşdirilərək texniki imkanları artırılıb.

Vaxtilə paytaxt Bakıda musiqi alətləri emalatxanaları da çox olub. Təəssüf ki, indi onların sayı çox azalıb. Elə istedadlarımız da olub ki, onların hazırladıqları musiqi alətləri dünyanı dolaşıb və xalqımızın qədim musiqiyə məxsusluğunu bir daha təsdiqləyib.

Uzun müddət mədəniyyət və incəsənət sahəsində çalışan, folklor nümunəsi sayılan "Kilimarası" və "Maraloyunu" kimi xalq oyunlarının mahir ifaçısı, həmçinin bacarıqlı sazbənd və tarzən Süleyman Süleymanovla adıçəkilən sənət barəsində söhbət zamanı  qeyd etdi ki, musiqi alətləri emalatxanaları indi barmaqla sayılır. Vaxtilə Şuşada  musiqi alətləri fabriki fəaliyyət göstərib. Respublikanın əksər rayonlarında, Bakıda və ətraf kəndlərdə belə musiqi alətləri satışı dükanları da var idi. Təəssüf ki, Şuşa 1992-ci ildə ermənilər tərəfindən işğal olunanda həmin fabrik də yerlə-yeksan edildi.

Ümumiyyətlə, hər bir sənətin, peşənin sonrakı nəsillərə çatdırılmasında həmişə  müəyyən problemlər yaşanıb. Bu gün də milli musiqi alətlərimizin hazırlanmasında müəyyən çətinliklər özünü göstərməkdədir. Şəfaqət Süleymanovun qardaşı Süleymanın saz və tar düzəldən emalatxanası olsa da, bunun kifayət etmədiyi qənaətindədir.

Yeni nəslin milli zəmində formalaşması əsas şərtdir. Bununla belə təqdirəlayiq haldır ki, müstəqilliyimizin bərpasından sonra bir sıra sahələrlə yanaşı, mədəniyyətimizin və incəsənətimizin təbliğində və inkişafında da dövlət tərəfindən mühüm addımlar atıldı. Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond  beynəlxalq layihələr həyata keçirdi. Lakin bu, problemi  köklü şəkildə həll etmək  üçün milli musiqi alətləri istehsal edən fabrik  açılmasına böyük ehtiyac var. Yaxşı  olardı ki, ya Ağdam rayonu ərazisində, ya Bərdədə, Gəncədə, ya da paytaxtda musiqi alətləri fabriki açılsın. Bu iş ləngidikcə, problemin həlli bir qədər də mürəkkəbləşəcək. Ona görə ki, ustad sazbəndlərin və tarzənlərin sayı azalmaqdadır. Bu gün Avropadan gəlmə musiqi alətləri satılan dükanlarda tar, kamança, saz, balaban, tütək, nağaraya rast gəlmədikdə, ən azı, təəssüflənməli olursan.

Həmsöhbətimi narahat edən məqamlardan biri vaxtilə Muğam Mərkəzində musiqi alətləri sərgisi keçiriləndə, orada tar-kamançanın, nə də qavalın olmaması idi. Onun fikrincə, tarla kamançanın necə düzəldilməsi barədə yalnız  radio və ya televiziya verilişlərində qısaca söz açılır ki, o da kifayət qədər təəssürat yaratmadığından, gənc nəsildə maraq oyatmır. Halbuki Özbəkistan tarın vətəni olmasa da, orada tar-kamança fabriki fəaliyyət göstərir. Özbəkistandan Azərbaycana qastrol səfərinə gələnlərin gətirdikləri musiqi alətləri arasında tarın daha böyük olması özbəklərin bəm səslə ifaya daha çox üstünlük vermələri ilə əlaqədardır. Ustadın bildirdiyinə görə, bizim ölkəmizin meşə sərvətləri imkan verir ki, xarici ölkələrdən musiqi alətləri üçün xammal alınmasın. Çünki bizim Şərq dünyasını musiqi alətləri ilə təmin etmək imkanımız var.

Tarzən Balabəy Balabəyovun Pirşağı kəndində emalatxanasında olarkən ustadın milli musiqi alətlərinə göstərdiyi can yanğısını gördük. 1986-cı ildən bu sənətə qulluq edən ustad bildirdi ki, bəzən tarın ərsəyə gətirilməsinə bir ay vaxt sərf etsə də, peşəsindən zövq alır. Yaddaşına yazılan ən xoş məqamlardan biri də ümummilli lider Heydər Əliyevə iki dəfə tar bağışlaması olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevə Fransaya səfərindən öncə onun düzəltdiyi tarı göstərirlər. Tar ümummilli liderin çox xoşuna gəlir və onu özü ilə Fransaya aparıb, prezident Mitterana hədiyyə edib. Məhz bundan sonra Fransanın Luvr şəhərindəki muzeylərin birində xalqımıza aid guşə açılıb və Azərbaycan xalçası ilə həmin tar orada özlərinə yer alıb.

Ümummilli liderə hədiyyə etdiyi ikinci tar birincidən xeyli fərqlənirdi. 1995-ci il may ayının 10-da Bakı şəhərinin Nizami rayonunda paytaxt sakinləri və qonaqlarla görüşü zamanı ulu öndər Heydər Əliyevə hədiyyə olunan tarı əvvəlkindən fərqləndirən  əsasən ümummilli liderin portretinin sədəflə işlənilməsi olub. Xalqımızın ulu öndəri  bu hədiyyədən məmnunluğunu ifadə edərkən "belə bir nadir tar düzəltmisən, bunu çala bilərsənmi" sualına "bəli",- cavabı verən ustad "Şur" muğamının maye hissəsindən bir parça ifa etmişdir.

Tarın hazırlanması saza nisbətən daha çox vaxt tələb edir. Çünki sazla kamançanın hazırlanmasında forma dəzgahlarından istifadə etmək mümkündür. Tut ağacı tarın gövdəsi, qoz isə qol və kəllə hissəsi üçün yararlı hesab edilir. Hər iki alətin üzlənməsində isə inəyin ürək pərdəsindən istifadə olunur.

Tar və kamançanın da, saz kimi, qiyməti müxtəlifdir. Bu da sifarişlə hazırlanmasından və xammal materialından asılıdır. 150-300 manat qiyməti olan tarlar vardır. Üzəri qiymətli daş-qaşlarla bəzədilmiş tar-kamançanın qiyməti sadə işlənmişlərlə müqayisədə bahadır.

Tanınmış virtuoz ifaçılardan olan xalq artisti Ramiz Quliyevlə oğlu Əyyub Quliyevin çaldıqları tarları, xalq artisti Habil Əliyevin kamançasını Balabəy hazırlayıb.

Kamança və saz düzəldən usta Balabəy 2000-ci ildə Bakıda keçirilən Xalq Yaradıcılığı Festivalında iştirak edərək birinci yeri tutmuşdu. Məşhur tar ustası  bu dəfə müsabiqə üçün saz düzəldərək üzərini "Dədə Qorqud" boylarından parçalarla bəzəmişdi. Müsabiqə iştirakçılarının heyranlığına səbəb olan həmin saz hazırda  qardaş Türkiyənin muzeylərinin birində qiymətli musiqi aləti kimi saxlanılır. Ustadın belə əl işləri kifayət qədərdir. Dahi Nizaminin "Xəmsə"sindən illüstrasiyalar  və nəsihətamiz beytlər işlənmiş tar, kamança və qaval (üçlük üçün) Heydər Əliyev Fonduna hədiyyə edilib. Tarın üzərində həmçinin İsgəndərlə Nüşabənin görüşü və Məcnunun Kəbəni ziyarət səhnələri də həkk edilib.

Bu sənəti yaşatmaq onun öyrənilməsindən və öyrədilməsindən çox asılıdır. Sazbəndlər kimi, ustad tarzənlərimizin də sayı çox deyil. Sazbənd Xudunun, Süleyman Mehralıoğlunun düzəltdiyi sazla Balabəy Balabəyovun tarı dünyanı dolaşıb. Bu, fəxr ediləsi haldır, UNESCO və İSESKO-nun xoşməramlı səfiri,  Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin, eləcə də musiqimizin yaşadılması və dünyaya təqdim edilməsi istiqamətində göstərdiyi diqqət və qayğının nəticəsi olaraq aşıq sənətinin və muğamımızın şöhrəti beynəlxalq aləmə yayılıb. Bu kimi klassik mədəni sərvətlərimizin UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi buna görə heç də təsadüfi deyil.

Bu sənəti yaşadıb, onu daha da inkişaf etdirib özümüzdən sonrakı nəsillərə ötürmək isə bizim mənəvi borcumuzdur.

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video