16 Mart 2021 01:26
644
Mədəniyyət
A- A+

Milli-mənəvi mədəniyyət rəmzi - ulu Novruz

 

“Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır”.

 

Heydər ƏLİYEV

 

Novruz xalqımızın mifik düşüncə və təsəvvürlərini özündə yaşadan və bu günümüzə yetirən qədim xalq bayramıdır. Bu bayram çox əski çağlarda Şərq dünyasında həm yazın gəlişi, yeni mövsümün başlanması, əkinçilik və maldarlıq mədəniyyəti ilə bağlı, həm də xalqın mənəvi-əxlaqi dəyərlərini, humanizm və həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən ayin və etiqadlar sistemidir.

Bu gün Novruzun xalq arasında keçirilmə tarixini dəqiq söyləmək qeyri-mümkündür. Lakin bu bayram xalqın ən ülvi duyğularının, sülh, dostluq, birlik, səmimiyyət, mərhəmət hisslərinin yüksək ifadəçisinə çevrilmişdir.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı tarixi sərəncamdan sonra Novruz bayramı dövlət səviyyəsində qeyd edilməyə başladı. Bu isə Novruzla bağlı həqiqətin bərpa olunmasına və bayramın dünya xalqları arasında tanınmasına zəmin yaratdı.

2009-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı və aşıq sənəti UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir. Təqdirəlayiq haldır ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi martın 21-ni “Beynəlxalq Novruz günü” elan etmişdir.

 

Dəyərlərin əzəməti

 

Azərbaycanda səmavi dinlər yaranana qədər  müxtəlif inanclara, suya, oda, ağaca, səma cisimlərinə və s. inam güclü olmuşdur. Uzun əsrlərin keçməsinə baxmayaraq, həmin inamın izləri yaddaşlarda qorunub saxlanmış və indi də davam etməkdədir. Dünya yaranandan suya, oda təmizləyici, qoruyucu funksiya daşıyan müqəddəs varlıqlar kimi baxılmış, onlarla bağlı inanclar meydana gəlmişdir. Ümumilikdə, dünyanın, insanın yaranmasında bilavasitə iştirak etmiş dörd ünsür - Su, Od, Yel, Torpaq islama  qədər milli təfəkkürdə kök salmışdır. Atəşpərəstlik məhz bu mifik təsəvvürlərin qovşağında meydana gəlmiş, Azərbaycan əhalisinin əksəriyyəti oda sitayiş etmiş, onun müqəddəs saymışlar. Odla bağlı ayin və mərasimlər Novruz bayramı kontekstində, Od çərşənbəsi düşüncəsində bu günümüzə qədər gəlib çatmışdır.

Yaşadığımız XXI yüzillik qloballaşma, dünyaya inteqrasiya dövrü olduğuna görə, milli-mədəni dəyərlərimizin öyrənilməsi başlıca vəzifələrdəndir. Novruzun dəqiq yaranma tarixi məlum olmasa da, bayramın mənşəyi, mahiyyəti, adət-ənənələri elmi prinsiplər əsasında tədqiqata cəlb edilmiş, mifik təsəvvürlərlə bağlı mətnlərin yazın gəlişi, yeni əmək mövsümünün başlanmasını əks etdirməsi diqqətə çatdırılmışdır. Əl-Biruni, Ö.Xəyyam, İ.A.Braginski, A.Mets, Y.V.Çəmənzəminli, M.İbrahimov, T.Bünyadov, M.A.Dadaşzadə, M.H.Təhmasib, Ə.Cəfərzadə, A.Nəbiyev və başqaları bu sahədə qiymətli elmi araşdırmalar aparıblar.

 Novruz xalqımızın minilliklər ərzində ümumsivilizasiya dəyərləri kontekstində yaranıb formalaşan kulturoloji silsilələrindən biridir. Novruz estetik düşüncədə hər cür siyasi görüşlərdən uzaq dünyəvi yaz bayramı kimi formalaşmış və tarixən özünün bu əzəli bayram formatını qoruyub saxlayaraq günümüzə qədər gəlib çata bilmişdir. Erkən mifoloji düşüncə ilə bağlı olan və əcdadlarımızdan xalqımıza miras qalan bu mənəvi dəyərlər silsiləsi təbiət hadisələrinə münasibəti, əmək mövsümünün başlanmasını, etik-estetik, mənəvi-əxlaqi görüşləri bədii şəkildə əks etdirmişdir.

 

Astroloji təsəvvürlər

 

Astroloji təsəvvürlərə görə, mart ayının 20-21-i ilin Yazgüntəni (gecə ilə gündüzün bərabərləşdiyi gün) günü Günəş Yer ətrafında 365 gün, 6 saat dövr etdikdən sonra öz yerinə qayıdır, yəni, “Balıqlar” bürcündən çıxıb “Qoç” bürcünə daxil olması ilə yadda qalır. Ona görə də əcdadlarımız ulu Novruz gününü həm də ilin, təqvimin başlanğıcı kimi qəbul etmişlər.

Mənbələrə görə, Mərrix - Mars  deməkdir, mart ayının adı da mars sözü ilə bağlıdır. Tarixin müəyyən məqamlarında Novruz  Fərvərdin, Novbahar, İlkbahar, Qışbitti, İlbaşında, İlyaz, Şahnovruz, Həzrət Novruz, Xızır Novruzu, Xuzur günü  və digər adlar altında keçirilmişdir. Təzə ilin gəldiyi dəqiq vaxt münəccimlər tərəfindən hesablanar, bununla da “təhvil saxlamaq” adəti icra olunardı. Ümumiyyətlə, ötüb keçmiş dövrlərdə ilin təhvil olunma anına xüsusi diqqət yetirilərdi. Hətta əhaliyə ilin təhvil olunduğunu bəyan etmək məqsədilə evlərin damlarında tonqallar qalanar, təbil çalınardı, Novruz  “topu atılar”dı. Bundan əlavə, iltəhvil saatını hər kəs öz evində də müəyyənləşdirə bilərdi, bunun üçün müəyyən məqamlara diqqət yetirmək vacib sayılırdı. Məsələn, adətə görə, xırda balıqların bir anlığa donub qalması, yaxud əksinə, onların sudan quruya can atması, “təhvil suyu” adlandırılan xüsusi qoyulmuş suyun üzərindəki zeytun yarpaqlarının, güzgü üzərində yumurtanın hərəkəti və s. iltəhvil anının göstəriciləri hesab olunurdu. İlin təhvil olunduğu zaman ailə başçısının evinə, ailəsinə xeyir-dua verməyi də xüsusi əhəmiyyət daşıyırdı ki, buna “təhvil-təslim duası” deyilirdi.

Maraqlı adətlərdən biri də budur ki, il təhvil olunduqda evin ən kiçiyi şamları yandırır, evin böyüyü isə səməni  otunu  bir az qayçılayır, sonra onu özündən kiçik ailə üzvlərinə verərdi. Bu adəti kiçikdən tutmuş böyüyə kimi hamı icra etməli idi. Bu ritualdan sonra ailə başçısı öz hədiyyələrini paylayardı. Hədiyyələr arasında qızıl, gümüş, mis pullar, nabat, noğul, bal xüsusi önəm daşıyırdı. Həmçinin bayram günü hamı qırmızı və ya yaşıl rəngdə təzə paltar geyinməli idi.

 

Novruzun adət və ritual sistemi

 

Novruz bayramının möhtəşəm adət və ritual sistemi vardır. Mənbələrə görə (M.Dadaşzadə Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti.”Elm”,Bakı, 1985), həmin adətlər içərisində qıfıl və ya düyünaçma adəti maraq doğurur. Bu adətin məqsədi odur ki, insanların müşkül işləri həll olunsun, çətinliklərdən, əzab-əziyyətdən çıxsınlar. İnanca görə, bayram günü evdə bağlı, düyünlü, qıfıllı heç nə qalmamalı, hətta paltarların yaxası belə açılmış vəziyyətdə olmalı idi.

Mənbələrdə Novruzun axır çərşənbəsində icra olunan ayinlərdən biri də qaşıqla kasa çalmaqdır. Tədqiqatçılar hesab edir ki, “bu adət əkinçi tayfalarının biri digərindən əkin üçün toxumluq dən nümunələri toplamaq adətini xatırladır”. Həddi-büluğa çatmış cavanlar qaş qaralanda qohum-tanışlarının evinə yaxınlaşır, əllərindəki qab-qaşıqla qapıya vurardılar. Bu zaman ev yiyəsi qapını açıb qaba Novruz payı  qoyardı. İnanca görə, Novruz payını alan adam  özünü göstərməməli və heç kimlə danışmamalı idi.

Şalsallama isə əsasən cavanların iştirak etdiyi qədim bir adətdir. Axır çərşənbə axşamı subaylar örpək, kəlağayı, torba, corab, dolça, dəsmal və ya bel şalını götürüb sevib-seçdikləri qızların yaşadığı evlərə gedir, damdan, bacadan, yaxud pəncərədən “şal sallayardılar”. Şalı boş qaytarmaq qəbahət sayılar, onun içinə evdə olan bayram nemətlərini doldurub qoyar və şala bağlayardılar. Şala qızların  toxuduqları corab,  dəsmal və s. əşyaları bağlayar, bununla da oğlana öz razılıqlarını bildirərdilər. Mənbələrə görə, bu adətə Urmiyada da rast gəlmək mümkündür, fərqli cəhət isə ondan ibarətdir ki, cavanlar damdan şal əvəzinə dolça, yaxud kəcavə sallayardılar, bununla da niyyətlərinin boş olmamasına inanardılar.

XX yüzilliyin Şərqin görkəmli şairi olan Şəhriyarın “Heydərbabaya salam” poemasında  Novruz bayramı, onun  adət-ənənələri poetik dillə diqqətə çatdırılır:

 

Bayram yeli çardaxları yıxanda,

Novruzgülü, qarçiçəyi çıxanda

Ağ buludlar köynəklərin sıxanda

Bizdən də bir yad eləyən sağ olsun,

Dərdləriniz qoy dikəlsin, dağ olsun...

 

Aparılan araşdırmalar göstərir ki, Novruz adətləri içərisində qulaq falına çıxma, kuzə ilə fala baxma və folklorumuzda geniş yayılmış vəsfi-hallar da mövcuddur.

Qulaq falı və ya qapıpusma axır çərşənbədə icra olunan adətdir. Bu adət bu gün də el arasında yaşamaqdadır. Çərşənbə və bayram axşamlarında niyyət tutub qonşuların, qohumların evinə yaxınlaşır, qapının arxasından evdə gedən söz-söhbətə, aparılan danışıqlara qulaq verirlər. Adətə görə, eşidilən söz tutulan niyyətin qəbul edilib-edilməyəcəyini müəyyənləşdirir. Ona görə də böyüklər, ağbirçəklər “bayram axşamlarında bir-birinizə xoş sözlər, gözəl arzular bildirin ki, birdən qulaq falına gələn olar”, deyirdilər.

Vəsfi-hallar da əsasən ilaxır çərşənbə axşamında keçirilir. Bu ayinin iştirakçısı da əsasən subay qızlar və qadınlardır.

Novruz bayramının tarixində bəzədilən süfrə və xonçanın ətrafına yığışmaq ən mühüm məqamlardan biridir. Əvvəla qeyd etməliyik ki, ulu babalarımızın etiqadına görə, süfrə başına müxtəlif heyvanları - təkəni, öküzü və s. gətirib əvvəlcə evin-ocağın başına gəzdirib üzərinə quru meyvə, buğda və s. səpib ağzına şəkər verərdilər. Bu ayin əcdadlarımızın ilin hansı heyvan üstündə təhvil olması inancı ilə bağlı idi.

Novruz süfrəsi insan sağlamlığını möhkəmləndirən, ömrünü uzadan müxtəlif nemətlərlə zəngindir.  Bu nemətlər arasında “yeddilərin”, yəni “s” hərfi ilə başlanan nemətlərin - su, səməni halvası, südlü aş, süd, süzmə, səməni şorbası və onun üzərinə səpmək üçün sumaq qoyulmalıdır. Vaxtilə hamı bayram süfrəsinin ətrafına “Novruz topu” atılandan sonra toplaşardı. Bayram axşamı hər evdə bayram plovu dəmlənir, bəzi bölgələrdə quru balıqla bişirilən südlü plov, şirin plov, əriştəli aş, qaralı aş və s. təamlar hazırlanır.

Novruz xonçasının tarixi çox qədim dövrlərlə bağlıdır. Xonçaya düzülən ənənəvi Novruz şirniyyatları, qırmızı alma, boyanmış yumurta və s. hər biri erkən mifoloji təsəvvürləri əks etdirir.

Etiqada görə, Novruz süfrəsində hər ailə üzvünün adına şamlar yandırılır və onları yarımçıq söndürmək olmaz.

***

Novruz həm də “sülh, dostluq, həmrəylik, humanizm” bayramıdır. Bu bayramda hamı öz sevinci ilə paylaşmalı, hər kəs kədərdən uzaq olmalıdır. İnsanlar bu əziz bayramı səbirsizliklə gözləyir, çünki gəlişilə qəlblərə istilik, xoşbəxtlik və xoş duyğular gətirir.

Azərbaycanda mövcud olan milli-mənəvi və multikultural ənənələr dünyanın əksər dövlətlərinə nümunə olacaq mədəni, etik dəyərlərin göstəricisi olduğu kimi, həm də müxtəlif xalqlar arasında möhkəm birliyin, sülhün və həmrəyliyin əyani sübutudur.

 

Ülkər NƏBİYEVA,

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video