18 Sentyabr 2021 00:24
814
PARLAMENT
A- A+

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində 4 məsələyə baxılıb

 

Sentyabrın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videokonfrans formatında keçirilən iclasda 4 məsələyə baxılıb.  Komitə sədri Sadiq Qurbanov əvvəlcə Milli Məclisin 2021-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitədə keçirilən 16 iclasda 18 məsələyə baxılıb. Əsasən mövcud qanunvericilik aktlarına dəyişikliklərdən ibarət olan bir sıra qanun layihələri, həmçinin “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihələri komitədə üç oxunuşda müzakirədən keçərək Milli Məclisdə qəbul edilib.

Yaz sessiyasında bu komitədə baxılan mühüm əhəmiyyətli qanun layihələrindən biri də “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsi olub.

İclasda S.Qurbanov onu da nəzərə çatdırıb ki, hesabat dövründə komitənin təşəbbüsü ilə Milli Məclisdə “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət, perspektiv layihələr və innovativ Qarabağ” mövzusunda onlayn konfrans keçirilib. Həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərində ətraf mühitə və təbiətə qarşı mənfur düşmənin törətdiyi ekoloji terrorla bağlı dünya ölkələrinin parlamentlərinə, ətraf mühit və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara və beynəlxalq konvensiyaların katibliklərinə, beynəlxalq ekoloji qeyri-hökumət təşkilatlarına və fondlarına hesabat dövründə çoxsaylı müraciətlər göndərilib.

Sessiyalar ərzində komitə üzvləri KİV-də müntəzəm çıxışlar ediblər, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının işində fəallıq göstəriblər.

Cari ilin yaz və növbədənkənar sessiyalarında komitəyə daxil olan 287 müraciətə baxılıb, tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib. Əksər müraciətlərin həllinə nail olunub. Hesabat dövründə komitə sədri tərəfindən parlamentdə və yerlərdə 56 görüş keçirilib, vətəndaşlar tərəfindən edilən 313 şifahi müraciətə də həssaslıqla yanaşılıb.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulan qanunvericilik işlərini və müxtəlif səpkili tədbirləri əhatə edən iş planı müzakirə olunub. İş planında aidiyyəti qurumlarla birgə həyata keçiriləcək tədbirlər sırasında “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin, eləcə də Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiyanın təşkili, qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi, su problemi və suyun keyfiyyəti barədə müzakirələrin təşkili, işğaldan azad edilmiş ərazilərimizdə ekoloji vəziyyətin təhlili və digər bu kimi mühüm məsələlərin də yer alması razılıqla qarşılanıb.

Onlayn iclasda gündəlikdəki növbəti məsələni təqdim edən deputat Sadiq Qurbanov birinci oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsini ətraflı şərh edib. Komitə sədrinin məlumatı dinlənildikdən sonra fikir mübadiləsi aparılıb, yekunda bu qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda aparılan müzakirələrdə komitə sədrinin müavini Asim Mollazadə, deputatlar Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Naqif Həmzəyev, İltizam Yusifov, Afət Həsənova gündəlikdəki məsələlərə münasibət bildiriblər, komitənin işi ilə bağlı rəy və təkliflərini diqqətə çatdırıblar.

Komitənin iclasında deputat Əliabbas Salahzadə, Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov da iştirak ediblər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video