08 Oktyabr 2021 12:28
638
PARLAMENT
A- A+

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Baş naziri Eduard Heger ilə görüşüb

 

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfəri çərçivəsində ölkənin Baş naziri Eduard Heger ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Slovakiya Respublikasının Baş naziri Milli Məclisin sədrini salamlayaraq, Azərbaycanın Slovakiya üçün dost ölkə olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Eduard Heger iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini xüsusilə qeyd edib. O, COVID-19 pandemiyasına qarşı mübarizə istiqamətində Slovakiyada görülən işlər və pandemiya ilə bağlı cari vəziyyət barədə Milli Məclisin sədrinə məlumat verib, Azərbaycanda bu sahədə atılan addımlarla maraqlanıb.

Sahibə Qafarova nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Spiker bu səfərin Azərbaycan Respublikası Milli Məclisinin sədri səviyyəsində Slovakiyaya ilk səfər olduğunu qeyd edib və ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcək.

Parlamentlərarası əlaqələrin hazırkı səviyyəsi haqqında da danışan Milli Məclisin sədri qeyd edib ki, qanunverici orqanlar arasında əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili Azərbaycanla Slovakiya arasında münasibətlərin inkişafına xidmət edir. İki ölkənin parlamentləri bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər.

Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə haqqında Baş nazirə geniş məlumat verən spiker Sahibə Qafarova qeyd edib ki, bu zəfər nəticəsində Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa edib. Bununla ölkəmiz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını öz gücü hesabına həyata keçirib. Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirdiyini vurğulayan Sahibə Qafarova deyib ki, ölkəmiz Ermənistanın 30 illik işğalı dövründə erməni vandalları tərəfindən tamamilə dağıdılan, məhv edilən şəhər və rayonları, yaşayış məntəqələrini, infrastrukturu, mədəni, tarixi və dini abidələri bərpa edir, yenidən qurur.

Milli Məclisin sədri, həmçinin Ermənistanın bölgədə daimi sülhün və təhlükəsizliyin təmin edilməsinə mane olan təxribatları barədə də məlumat verib. O, Ermənistanın silahlı cinayətkar terrorçu qrupları işğaldan azad olunan ərazilərə göndərməsi, 10 noyabr bəyanatından sonra saxlanılan terrorçuları hərbi əsirlər kimi təqdim etməyə çalışması, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi haqqında faktları diqqətə çatdırıb. Spiker xüsusilə vurğulayıb ki, bu günədək Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində 150 nəfər mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb. Bu isə bir daha onu göstərir ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozmağa davam edir.

Söhbətdə spiker Sahibə Qafarova Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizədə görülən işlər, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə reallaşan beynəlxalq tədbirlər barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova Baş nazir Eduard Hegerə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video