Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətimiz Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərində səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 27-də keçirilən Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında “Demokratiyanın üzləşdiyi müasir çağırışlar: parçalanmanın öhdəsindən gəlmək və icma quruculuğu” mövzusunda müzakirələr aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova Assambleyada çıxış edib. O, deyib ki, hazırda yaşadığımız dövr öz mürəkkəb çağırışları ilə dünya birliyi üzərinə ağır yük qoyur. Hətta, artıq bir sıra dövlətlər problemlərin öhdəsindən çətinliklə gəlirlər, bəzən isə onları həll edə bilmirlər. COVID-19 pandemiyası və pisləşən iqtisadi vəziyyət durumu bir qədər də mürəkkəbləşdirir. Bu da gələcəkdə cəmiyyətlərin daha da qütbləşməsinə gətirib çıxara və siyasi sistemlərə inamsızlıq yarada bilər.
Sahibə Qafarova çıxışında bildirib ki, ifadə azadlığı və dezinformasiya arasında olan incə xəttin tamamilə silinmək təhlükəsi var. Belə şəraitdə milli parlamentlər öz fəaliyyətlərini hərtərəfli qurmalıdırlar. Onun sözlərinə görə, məsələyə təkcə qanunvericilik prizmasından deyil, daha geniş aspektdə yanaşan parlamentlərin parçalanmanın qarşısını almaq və cəmiyyətlər arasında körpülər yaratmaq şansları var. Parlamentlər seçkili nümayəndələrin, hökumətin və vətəndaş cəmiyyətinin birgə səylərinin mərkəz nöqtəsi kimi öz rollarını gücləndirməlidir. Ən əsası isə bu səylər təkcə parlamenti əhatə etməməli, bütün siyasi sistemə yayılmalı və bütün cəmiyyəti əhatə etməlidir. Dezinformasiya ilə bağlı vəziyyət parlamentlərimiz tərəfindən ifadə azadlığının daha da gücləndirilməsi, dezinformasiyanın və onun təhlükəli fəsadlarının aradan qaldırılması üçün qanunvericilik sahəsində daha qəti addımların atılmasını tələb edir.
Spiker Sahibə Qafarova xatırladıb ki, dünya birliyi pandemiyanın törətdiyi mövcud çətinliklərə hazır deyildi və vəziyyətə dair lazımi addımların atılması üçün bir müddət vaxt keçdi. İndi biz növbəti addımlara hazır olmalıyıq və gələcəkdə mümkün problemlərin daha yaxşı həlli üçün COVID-dən sonrakı bərpa mərhələsinə daha çox diqqət yetirməliyik. Milli Məclisin sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT çərçivəsində COVID-19-a qarşı yüksək səviyyəli qlobal bərpa paneli yaratmaq təşəbbüsü ilə çıxış edib. Bu panel pandemiyadan sonrakı dövrdə qlobal səviyyədə görüləcək tədbirlərə dair tövsiyələrin hazırlanmasına yönəlməlidir. Hesab edirəm ki, bu təşəbbüsə uyğun olaraq, biz - parlamentarilər yaxın gələcəkdə pandemiya bitdikdən sonrakı mərhələ ilə bağlı müzakirələrə keçməliyik.
Sahibə Qafarova söyləyib ki, sülh və təhlükəsizliyin təşviq olunması demokratiyanın inkişafı, insan hüquqlarının müdafiəsi və davamlı inkişafın təmin edilməsi üçün çox mühüm vasitədir. O, qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistanın 30 il davam edən işğalından azad edilməsi bizə bu ərazilərdə genişmiqyaslı bərpa proqramlarına başlamağa imkan verib. Bu işlər bizim 1 milyon məcburi köçkünümüzün öz yurdlarına qayıtmasını təmin edəcək.
Parlamentin sədri bildirib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanat Ermənistan və Azərbaycan arasında münaqişəyə son qoyub. İndi suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi üzrə sülh sazişi üzərində işə və sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamaq lazımdır. O qeyd edib ki, Azərbaycan dəfələrlə Ermənistanla münasibətlərin normallaşdırılmasına hazır olduğunu nümayiş etdirib və bir sıra təkliflər irəli sürüb. Ümid edirik ki, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da keçirilmiş son görüşü nəzərəçarpacaq nəticələr verəcək, sülh sazişinin imzalanmasını və regionda kommunikasiyaların bərpasını təmin edəcək.
Milli Məclisin spikeri vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, özünün güclü dəstəyi ilə və parlamentlərarası əməkdaşlığa sadiqliyinin bariz nümunəsi olaraq təşkilatın parlament ölçüsünün inkişafı təşəbbüsü ilə çıxış edib. Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası Assambleya çərçivəsində noyabrın 28-də keçiriləcək.
Parlamentin sədri qeyd edib ki, Qoşulmama Hərəkatının parlamentariləri arasında münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi sülhün, demokratiyanın və davamlı inkişafın möhkəmlənməsinə dair qlobal səviyyədə daha səmərəli səylərin göstərilməsinə xidmət edəcək və həmçinin Parlamentlərarası İttifaqın təşviq etdiyi prinsiplərə tam uyğundur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır ...
25 Aprel
Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb
25 Aprel
Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə ...
25 Aprel
Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəst...
25 Aprel
Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümun...
25 Aprel
İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub ...
25 Aprel
Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək ...
25 Aprel
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!