18 Oktyabr 2021 22:40
1227
PARLAMENT
A- A+

Milli Məclisin sədri Sahibə Qafarova NATO nümayəndə heyəti ilə görüşüb

 

Oktyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarova NATO baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin sədri qonaqları salamlayaraq, Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında fəal iştirak etdiyini söyləyib. Deyib ki, ötən müddət ərzində əməkdaşlığımız uğurla inkişaf edib. Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan beynəlxalq sülhün qorunmasına öz töhfəsini verir, təşkilata assosiativ üzv kimi NATO-nun sülhyaratma missiyalarında fəal iştirak edir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, NATO-nun sülhməramlı əməliyyatlarında iştirak əməkdaşlığımızın mühüm tərkib hissəsidir. Bu baxımdan, NATO əsgərləri ilə çiyin-çiyinə Əfqanıstanda azərbaycanlı əsgərlərin son günədək xidmətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan NATO-nun Qadınlar, sülh və təhlükəsizlik proqramı çərçivəsində də fəaldır.

Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyası ilə əlaqələri haqqında danışan Sahibə Qafarova deyib ki, təşkilatla sıx əməkdaşlığımız mövcuddur. Milli Məclisin nümayəndə heyəti təşkilatın sessiyalarında və seminarlarında iştirak edir.

Görüşdə Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər barədə məlumat verən Milli Məclisin sədri bildirib ki, 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayıb. Ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünə torpaqlarını işğaldan azad edərək, BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı qətnamələrini həyata keçirib. S.Qafarova deyib ki, bu gün artıq Qarabağ münaqişəsi tarixə qovuşub. Ölkəmiz hazırda Qarabağda quruculuq və bərpa işləri aparır, hava limanları, yollar, körpülər, digər infrastruktur obyektləri qurur. Azərbaycan regionda sülh və əmin-amanlığın bərpa olunmasını istəyir. Ermənistan isə yenə təxribatlara əl atmaqda davam edir. O deyib ki, 10 noyabr Bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Söhbətdə Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən NATO Baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Milli Məclisin sədrinə Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb, ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə edib. O bildirib ki, pandemiya səbəbindən səfərlərin həyata keçirilməsində çətinliklər yaransa da, onun regiona bu səfəri NATO Baş katibinin tapşırığı ilə həyata keçirilir. Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində iştirakına görə təşəkkür edən qonaq təşkilata assosiativ üzv olan Azərbaycanla əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb. O, Azərbaycanla təmsil etdiyi qurum arasında münasibətləri yüksək dəyərləndirib.

Görüşdə Milli Məclisin NATO PA-da nümayəndə heyətinin başçısı, parlamentin komitə sədri Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video