12 Aprel 2021 19:18
717
PARLAMENT
A- A+

Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri ilə görüşüb

 

Aprelin 12-də Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sədr qonağı salamlayaraq, bu səfərin parlamentlərarası əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, tarixən qədim köklərə malik olan Azərbaycanla İtaliya arasında əməkdaşlığın ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib. Qeyd olunub ki, münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rolu olub. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir.

Milli Məclisin sədri siyasi, iqtisadi sahələrlə yanaşı, mədəni, humanitar, elm və təhsil sahələrində də əməkdaşlığımızın yüksək səviyyədə olduğunu qeyd edərək bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun və UNESCO-nun xoşməramlı səfiri kimi İtaliyada həyata keçirdiyi layihələr geniş ictimaiyyətə yaxşı məlumdur. Bu cür layihələr ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

Azərbaycan-İtaliya münasibətlərinin inkişafında parlamentlərin də rolunu vurğulayan Sahibə Qafarova bildirib ki, son illər Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yaranıb. Bu gün ölkələrimizin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Qarşılıqlı həyata keçirilən yüksəksəviyyəli səfərlər bu əlaqələrin daha da dərinləşməsinə imkan verir.

Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə haqqında da qonağa məlumat verən sədr vurğulayıb ki, həmin dövrdə bir çox italiyalı parlamentari Azərbaycanın haqq işinə öz dəstəklərini ifadə edib. Qeyd olunub ki, Ermənistan 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı Azərbaycan torpaqlarında böyük dağıntılar, vandalizm aktları törədib, şəhərləri, evləri, kəndləri, tarixi, mədəni və dini abidələri tamamilə dağıdıb. Çox təəssüf ki, Ermənistan yenə də cinayətkar fəaliyyətdən əl çəkmir və bütün çağırışlara baxmayaraq, növbəti dəfə hərbi cinayət törədir, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bunun nəticəsi olaraq, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Hesab edirəm ki, bu hərbi cinayətin qarşısının alınması üçün sülh və təhlükəsizliyi təhdid edən bu addıma qarşı beynəlxalq ictimaiyyət də öz mövqeyini ortaya qoymalıdır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli İtaliya Respublikası Senatının sədri, senator xanım Maria Elisabetta Alberti Kaselattinin salamlarını Milli Məclisin sədrinə çatdırıb. Bu gün Azərbaycanla İtaliya arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu bildirən Vito Petroçelli xüsusilə enerji sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğulayıb.

Qonaq ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin İtaliya parlamentinin hər iki palatasının Azərbaycan parlamenti ilə əlaqələrində də özünü göstərdiyini bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Respublikası Senatının sədri, senator xanım Maria Elisabetta Alberti Kaselattinin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını İtaliya Senatının sədrinə çatdırmağı xahiş edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video