09 Aprel 2021 19:08
789
PARLAMENT
A- A+

Milli Məclisin sədri Sahibə Qafarova BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti ilə görüşüb  

 

Aprelin 9-da Milli Məclisin sədri Sahibə Qafarova BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlamentin sədri qonaqları səmimi salamlayaraq, Azərbaycanın BMT ilə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Qeyd edilib ki, ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilatın orqanları ilə sülh və təhlükəsizlik məsələlərinə dair müzakirələrdə fəal iştirak edir, qurumun xətti ilə keçirilən tədbirlərə öz layiqli töhfəsini verir. Heç də təsadüfi deyildir ki, müstəqil Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü olduğu dövrdə Prezident İlham Əliyevin sədrliyi ilə terrorizmlə mübarizə və BMT ilə İslam dünyası arasında tərəfdaşlıq məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüşlər keçirilib. Ölkəmiz beynəlxalq təhlükəsizliyə dair mühüm qərarların qəbul olunmasında yaxından iştirak edib. Azərbaycan sülhməramlıları BMT-nin mandatı ilə bu gün də Əfqanıstanda və Cənubi Sudanda sülhüqoruma əməliyyatlarında fəal iştirak edirlər.

Sahibə Qafarova bildirib ki, Azərbaycan qlobal xarakterli məsələlərin həllində də səylərini əsirgəmir. Belə ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin təklifi ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. Sessiyada bu məsələdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Milli Məclisin sədri qonağın təmsil etdiyi təşkilatla ölkəmiz arasında “2021-2025-ci illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi sənədi”nin imzalanmasını yüksək dəyərləndirib.

Söhbət zamanı Sahibə Qafarova artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi 4 qətnaməsini xatırlayaraq, 44 günlük Vətən müharibəsi dönəmində bu sənədlərin Azərbaycanın özü tərəfindən icra edildiyini və ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu söyləyib. Ancaq işğaldan azad olunmuş ərazilərimizdə minalanmış sahələrin xəritələrini Ermənistan dövləti hələ də təqdim etmir. Bu isə müharibə cinayətidir və təhlükəsizliklə bağlı çox böyük problemlər yaradır. Biz bu məsələdə beynəlxalq birliyin dəstəyinə ümid edirik. Bu xəritələrin təqdim edilməsi Qarabağda bərpa işlərinin daha sürətlə aparılmasına təkan verəcək.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Volkan Bozkır BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti kimi ilk səfərlərindən birini Azərbaycana etməsindən qürur duyduğunu söyləyib. Bildirilib ki, BMT bu təşkilat üçün çox önəmli ölkə olan Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır.

Volkan Bozkır deyib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiya dövründə BMT-nin xüsusi sessiyasının keçirilməsi beynəlxalq aləmdə geniş rezonans doğurub. Biz pandemiya ilə əlaqədar Azərbaycanın digər ölkələrə və qurumlara göstərdiyi yardımları yüksək dəyərləndiririk. İndi hamılıqla birlikdə postpandemiya dövrünə - yeni çağırışlara hazır olmalıyıq.

Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video