19 May 2021 20:16
1054
PARLAMENT
A- A+

Milli Məclisin sədri Romada İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb

 

Mayın 19-da Milli Məclisin sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində Romada Monteçitorio sarayında İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Roberto Fiko Azərbaycan nümayəndə heyətini salamlayaraq, Milli Məclisin sədri ilə görüşdən məmnun olduğunu bildirib. Ölkələrimizin əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirən Roberto Fiko tərəflər arasında müzakirə edilməli mövzuların spektrinin geniş olduğunu deyib. Qarabağ münaqişəsinin başa çatmasından söz açan palata sədri sülhün davamlı olacağına inamını söyləyib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Milli Məclisin sədri dost və strateji tərəfdaş olan İtaliya Respublikasına ilk səfərindən məmnunluğunu ifadə edib. Bildirib ki, bu səfərin bütün dünyanı bürüyən pandemiya dövründə baş tutması Azərbaycan ilə İtaliya arasındakı münasibətlərin yüksək səviyyədə inkişafından xəbər verir.

Milli Məclisin sədri bildirib ki, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərimizin inkişafına yeni təkan verib. Xüsusilə 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri ölkələrimiz arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan ilə İtaliyanın siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrinin inkişafının möhkəm hüquqi bazasını təşkil edir.

Bildirilib ki, Azərbaycan ilə İtaliya arasında mədəni sahədə münasibətlər də strateji tərəfdaşlıq ruhuna uyğun inkişaf etməkdədir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2018-ci ildə İtaliyaya rəsmi səfəri, Fondun İtaliyada mədəni abidələrin qorunması və bərpasında yaxından iştirakı, 2019-cu ildə İtaliyada ikinci Azərbaycan Film Festivalının keçirilməsi, 2020-ci ilin İtaliyada “Azərbaycan mədəniyyəti ili” elan edilməsi bu fikri bir daha təsdiqləyir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir il kimi daxil olub. Ölkəmiz öz torpaqlarını Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edib. Milli Məclisin sədri Azərbaycanın ədalətli mövqeyinə dəstək ifadə edən bütün italiyalı parlamentarilərə dərin təşəkkürünü bildirib.

S.Qafarova xüsusi vurğulayıb ki, artıq Qarabağ münaqişəsi başa çatıb və Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində yeni dövr – bərpa və yenidənqurma dövrü başlayıb. Amma bunun üçün azad edilmiş ərazilər, ilk növbədə, minalardan təmizlənməlidir. Sahibə Qafarova deyib ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycan verməkdən imtina edir. Bunun beynəlxalq hüquqa görə müharibə cinayəti olduğunu bildirən Milli Məclisin sədri qeyd edib ki, beynəlxalq ictimaiyyət bu məsələyə biganə qalmamalıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, parlamentlərarası dialoqun bundan sonra da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video