28 Oktyabr 2011 01:10
852
Milli Məclis
A- A+

Milli Məclisin Sədri Oqtay Əsədov: «Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar status-kvo dəyişməlidir»

 

Oktyabrın 27-də Milli Məclisin Sədri Oqtay Əsədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Sədr qonaqları salamlayaraq bu cür görüşlərin münasibətlərimizin  dərinləşməsinə xidmət etdiyini söylədi. Bildirildi ki, Avropa İttifaqının bölgəyə xüsusi diqqəti regiondakı münaqişələrin ədalətli həllinə inamı artırır.

Söhbətdə spiker dedi ki, Azərbaycan Avropaya inteqrasiya prosesinin fəal iştirakçılarındandır. Avropa İttifaqı ilə əməkdaşlıq ölkənin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Biz Avropa Parlamenti ilə də əlaqələrin genişlənməsində maraqlıyıq. Bu baxımdan, Avropa Qonşuluq Siyasəti proqramının Cənubi Qafqazda təhlükəsizliyin qorunmasına töhfə verəcəyinə inanırıq. Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində də əlaqələrimiz yüksək səviyyədədir. Bununla yanaşı, istərdik ki, Avropa İttifaqının qonşu ölkələrlə siyasəti daha tarazlı olsun. Qarşılıqlı şəkildə tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi vacib məsələlərdəndir. Qarşı tərəfin Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dəstək verməsi bu baxımdan bizim üçün çox önəmlidir.

Görüşdə sədr vurğuladı ki, sürətlə inkişaf edən Azərbaycan demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayır. Ölkəmiz regionda lider və etibarlı tərəfdaş imici qazanmışdır. Azərbaycan bütöv bir bölgənin iqtisadi tərəqqisinə  xidmət edə biləcək qlobal layihələrin fəal iştirakçısıdır. Regiondakı strateji əhəmiyyətli heç bir layihə bu gün Azərbaycansız gerçəkləşə bilməz. Ölkəmiz Avropanın enerji təhlükəsizliyi sisteminə öz layiqli töhfəsini verməkdədir.

Bütün bunlarla yanaşı, Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına və Avropaya inteqrasiya proseslərinə böyük maneçilik törədir. Münaqişənin uzun müddət həll olunmaması Avropa təhlükəsizliyini də təhdid edir. Biz problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq. 20 ilə yaxındır ki, problemin həlli  ilə ATƏT-in Minsk qrupu məşğul olur. Təəssüflər olsun ki, məsələnin həllində hələ ki real bir nəticə yoxdur. Bu qeyri-müəyyənlik doğma yurd-yuvalarından didərgin düşmüş insanları, bütün ölkə vətəndaşlarını çox narahat edir. Bəzən bizə deyirlər ki, münaqişəyə cəlb olunmuş tərəflər öz aralarında razılığa gəlsinlər, biz də bunu dəstəkləyərik. Onda sual olunur: belə halda vasitəçilik missiyasına nə ehtiyac var?

BMT-nin, Avropa Şurasının, digər nüfuzlu qurumların qətnamə və qərarlarına məhəl qoymayan Ermənistan bu gün də işğalçılıq siyasətini yeritməkdə davam edir. Bəzən BMT-nin müəyyən məsələ ilə bağlı qəbul etdiyi qərar çox tez bir zamanda dünya dövlətləri tərəfindən həyata keçirilir. Nədənsə Dağlıq Qarabağ problemi ilə bağlı biz bu qətiyyəti müşahidə etmirik.

Ancaq bir həqiqət var ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar status-kvo dəyişməlidir. Problem uzun müddət öz həllini gözləyə bilməz. Təəccüblü deyil ki, nüfuzlu beynəlxalq qurumların məsələyə  bu cür münasibəti işğalçı Ermənistanı daha da ruhlandırır. İqtisadiyyatı bərbad olan Ermənistan indi də işğal olunmuş Azərbaycan torpaqlarından keçməklə Ermənistana yol çəkmək istəyir. Onlar anlamalıdırlar ki, Azərbaycana sərmayə yatırırlar, çünki gec-tez bu ərazilər bizə qaytarılacaq. Bu, beynəlxalq hüququn tələbidir. Göründüyü kimi, danışıqlar prosesini pozmaq üçün rəsmi Yerevan təxribat xarakterli hərəkətlərindən əl çəkmir.

Biz 2010-cu ildə Avropa İttifaqının Cənubi Qafqaz üzrə strategiyasına dair qəbul etdiyi qətnaməni yüksək qiymətləndirir, bunu pozitiv addım hesab edirik. Sənədə səs vermiş siyasətçilər, əslində, Azərbaycanın haqq səsinə, beynəlxalq hüquqa və ədalətə səs vermişlər. İnanırıq ki,  beynəlxalq birliyin səyi nəticəsində Dağlıq Qarabağ münaqişəsi tezliklə öz məntiqi həllini tapacaqdır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə xalqımızı və Milli Məclisin Sədrini təbrik etdi. O, belə bir fikri vurğuladı ki, bu, Azərbaycan diplomatiyasının qələbəsidir, aparılan düzgün xarici siyasətin nəticəsidir.

Qeyd edildi ki, Avropa İttifaqı Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük önəm verir. Regionda baş verən proseslər diqqətlə izlənilir. Filip Lefort söylədi ki, biz Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirir və onun bölgədə oynadığı rolu yaxşı başa düşürük. Bu baxımdan, Avropa İttifaqı regiondakı münaqişələrin sülh yolu ilə ədalətli həllində maraqlıdır.

Söhbətdə ikitərəfli əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı Roland Kobia və digər rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video