15 Sentyabr 2021 18:35
1003
PARLAMENT
A- A+

Milli Məclisin sədri İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb

 

Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova qonaqları salamlayaraq, görüşün xalqımız üçün çox əlamətdar bir gündə baş tutduğunu deyib. O, 103 il əvvəl sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edildiyini xatırladıb. S.Qafarova ölkələrimizin hər zaman bir-birinə dəstək göstərdiklərini qeyd edərək, bu gün də münasibətlərimizin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri bu il iyulun 27-də Milli Məclisdə keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşündən danışıb, tədbirin yekununda imzalanan Bakı Bəyannaməsinin ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

Milli Məclisin sədri 44 günlük Vətən müharibəsi haqqında da məlumat verib. Deyib ki, artıq tarixə qovuşmuş münaqişənin həlli ilə bağlı 30 ilə yaxın davam edən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə verməmişdir. Ermənistan müxtəlif təxribatlar törədərək, danışıqlar prosesinə mane olmuş, torpaqlarımızı işğal altında saxlamağa çalışmışdır. Lakin ötən il ölkəmiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa edib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər ərzində kağız üzərində qalan 4 qətnaməsini özü icra edib. İndi işğal nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün zəmin yaranıb. Təəssüf ki, Ermənistan yenə də öz təxribatçı əməllərindən əl çəkmir və sülhün bərpa olunmasına, quruculuq, abadlıq işlərinə maneə törədir.

Qonaqların işğaldan azad olunmuş şəhər və rayonlarımıza səfər edəcəklərini bildirən Sahibə Qafarova vurğulayıb ki, onlar həmin ərazilərdə Ermənistan tərəfindən törədilən vəhşilikləri öz gözləri ilə görəcəklər. Onun sözlərinə görə, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. Bu ərazilər, sözün həqiqi mənasında, Xirosimanı xatırladır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və bərpa işləri həyata keçirilir.

İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş ombudsmanı Şərəf Malkoç göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana səfər etdiklərini xatırladan Baş ombudsman səfər çərçivəsində Gəncə, Ağdam, Mingəçevir və Tərtərdəki vəziyyətlə tanış olduqlarını, Ermənistandan atılan raketlər nəticəsində həyatlarını itirən azərbaycanlı qardaşlarımızın məzarlarını ziyarət etdiklərini, yaxınları ilə görüşdüklərini deyib. Həmin dövrdə hazırladıqları hesabatı Türkiyə və Azərbaycanda müvafiq qurumlara təqdim etdiklərini, həmçinin həmin hesabatı BMT-yə və beynəlxalq insan haqları təşkilatlarına göndərdiklərini bildirib. Şərəf Malkoç qeyd edib ki, budəfəki səfər çərçivəsində isə Ağdam, Tərtər, Şuşa və ətraf rayonlara səfər edəcəklər. Nümayəndə heyəti Ermənistanın Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələri dağıtması və məhv etməsi barədə faktlarla yerində tanış olacaq. O, həmçinin Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin təqdim olunmamasını beynəlxalq hüququn kobud pozuntusu kimi dəyərləndirərək, bununla bağlı müvafiq hesabat hazırlanaraq BMT-yə və insan hüquqları ilə məşğul olan beynəlxalq qurumlara göndəriləcəyini vurğulayıb.

Görüşdə çıxış edən Pakistan İslam Respublikası Ombudsmanının müşaviri Məhəmməd Cavid Qani də ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini qeyd edərək, Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu deyib. Bildirib ki, Pakistan Azərbaycanla əməkdaşlığının dərinləşməsinə böyük əhəmiyyət verir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Türkiyə Respublikasının ombudsmanı Celile Özlem Tunçak, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı və digər rəsmi şəxslər də görüşdə iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video