15:37 16 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib
ANA SƏHİFƏ / PARLAMENT
21:02 23.04.2021

 

Aprelin 23-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb.

Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Fazil Mustafa, Nurlan Həsənov, Hikmət Məmmədov, Cavid Osmanov, Əli Məsimli, Bəhruz Məhərrəmov, Jalə Əliyeva və Elman Nəsirov seçiciləri narahat edən məsələlərlə bağlı qeyd və təkliflərini səsləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün iclasda 18 məsələ müzakirə olunacaq. Gündəliyin birinci məsələsi İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatıdır. Məlumat deputatlara paylanılıb. Məsələ Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilib.

Sonra daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını təqdim edib. Nazir müavini insan alveri ilə mübarizə sahəsində qanunvericilik tədbirləri, profilaktika və maarifləndirmə işləri, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş barədə ətraflı məlumat verib, insan alveri ilə mübarizənin nəticələrinə dair statistik göstəriciləri diqqətə çatdırıb.

İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə işlərindən danışan Seyfulla Əzimov diqqətə çatdırıb ki, pandemiya ilə əlaqədar ölkəmizdə sosial izolyasiya tədbirlərinin tətbiqinə başlanıldığı 2020-ci il 14 mart tarixinədək olan müddətdə daxili işlər orqanları tərəfindən insan alveri ilə bağlı orta-ixtisas və ali təhsil müəssisələrində 350-dən çox görüş, yığıncaq və konfrans keçirilib. Pandemiya dövründə isə maarifləndirmə işi onlayn formatda həyata keçirilib. Bütün bunlar ölkəmizdə insan alverinə qarşı mübarizədə sistemli iş aparıldığının göstəricisidir.

Qeyd olunub ki, 2020-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 cinayət işi üzrə 155 insan alveri faktı, 2 cinayət işi üzrə 5 məcburi əmək və 40 insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair cinayət faktları müəyyən edilib. Ümumilikdə, insan alveri üzrə cinayətlərin açılması 98 faiz, məcburi əmək cinayətlərinin açılması isə 100 faiz təşkil edib. İnsan alveri cinayətləri törətdiklərinə görə 20 şəxs məhkəmə məsuliyyətinə verilib. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin cəzası isə uşağı 14 yaşına çatanadək təxirə salınıb.

Ümumilikdə 2020-ci ildə müəyyən olunmuş 94 insan alveri qurbanından 93-ü Azərbaycan vətəndaşı, 1-i isə əcnəbi olub. Zərərçəkənlərə müvafiq kömək göstərilib, hər birinə 700 manat birdəfəlik vəsait ödənilib. Qurbanların uşaqları da diqqət mərkəzində saxlanılıb, onların cəmiyyətə inteqrasiyası təmin olunub.

Nazir müavini qeyd edib ki, BMT-nin sonuncu hesabatına görə, dünya üzrə əhalinin hər 100 min nəfərinə 13 qurban düşdüyü halda, respublikamızda bu göstərici 1 nəfər təşkil edir. Təbii ki, bu və digər uğurlar dövlətimizin əhalinin sosial rifah halının davamlı olaraq yüksəlməsi üçün həyata keçirdiyi uğurlu tədbirlərin nəticəsidir.

Seyfulla Əzimov çıxışının sonunda qanunvericilik sahəsində səmərəli əməkdaşlığa görə Milli Məclisin üzvlərinə təşəkkürünü bildirib.

Sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatına münasibət bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanda insan alverinə qarşı mübarizə 2003-cü ildə ölkəmizin BMT-nin müvafiq “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyası”nı və onu tamamlayan aktları ratifikasiyasından sonra daha sistemli xarakter alıb. Bundan sonra Azərbaycanda insan alverinə qarşı mübarizə üçün müvafiq qanunvericilik bazası formalaşdırılıb, Daxili İşlər Nazirliyində Baş İdarə yaradılıb, daxili işlər nazirinin birinci müavini səviyyəsində Milli Koordinator müəyyənləşdirilib, Milli Fəaliyyət planları həyata keçirilib və bu gün də bu iş davam etdirilir.

Komitə sədri builki məlumatda tətbiq edilmiş yenilikləri diqqətə çatdırıb, bu sahədə dünya təcrübəsi barədə fikirlərini bölüşüb.

Müzakirələr zamanı Milli Məclisin komitə sədrləri Musa Quliyev, Hicran Hüseynova, Siyavuş Novruzov, Tahir Rzayev, deputatlardan Aqiyə Naxçıvanlı, Fazil Mustafa, Elman Nəsirov, Etibar Əliyev, Azər Badamov, Qüdrət Həsənquliyev, Sahib Alıyev, Sabir Rüstəmxanlı, Arzu Nağıyev və Nizami Səfərov ölkəmizdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatına münasibət bildiriblər, qeyd və təkliflərini veriblər.

Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov iclasda səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı səsə qoyularaq nəzərə alınıb.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin təqdimatı dinlənilib və gündəliyin ikinci məsələsi - “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq olunub. Layihədə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə nəzərdə tutulur.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti iki məsələ – “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Veteranlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri parlamentə bir məktubla daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

Həmin qanun layihələrini Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı təqdim edib. Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri bildirib ki, gündəliyin növbəti iki məsələsi – “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri Milli Məclisə eyni zərfdə daxil olub və mahiyyətcə bir-birinə yaxın layihələrdir.

Bu layihələr barədə də parlamentin komitə sədrinin müavini Məlahət İbrahimqızı məlumat verib. Bildirilib ki, hər iki qanun layihəsinə təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, gündəliyin növbəti iki məsələsində nəzərdə tutulan dəyişikliklər dəqiqləşdirmə xarakteri daşıyır və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq bir oxunuşda qəbul ediləcək.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib və layihə səsə qoyularaq qəbul olunub.

“Elm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib. Bildirib ki, dəyişiklik elm və innovasiyaların inkişafına xidmət edir.

Deputatlardan Qüdrət Həsənquliyevin, Razi Nurullayevin və Etibar Əliyevin fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti 6 məsələsi mahiyyətcə bir-birinə yaxındır və ölkədə tibbi xidmətlərin təşkili ilə əlaqədar olaraq 50 qanun layihəsinə dəyişiklikləri nəzərdə tutur. Bunlardan 4 məsələ uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda qəbul ediləcək, digər 2 məsələ isə birinci oxunuşda müzakirəyə çıxarılır. Səsvermə isə ayrı-ayrılıqda keçiriləcək.

Qanun layihələri barədə məlumat verən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, ümumilikdə gündəlikdəki növbəti 6 məsələ 50 qanuna dəyişiklik edilməsini özündə birləşdirir.

Bu qanun layihələrində nəzərdə tutulan dəyişikliklər “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanından irəli gələn məsələlərlə əlaqədardır.

Sözügedən Fərmana uyğun olaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq qanun layihələrinin qəbulu təklif olunur. Ümumilikdə 131 maddə üzrə nəzərdə tutulan dəyişiklərin böyük əksəriyyəti mərkəzi icra hakimiyyəti orqanı ilə müvafiq publik hüquqi şəxsin mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, səhiyyə və tibb müəssisələrinə münasibətdə səlahiyyət bölgüsünün hüdudlarının dəqiq müəyyənləşdirilməsini ehtiva edir. Yəni, ismin müvafiq hallarında terminoloji baxımdan “orqan” və ya “Səhiyyə orqanları” sözləri “müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilir, eləcə də bütün layihə boyu “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilir.

Sonra Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Gənclər siyasəti haqqında” və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, gündəliyin növbəti 2 məsələsi də parlamentə bir zərfdə daxil olub və birinci oxunuşda müzakirəyə təqdim edilir.

Sonra Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli iclasın gündəliyindəki “Dini etiqad azadlığı haqqında” Qanuna təklif edilən dəyişikliklər barədə (birinci oxunuş) ətraflı məlumat verib. Qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” Qanun 1992-ci ildə qəbul edilib. Ötən müddətdə qanunvericiliyə olunan dəyişikliklər, müasir dövrün çağırışları dini sahədə yeni normativlərin təsbitini də zəruri edib. Müzakirəyə təqdim edilmiş dəyişikliklərdən məqsəd dini etiqad azadlığı sahəsində faktiki mövcud olan və yeni yaranan münasibətləri milli qanunvericilik sisteminə uyğun daha səmərəli şəkildə tənzimləmək, eləcə də dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirmək, həmçinin dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaqdır.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, bu qanun layihəsi Azərbaycanda əsrlərdən bəri formalaşmış dini tolerantlıq mühitinin qorunmasına, dini-əxlaqi dəyərlərin kənar müdaxilələrdən və təsirlərdən mühafizəsinə xidmət edəcək.

Qanun layihələrinə münasibət bildirən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli VI çağırış Milli Məclis formalaşandan sonra Prezident İlham Əliyevin parlamentə verdiyi tövsiyələri xatırladaraq milli-mənəvi dəyərlərimizin qorunmasında, dini radikalizmə qarşı mübarizədə parlamentin rolunu vurğulayıb. Qeyd edib ki, ötən dövr ərzində İnzibati Xətalar və Cinayət məcəllələrinə dini radikalizmlə mübarizə ilə bağlı ciddi düzəlişlər edilib. Məhz bunun nəticəsidir ki, Yaxın Şərqdə baş verən hadisələr Azərbaycana hər hansı ciddi təsir göstərməyib və ölkəmiz bu illər ərzində dünyəvi dövlət kimi inkişaf edib.

Əli Hüseynli diqqətə çatdırıb ki, gündəlikdəki İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlıdır və uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihələri ilə bağlı komitə sədri Siyavuş Novruzovun, deputatlardan Razi Nurullayevin, Etibar Əliyevin, Ceyhun Məmmədovun, Fazil Mustafanın, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun və Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənovun fikirləri dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Daha sonra iclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini ikinci oxunuşda təqdim edib.

Bildirilib ki, "Prokurorluq haqqında" qanunda dəyişikliklər prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirməsi və prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsini nəzərdə tutulan normaların daha çevik və dəqiq tətbiqini təmin etmək məqsədi daşıyır.

Milli Məclisin komitə sədrləri Tahir Mirkişilinin, Tahir Rzayevin və deputat Fazil Mustafanın fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Daha sonra deputat Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş ) qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki, təklif olunan dəyişikliklər prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM