01 Oktyabr 2013 03:10
479
PARLAMENT
A- A+

Milli Məclisin payız sessiyası başladı

 

Dünən Milli Məclisin payız sessiyası öz işinə başladı. İlk iclasda 41 məsələ müzakirə olunaraq təsdiq edildi.

Dövlət himninin səslənməsindən sonra çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, parlament yaz və növbədənkənar sessiyalarını uğurla başa vurub.  Bu dövr ərzində 15 iclas keçirilib, 171 qanun və qərar qəbul edilib. Parlamentin beynəlxalq əlaqələri də inkişaf edib. Milli Məclisin nümayəndə heyəti bir çox beynəlxalq təşkilatların iclaslarına qatılıblar. Yaz və növbədənkənar sessiyalarda 34 ölkəyə parlament nümayəndə heyətinin 85-dən çox səfəri olub. 30 xarici ölkə və 11 beynəlxalq təşkilatın 70-dən çox nümayəndə heyəti Milli Məclisdə qəbul edilib. Parlamentin təşkilatçılığı ilə Bakıda 5 beynəlxalq tədbir keçirilib. Oqtay Əsədov diqqətə çatdırdı ki, payız sessiyasında da Milli Məclisdə mühüm sənədlər, qanun layihələri müzakirə edilərək qəbul olunacaq. Dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi aparılacaq.

Milli Məclisin Sədri qarşıdan gələn prezident seçkilərinə də toxundu: "Bu gün biz Azərbaycanın Prezidentinin seçilməsi ərəfəsindəyik. Əminəm ki, çox müdrik xalq olan Azərbaycan xalqı bu seçkidə aktiv iştirak edəcək və öz sözünü deyəcək".

Sonra iclasda cari məsələlər üçün vaxt ayrıldı. Deputatlardan Sahib Alıyev, Elman Məmmədov, Jalə Əliyeva, Gövhər Baxşəliyeva, Musa Qasımlı, Qənirə Paşayeva, Xanhüseyn Kazımlı, Sabir Rüstəmxanlı və Etibar Hüseynov çıxış edərək payız sessiyasının qanunvericilik işlər planına bəzi məsələlərin də daxil edilməsini təklif etdilər. Təkliflər sırasında isə "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi, I qrup əlil uşaqların ali məktəbə daxil olarkən ödəniş haqqından azad olunmaları, Azərbaycan xalqının taleyində müstəsna əməyi olan insanların təhqir olunmaması üçün qanun layihəsinin qəbul edilməsi və digər məsələlər var idi.

Gündəliyin ilk məsələsi isə Milli Məclisin 2013-cü il payız sessiyasının qanunvericilik işlər planı haqqında sənəd idi. Müzakirələr zamanı bildirildi ki, işlər planına daxil olunan bir çox qanun layihələrinin qəbulu Azərbaycan ictimaiyyəti üçün çox faydalı olacaq.

Müzakirələr zamanı söz alan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd etdi ki, yaz sessiyasında vətəndaşların şərəf və ləyaqətinin müdafiə olunması üçün qanunvericiliyə ciddi dəyişikliklər edilib. Bu dəyişikliklər cəmiyyətin tam əksəriyyəti tərəfindən normal qarşılansa da, bəzi müxalifət qüvvələri bunu insan hüquqlarının pozuntusu kimi qələmə verməyə başlayıblar: "Şərəf və ləyaqət müdafiə olunmalıdır. Bu gün biz görürük ki, yaz sessiyasında qanunvericiliyə həmin dəyişiklikləri etməklə düz addım atmışıq. Ancaq Prezidentliyə namizədlərin çıxışlarına qulaq asanda insan pis vəziyyətə düşür. Bu adamlar 1992-ci ilin psixologiyası, İsgəndər Həmidovun psixologiyası ilə seçkiyə gedirlər. Bu gün vəziyyət o həddə çatıb ki, Prezident təhqir olunur. Ölkə başçısının 3 ali statusu var. Prezident dövlətin başçısıdır, Ali Baş Komandandır, Azərbaycanı daxildə və xaricdə təmsil edir. Ancaq biz Prezidenti qoruya bilirikmi? Qoruya bilmirik. Konstitusiyanın 106-cı maddəsində qeyd olunur ki, Prezident toxunulmaz hüququna malikdir. Prezidentin şərəf və ləyaqəti qanunla qorunur. Konstitusiyada Prezidentin şərəf və ləyaqətinin qanunla qorunduğu bildirilsə də, biz həmin qanunu qəbul etməmişik. Mən təklif edirəm ki, biz o qanunu qəbul edək. Ümummilli lider Heydər Əliyev deyirdi ki, haqqımda yazılanlara fikir vermirəm. Ancaq Prezidentə bu qədər böhtan atmaq olmaz. Mən payız sessiyasında Prezidentin şərəf və ləyaqətinin müdafiə edilməsi ilə bağlı qanunun qəbul olunmasını təklif edirəm. Sizdən bu məsələdə dəstək istəyirəm".

Milli Məclisin Sədri Oqtay Əsədov belə bir qanun layihəsinə baxılmasını mümkün saydı. Prezidentliyə namizədlərin debatlarından danışan Oqtay Əsədov hər kəsin öz səviyyəsini göstərdiyini vurğuladı: "Xalqımız müdrikdir və hər şeyi görür. Bəziləri üzərinə üç yorğan atsa da, eybi yenə görünəcək. Biz bu qanun layihəsi məsələsinə baxa bilərik. Seçkidə fəal iştirak etməli və bütün dünyaya, Avropaya sübut etməliyik ki, Azərbaycan demokratik seçki keçirməyə qadirdir".

Sonra gündəliyin ikinci məsələsi olan "Ekstradisiya haqqında" Avropa Konvensiyasının Üçüncü Əlavə Protokolunun (bəyanatlar ilə) təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi təsdiqləndi. "2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi və "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Komitə sədri qeyd etdi ki, bu sənədlər hər iki ölkənin humanitar sahədəki əməkdaşlığına yeni töhfə verəcək.

"Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən 64 körpü tikilib. Bu körpülərin uzunluğu 100 ildə tikilən körpülərin uzunluğundan çoxdur. Yeni tikilən sözügedən körpünun uzunluğu isə 258 metr olacaq. Sənəd səsə qoyularaq qəbul edildi. 

"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd etdi ki, dəyişikliklər müavinətlərin ödənilməsi qaydalarına tətbiq edilir. Bu da insanların öz müavinətlərini çox rahat şəkildə ala bilməsinə xidmət edəcək.

Sonra iclasda növbəli şəkildə aşağıdakı qanun layihələrinə edilən dəyişikliklər deputatlar tərəfindən müsbət qarşılandı: "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında",  "İstiqlal" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" 1993-cü il 6 dekabr tarixli 754 nömrəli qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında, "Azərbaycan Bayrağı" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" 1993-cü il 6 dekabr tarixli 756 nömrəli qanunda dəyişikliklər edilməsi barədə qanunun layihəsi haqqında, "Şöhrət" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" 1993-cü il 6 dekabr tarixli 757 nömrəli qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında.

İclasda "Vətənə xidmətə görə" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə" 2003-cü il 7 noyabr tarixli 514-IIQ nömrəli qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə, "Şərəf" və "Dostluq" ordenlərinin təsis edilməsi haqqında" 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında, "Tərəqqi" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" 1993-cü il 6 dekabr tarixli 758 nömrəli qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında, "Hərbi xidmətlərə görə" medalın Əsasnaməsinin təsvirinin təsdiq edilməsi haqqında", Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 nömrəli qanununda dəyişikliklər edilməsi barədə  qanunun layihəsi haqqında, "Sərhəddə fərqlənməyə görə" medalın Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında"1993-cü il 6 dekabr tarixli 760 nömrəli qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında, "Vətən uğrunda" medalının təsvirinin təsdiq edilməsi haqqında" 2000-ci il 8 dekabr tarixli 34-IIQ nömrəli qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında, "İgidliyə görə" medalının təsvirinin təsdiq edilməsi haqqında" 2000-ci il 8 dekabr tarixli 35-IIQ nömrəli qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında, "Hərbi xidmətdə fərqlənməyə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında"  2002-ci il  17 may  tarixli 327-IIQ nömrəli qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında və "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" 2002-ci il 17 may tarixli 328-IIQ nömrəli qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi  haqqında"  2002-ci il 17 may tarixli 329-IIQ nömrəli qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Qüsursuz xidmətə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında, "Dövlət qulluğunda fərqlənməyə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə" 2003-cü il 7 noyabr tarixli 515-IIQ nömrəli qanununda dəyişikliklər edilməsi haqqında qanun layihələri səsə qoyularaq qəbul edildi.

Həmçinin iclasda "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" 2006-cı il 21 aprel tarixli 97-IIIQ nömrəli qanunda dəyişikliklər edilməsi barədə, "Polis veteranı" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" 2006-cı il 21 aprel tarixli 98-IIIQ nömrəli qanunda dəyişikliklər edilməsi barədə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalının təsis edilməsi haqqında" 2008-ci il 16 may tarixli 605-IIIQ nömrəli qanununda dəyişikliklər edilməsi barədə, "Azərbaycan   Respublikası  milli  təhlükəsizlik  orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalının təsis  edilməsi haqqında" 2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında, "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalının təsis edilməsi haqqında" 2009-cu il 8  may tarixli 809-IIIQ nömrəli qanunda dəyişikliklər edilməsi barədə qanununun layihəsi haqqında, "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2012-ci il 2 noyabr tarixli  454-IVQD nömrəli qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri də təsdiqləndi.

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə  qanun layihəsi və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə  qanun layihələri haqqında isə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi. Komitə sədri dedi ki, bəzi bələdiyyələrin əraziləri genişlənib və bu hal qanunvericiliklə nəzərdə tutulmuş formada qanuniləşdirilməlidir. Hər iki sənəd səsə qoyuluraq qəbul edildi.

Gündəlikdə duran digər 11 məsələ - Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə,  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında, Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Ədalət mühakiməsinin rəsmi embleminin təsviri"ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında,  "Notariat haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında, "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə,  "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihələri haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev məlumat verdi. Deputat bildirdi ki, bu qanun layihələrinə edilən dəyişikliyə əsasən sənədlərdə qeyd edilmiş "Azərbaycan Respublikası bayrağı" sözü "Azərbaycan Respublikası dövlət bayrağı sözü" ilə əvəzlənir. Bütün sənədlər ayrı ayrılıqda səsə qoyularaq qəbul edildi və Milli Məclisin payız sessiyasının ilk iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video