10:34 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


00:40 07.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin növbəti plenar iclasında 9 məsələ müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
19:02 13.04.2021

 

Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə aprelin 13-də parlamentin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb.

Parlamentin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Fazil Mustafa, Şahin İsmayılov, Azay Quliyev, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Ramin Məmmədov, Sahib Alıyev, İlham Məmmədov çıxış edərək Prezident İlham Əliyevin iştirakı ilə aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı barədə fikirlərini söyləyiblər. Bildirilib ki, bu, Qarabağ uğrunda 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsinin əbədiləşdirilməsi baxımından önəmli hadisədir. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün təmin edilməsi, həm də tarixi ədalətin bərpasının təqdimatı idi. Deputatlar çıxışlarında, həmçinin digər aktual məsələlərə də toxunublar.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün 9 məsələ müzakirə ediləcək. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatıdır. Sədr bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hesabatın geniş müzakirəsi keçirilib. İclasda parlamentin digər komitələrinin sədrlərinin və sədr müavinlərinin, ictimai təşkilatların nümayəndələrinin iştirak etməsi müzakirələrin səmərəsini daha da artırmağa imkan verib.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı təqdim edib.

Bildirilib ki, 2020-ci il bizi on illərdir işğal altında olan torpaqlarımıza qovuşduran, yurd həsrətimizə son qoyan zəfər, qələbə ili olmaqla, Azərbaycan tarixinin şanlı səhifələrindən ən parlağı kimi yaddaşlarda həkk olunub. 44 gün davam edən və qələbə ilə nəticələnən Vətən müharibəsi dünya hərb elminə Ali Baş Komandan tərəfindən hazırlanmış qələbə strategiyası kimi daxil olub. Qeyd edilib ki, Vətən müharibəsinin ilk günündən Hesablama Palatası bu müharibənin ədalətin, hüququn bərpa müharibəsi olduğunu öz xarici həmkarlarının, beynəlxalq təşkilatların diqqətə çatdırıb.

Vüqar Gülməmmədov hesabatında deputatların diqqətini ötən il dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar statistik göstəricilərə yönəldib. Bildirib ki, əsasən distant fəaliyyətə üstünlük verilən 2020-ci ildə plana daxil edilmiş nəzarət tədbirlərinin sayı 25 faiz azaldılıb. Bununla belə, həmin dövr ərzində qurumun qanunvericiliklə müəyyən edilmiş fəaliyyəti vaxtında və operativ qaydada həyata keçirilib, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihəsi, müvafiq büdcələrə dəyişikliklər, dövlət büdcəsinin icrası üzrə Hesablama Palatasının rəyləri qısa müddətdə hazırlanaraq millət vəkillərinin diqqətinə çatdırılıb. Diqqətə çatdırılıb ki, hesabata rəylərdə əks olunmuş əsas tövsiyələr daxil edilib.

Vurğulanıb ki, hesabat ilində 83 faizi audit olmaqla, 41 kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirilib. Bildirilib ki, maliyyə hesabatlarının tərtib edilməsi zamanı iki istiqamətdə nöqsana yol verilir. Maliyyə hesabatlarında məlumatların düzgün əks etdirilməməsi birinci qrupa aid edilməklə təsir dərəcəsinə görə daha əhəmiyyətli pozuntu hesab edilir. Hesabatlarda düzgün əks etdirilməyən məbləğ 412,4 milyon manat müəyyən olunub. İkinci qrupa mühasibatlıq prinsiplərinə əməl olunmaması və mühasibat yazılışlarının doğru verilməməsi halları aid edilir. Bu, ümumilikdə 335,4 milyon manat həcmindədir.

Məlumat verilib ki, 2020-ci ildə başa çatdırılan 34 audit üzrə nəticələr ümumiləşdirilərək 452 halda nöqsan müəyyən edilib. Bu nöqsanlar arasında büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi, əsaslı qoyuluşlarla bağlı xərclərin icrasında yol verilmiş nöqsanları göstərmək olar.

Bildirilib ki, hesabat ilində nəzarət tədbirləri daha çox aqrar, dövlət satınalmaları, dövlət borclanmaları, maliyyə hesabatlarının təhlili, büdcənin planlaşdırılması və icrası sahələrini, DSMF-nin hesabatlılığını əhatə edib. Əməkhaqqı sistemi ilə bağlı qurumlararası uyğunsuzluğun aradan qaldırılmasının vacibliyi, dövlət satınalmalarının təşkili, keçirilməsi və icra olunmasına nəzarətin təşkilinin zəruriliyi, investisiya layihələrinin nəticələrinin və iqtisadi artıma təsirinin artırılması məqsədilə bu sahədə konkret göstəricilər sisteminin formalaşdırılması və monitorinq mexanizmlərinin yaradılmasının zəruriliyi, ölkədə informasiya kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı rast gəlinən çatışmazlıqların yaratdığı problemlərin aktuallığı qeyd edilib.

Hesablama Palatasının sədri çıxışında nəzarət tədbirlərinin nəticələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, hesabat ilində ümumilikdə 130,3 milyon manat qeyd edilmiş nöqsan təsnifatı üzrə hüquqi aktların pozulması ilə icra olunub. Pul, əvəzləmə və natura formasında olmaqla 55,2 milyon manat vəsaitin bərpası ilə bağlı qərar verilib və 94 faizinin icrası təmin edilib.

Qeyd edilib ki, Hesablama Palatası öz fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsi üçün çalışıb, hazırlanmış rəylərin, hesabatların məlumatlılığının artırılmasını və müəyyənləşdirilmiş qaydada ictimaiyyət üçün əlçatanlığını təmin edib. Hesabat ilində Palatanın 2021-2025-ci illər üzrə yeni Strateji Planı təsdiqlənib.

Hesabatın yekununda 2021-ci ildə qarşıda duran vəzifələr barədə deputatlara məlumat verilib.

Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı ilə bağlı komitənin rəyini təqdim edib. Bildirilib ki, Milli Məclis sədrinin tövsiyəsi əsasında Hesablama Palatasının hesabatının komitədə müzakirələri zamanı ilk dəfə parlament sədrinin birinci müavini və hesabatın əhatə etdiyi sahələrə aidiyyəti olan Milli Məclisin 6 komitəsinin sədrləri və onların müxalifətdən olan müavinləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Diqqətə çatdırılıb ki, Hesablama Palatasının iş planında nəzərdə tutulmuş hesabata audit, analitik və monitorinq fəaliyyəti ilə bağlı məlumatlar daxil edilib. Hesabat geniş və əhatəlidir. Aşkar edilmiş pozuntuların miqyası və ünvanlılığı barədə geniş təhlil aparılıb. Dövlət və icmal büdcəyə əlavə yük ola biləcək iş sahələri açıq göstərilib. Hesablama Palatasının 2021-2025-ci illər üzrə Strateji İş Planında əks olunan vəzifələrin göstərilməsi və gələcəkdə fəaliyyətin bu vəzifələrə uyğunlaşdırılması təqdirəlayiqdir. Əsas dəyərlər kimi qanunçuluq, müstəqillik, şəffaflıq, hesabatlılıq, obyektivlik və peşəkarlığın müəyyən olunması Palatanın fəaliyyətində nəticəliyin artmasına xidmət edəcək. Mürəkkəb keçən 2020-ci il şəraitində 30 faiz işçi heyəti ilə işləmək məcburiyyətində qalan Palata qarşısına qoyduğu hədəflərə əsasən nail olub.

Qeyd edilib ki, Palatanın verdiyi təkliflərin bir çoxunun qanunvericilik aktlarında və hökumətin qərarlarında öz əksini tapması Milli Məclis-hökumət əməkdaşlıq çərçivəsinin effektivliyinin bariz nümunələrindən biridir.

Komitə sədri deyib ki, mühasibat uçotu, dövlət satınalmaları, dövlət investisiya layihələrinin icrası və digər proseduralarda müəyyən edilmiş nöqsanlar bu sahədə daha ciddi və kompleks tədbirlərin görülməsini zəruri edir. Proseslərin düzgün planlaşdırılması, elektronlaşdırılması, subyektiv amilinin minimuma endirilməsi maliyyə intizamının güclənməsi üçün zəruri şərtlərə çevrilib. Bildirilib ki, Azərbaycan dövlət büdcəsinin həcmi böyüməkdədir, iqtisadiyyatımız inkişaf edir. Cari ilin 3 ayının yekunlarına görə ölkənin qeyri-neft ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artaraq 501 milyon dollarlıq rekord məbləğə çatıb. Bu göstərici pandemiyadan sonrakı dövrdə, xüsusən 2021 və 2022-ci illərdə iqtisadiyyatımızın sürətlə böyüyəcəyini göstərir. Belə bir şəraitdə artan dövlət vəsaitlərindən səmərəli istifadə olunması, dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş hədəflərə çatmaqda dövlət orqanlarının uyğunluğunu təhlil etmək bu gün qarşıda duran əsas vəzifələrdən biridir.

Çıxışının sonunda komitə sədri bildirib ki, Hesablama Palatasının hesabatı komitənin iclasında məqbul hesab edilib.

Hesablama Palatasının hesabatı ətrafında müzakirələr zamanı çıxış edən deputatlar Musa Quliyev, Əli Məsimli, Razi Nurullayev, Zahid Oruc, Rəşad Mahmudov, Azay Quliyev, Etibar Əliyev, Elman Nəsirov, Sadiq Qurbanov Palatanın 2020-ci ildə fəaliyyətini müsbət dəyərləndiriblər. Deputatlar hesabatla bağlı bir sıra irad və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda Vüqar Gülməmmədov deputatlara Hesablama Palatasının fəaliyyətinə verdikləri qiymətə görə minnətdarlığını ifadə edib, deputatların qaldırdığı məsələlərə münasibət bildirib.

İclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı nəzərə alınıb.

Sonra “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə üçüncü oxunuşda baxılıb. Sənədi təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Qanuna təklif edilən dəyişiklik uyğunlaşdırma məqsədi daşıyır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.

Deputat Razi Nurullayev layihə ilə bağlı fikirlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti iki məsələ – “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Veteranlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri parlamentə bir məktubla daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

Həmin qanun layihələrini Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı təqdim edib.

Müzakirələrdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, deputatlar Aqil Abbas, Sabir Rüstəmxanlı, Sahib Alıyev, Musa Qasımlı, Novruzəli Aslanov, Hikmət Məmmədov, Rauf Əliyev, Fatma Yıldırım qanunlara təklif olunan dəyişiklər barədə fikirlərini açıqlayıblar.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri bildirib ki, gündəliyin digər iki məsələsi – “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxın layihələrdir.

Bu layihələr barədə də parlamentin komitə sədrinin müavini Məlahət İbrahimqızı məlumat verib. Bildirilib ki, qanun layihələrinin komitədə ikinci oxunuşu keçirilib və yekdilliklə dəstəklənib. Qeyd edilib ki, hər iki qanun layihəsinə təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Daha sonra iclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini birinci oxunuşda təqdim edib.

Bildirilib ki, “Prokurorluq haqqında” Qanunda prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirməsi və prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsini nəzərdə tutulan normaların daha çevik və dəqiq tətbiqini təmin etmək məqsədi ilə bir sıra dəyişikliklər təklif edilir. Belə ki, prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi, prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi və nəhayət, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizinin Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülməsi nəzərdə tutulur.

Qanun layihəsi ilə bağlı deputatlar Razi Nurullayev və Erkin Qədirli fikirlərini səsləndiriblər. Əminə Ağazadə deputatların qaldırdığı məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Daha sonra Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki, təklif olunan dəyişikliklər prokurorluqda stajorluq və sınaq keçməyə dair yeni müddəaların əlavə edilməsi, prokurorluq işçisinə vaxtından əvvəl rütbə verilməsi ilə əlaqədardır və prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.

Müzakirələrdə deputatlar Qüdrət Həsənquliyev, Arzu Nağıyev rəy və təkliflərini bildirib, suallarını səsləndiriblər. Əminə Ağazadə verilən sualları ətraflı cavablandırıb.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM