14 Iyun 2013 01:06
435
PARLAMENT
A- A+

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilmişdir

 

İyunun 13-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başladı. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açdıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Gündəlikdəki layihələrin müzakirəsinə keçməzdən əvvəl deputatlar bir sıra məsələlərlə bağlı fikirlərini bildirdilər. Deputatlardan Məlahət İbrahimqızı, Aydın Mirzəzadə, Siyavuş Novruzov, Azər Badamov 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə təbriklərini çatdıraraq 20 il əvvəl ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın dövlət müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olduğunu, ölkədə milli birliyin təmin edildiyini bildirdilər.

Çıxışlarda o da qeyd edildi ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ ərazisi nəzarətsiz zonaya çevrilməklə nəinki Azərbaycan, həm də dünya dövlətləri üçün terror və qaçaqmalçılıq məkanı kimi ciddi təhlükə törədir. Hazırda Ermənistan işğal olunmuş ərazilərdə narkotik vasitələrin qaçaqmalçılığına geniş meydan verməklə regionda milli təhlükəsizliyi zərbə altında qoyur. Deputatlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarındakı qanunsuz əməllərinin sistemləşdirilərək beynəlxalq qurumlara təqdim edilməsinin vacibliyini önə çəkdilər.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsi (üçüncü oxunuş) müzakirəyə çıxarıldı. Layihə ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ətraflı məlumat verdi. Qeyd edək ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi qüvvəyə mindikdən sonra ölkəmizdə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcək. Müzakirə zamanı deputatlardan İlham Əliyev və Çingiz Qənizadə layihə ilə bağlı fikirlərini bildirdilər. Yekunda layihə təsdiq olundu (üçüncü oxunuş).

İclasda "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi də təsqiq olundu. Beləliklə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi iyulun 1-dən qüvvəyə minəcək və həmin gündən "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında", "İmmiqrasiya haqqında", "Əmək miqrasiyası haqqında" və "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunları ləğv ediləcək.

Daha sonra "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri təsdiq olundu.

İclasda Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi barədə (üçüncü oxunuş) məlumat verdi. Bildirdi ki, ikinci oxunuşda müzakirələr zamanı səslənmiş təkliflər nəzərə alınmaqla layihə üzərində iş aparılıb. Qeyd edək ki, bu qanunun qəbulunda məqsəd ölkəmizdə ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən etməkdir. Qısa müzakirədən sonra qanun layihəsi təsdiq edildi (üçüncü oxunuş).

İclasda "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarıldı. Qanunun qəbulunda məqsəd Azərbaycan Respublikasında gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin ölkəmizin gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən etməkdir. Qısa müzakirələrdən sonra qanun layihəsi ikinci və üçüncü oxunuşlarda təsdiq edildi.

Milli Məclisin dünənki iclasında "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş) də müzakirə edildi. Layihə ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev ətraflı məlumat verdi. Bildirdi ki, birinci oxunuşda müzakirə zamanı səslənən təklif və iradlar nəzərə alınmaqla layihəyə bir sıra düzəlişlər edilib. Qeyd edək ki, bu qanunun qəbulunda məqsəd Azərbaycan vətəndaşlarının Konstitusiyanın 55-ci maddəsinin I hissəsində təsbit edilmiş dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləməkdir. Qanun layihəsi ilə bağlı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlardan Mübariz Qurbanlı, Muxtar Babayev, Qüdrət Həsənquliyev, İlyas İsmayılov fikirlərini bildirdilər. Müzakirələrin yekununda qanun layihəsi təsdiq olundu.

 

Rəşad CƏFƏRLİ,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video