26 Yanvar 2021 19:15
1332
PARLAMENT
A- A+

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

 

Yanvarın 26-da Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin yaz sessiyasında videoformatda ilk iclasına toplaşıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2020-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat”ı təqdim edən komitənin sədri Ziyafət Əsgərov əvvəlcə payız sessiyası dövründə Vətən müharibəsinin başlandığını və elə həmin gün – sentyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin ölkədə “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanının Milli Məclisə daxil olduğunu və parlamentin iclasında təsdiq edildiyini qeyd edib. Komitə sədri 44 gün ərzində aparılan müharibədə Azərbaycanın böyük Zəfər qazandığını vurğulayaraq möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla bütün xalqımızı və deputatları möhtəşəm qələbə münasibətilə bir daha təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Sonra komitə sədri bildirib ki, noyabr ayının 10-da üç dövlət – Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan birgə bəyanatla müharibə başa çatdı və Azərbaycan Prezidentinin “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Fərmanı ilə ölkəmizin bütün ərazisində hərbi vəziyyət 2020-ci il 12 dekabr tarixində saat 00:00-dan etibarən ləğv edildi.

Onlayn iclasda bildirilib ki, hesabat dövründə komitədə həmin qanun layihələri ilə yanaşı, bir sıra digər qanun layihələri də müzakirə olunub. Payız sessiyasında keçirilən 12 iclasda 13 məsələyə baxılıb. Milli Məclisin müzakirəsinə tövsiyə edilən qanun layihələrinin əksəriyyəti komitədə üç oxunuşdan keçib və parlamentdə qəbul olunub. Komitənin üzvləri “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin, eləcə də bütövlükdə büdcə zərfinin müzakirəsində yaxından iştirak ediblər.

Ziyafət Əsgərov qeyd edib ki, həmin dövrdə NATO Parlament Assambleyasının Qafqazdakı vəziyyətlə bağlı onlayn qaydada keçirilən seminarında da qalib dövlətin təmsilçiləri olan Azərbaycan deputatları beynəlxalq hüquqa söykənərək yüksək səviyyədə çıxışlar edib, erməniləri susdurublar.

Bildirilib ki, sessiya ərzində seçicilərin qayğıları diqqət mərkəzində saxlanılıb. Müraciətlərin əksəriyyəti yerindəcə həll olunub. Komitəyə daxil olan 108 ərizə və şikayət araşdırılıb, aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müxtəlif ünvanlara 78 məktub göndərilib.

Komitə sədrinin müavini Hikmət Məmmədov, deputatlar Elman Məmmədov, Arzu Nağıyev payız sessiyası dövründə görülmüş işləri müsbət dəyərləndiriblər. Fikir mübadiləsinin yekununda komitənin hesabatı məqbul sayılıb.

Sonra iclasda 2021-ci ilin yaz sessiyası ərzində komitənin qanunvericilik fəaliyyətini və digər tədbirləri əhatə edən iş planı təqdim olunub. Ziyafət Əsgərov komitənin gündəliyində olan “Hərbi qulluqçuların statusu haqqında” və “Daxili qoşunlar haqqında” qanun layihələri barədə ətraflı məlumat verib. Bildirib ki, həmin layihələr rəy alınması üçün hələ ötən sessiyalardan müvafiq nazirliklərə təqdim olunub. 2020-ci ildə Azərbaycanın hərb tarixində baş verən mühüm hadisə - Vətən müharibəsi xüsusilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna bir sıra yeniliklərin edilməsi zərurətini yaradıb.

Yaranmış yeni reallıqla əlaqədar “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin təkmilləşdirilməsi istiqamətində gedən iş prosesi barədə onlayn iclasda Milli Məclis Aparatının Dövlət quruculuğu və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyidin məlumatı dinlənilib. Sonra deputat Nizami Səfərov həmin sənədlə bağlı fikirlərini açıqlayıb.

Yekunda yaz sessiyasının iş planı təsdiqlənib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ilk iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də baxılıb. Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olan bu layihə çox humanist sənəddir, qanuna 21.1.4-1-ci maddə əlavə edilməklə “doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə” birdəfəlik möhlət hüququ verilir.

Müzakirə zamanı deputatlar Aydın Mirzəzadə və Arzu Nağıyev rəy və təkliflərini nəzərə çatdırıblar.

Sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda deputatlar Bəxtiyar Sadıqov, Əminə Ağazadə və Elşad Mirbəşiroğlu da iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video