14 Fevral 2013 01:02
507
PARLAMENT
A- A+

Milli Məclisin komitə iclaslarında

 

Dünən Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. İclasda iki qanun layihəsi - "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi və "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edildi.

Komitənin sədri Rəbiyyət Aslanova "İctimai iştirakçılıq haqqında" qanun layihəsi barədə danışarkən bildirdi ki, bəzən vətəndaşlar hər hansı bir məsələyə öz mövqelərini bildirməkdə çətinlik çəkirlər və elə hesab edirlər ki, icra strukturları istənilən məsələni öz bildikləri kimi həll etməlidirlər. Bu gün icra orqanlarında vətəndaşların öz mövqelərini ortaya qoyması vacib məsələdir. Bu faktor dünya ölkələrinin əksəriyyətində mövcuddur. Hər hansı bir məsələnin həllində ayrı-ayrı vətəndaşlar tərəfindən təşəbbüslərin irəli sürülməsi ideya çoxluğuna səbəb olur. Bununla da vətəndaşlarla icra orqanları arasında münasibət formalaşır. Yeni qanun vətəndaşlara dövlətin idarə olunmasında iştiraka dair hüququn ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsinə xidmət edəcək.

"Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən isə bir neçə maddəyə dəyişiklik təklif olunur. Sözügedən qanunun 18-ci maddəsinə təklif olunan dəyişikliyə görə, dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

***

Fevralın 13-də Milli Məclisin Sosial siyasət Komitəsinin iclası keçirilmişdir. 

Komitənin sədri Hadi Rəcəbli bildirmişdir ki, gündəliyə 7 məsələ daxil edilmişdir. Məlumat verilmişdir ki, "Reklam haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərinin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. "Dərman vasitələri haqqında" Qanuna təklif olunan dəyişiklikdə isə deyilir ki, dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır.

İclasda həmçinin İnzibati Xətalar Məcəlləsinə, "Veteranlar haqqında", "Əmək pensiyaları haqqında", "Könüllü fəaliyyət haqqında" qanunlara, həmçinin "Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə"yə təklif olunan dəyişikliklər də müzakirə olunmuşdur. Bildirilmişdir ki, bu qanunlara təklif olunan dəyişikliklərin çoxu dəqiqləşdirmə məqsədi daşıyır. "Əmək pensiyaları haqqında" və "Veteranlar haqqında" qanunlara təklif olunan dəyişikliklər isə bu qanunların "Sosial xidmət haqqında" Qanuna uyğunlaşdırılmasını özündə ehtiva edir.

Komitə üzvlərinin müzakirə olunan layihələrlə bağlı fikirləri dinlənildikdən sonra gündəlikdəki bütün məsələlər Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilmişdir.

***

Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyası dövründə 5 iclası keçirilib. Bu iclaslarda Azərbaycanın mədəniyyətinin, mədəni əlaqələrinin inkişafına xidmət edən 8 qanun layihəsi və beynəlxalq sənəd müzakirə edilərək parlamentin plenar iclaslarında müzakirəyə təqdim olunub.

Bu barədə komitənin dünən keçirilmiş iclasında məlumat verilib. Komitənin sədri Nizami Cəfərov bildirib ki, payız sessiyasında komitəyə vətəndaşlardan, ayrı-ayrı idarə və təşkilatlardan 137 məktub, ərizə və təklif daxil olub. Bu sənədlərin hər biri qanuna müvafiq şəkildə araşdırılıb və tədbir görülüb.

İclasda qeyd edildi ki, Mədəniyyət komitəsi cari ilin payız sessiyasında da məhsuldar işləyəcək, bir sıra vacib qanun layihələrini və beynəlxalq sənədləri Milli Məclisdə müzakirəyə çıxaracaqdır.

İclasda, "Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında" Saziş layihəsi də müzakirə olunub. Bildirilib ki, 2012-ci il noyabrın 28-də Madrid şəhərində imzalanmış bu sənəd Azərbaycan ilə İspaniya arasında mədəni əlaqələrin inkişafına təkan verəcəkdir. Sənədin xalqımızın milli maraqlarına xidmət etdiyi xüsusi qeyd olunub. Saziş layihəsi təsdiqlənmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonda komitənin payız sessiyasındakı fəaliyyəti qənaətbəxş hesab olunub, yaz sessiyası üçün qanunvericilik işləri planı təsdiqlənib. 

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video